1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada daha 4 medal qazanıb
28.01.2017 / No3

 
 

 

 


Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

Ölkəmizi dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq bilik yarışlarında təmsil edən şagirdlərimizin hər dəfə medallarla Vətənə dönmələri sevindirici ənənəyə çevrilib. Qazaxıstanın Almatı şəhərində riyaziyyat, fizika və informatika fənləri üzrə istedadlı şagirdlər arasında keçirilən XIII Beynəlxalq Jautıkov Olimpiadası (XIII International Zhautykov Olympiad) da şagirdlərimiz üçün uğurlu olub. Qazaxıstanın Elm və Təhsil Nazirliyi, Almatı fizika-riyaziyyat təmayüllü “İstedadlar” liseyi, istedadlı uşaqlar üçün “Darın” Elm Mərkəzi tərəfindən təşkil olunan, riyaziyyat, fizika və informatika fənləri üzrə keçirilən olimpiadada Gəncə “İstək” liseyinin şagirdi Fərhad Allahverdiyev fizika fənni üzrə gümüş medala layiq görülərək Azərbaycanı təmsil edən komandanın ən yüksək nəticə qazanan üzvü olub. Quba “İstək” liseyinin şagirdi Səbuhi Mikayılov fizika, Xalqlar Dostluğu “İstək” liseyinin şagirdi Anar Abbaslı və Gəncə “İstək” liseyinin şagirdi Mirəli Əhmədli isə riyaziyyat fənni üzrə bürünc medal qazanıblar. Xatırladaq ki, liseyin şagirdləri hər il keçirilən beynəlxalq fənn və layihə olimpiadalarında Azərbaycanı təmsil edir. Ötən tədris ilində lisey beynəlxalq fənn və layihə olimpiadalarında 48, respublika olimpiadalarında isə 56 medal qazanıb. Qeyd edək ki, Qazaxıstan Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən olimpiadada Azərbaycan, Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus, Bolqarıstan, Serbiya, Çexiya, Rumıniya, Monqolustan, İndoneziya, Hindistan, Özbəkistan, Türkmənistan kimi 18 ölkəni təmsil edən 400-dən çox şagird yarışıb.
Komandanın rəhbəri və şagirdlərimiz olimpiada təəssüratlarını bizimlə bölüşüb.

“Şagirdlərimiz ümidlərimizi doğrultdular”

Komandanın rəhbəri Rəşadət Qədimalıyev: - Builki olimpiadaya keçən ilə nəzərən daha kiçik bir heyətlə yollanmışdıq. 8 nəfərlik komandamızın 2 üzvü riyaziyyat, 2 üzvü informatika, 4 şagirdimiz isə fizika fənlərindən yarışdılar. Onlardan 4-nün əvvəlki illərdən kifayət qədər təcrübəsi vardı. Fizika fənni üzrə yarışan Səbuhi və Fərhad keçən il bu olimpiadada gümüş medal qazanmışdı. Səbuhi isə hətta IX sinifdə oxuyarkən də bu olimpiadada iştirak etmiş və bürünc medala layiq görülmüşdü. Bu şagirdlərimiz keçən il İsveçrə və Lixtenşteyndə keçirilən beynəlxalq fizika olimpiadasının bürünc medallarını da qazanmışdılar. Əvvəlki illərdə qazandıqları bu təcrübə və uğurları bizə inanmağa əsas verirdi ki, şagirdlərimiz yenə də medallar qazanacaqlar. Şagirdlərimiz ümidlərimizi doğrultdular və yenə medallar qazandılar. Riyaziyyat fənni üzrə yarışan Mirəli və Anar da bundan əvvəl bir sıra beynəlxalq riyaziyyat olimpiadalarında iştirak etmiş və medallar qazanmışdılar. Təcrübəli olduqları üçün onların da medal alacağına ümid edirdik və belə də oldu. 4 şagirdimiz isə ilk dəfə idi ki, bu olimpiadada iştirak edirdi. Hətta onlardan 3-ü ilk dəfə idi ki, Azərbaycanı beynəlxalq arenada təmsil etmək hüququ qazanmışdı. Onlardan ikisi VIII, biri isə IX sinif şagirdi idi. Nəticə qazana bilməsələr də, bu olimpiada onlar üçün böyük bir təcrübə oldu. Ümid edirik ki, medal qazana bilməyən bu şagirdlərimiz də gələn illərdə artıq Azərbaycana medallarla qayıdacaqlar.
Qeyd edək ki, Beynəlxalq Jautıkov Olimpiadası 2005-ci ilin yanvarından keçirilir. Olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilər arasında fizika-riyaziyyat və kompüter elmlərinin təbliği, bütün dünyada təhsil müəssisələri arasında peşəkar əməkdaşlığın möhkəmləndirilməsidir. Olimpiadanın istər yerli, istərsə də digər ölkələrdən olan qalibləri qiymətli mükafatlardan başqa Qazaxıstanın nüfuzlu ali məktəblərində pulsuz təhsil almaq hüququ qazanır. Buna görə də universitetlər gənc istedadlara böyük maraq göstərirlər.
Medalçılarımıza növbəti bilik yarışlarında daha yüksək zirvələr fəth etməyi arzulayır və inanırıq ki, onlar növbəti olimpiadalarda da Azərbaycanı layiqincə təmsil edəcəklər.

“Olimpiadalar mənə necə düşünməyi öyrətdi”

Fərhad Allahverdiyev 22 fevral 2000-ci il tarixində Ağstafa rayonunda anadan olub. İbtidai təhsilinə 2006-cı ildə Ağstafa rayon 1 nömrəli tam orta məktəbdə başlayıb. 2012-ci ildə Gəncə Özəl Türk liseyinə qəbul olub. Hazırda təhsilini Gəncə “İstək” Liseyində davam etdirir.
İstirak etdiyi olimpiadalar: 2015-ci il Beynəlxalq Jautıkov olimpiadası, 2015-ci il Asiya Fizika Olimpiadası, 2015-ci il Beynəlxalq Fizika Olimpiadası, 2015-ci il Respublika fənn olimpiadası (qızıl medal), 2016-cı il Beynəlxalq Jautıkov Olimpiadası (gümüş medal), 2016-cı il Respublika fənn olimpiadası (gümüş medal), 2016-cı il Beynəlxalq Fizika Olimpiadası (bürünc medal).
- Olimpiadalara hazırlıq və bilik yarışları insandan psixoloji hazırlıq tələb edir, insanların bir çoxu bu məqama diqqət yetirmirlər. Psixoloji hazırlıq üçün insan öncə özünü tanımalıdır. Mən olimpiadalara psixoloji cəhətdən hazır olmaq üçün çoxlu kitablar oxumağı məsləhət görə bilərəm. Tanışlarım arasında çox ağıllı, lakin nəticə əldə edə bilməyənlər çoxdur. Düşünürəm ki, onların problemi çox çalışmamaqdır. Hər kəs öncə rahat hiss etdiyi yolu qət edib keçməyi bacarmalıdır ki, düşünmə dairəsini genişləndirə bilsin. Olimpiadalar mənə necə çalışmaqla bərabər, necə düşünməyi və öz metodlarımdan istifadə etməyi öyrətdi. Bu il sonuncu sinifdə oxuduğum üçün olimpiada ilə çox məşğul ola bilmədim, amma düşünürəm ki, psixoloji cəhətdən hazır olduğum üçün nəticə əldə etdim.

“İnanıram ki, bu medal gələcək olimpiadalara stimul olacaq”

Səbuhi Vasif oğlu Mikayılov 1999-cu il oktyabrın 25-də Kürdəmir rayonu Şiximli kəndində anadan olub. 2006-cı ildə Bakı şəhərindəki 37 nömrəli tam orta məktəbin I sinfinə daxil olub. 2012-ci ildən təhsilini Quba “İstək” liseyində davam etdirir.
Orta məktəbdə fizika və riyaziyyata daha çox maraq göstərən Səbuhi VII sinifdən fizika olimpiadasına hazırlaşmağa başlayıb. İştirak etdiyi olimpiadalar: 2015-ci ildə Qazaxıstanda keçirilən XI Beynəlxalq Jautıkov olimpiadasında bürünc medal qazanıb. 2015-ci ildə Hindistanda keçirilən 46-cı beynəlxalq fizika olimpiadasında iştirak edib. 2016-cı ildə Qazaxıstanda keçirilən XII Beynəlxaq Jautıkov olimpiadasında gümüş medala layiq görülüb.
- Almatıda keçirilən builki olimpiyadada 20- yə yaxın ölkə iştirak edirdi. Bilik yarışında Rusiya, Rumıniya, Serbiya və Çexiya müvafiq fənlər üzrə özlərinin ən güclü komandaları ilə təmsil olunurdu. Bu cür möhtəşəm bilik yarışları hər bir iştirakçıdan güclü hazırlıq tələb edir. Beynəlxalq Jautıkov olimpiadası çox məsuliyyətli bilik yarışmasıdır. Olimpiadanın birinci günü məktəblilər üçün ən çətin olan nəzəriyyə, ikinci gün isə eksperimental imtahan keçirildi. Hər imtahanda suallara cavab vermək üçün 5 saat vaxt verilirdi. Olimpiadanın nəticələri gözlədiyimiz kimi olmasa da xoşbəxtlikdən bürünc medala layiq görüldüm və inanıram ki, bu medal gələcək olimpiadalara stimul olacaq.

“Jautıkov olimpiadası yaxşı bir yoxlama oldu”

Mirəli Əhmədli 2000-ci ildə Gəncədə anadan olub. I-IV sinifləri Gəncə şəhər 4 nömrəli tam orta məktəbdə, V-VI sinifləri Gəncə şəhər 27 nömrəli məktəb-liseydə, VII-VIII sinifləri Gəncə Özəl Türk liseyində təhsil alıb və hazırda Gəncə “İstək” liseyinin XI sinif şagirdidir. 2014-cü və 2015-ci illərdə Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında müvafiq olaraq bürünc və gümüş, 2015-ci və 2016-cı illərdə isə Respublika fənn olimpiadasında müvafiq olaraq qızıl və gümüş medallara layiq görülüb. 2015-ci ildə Balkan riyaziyyat Olimpiadasında, 2015-ci və 2016-cı illərdə beynəlxalq riyaziyyat olimpiadalarında həvəsləndirici mükafatlara (Honourable Mention) layiq görülüb.
- Yanvarın 13-də XIII Beynəlxalq Jautıkov Olimpiadasında iştirak etmək üçün Qazaxıstanın Almatı şəhərinə getdik. Olimpiadaya getməzdən qabaq həmişəki kimi yenə də özümü tam hazır hiss etmirdim, ancaq medal alacağıma əmin idim. 14 və 15 yanvarda keçirilən 2 mərhələli və hər birində 3 sual, hər sualı isə 7 ballıq sistemdə dəyərləndirilən imtahanlardan sonra 14 balla bürünc medala layiq görüldüm. Olimpiadadan mənə xoş təəssüratlar qaldı, ən əsası isə orada qazandığım yeni dostlar oldu. Hesab edirəm ki, qarşıdakı olimpiadalar üçün Jautıkov olimpiadası yaxşı bir yoxlama oldu.

“Azərbaycan bayrağını qaldırmağım məni daha çox qürurlandırdı”

Anar Abbaslı 2001-ci il yanvarın 21-də Bakı şəhərində anadan olub. 2007-ci ildə Bakıdakı 70 nömrəli tam orta məktəbin I sinfinə gedib. 2013-cü ildə “Dədə Qorqud” Özəl Türk liseyinə qəbul olunub. Hazırda Bakı “İstək” liseyinin Xalqlar Dostluğu filialında təhsilini davam etdirir. 2015 və 2016-cı illərdə Serbiyada və Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat olimpiadasında 2 bürünc medal qazanıb. 2016-cı ildə Respublika riyaziyyat olimpiadasında 2-ci yeri tutub və Albaniyada keçirilən Balkan Riyaziyyat Olimpiadasında iştirak edib.
- Yanvarın 13-də XIII Beynəlxalq Jautıkov olimpiadasında iştirak etmək üçün Qazaxıstanın Almatı şəhərinə gəldik. Mən keçən il də sözügedən olimpiadada iştirak etmişdim, amma əfsus ki, medal ala bilməmişdim. Məhz buna görə çiyinlərimə daha çox yük düşürdü. Olimpiadanın 2 günlük imtahanları bitdikdən sonra bütün komanda olaraq səbirsizliklə nəticəmizi gözləyirdik. Nəhayət, yarışmanın bağlanış mərasimində bürünc medal ilə təltif edildim. Bu cür beynəlxalq tədbirdə Azərbaycan bayrağını qaldırmağım məni daha çox qürurlandırdı. Ümid edirəm ki, növbəti olimpiadalarda daha yaxşı nəticələr göstərəcəyəm.
yuxarı ⤴