1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Böyük uğurlara imza atmış şəhər
04.02.2017 / No4


Niyazi RƏHİMOV, “Azərbaycan müəllimi”

Gəncə Azərbaycanın paytaxt Bakıdan sonra ikinci ən böyük şəhəridir. Bu qədim şəhər bütün sahələrdə olduğu kimi təhsil sahəsində də özünəməxsuslugu ilə seçilir. Gəncənin çox qədim təhsil tarixi, ənənələri mövcuddur. Bu gün də Gəncə təhsili respublikamızda gedən təhsil islahatlarının əsas təkanverici qüvvələrindəndir. Hazırda Gəncədə 3 ali məktəb- Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universiteti fəaliyyət göstərir. Bu universitetlərin hər biri ötən əsrdə - Gəncə Dövlət Universiteti 1938-ci ildə, Azərbaycan Dövlət Aqrar Universiteti 1929-cu ildə, Azərbaycan Texnologiya Universiteti isə 1979-cu ildə yaradılıb. Bundan başqa şəhərdə Gəncə Regional Kolleci, Gəncə Musiqi Kolleci və Gəncə Tibb Kolleci də mövcuddur. Şəhərdə peşə təhsili ilə bağlı müəssisələr də var ki, onlardan 3-ü peşə liseyi, 3-ü isə peşə məktəbidir.

Ümumi təhsil müəssisələri

Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində 46 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 44-ü tam orta, 1-i ümumi orta, 1-i isə xüsusi (əqli cəhətdən zəif olan uşaqlar üçün) məktəbdir. Hazırda 46 ümumtəhsil müəssisəsində 38979 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 3828 nəfər müəllim məşğul olur.

Maddi-texniki baza

Məlumdur ki, tədrisin keyfiyyətinin artmasına təsir edən amillərdən biri də tədris ocaqlarında müasir təhsil şəraitinin yaradılmasıdır. Son illər respublikamızın hər yerində olduğu kimi, Gəncədə də təhsilin maddi-texniki bazası yenilənib. Belə ki, şəhərin 35 orta ümumitəhsil məktəbində əsaslı təmir işləri aparılmış, maddi-texniki bazaları müasir standartlara uyğun olaraq gücləndirilmişdir. Ən müasir standartlara cavab verən Gəncə Şəhər Təhsil İdarəsinin yeni inzibati binası və Uşaq Yaradıcılıq Mərkəzi istifadəyə verilmişdir. Tədrisin keyfiyyətini, pedaqoji mühiti yaxından izləmək və təhlükəsizlik məqsədilə şəhərin 16 məktəbində videokameralar quraşdırılmışdır.
Təhsilin informasiyalaşdırılması sahəsində aparılan ardıcıl məqsədyönlü işlər nəticəsində 2004-cü ildə hər 33 şagirdə bir kompüter düşdüyü halda, hazırda 18 şagirdə bir kompüter düşür. Gəncədə “Xalq kompüteri” layihəsi çərçivəsində 2 mindən çox müəllim kompüterlə təmin olunmuş, 46 təhsil müəssisəsi internet şəbəkəsinə qoşulmuşdur.
Şəhər ümumtəhsil məktəblərində zəngin kitabxanalar fəaliyyət göstərir. Həmin kitabxanalarda 1277116 nüsxə kitab fondu, onlardan 1029149 nüsxə dərslik fondu, 247967 nüsxə isə texniki və bədii ədəbiyyat fonduna daxildir.

Təhsil layihələrində iştirak: uğurlar

Gəncə şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəbləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi bütün layihələrdə fəal iştirak edirlər. 27 nömrəli riyaziyyat-fizika və informatika təmayüllü lisey “Elektron məktəb” layihəsinə qoşulmuşdur. Həmin liseydə “Xüsusi istedadlar” sinifləri fəaliyyət göstərir. Bu baxımdan son beş ildə liseyin ali məktəblərə qəbulunun nəticələri yüksək templə artmışdır. 2015-ci ildə pilot layihə olaraq Gəncə şəhərinin 4 məktəbində (4, 16, 28 və 39 nömrəli tam orta məktəblərində), 2016-cı ildə isə 10 məktəbində (1, 2, 4, 16, 17, 21, 27, 28, 39 və 44 nömrəli məktəblərində) təmayül siniflər yaradılmışdır. Həmin siniflərdə keçirilən monitorinq şagirdlərin bilik və bacarıqlarının müasir tələblərə cavab verdiyini aşkar etmişdir.
Aparılan işlərin məntiqi nəticəsidir ki, şəhərin 6 məktəbi - M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəb, M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəb, 21 nömrəli tam orta məktəb, 44 nömrəli məktəb-lisey bir dəfə, M.Mehdizadə adına 4 nömrəli tam orta və M.C.Paşayev adına 39 nömrəli tam orta məktəblərin isə hər biri iki dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşlar.

Məktəbəhazırlıq qrupları

Təhsil Nazirliyinin müvafiq əmrlərinə uyğun olaraq Gəncədə 5 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına cəlbi təmin olunmuşdur. Hazırda şəhərin ümumtəhsil məktəblərindəki 130 məktəbəhazırlıq qrupunda 2827 nəfər uşaq təhsil alır. Onlarla təlim-tərbiyə işini 130 müəllim aparır.

Ali məktəblərə qəbul

Gəncə şəhər orta ümumtəhsil məktəblərində təhsillərini başa vuran məzunlar istər respublikamızda, istərsə də xaricdə olan nüfuzlu ali məktəblərə yüksək ballarla daxil olurlar. Təsadüfi deyil ki, son 6 ildə ali məktəblərə qəbul imtahanlarında Gəncə şəhər ümumtəhsil məktəblərini bitirən məzunlardan 296 nəfəri 600-dən, 1407 nəfəri isə 500-dən çox bal toplayıb. 1 nömrəli məktəbin məzunu Elçin Qasımov isə qəbul imtahanlarında maksimum nəticə-700 bal toplayaraq Qafqaz Universitetinə daxil olub. Bundan başqa, 39 nömrəli məktəbin məzunu Fərdin Vətəni 690 bal toplayaraq Bakı Ali Neft Məktəbinə, 24 nömrəli məktəbin məzunu Selcan Namazova 690 bal toplayaraq Azərbaycan Dillər Universitetinə daxil olmuşdur. Son 6 ildə ali məktəblərə qəbul olanlardan 6 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür. Onlarla məzun isə orta məktəbi qızıl medalla bitirmişdir.

Pedaqoji heyətin nailiyyətləri

Məlumdur ki, hər bir şagirdin uğurunun arxasında müəllimlər dayanır. Bu baxımdan Gəncədə təhsili irəli aparan, bu yükü öz üzərlərində hiss edən yüksəkixtisaslı müəllimlər çoxdur. Hazırda Gəncədə yerləşən təhsil müəssisələrində çalışan müəllimlərdən 11 nəfəri əməkdar müəllim, 15 nəfəri “Tərəqqi” medallı, 18 nəfəri isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidir. Bundan başqa 10 müəllim isə Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Daim yeniliyə, innovasiyalara can atan Gəncə müəllimləri respublikamızda keçirilən müsabiqələrdə də uğurla iştirak edirlər. Belə ki, M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbin ingilis dili müəllimləri Nərgiz Qurbanova, Fərhad Məmmədov, 21 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Gülnar Hüseynova, 22 nömrəli tam orta məktəbin biologiya müəllimi Aynurə Orucova və digərləri “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri olmuşdur.
24-26 dekabr 2015-ci il tarixlərində 3756 nəfər müəllim diaqnostik qiymətləndirmədə iştirak etmiş, onların 99%-i müsbət nəticə göstərmişdir. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin orta əməkhaqları artmışdır.
“Kurikulum islahatı üzrə icra planı”nda nəzərdə tutulan tədbirlər ardıcıllıqla həyata keçirilmiş, şəhərin I-VI sinif müəllimlərinin hər biri kurikulum kurslarından keçmiş və sertifikatlar almışlar. 2013-2014-cü tədris ilində məktəblərin I-VI siniflərində bütün tədris olunan fənlər üzrə çalışacaq 968 müəllim Təhsilin-İnnovativ İnkişaf Mərkəzi, “Mədəd Azərbaycan” təşkilatı, Təlim-İnkişaf Mərkəzi, “İdrak” məktəb-liseyi və Xəzər Universiteti, Azərbaycan Universiteti tərəfindən aparılan kurslardan keçmişlər. 2014-2015-ci tədris ilində şəhərin I-VII sinif müəllimlərindən 736 nəfəri kurikulum kurslarından keçmişlər. 2015/2016-cı tədris ilində də şəhərin I-VIII sinif müəllimlərindən 288 nəfəri “Mədəd Azərbaycan” MMC, Təlim-İnkişaf Mərkəzi, “UNİVERSAL” Əlavə Təhsil Mərkəzi və “UNİKAL-1 MMC” təşkilatları tərəfindən aparılan kurslardan keçmiş və sertifikatlar almışdır.
2016-2017-cı tədris ili üçün ümumtəhsil məktəblərin I-IX siniflərində dərs deyəcək və kurikulum təlimlərindən keçməyən müəllimlər üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Təlimlərə 166 nəfər I-IX sinif müəllimi cəlb edilmişdir.
Gəncədə müasir fənn kurikulumlarının tətbiqinə başlandıqdan sonra öyrətmə və öyrənmə prosesinə münasibət dəyişmişdir. Belə ki, müəllimlərin hər bir dərsə yaradıcı münasibəti artmış, məzmuna görə optimal forma, üsul və metod axtarışı ön plana çıxmışdır. Gəncə müəllimləri düşünməyə, axtarış aparmağa, sərbəst mülahizə yürütməyə, əməkdaşlıq etməyə, müstəqil şəkildə problemi həll etməyə daha çox sövq olunurlar.
Bütün seminarlarda müəllimlərə keçirilən təhsil islahatının başlıca istiqamətləri, Milli Kurikulumun xüsusiyyətləri, fənn kurikulumlarının spesifik cəhətləri, məzmun standartları, təlim strategiyaları, inteqrativ təlim, şagird nailiyyətlərinin qiymətləndirilməsi barədə zəruri bilikləri öyrədilir. Xüsusilə yeni fənn kurikulumlarının tətbiq olunduğu siniflərdə işləyən müəllimlər Metodiki Mərkəzin xidmətindən yararlana bilirlər. Təhsil nazirinin 5 avqust 2016-cı il tarixli 548 nömrəli əmrindən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə “Məktəbəhazırlıq qruplarında işləyəcək ibtidai sinif müəllimləri” üçün kurslar təşkil edilmişdir. Təhsil İşçilərinin Peşəkar İnkişafi İnstitutu təlim kursunu bitirmiş müdavimlərin qiymətləndirməsini və sertifikatlarin verilməsini təmin edilmişdir.
19 dekabr 2016-cı il tarixindən Azərbaycan Müəllim İnkişafı Mərkəzi tərəfindən ibtidai siniflərdə dərs keçən müəllimlərə sinfin təşkili və idarə olunması, oxuyub-anlama bacarıqları, riyazi-məntiqi təfəkkürün inkişafı mövzusunda kurslar təşkil edilmişdir. Bu kurslara 132 ibtidai sinif müəllimi cəlb edilmişdir. Kurslar may ayına qədər davam edəcəkdir. Məktəb rəhbərlərinin peşəkar hazırlıqlarını artırmaq məqsədilə 27-28 yanvar 2017-ci il tarixlərində məktəb direktorlarına və təlim-tərbiyə işləri üzrə direktor müavinlərinə məktəbin idarə olunması mövzusunda kurslar keçirilmişdir.
Gəncədə uzun illərdir ki, məktəblərdə Avropa xalqlarının dilləri öyrənilir. Məlumdur ki, respublikamızın məktəblərində xarici dil fənninin tədris olunması sahəsində xeyli təcrübə toplanmışdır. 2013/2014-cü dərs ilindən məktəblərin V-VI siniflərində ikinci xarici dil kimi rus, ingilis, alman, fransız dilləri arasından seçilməklə (bu istiqamətlər üzrə mütəxəssislər olduğu üçün) tədrisinə başlanılmışdır.
Ötən dərs ilində Təhsil Nazirliyinin dəstəyi ilə “Təhsil İnnovativ Texnologiyalar” və Əlavə Təhsil Mərkəzi arasında bağlanan müqavilə əsasında seminarlar təşkil edilmişdir. Son dövrlərdə burada müxtəlif mövzularda təlimlər keçirilir, dayaq məntəqələrinin işi canlandırılır, “açıq dərs”lər, müəllimlərə seminarlar təşkil olunur və s.
Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 46 ümumtəhsil məktəblərinin direktorlarından 20 nəfər yeni qaydada (Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqə yolu ilə) direktor vəzifəsinə təyinat almışdır.

Məktəblilər olimpiada və müsabiqələrdə

Gəncə şəhər məktəbliləri respublika fənn olimpiadalarında da uğurla iştirak edirlər. Təkcə 2015-2016-cı tədris ilində məktəblilər respublika fənn olimpiadalarında 10 medal qazanmışdır. Onlardan 1-i qızıl, 6-sı gümüş, 3-ü bürünc medal olmuşdur. Bundan başqa, müxtəlif illərdə keçirilən fənn olimpiadalarında da Gəncə məktəbliləri yüksək nəticələr əldə etmişlər. 26 nömrəli məktəb-lisey kompleksinin şagirdləri Mirəli Əhmədli, Fərhad Allahverdiyev, Anar Hüseynov, Nicat Rəhimli, Kərim Kərimli, Rəhim Sadıqov, Murad Talıbov, 36 nömrəli tam orta məktəbin şagirdi Həsənağa Budaqov, 5 nömrəli məktəbin şagirdi Hüseyn İrzayev, 6 nömrəli məktəbin şagirdi Rafiq İbrahimov, 27 nömrəli məktəbin şagirdi Fidan Əkbərova, 29 nömrəli məktəbin şagirdi Sərxan Hatəmi, 39 nömrəli məktəbin şagirdi Nərgiz Məmmədova respublika fənn olimpiadalarında I, II, III yerləri tutmuşlar. 26 nömrəli məktəb-lisey kompleksinin şagirdi Anar Hüseynov isə riyaziyyat fənni üzrə Albaniyada keçirilən 33-cü Beynəlxalq Balkan Olimpiadasında II yerin qalibi olmuş, vətənə gümüş medalla qayıtmışdır.
Ötən ilin noyabr ayında Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş baxış-müsabiqəsi Gəncə şəhəri 41 nömrəli tam orta məktəbdə təşkil olunmuşdur. “Nizami irsi və ədəbiyyat” nominasiyası üzrə 108, “Nizami yaradıcılığı və musiqi” nominasiyası üzrə 12, “Xəmsə Dekorativ Tətbiqi sənətdə” nominasiyası üzrə 16, “Xəmsə təsviri sənətdə” nominasiyası üzrə isə 70 nəfər müsabiqədə iştirak etmişdir. Onlardan 16 nəfəri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş Respublika müsabiqəsinin qalibi olmuşdur.

Məktəbdənkənar təhsil müəssisələri

Şəhər təhsil idarəsinin tabeliyində 8 məktəbdənkənar təhsil müəssisəsi var. Məktəbdənkənar təhsil müəssisələrinə 1 və 2 nömrəli Uşaq-Gənclər İdman Məktəbi, Uşaq-Gənclər Fiziki Hazırlıq klubu, Uşaq-Gənclər Şahmat-Dama Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Gənc Texniklər Mərkəzi, Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi daxildir.
Hamımıza məlumdur ki, Gəncənin idman sahəsində tarixi ənənələri var. Gəncədəki idman və şahmat məktəbləri öz uğurları ilə həmişə respublikada seçilir. Gəncə idmançıları istər respublikamızda, istərsə də beynəlxalq arenalarda keçirilən yarışlarda fəal iştirak edirlər. Təbii ki, bu idman uğurlarının birbaşa memarı Gəncədəki məktəbdənkənar təhsil müəssisələridir. Qeyd edək ki, Gəncə Şəhər Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin yetirməsi, beynəlxalq qrossmeyster, Azərbaycan çempionatının gümüş mükafatçısı Vüqar Rəsulov Türkiyənin Çanaqqala və “Keşan” Beynəlxalq turnirlərinin qalibi olmuşdur. Vüqar Rəsulov həmçinin 2016-cı ildə 6 ölkədən 120 şahmatçının iştirakı ilə Türkiyədə keçirilən beynəlxalq turnirdə 9 oyundan 7 xal toplayaraq qalib olmuşdur. Gəncə Şəhər Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin yetirməsi Leyla Budaqova 2015-ci ildə Tailandın Pattaya şəhərində keçirilən 7 yaşadək məktəblilərin dünya birinciliyinin, eyni zamanda sürətli şahmat üzrə dünya birinciliyinin də qalibi olmuşdur. Bundan başqa, 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi, əməkdar məşqçi, idman ustası Albert Qəribov Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən əlbəyaxa döyüş növü üzrə I yerə çıxmışdır. Məktəbin yetirməsi Ramiz Həsənov 2015-ci ildə sərbəst güləş üzrə Bakı şəhərində keçirilən beynəlxalq turnirdə, Vaqif Bəhlulzadə isə 2015-ci ildə kikboksinq üzrə İspaniyanın Milan şəhərində keçirilən dünya çempionatında qızıl medallar qazanmışlar.
 

yuxarı ⤴