1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 14.01.2017

// 14.01.2017



“Mir Cəlal Paşayev oğluna aldığı evi mənə verdi”
30.01.2016/№4


Xalq şairi, Prezident təqaüdçüsü Nəriman Həsənzadənin Azərbaycan xalqının sevimli yazıçısı, görkəmli pedaqoq, əməkdar elm xadimi Mir Cəlal Paşayevlə bağlı xatirələri

Elə insanlar var ki, bəzən təkcə onların ad və soyadını çəkmək belə yetərlidir ki, göz önündə həyat və fəaliyyətləri bütövlüklə canlansın. Azərbaycan ədəbiyyatşünaslığında özünəməxsus yer tutan, xeyirxahlığı ilə onu tanıyanların ürəklərində həmişəlik iz qoymuş, istedadlı yazıçı, gözəl alim Mir Cəlal Paşayev də məhz belə şəxsiyyətlərdən biridir. Tələbələrinin sevimlisi olan görkəmli pedaqoqun keçdiyi ömür yolunu vərəqləmək üçün onu özünə mənəvi ata bilən Azərbaycanın xalq şairi Nəriman Həsənzadənin qonağı olduq.

“Mir Cəlal Paşayevi yaxından tanıyan, şanslı aspirantlardan biri idim”

 

- Nəriman müəllim, Mir Cəlal Paşayevi yaxından tanımaq, onunla ünsiyyətdə olmaq deyilənə görə o dövrün tələbələri üçün bir şans, böyük xoşbəxtlik imiş. Siz onun aspirantı olmusunuz . Deməli, siz də həmin xoşbəxtlərdən sayıla bilərsiniz. Bir elmi rəhbər kimi aspirantlarına münasibəti necə idi?

- Qızım, çox düzgün qeyd etdiniz ki, onu tanımaq, ünsiyyətdə olmaq bizim dövrün tələbə və aspirantları üçün böyük xoşbəxtlik idi. Məni elmə yönləndirən də elə Mir Cəlal Paşayev olub. Bu xoşbəxtliyi yaşamış insan kimi indi də həmin günlər kino lenti kimi gözümün önündə canlanır...

Mir Cəlal müəllimlə tanışlığım 1954-cü ildən başlayır. Məni Bakıdan Sovet ordusunda hərbi xidmətə aparmışdılar. “Salyanski kazarma”deyilən yerdə hərbi hissədəydim. Gəncə Pedaqoji İnstitutunun (keçmiş H.Zərdabi adına Kirovabad Dövlət İnstitutu) filologiya fakültəsini bitirmişdim. Şeirlər yazırdım. Bakıya yenicə gəlmişdim. Şəhərdən bir az aralıda Balaxanı qəsəbəsində dərs deyirdim. İcazə alıb, Yazıçılar İttifaqına “Gənclər günü”nə getmişdim. Təzə şeirlərim var idi, oxumaq istəyirdim. Əsgər paltarımı dəyişməmişdim, eləcə paqonda, şineldə gəlmişdim. Şeirlərimi oxuyandan sonra qabaq cərgədə oturan Mir Cəlal müəllim məni təbrik edib, əlimi sıxdı. Hörmətli yazıçımız Əyyub Abbasova dedi ki, yaxşı şeirləri var, kitabını buraxmaq olar.

Hərbi xidmətdən sonra Azərbaycan Yazıçılar İttifaqı tərəfindən Moskvadakı ikiillik ədəbiyyat kursuna göndərildim. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olundum. 1961-ci ildə institutu bitirib böyük ümidlərlə Bakıya qayıtdım. İşsiz idim. Müxtəlif vədlər verilsə də, onlar ancaq dildə deyilirdi. Bir gün şəhərdə böyük yazıçımız Mir Cəlal müəllimlə rastlaşdım. “Nə axtarırsan?”, - deyə bir ata qayğısı ilə soruşdu.

- “İş axtarıram, Mir Cəlal müəllim”, - deyə mənə olan bu mərhəm münasibətindən ürəklənib, özümü onun oğlu kimi hiss edərək cavab verdim.

“İş axtarma, adam axtar. Adam da mən”. Tam təmənnasız bir cavab verdi.

- Gəl universitetə, aspiranturaya.

Getdim. Mir Cəlal müəllim mənim tale yolumu belə təyin etdi, o yol isə məni ucaltdı. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı oldum və onun elmi rəhbərliyi altında “Azərbaycan- Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görüldüm. Mir Cəlal müəllim mənim universitetdə qalıb işləməyimə də kömək etdi. Əvvəllər saathesabı universitetdə işləməyə başladım. Bir müddətdən sonra Azərbaycan ədəbiyyatı tarixi kafedrasına bir müəllim yeri verildi. Mir Cəlal müəllim mənə dedi ki, o yeri sənə ayırmışıq. Sənədlərini hazırla, gətir. O vaxt universitetin rektoru mərhum akademik Faiq Bağırzadə idi. Mir Cəlal müəllim mənim universitetdə ştatda işləməyim üçün ona müraciət etmişdi. O da təbii ki, bu nüfuzlu alimin sözünü yerə salmamışdı. Mən söz versəm də müsabiqədə iştirak etməkdən imtina etdim. Həmin vaxtlar iri bir əsər üzərində işləyirdim. Faiq Bağırzadə o zaman məni danladı, yarızarafat, yarıgerçək: - “Daha bundan sonra sənə saathesabı da dərs verməyəcəyəm”, - söylədi. Özümdə bir peşimançılıq, narahatlıq hissi keçirdim. Mir Cəlal müəllimin əsl atalıq hisslərini qiymətləndirə bilməmişdim. Ancaq bir dəfə də olsun gözəl insanın bunu üzümə vurduğunu görmədim. Mənə etdiyi yaxşılıqların qarşılığını belə, gözləmədən davam etdirdi.

Mir Cəlal mənim üçün tarixi bir simadır, yaxud tarixdir. Universitetdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri idi. Bütün tələbələrinə böyük qayğı ilə, nəvazişlə yanaşardı. Həyat yollarında da tələbələrin yaxın məsləkdaşına çevrilmişdi. Qayğıkeş idi, arxasızlara, köməksizlərə, halal və zəhmətkeş insanlara daim dayaq olardı. Hamı onu çox sevirdi, tələbələri onun mühazirələrinə olduqca həvəslə gəlirdi. Sadə olduğu qədər də tələbkar idi. Onun qapısı hamının üzünə açıq idi. O, istedadlı tələbələrini öz övladları qədər istəyirdi. Onların qayğısını öz qayğısı bilirdi. Aspirantı olduğum illərdə və ondan sonra da Mir Cəlal mənəvi dayağım olmuş, məni oğlanlarından seçməmişdir. Mənə rəğbəti çox idi. Bunu ailəsi də görürdü, aspirantları da. Mən yazılarımın birində Mir Cəlal müəllimin ömrünün sonuna qədər Bakı Dövlət Universitetində rəhbərlik etdiyi kafedranı “universitet içərisində universitet” adlandırmışam. Çünki məhz Azərbaycan filologiyasının bir çox problemləri onun kafedrasında yalnız praktiki müəllimlik fəaliyyəti ilə auditoriyalarda təhlil edilmir, həm də elmi-nəzəri axtarışlar aparmaq üçün geniş tədqiqata cəlb olunurdu. Bu gün filologiya sahəsində fəaliyyət göstərən alimlərin əksəriyyətinin elmi rəhbəri xeyirxah insan Mir Cəlal Paşayev olmuşdur. Təsadüfi deyil ki, onun kafedrasının üzvləri əsasən hazırlıqlı gənclərdən ibarət idi. O, ailəsini sevdiyi kimi, tələbələrini də sevirdi. Bütün dissertasiyaları özü oxuyur, qeydlərini, düzəlişlərini edir, son günə- müdafiəyə qədər, hətta ondan sonra da tələbəsini unutmurdu. İstədiyi tələbələr onun halal süfrəsində çörək kəsiblər. Mən deyərdim ki, indi də onun çörəyini yeyirlər. Bu gözəl insanın həyat yoldaşı Püstə xanım övladları ilə yanaşı, tələbələrinə də analıq edir, onlardan ana şəfqətini əsirgəmirdi.

Bilirsiniz, universitet həyatı mənim gəncliyim, tərcümeyi-halımın bir hissəsidir. Mən orada böyük yazıçı, böyük alim Mir Cəlal Paşayevi gördüm, ömürlük sevdim və o, mənim mənəvi atam oldu. Mir Cəlalın özü mənim üçün ayrıca bir universitet, rəhbərlik etdiyi kafedra isə, deyərdim ki, ayrıca bir “Yazıçılar İttifaqı” idi.

“Mir Cəlal Paşayev oğluna aldığı evi mənə verdi”

- Mir Cəlal Paşayevin sizin həyatınızda önəmli yer tutması barədə müəyyən məlumatımız var. Onu da bilirik ki, qeyd etdiyiniz kimi sizi o ailədə oğulları kimi seviblər. Lakin istərdik ki, özünüz bu barədə daha ətraflı danışasınız.

- Mənim demək olar ki, günüm onların ailəsində keçib. Hərdən onlara utanırdım getməyə. Aradan 1-2 gün keçirdi. Bir də görürdüm Mir Cəlal müəllim mənə zəng edir: “Nəriman, sən Bakıda yaşayırsan, niyə görünmürsən ?”. Bax ilk cümləsi bu olurdu.

Mir Cəlal müəllim mənə: “Şairliyini heç vaxt unutma” - deyirdi. Ədəbi yaradıcılığımı yüksək qiymətləndirirdi. Mən onun aspirantı ola-ola Mir Cəlal müəllim özünəxas böyüklük eləyib özüm və şeirlərim haqqında bir neçə məqalə də yazdı. Mir Cəlal olmasaydı mən, bəlkə də, indi xalq şairi olmazdım. Dediklərimi səmimi qəbul edin. Həyatda əldə etdiklərimin bəlkə də heç biri olmazdı. Mir Cəlal Paşayevlə tanışlığım mənim büsbütün həyatımı dəyişdi.

Bir yaşımda atamı, 23 yaşımda isə anamı itirmişəm. Mir Cəlal mənə sözün həqiqi mənasında atalıq edib.

Mənim həyatımda silinməz iz buraxmış bir hadisəni danışmaq istərdim. O vaxt Yazıçılar İttifaqı gənc yazarlar üçün yaşayış binası tikmişdi. Ev şəraitim çox acınacaqlı olsa da buradan mənə mənzil çatmadı... Bir gün adəti üzrə axşam Mir Cəlal müəllimgilə getmişdim. Bu qayğıkeş insan məni də götürüb Püstə xanımla birlikdə Yazıçılar İttifaqının birinci katibi, dostu Mehdi Hüseynin evinə getdik. Sözün düzü, özüm də bilmirəm məni niyə aparırdılar. Mehdi Hüseyn Mir Cəlal müəllimin xətrini çox istəyirdi. Mir Cəlal Mehdi Hüseynə qayıtdı ki, bir xahişə gəlmişəm, Nəriman Həsənzadəni yəqin ki, tanıyırsan. Gənc istedadlı, şairdir. Mehdi müəllim dedi ki, yaxşı tanıyıram. Yazdığı “Nəriman” poemasından verilən parçaları oxuyuram, əsər haqqında yazmaq fikrim də var. Amma qoy bitirsin. Mir Cəlal müəllimə bu söhbət xoş gəldi. Birdən qayıtdı ki, Nərimanın ev şəraiti olduqca acınacaqlıdır. Ona da ev lazımdır. Mehdi Hüseyn: - “Nərimana da ev verəcəyik. İndi yox, gələn dəfə. Qoy poemasını yazıb qurtarsın. İndi boş mənzil yoxdur”, - söylədi.

Mir Cəlal müəllim birdən qayıtdı: - “Arifin (Mir Cəlal müəllimin oğlu ) adını siyahıdan çıxart, Nərimanın adını yaz” -deyə təkid etdi. Mehdi Hüseyn eynəyini düzəldib Mir Cəlalın üzünə baxdı. Mənim mənəvi atam olan Mir Cəlal müəllim: “Mən bu xahiş üçün sənin yanına gəlmişəm, Mehdi”, - dedi. Həmin vaxt əslində Mir Cəlal müəllimin ailəsinə də ev lazım idi. Oğlu Arifi evləndirəcəkdi. Amma Mir Cəlalın və Püstə xanımın alicənablığı, ürəkgenişliyi sayəsində Arif müəllim üçün nəzərdə tutulan ev mənə verildi. Bax, qızım, Mir Cəlal müəllim belə bir ürəyin sahibi idi. Mir Cəlal Paşayev oğluna aldığı evi mənə verdi. Həyat yoldaşı Püstə xanım da əsl bir xanım, xeyirxahlıq mücəssəməsi idi.

Mən onun sayəsində şəhərin Baksovet deyilən bir yerində gözəl bir evə sahib oldum. Yoldaşı ilə bizə qonaq da gəldi. Birinci dəfə evgördüsünə gələndə gözəl bir hədiyyə də gətirmişdilər. Ailəmlə, övladlarımla yaddaqalan, xoş günlərimizi məhz burada keçirmişəm. 50 ildir bu evdə yaşayıram. Mənzilimin ən gözəgəlimli yerində atamla bərabər, Mir Cəlal müəllimin də şəklini asmışam. Bu mənzildə onun müqəddəs ruhu var. Özü də heç vaxt etdiyi yaxşılıqları deməzdi. Bu da onun insani tərbiyə üsullarından biri idi.

“Mir Cəlalın zəkası, ürəyi, ailəsi bir harmoniya təşkil edirdi”

- Mir Cəlal Paşayev-istedadlı yazıçı, gözəl alim və sevimli ata. Onu yaxından tanıyan, ünsiyyətdə olmuş biri kimi bu barədə nə deyə bilərsiniz?

- Mən bu insanı belə səciyyələndirmişəm. Mir Cəlalın zəkası, ürəyi, ailəsi bir harmoniya təşkil edirdi. Sadə yaşayırdı, amma alicənab idi. Asta addımları var idi, amma şax yeriyirdi. Çox danışmazdı, amma dediyi söz yadda qalardı.

Mir Cəlal Paşayev fransız maarifpərvər və yazıçılarından Volter, Didro, Jan Jak Russo kimi insanlarla müqayisə oluna biləcək bir şəxsiyyətdir. Müdriklər deyiblər ki, kamil insan, alim, yazıçı dünyanı təkcə izah etmir, eyni zamanda onu dəyişdirir, insanların şüurlarına, baxışlarına təsir edə bilir. Bu mənada Mir Cəlal müəllimin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, eyni zamanda özündən sonra gələn nəsillərə də örnəkdir. Mirzə Cəlil ədəbi məktəbinin layiqli davamçısı, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mir Cəlal Şərq mədəniyyətində Azərbaycan müdrikliyinin səsi idi. Şərq fəlsəfi-ədəbi cərəyanlarını gözəl bilməsi “Füzuli sənətkarlığı”, “Azərbaycanda ədəbi məktəblər” kimi dərin məzmunlu elmi tədqiqatları dediyimə misal ola bilər.

Azərbaycan ədəbiyyatına füzulişünaslığı gətirən məhz Mir Cəlal Paşayev olmuşdur. Ərəb, fars və rus dillərini mükəmməl bilən bu görkəmli şəxsiyyətin Azərbaycanın ictimai fikir tarixində özünəməxsus yeri və qiyməti var. Yazıçının 6 roman, 300-ə yaxın hekayəsi Azərbaycanın XX əsr ədəbiyyatının parlaq nümunələrindən sayılır.

- Mir Cəlal Paşayev ailədə necə idi?

- Mir Cəlal: “Həyatımda yaratdığım ən böyük əsər - ailəmdir” deyirdi. O, sözün həqiqi mənasında, qibtəediləcək qədər gözəl bir ata, nümunəvi bir ailə başçısı olub. Mülayim təbiətli, xoşrəftar, təmkinli, olduqca mədəni və övladcanlı idi. Oğlanları Arifə, Hafizə, Aqilə, qızları Ədibə və Elmira xanıma yüksək təhsil və tərbiyə vermişdir. Sonralar kiçik oğlu Aqil dünyasını çox erkən dəyişdi. Övladlarını özü kimi gözütox, ləyaqətli böyütmüşdü. Bütün işlərində övladlarının köməkçisi, onlara sirdaş olurdu. Övladları da həmişə onun başını uca ediblər. Həyatda hər biri böyük nüfuz sahibidirlər. Özümü hər zaman bu ailənin oğlu hesab etmişəm və Mir Cəlal müəllimin, ömür-gün yoldaşı Püstə xanımın məni öz övladlarından seçmədiklərini, əksinə hər çətin, eyni zamanda əlamətdar günlərimdə yanımda olduqlarını görmüşəm.

Xoşbəxtlikdən Mir Cəlal müəllimin Püstə xanım kimi könül sirdaşı var idi. Onu tək qoymurdu. Dövlətdən də qoruyurdu, dövlətlidən də. Paxıllardan da, onu istəməyənlərdən də. Püstə xanımın açdığı süfrələrdə çörək kəsən tələbələr, aspirantlar bu ailənin səxavətinə, mənəvi paklığına bələddilər. Mir Cəlal müəllim hara getsəydi mütləq Püstə xanımı da özü ilə aparardı. Sonralar Püstə xanım xatirələrində deyirdi: “Hüseyn Cavidlə Mir Cəlal yaxın idi. Hər dəfə dram teatrında tamaşası gedəndə bizə bilet də göndərərdi. Teatrda onun lojası var idi. Biz ora dəvət olunurduq. Hara getsəydi məni də aparmalıydı. Buna görə yazıçı yoldaşları ona irad tuturdular, sən yoldaşını ki, gəzdirirsən, bizimkilər də bizə gün vermir. Deyirlər, necə olur ki, Mir Cəlal arvadını apara bilir, siz apara bilmirsiniz”.

Yadıma bununla bağlı Mir Cəlalın dilindən eşitdiyim bir hadisə düşdü. Bir gün təşkil olunan məclislərin birinə Mir Cəlal müəllim öz həyat yoldaşı ilə birlikdə gedir. Gözəl şairimiz Səməd Vurğun zarafatla Mir Cəlal müəllimə: “Bizimlə səninki heç tutmur. Sən slişkom poryadıçnı (nümunəvi) insansan”, - deyə gülür.

Mir Cəlal müəllim evə bir az gec gələndə adətən işıqların hamısını yandırardı ki, ev nura qərq olsun. Əli çatmayanda nərdivanla qalxırdı. İmkanı olsaydı dünyanı işığa döndərərdi. O, bütöv bir nəslin ağsaqqalı, nəvələrinin sevimli babası idi. Mir Cəlal müəllim, həqiqətən peyğəmbər təbiətli insan idi. Xeyirxahlıq onun canında, qanında idi. Mən o ailəyə həmişə ocaq kimi baxmışam. İndinin özündə də.

“Bu bir taledir...”

- Siz, hazırda Mir Cəlal Paşayevin oğlu akademik Arif Paşayevin rektoru olduğu Milli Aviasiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olursunuz. Ata Mir Cəlal Paşayevdən sonra oğul Arif Paşayevlə işləməyiniz təsadüfdürmü, yoxsa...

- Qızım, bu bir taledir... Sonuncu iş yerim - Mətbuat və İnformasiya Nazirliyi ləğv ediləndə (nazirin birinci müavini idim), mən də başqaları kimi işsiz qaldım. Ölkədə ictimai-siyasi quruluş dəyişmişdi. Mənə vaxtilə “Nəriman, iş axtarma, adam axtar. Adam da mən” kimi peyğəmbər sözü deyən Mir Cəlal artıq dünyada yox idi. Müstəqillik dövrü olsa da, bazar iqtisadiyyatıydı...

Bir gün Arif müəllimin ortancıl qardaşı Hafiz müəllim mənə zəng etdi ki, get Arifin yanına, sənə sözü var. 1997-ci il idi. Hafiz Paşayev onda Amerika Birləşmiş Ştatlarında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri idi. Bakıya gəlmişdi. Qardaşlarda da atalarının tələbələrinə olan isti münasibəti gördüm. Milli Aviasiya Akademiyasına getdim. 1996-cı ildən Milli Aviasiya Akademiyasına rəhbərlik edən Arif Paşayevin burada inanılmaz işlər görməsinin şahidi oldum. Mənə burada pedaqoji fəaliyyətlə məşğul olmağı təklif etdi. 1997-ci ildən burada pedaqoji fəaliyyət göstərirəm. Professoram, dil və ədəbiyyat kafedrasının müdiriyəm.

Mən, nədənsə hörmətli akademik Arif müəllimdə Mir Cəlalı axtarıram. Bəlkə bu bir tələbənin sevimli müəlliminin övladlarında da öz müəllimini görmək istəyindən gəlir. Amma Arif Paşayev şəxsiyyəti, nüfuzu həmişə nəzərimdədir.

Söhbətdə qeyd etdim ki, Mir Cəlal Paşayev olmasaydı indi xalqın sevimli şairi olmazdım. Amma hazırda sizin qarşınızda sap-sağlamamsa, ayaq üstə gəzirəmsə, bunun üçün Arif Mir Cəlal oğlu Paşayevə minnətdaram. Onun bilavasitə təmənnasız köməyi və dəstəyi nəticəsində Almaniyada ürək əməliyyatları elətdirmişəm. Sonuncu dəfə keçirdiyim maşın qəzası nəticəsində az qala yataq xəstəsi olacaqdım. Yenə də Arif müəllim məndən öz köməyini əsirgəmədi. 2 dəfə Türkiyəyə müalicəyə göndərdi. Allaha şükür, indi yaxşıyam.

Bilirsiniz, Mir Cəlalın evində kəsilən çörək ömür boyu insana bəs eləyir. Çünki halal müəllim, yazıçı əməyi ilə qazanılırdı. O süfrədə çörək kəsməyən tələbəsi belə yox idi. Elə bil tələbələrini çörəklə yaxınlaşdırır, çörəklə mehribanlaşdırır, özü də bundan mənəvi zövq alırdı. İndi görürəm, Arif müəllim də belədir.

Sevinirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamından sonra sevimli müəllimim, ömrünün axırına kimi mənə atalıq qayğısı göstərmiş Mir Cəlal Paşayevin 100 illik yubileyi UNESCO xətti ilə Parisdə geniş qeyd olundu. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yubiley mərasimində məzmunlu çıxışı ilə Fransa ictimaiyyətinin dərin rəğbətini qazandı. Azərbaycan elminə, ədəbiyyatına yeni nəfəs gətirən Mir Cəlal Paşayev layiq olduğu dəyəri aldı.

Qızım, Mir Cəlal müəllim elə bil məni izləyir, indi də tək qoymur. Evimdə və rəhbəri olduğum kafedrada asılmış portretləri ilə hər gün görüşürəm. O gözlər yenə deyir: “Nə axtarırsan?”. Bu dəfə deyirəm: “Sizi”. “Mən yanındayam”, - deyir. Düz deyirdi: “Axı, Milli Aviasiya Akademiyasının rektoru, müəllimimizin oğlu akademik Arif Mir Cəlal oğludur”. Arif Paşayev-içində intibah gəzdirən insandır, onda Mir Cəlal nəfəsinin hənirtisi var.

Bəlkə də buna görə mən taleyə, təsadüfə, alın yazısına inanıram...
 

Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”,
s.kerimova@ muallim.edu.az

yuxarı ⤴