1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 19.05.2017


 

 
METODİKA
30.01.2016/№4


Kimya fənni üzrə təlim strategiyaları iş təcrübəmdə

Rəvan MƏMMƏDOV,
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksinin kimya müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2014) qalibi

Kimya fənn kurikulumu üzrə təlimin təşkilinə verilən əsas tələblərin dərs prosesində gözlənilməsi çox vacibdir. Mən qruplar və ya cütlər daxilində şagirdlərin vəzifə bölgüsünü müəyyənləşdirərkən onların potensial imkanlarına görə prosesi tənzimləyirəm. Kimyadan nəzəri, yaxud praktik tapşırığın verilməsi zamanı qrup və cütlər daxilində güclü və zəif tərəflərin optimal balansının saxlanmasına çalışıram. Bütün dərs ili ərzində hər bir şagirdimin idrak fəallığını diqqətlə izləyir və bu fəallığın səviyyəsini hər növbəti kimya dərsində daha da yüksəltməyə səy göstərirəm. Cari planlaşdırma zamanı hər şagirdimə köməklə əlaqədar uyğun fasilitasiya yollarını diqqətlə araşdırıram. Dərs prosesində şagirdlərdə kimya fənninə aid bilik və bacarıqların kompleks məqsədlər (öyrədici, inkişafetdirici və tərbiyəedici ) üzrə formalaşdırılması təlim fəaliyyətimin özəyi olur. Hər bir mövzunun tədrisi zamanı dərsin öyrədici məqsədlərinin reallaşdırılmasına paralel olaraq, şagirdin məntiqi, tənqidi və yaradıcı təfəkkürünün inkişaf mexanizmlərinin ən optimal yollarla tam fəallaşmasına çalışıram. Kimya üzrə bütün mövzuların tədrisində vətənpərvərlik tərbiyəsinin inkişafı üçün güclü potensial imkanlar vardır. Neft, təbii qaz, ayrı-ayrı metallar, qeyri-metallar və kimyəvi birləşmələrə aid mövzuların tədrisini Azərbaycandakı təbii ehtiyatlar və kimya sənayesi ilə əlaqələndirməklə vətənə olan sevgini daha da gücləndirmək olar. Qeyri-neft sektoru üzrə kimya sənayesinin inkişafı üçün Azərbaycanın tükənməz potensial imkanları vardır. Dərsdə aparılan geniş tədqiqat prosesində bu imkanların dərk olunması şagirdin kimyaya marağının daha da artmasına səbəb olur. Şagirdlərin fəaliyyətindəki bütün irəliləyişləri qeydə alaraq, nəticələri refleksiya zamanı şagirdlərlə birgə müzakirə edərək dəyərləndirirəm.
Dərsdə müasir təlimin bütün formalarından səmərəli istifadə edir, qrup işi, cütlərlə iş və fərdi işin potensial imkanlarını ən optimal yolla uzlaşdırmağa çalışıram. Məsələn, “İon mübadiləsi reaksiyaları” mövzusu tədris olunarkən verilmiş maddənin tərkibindəki ionları təyin etmək üçün uyğun reaktivi mövcud maddələr arasından seçmək şagirdlərə fərdi qaydada təklif olunur. Sonra maddənin tərkibindəki ionlara uyğun təyinedici reaktivi tapmış şagirdlər cütlərdə birləşdirilir. Hər bir cüt onlara verilmiş maddənin tərkibini təcrübi yolla təyin edir. Daha sonra oxşar əlamətlər üzrə reaksiyaları aparmış cütlər uyğun qruplarda birləşdirilir. Yəni, çöküntü alınması ilə nəticələnən reaksiyaları aparmış cütlər bir qrupda, qaz alınması ilə nəticələnən mübadilə reaksiyalarını aparan cütlər başqa qrupda, su alınması ilə gedən neytrallaşma reaksiyalarını aparan cütlər isə digər qrupda birləşir. Hər bir qrup daxilində birləşmiş şagirdlər aparmış olduqları reaksiyalar üzrə ilkin məlumatları öz qrupunun digər üzvləri ilə bölüşür və əlaqələndirmə aparmağa çalışırlar. Məhlulda gedən ion mübadiləsinin mexanizmlərinin müəyyən qədər aydınlaşdırılması üçün qrup daxilində tədqiqat işi aparılır. Zərurət yarandıqca, qrupların tərtib etməyə çalışdıqları molekulyar və ion tənliklərinin düzgün qurulması işində onlara istiqamətləndirici kömək edirəm. Tədqiqat nəticələrinin müzakirəsi zamanı qruplar vahid kollektiv halında müzakirəyə qoşulur. Dərs prosesində təlim formalarının düzgün növbələşdirilməsi və uzlaşdırılması dərsin səmərəliliyini artıran ən vacib faktorlardan biridir.
Dərsdə interaktiv metodlardan istifadə kimyanın sirlərinin şagirdlər tərəfindən fəal öyrənilməsinin ən başlıca təminatçısıdır. Bu baxımdan, əksər dərslərimdə lazım gəldikcə fəal metodlardan səmərəli istifadə etməyə çalışıram. Dərslərə hazırlaşarkən ən çox diqqət yetirdiyim məsələlərdən biri də uyğun metodun seçilməsidir. İlk növbədə, seçdiyim metodun cari dərsin məqsədinə və tədris şəraitinə uyğunluq dərəcəsini araşdırıram. Həmçinin tədris olunacaq mövzunun strukturuna, şagirdlərin bilik və bacarıq səviyyəsinə daha çox uyğun gələn fəal metodlardan istifadə etməyə çalışıram. İnteraktiv metodlardan istifadə üzrə iş təcrübəmə aid olan bəzi praktik nümunələri oxucularla bölüşmək istəyirəm:
Beyin həmləsindən kimyanın əksər mövzularına aid dərslərdə istifadə edirəm. Çox vaxt onu şagirdlərdə motivasiya yaratmaq məqsədilə tətbiq edirəm. Giriş müsahibəsi zamanı şagirdlərdəki bilik ehtiyatının fəal şəkildə işə qoşulmasını təşkil etməkdə də beyin həmləsi mənə çox kömək edir. Məsələn, “Duzların alınması” mövzusunu keçərkən giriş müsahibəsində şagirdlərə aşağıdakı sualları verirəm:
1. Əsasi və turşu oksidlərinin qarşılıqlı təsirindən hansı maddələr alınır?
2. Neytrallaşma reaksiyalarının mexanizmi necədir?
3. Əsaslarla turşu oksidlərinin reaksiyalarını nümunə üzrə izah edin.
4. Turşularla əsasi oksidlərin reaksiyalarına aid nümunələr yazıb məhsulları göstərin.
5. Metallarla turşuların reaksiyalarına aid tənliklər yazmaqla alınmış məhsulları göstərin.
6. Natriumun xlorla və xlorid turşusu ilə reaksiya məhsullarını müqayisə edin.
7. Suda həll olmayan əsasların alınması yolu necədir?
Şagirdlərin verdiyi cavablardan aydın olur ki, söhbət duzlarla bağlı kimyəvi hadisələrdən gedir. Tədqiqat sualını “Müxtəlif növ duzların alınmasının mümkünlüyünü necə izah etmək olar?” kimi qoyaraq dərsin davamını uyğun tədqiqat metodları ilə aparıram.
BİBÖ-dən dərs prosesində şagirdlərdə güclü motivasiya yaratmaq üçün geniş istifadə edirəm. Şagirdləri qruplara bölüb, onlara kimyəvi anlayış və proseslərə aid cədvəllər üzrə tapşırıqlar verirəm.
BİBÖ ilə tədris zamanı maddələri sinifdə nümayiş etdirməklə şagirdlərin bu maddələr haqqında nəyi bildiklərini və daha nəyi bilmək istədiklərini araşdırıram. Sonra bu maddə ilə bağlı təcrübələr apararaq, təcrübədə müşahidə olunan hadisələrlə şagirdlərin bilmək istədikləri arasında əlaqə yaratmağa çalışıram. Sonda şagirdlərin təcrübədən öyrəndikləri yeniliklər BİBÖ cədvəlinə qeyd olunur.
Venn diaqramından dərs prosesində şagirdlərin tədqiqat işi aparması zamanı və ümumiləşdirmə vaxtı istifadə edirəm. Müəyyən hallarda motivasiya mərhələsində də ondan istifadə etmək olar. İki müxtəlif maddənin xassələrini müqayisə etmək üçün o çox əlverişlidir. Əvvəlcə qeyri-üzvi və üzvi maddələr içərisində eyni sinfə aid maddələrin müqayisəsi üzrə kimyəvi təcrübələr aparılır. Bu təcrübələrdən aldığımız nəticələrin Venn diaqramında əks etdirilməsi çox maraqlı olur. Həmçinin üzvi kimya dərslərində sinifdaxili və siniflərarası izomerlik yaradan maddələrin müqayisəsini apararkən şagirdlər Venn diaqramı üzrə daha maraqla işləyirlər. Maddələrin oxşar xassələri kəsişən dairələrdə qeyd edilir. Məsələn:
Venn diaqramı: NaOH və Cu(OH)2-nin müqayisəsi

Klasterdən (şaxələndirmə) qeyri-üzvi və üzvi maddələri təsnif edərkən daha çox istifadə edirəm. Belə ki, maddələr öyrənildikdən sonra onların müəyyən quruluş və xassələrə görə qruplaşdırılması əməliyyatlarını şagirdlər klaster vasitəsi ilə daha maraqla yerinə yetirir. Məsələn, üzvi kimya dərslərində karbohidrogenlərə aid bölmələrin tədrisinin sonunda şagirdlərim aşağıdakı kimi klaster qurur:

Ümumiyyətlə, cari planlaşdırmada uyğun interaktiv metodun seçilməsi bir çox faktorlardan asılıdır. Ona görə də həmişə tədris olunacaq mövzunun xarakterini və şagirdlərin bilik və bacarıq səviyyəsini əvvəlcədən nəzərə almağa çalışıram.

 



Kompüter vasitəsi ilə qiymətləndirmə

Yusif HƏSƏNQULİYEV,
Ordubad şəhər tam orta internat məktəbinin informatika müəllimi

Milli kurikulumun qəbul edilməsindən sonra təhsildə bir sıra müsbət dəyişikliklər baş vermişdir. Ayrı-ayrı fənlərin tədrisinin yeni formada təşkili, müasir və təsiredici üsulların tətbiqi mövzuların mənimsənilməsinə kömək etməkdədir.
Ən başlıcası isə təhsildə İKT-dən daha səmərəli istifadə etmək üçün məktəblərdə kompüter siniflərinin yaradılmasıdır. Bu gün şəhər və kənd məktəblərinin əksəriyyəti kompüterlərlə təchiz olunmuşdur. Nəticədə ayrı-ayrı fənlərin tədrisində İKT-dən istifadə etmək imkanı artır. Kompüterlərdən məktəblərdə başqa məqsədlər üçün də istifadə etmək olur. Belə ki, şagirdlərin müəyyən zaman ərzində qazandıqları biliklərinin summativ qiymətləndirilmələrində də kompüterlərdən istifadə mümkündür.
Ənənəvi dərsdə şagirdlərin biliyi gündəlik olaraq qiymətləndirilirdi və bu qiymətlər sinif jurnalında qeyd olunurdu. Yeni kurikuluma görə isə qiymətləndirmə mövzu bitdikdən sonra kiçik summativ qiymətləndirmə, birinci yarımilin və ikinci yarımilin sonunda isə böyük summativ qiymətləndirmə şəklində aparılılır. Sonuncu qiymətləndirmə forması isə müəllimlər üçün ağır və yorucudur. Məlum olduğu kimi, yarım il ərzində fəndən və sinifdən asılı olaraq summativ qiymətləndirmələrin sayı müxtəlifdir.
İndi isə qısaca olaraq qiymətləndirmə mexanizmini açıqlayaq.
Əvvəlcə müəllim bölməyə aid müəyyən sayda sual bankı hazırlayır. Sonra isə bu sualları ya əlyazması formasında, ya da kompüterdə hazırlayıb şagirdlərin sayı qədər çap edib paylayır. Şagirdlər bəndlər üzərində qeydlər qoymaqla cavablarını bildirirlər. Müəllim bu vərəqləri toplayır, hər bir vərəqdə şagirdin doğru və yanlış cavablarının sayını hesablayır. Doğru cavabların sayına görə onlara vərəqdə uyğun qiymətlər yazır.
Birinci və ikinci yarımilin qiymətlərini yazmaq isə daha mürəkkəb bir prosesdir. Belə ki, summativ qiymətlər toplanmalı, onun orta qiyməti, daha sonra isə onun 40%-i tapılır. Sonra yenidən böyük summativ qiymətin 60%-i tapılır. Onlar toplanır və uyğun qiymət çıxarılır.
Mən bu prosesləri asanlaşdıran bir sistem və proqram hazırlayıb ondan istifadə etməklə bu sahədəki çətin və yorucu prosesi aradan qaldırmış, eyni zamanda daha zövqlü hala gətirmişəm. Qeyd edim ki, milli kurikulumun qəbul edildiyi vaxtdan mən bu proqramdan istifadə edirəm.
İndi isə bu işin mahiyyətini açıqlamağa çalışacağam. Mən bu prosesi mərhələlərə ayırmaq istəyirəm.
I mərhələ. Sualların hazırlanması və kompüterə daxil edilməsi.
Təbiidir ki, suallar fəndən və mövzudan asılı olaraq mətndən və şəkildən (sxem, şəkil, diaqram və s.) ibarət olur. Mətn hissəsi kompüterin ofis proqramlarından biri olan WORD-də, şəkil hissəsi isə Paint-də və ya başqa proqramlarda hazırlanır. Sonra bu suallar proqramın köməyi ilə xüsusi bazada yerləşdirilir. Qeyd edim ki, bu suallardan ibarət bazadan hər zaman istifadə etmək olar.
II mərhələ. Summativ qiymətləndirmənin aparılması.
Bu mərhələdə proqramın köməyi ilə summativ qiymətləndirməyə aid suallar seçilir. Şagirdlər isə öz kompüterlərindəki xüsusi proqramı işə salıb soyadını, adını və atasının adını daxil edərək testə başlayır. Testin sonunda proqram şagirdin doğru cavablarına görə qiymətləri təyin edib müəllimin kompüterinə göndərir. Bütün şagirdlər testi bitirdikdən sonra müəllm proqram vasitəsi ilə onların cavablarını, doğru, yanlış və imtina etdiklərinin sayını və qiymətini siyahı şəklində printerdə çap edərək sinif müəlliminə təqdim edir. Təbiidir ki, həmin qiymətlər eyni zamanda jurnalda da aparılır.
III mərhələ. Yarımillik və illik qiymətləndirmələr.
Summativ qiymətlər kompüterin yaddaşında arxivləşdirildiyindən orada mövcud olmaqdadır. I yarımilin sonunda bir düyməni basmaqla məktəbin bütün siniflərinin ayrı-ayrı fənlər üzrə qiymətləri çıxarılır. Eyni proses II yarımildə də aparılır və arxivlənir. II yarımilin sonunda yenə bir düyməni basmaqla bütün məktəb üzrə şagirdlərin II yarımil və illik qiymətləri çıxarılır. Təbiidir ki, nəticələr yenə printerdə çap olunur və jurnalda yazılır.
İndi isə şagirdlərin testlə işləmə prosesini göstərək.
Müəllim öz kompüterindəki proqramı işə salır. Belə bir görüntü alınır.

Müəllim “Sinfi, bölməni və variantı seç” düyməsini basır. Belə bir görüntü alınır.



Şagirlər “Test” proqramını işə salır, monitorun ekranında qarşılarına aşağıdakı görüntü çıxır.

Əvvəlcədən məktəbdəki bütün şagirdlərin soyadı, adı və atasının adı bazaya yerləşdirilir ki, şagirdlər həm çətinlik çəkməsinlər, həm də vaxta qənaət etsinlər. Hər bir şagird şəkildə görünən “Soyad” siyahısından soyadını, “Ad” siyahısından adını və “Ataad” siyahısından atasının adını tapır.
Bundan sonra “Başla” düyməsini basır və testə başlayır.

Şagird doğru cavabı variantlar panelində qeyd edərək “Növbəti” düyməsinə basıb testə davam edir (şəkildə B variantı seçilmişdir).
Test başa çatdıqdan sonra şagirdin nəticəsi ekranda görünür.

Artıq şagirdlərin hər birinin nəticəsi müəllimin kompüterindəki bazaya göndərilmişdir. Bundan sonrakı iş müəllimə aiddir.
Müəllim işə davam edir. “Fənni daxil et” və “Arxivlə”, sonra isə “Nəticələrin çapı” düymələrini basır. Oradan ardıcıl olaraq şagirdlərin portfoliosuna qoyulmaq üçün hər bir şagirdə aid olan və ümumi sinfin nəticələrini çap edir.
Dərs ilinin I yarısı başa çatdıqda müəllim “I yarımilin qiymətləndirilməsi”, dərs ili başa çatdıqda isə “II yarımilin qiymətləndirilməsi” düymələrini basır.

 

yuxarı ⤴