1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

“Tələbələrin mühazirələrdə iştirakı məcburi deyil”
04.02.2017 / No4

 

 


Rusiya İqtisadiyyat Universitetinin tələbəsi Xalid Məmmədovla söhbət

Xalid Samir oğlu Məmmədov 3 sentyabr 1995-ci il tarixdə Bakıda anadan olub. 2013-cü ildə paytaxtdakı T.Heybətov adına 126 nömrəli tam orta məktəbin rus bölməsini əla qiymətlərlə bitirib. Ali məktəblərə keçirilən qəbul imtahanlarında II qrup üzrə 630 bal toplayaraq Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinə qəbul olunub. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində müəyyən olunmuş perspektiv istiqamətlərdən olan maliyyə ixtisası üzrə təhsilini davam etdirir, IV kurs tələbəsidir.

“Nümunəvi şagird olmuşam”

- Orta məktəbdə birinci sinifdən on birinci sinfə qədər bütün fənləri yaxşı oxumuşam. Nümunəvi şagird olmuşam. Ən çox riyaziyyat, Azərbaycan tarixi, Azərbaycan dili, coğrafiya, xarici dil və rus dilinə böyük maraq göstərmişəm. İlk müəllimlərimi çox xoş xatirələrlə xatırlayıram. İbtidai sinif müəllimim Raisa İsmayılovanın mənim təhsildə böyük uğur qazanmağımda ən çox rolu olub. Onu hər zaman yada salıram. İbtidai sinifdən sonra isə X sinfə kimi sinif rəhbərim və biz şagirdlərə Azərbaycan tarixi fənnini sevdirən, tariximizi sevə-sevə öyrədən Nahidə müəllim olub. Azərbaycan tarixi fənnini bu qədər sevməyimə görə məhz Nahidə müəllimin böyük zəhməti var. Ona çox minnətdaram.
İxtisas seçimimə gəldikdə isə deməliyəm ki, ailəmizdə bu sahəyə maraq irsi xarakter daşıyır, babalarımın ikisi də iqtisadçıdır. Atam riyaziyyatçıdır. Məncə bu səbəbdən iqtisadiyyata marağım artıb. Buna görə də hələ orta məktəbin yuxarı siniflərindən mən də iqtisadiyyat ixtisasını seçdim və qarşıma məqsəd qoydum ki, Moskva şəhərində ali təhsilə yiyələnim. İxtisas seçimimdə ilk növbədə valideynlərimin mənə böyük dəstəyi oldu. Onlar mənim qərarıma hörmətlə yanaşdılar. Öz istəyimlə Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinə qəbul olundum. Əlbəttə ki, sevincimin hədd-hüdudu yox idi. Bu proqramın əhəmiyyəti ondan ibarətdir ki, savadı olan, istəyi olan hər bir orta məktəb məzunu burada iştirak edib özünü sınaya və ürəyi istədiyi universitetin tələbəsi adını qazana bilər. Çox şəffaflıqla dövlət xətti ilə xaricdə təhsil alıb öz ölkəmizi təmsil edə bilərlər.

“Təhsilimizdə gedən yenilikləri böyük maraqla izləyirəm”

Çox sevindirici haldır ki, Azərbaycan təhsili yüksək səviyyədə inkişaf edir. Qardaşım Azərbaycan Dövlət Neft və Sənaye Universitetində neft-qaz mühəndisliyi ixtisası üzrə III kursda təhsil alır. Ona görə də təhsilimizdə baş verən yeniliklərə yaxından bələdəm. Çox əminliklə deyə bilərəm ki, Azərbaycanda bilik yüksək qiymətləndirilir, bizim çox savadlı gənclərimiz var. Bu gün Azərbaycan təhsilində çox müsbət dəyişikliklər baş verir. Orta məktəb illərində müəllimlərimdən aldığım bilik və savad mənə indi də çox böyük kömək edir. Təhsilimizdə gedən yenilikləri böyük maraqla izləyirəm. Bir dostum da “ADA” Universitetində təhsil alır. Onların dərs mexanizmi, tələbə şəhərcikləri, xarici dilləri öyrənmələri mənim çox xoşuma gəlir və təqdirəlayiqdir. Təhsilimizə daha da böyük uğurlar arzulayıram.
Fürsətdən istifadə edərək mənə və ümumiyyətlə, xaricdə təhsil alan bütün azərbaycanlı tələbələrə bu şəraiti yaratdığına görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm.

Dərslərin keyfiyyəti çox yüksək səviyyədədir

Oxuduğum ali məktəb, Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universiteti ölkənin ən qədim və ən nüfuzlu təhsil ocaqlarından biridir. Seçdiyim maliyyə və kredit ixtisası iqtisadiyyatın aparıcı sahələrindəndir. İxtisasım hərtərəflidir. Təlim prosesində aldığım bilik müxtəlif ixtisaslar seçməyə imkan yaradır. Yəni, maliyyə-kredit ixtisaslı diplom əldə edən tələbə öz bacarıqlarını iqtisadiyyatın istənilən sahəsində inkişaf etdirə bilər.
Rusiya təhsil sisteminin üstünlükləri barədə onu deyə bilərəm ki, burada pullu təhsil Avropa dövlətlərinin ali təhsil müəssisələrinə nisbətən ucuzdur. Dərslərin keyfiyyəti çox yüksək səviyyədədir.
Bizim universitetdə müəllim-tələbə münasibətləri çox səmimi və sərbəstdir. Baxmayaraq ki, universitetdə çoxlu sayda xarici vətəndaşlar təhsil alır, müəllimlər tərəfindən tələbələr arasında heç bir fərq qoyulmur, hamıya münasibət eynidir.
İxtisas müəllimimlə ilk tanışlığımın maraqlı tarixçəsi var: birinci kursun ilk dərsləri idi. Yadımdadı, riyazi-analiz dərsində müəllimimin professional, savadlı bir alim olmasını fikirləşərək diqqətlə dərsə qulaq asırdım. Birdən müəllimin 150-yə yaxın tələbənin içində, məhz mənim adımı çəkməsi (adətən tələbələrə soyadları ilə müraciət edirlər) və sual verməsi məni təəccübləndirdi və eyni zamanda sevindirdi.
Ali məktəbdə imtahan sessiyası çox şəffaf, mühazirələr çox maraqlı təşkil olunur. İmtahanlara nəzarət yüksək səviyyədədir.
Qeyd edim ki, tələbələrin mühazirələrdə iştirakı məcburi deyil. Mühazirələrdə iştirak tələbənin öz istəyinə buraxılır. Lakin bir şərtlə ki, onlar seminarlarda tədris olunan material üzrə cavab verib semestr balı toplamalıdırlar ki, imtahana buraxılsınlar. Yəni, tələbə mühazirələrdə iştirak etməsə də materialı mənimsəməlidir. Müəllimlər lazım olan ədəbiyyatın siyahısını bizə təqdim edirlər, biz də onları universitetin kitabxanasından əldə edirik.
Moskvada tələbə həyatım çox qaynar və maraqlı keçir. Asudə vaxtlarımda isə çoxlu mütaliə edir, filmlərə baxıram. Vaxtımın çox hissəsini özümü inkişafa həsr etməyə çalışıram. Hər şeyi universitetin üstünə atıb, ondan gözləmək olmaz. Gərək özün öz üzərində çalışasan.
Xaricdə təhsilin üstünlüklərindən biri də odur ki, tələbə ilk növbədə tək yaşamağı öyrənir, vətənini nə qədər çox sevdiyini bir daha anlayır, burada qazandığı bilikləri öz vətənində tətbiq etmək ümidi ilə yaşayır. Tələbələr üçün hər cür imkanlar var. İlk gündən tələbə yataqxanası ilə təmin olunmuşam. Yataqxana universitetin kampusunda yerləşir. Tələbələrin elmi tədqiqat işləri də çox şəffaf, mükəmməl həyata keçirilir. Azərbaycanlı tələbələrdən çoxu universiteti bitirdikdən sonra elmi işlə məşğul olaraq alimlik zirvəsinə yüksəlib. Hətta bir neçəsi bizim universitetdə də dərs deyir.
Bu mənada Rusiyada təhsilimin, əlbəttə ki, bütün ümidlərimi doğrultduğunu deyə bilərəm.

“Vətənimizi layiqincə təmsil edirik”

Xaricdə təhsil alan hər bir azərbaycanlı gənc ölkəmizin təbliğində də yaxından iştirak etməlidir. Rusiyadakı Azərbaycan diasporası ilə əlaqələrimiz çox güclüdür. Vətənimizi layiqincə təmsil edirik. Universitetimizdə azərbaycanlı tələbələr klubu fəaliyyət göstərir. Bir il universitetdə bu klubun sədr müavini olmuşam. Bu müddətdə Azərbaycanla bağlı bütün tədbirlərdə fəal iştirak etmişəm. Bu klubun çoxlu sayda üzvləri var. Tədbirlərimiz çox olur.
Biz Heydər Əliyev Fondunin vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) xətti ilə bütün bayramlarımızı və digər əlamətdar günlərimizi keçiririk. RAGT-nin dəstəyi ilə Azərbaycanla bağlı bütün milli-mənəvi dəyərlərimizi əks etdirən tarixi hadisələri qeyd edirik. Bu yaxınlarda 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək üçün Azərbaycanın Rusiyadaki səfirliyinin qarşısına yığışdıq. Xocalı faciəsi ilə bağlı səfirlikdə “Xocalıya ədalət” adlı geniş tədbirimiz olub.
Qeyd edim ki, biz gənclərin təşkilatlanmasında RAGT-nin böyük rolu var. Azərbaycanlı tələbələr klubu Moskva şəhərində ilk dəfə Leyla Əliyeva tərəfindən, onun rəhbərliyi ilə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda yaradılıb. O vaxtdan bu ənənə ildən-ilə uğurla davam etdirilir. Mənim təhsil aldığım universitetdə 150- yə yaxın azərbaycanlı tələbə təhsil alır və onların hamısı bu klubun üzvləridir. Tez- tez iclaslarımız olur, bir-birimizin dərsləri ilə, hər hansı çətinliklərin olub-olmaması ilə maraqlanırıq. Əgər varsa, imkan daxilində ona köməklik göstəririk. Tədbirlərlə bağlı öz təkliflərimizi irəli sürürük. Beləliklə də Moskvada Vətənimizi layiqincə təmsil etməyə çalışırıq. Azərbaycanın Rusiyadakı səfirliyi də bu işdə bizə yaxından kömək edir, bizimlə maraqlanır.
Gələcək planlarıma gəldikdə isə təhsilimi magistratura pilləsində davam etdirmək istəyirəm. Maliyyə-kredit sahəsində mütəxəssis kimi yetişib, vətənimə xidmət etmək ən böyük arzumdur.
Sonda xaricdə təhsil alan tələbələrə yaratdığınız bu imkana görə “Azərbaycan müəllimi” qəzetinə şərəfli, çətin və məsuliyyətli işində uğurlar arzulayıram. Çox sağ olun ki, qəzetinizdə bizim kimi tələbələr haqqında geniş məlumatlar verirsiniz. Umidvaram ki, Azərbaycan gəncliyi daim inkişaf edəcək, vətənimizi yüksək səviyyədə təmsil etmək naminə bir amal, ideya ətrafında daha sıx birləşəcək.

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴