1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Şəxsiyyətin yetişdirilməsində müəllim faktoru
04.02.2017 / No4

 
 

 

 


Fərdin şəxsiyyət kimi formalaşmasının mühüm mərhələsi onun orta təhsil aldığı dövrə təsadüf edir. Hazırda respublikamızda tam orta təhsil 11 illikdir. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında bu müddətin 12 ilə çatdırılması nəzərdə tutulur. Bunun bir sıra psixoloji və sosioloji əsasları var. Bu dövrdə insan şəxsiyyət kimi formalaşır, özünü tanıyır, gələcək arzu və istəklərini reallaşdırmaq üçün planlar qurur, hansı fəaliyyətlə məşğul olacağını müəyyən edir, əmək fəaliyyətinə hazırlaşır.
Görkəmli pedaqoq Makarenko öz pedaqoji ideyalarında insan amilini əsas tuturdu. O deyirdi: “İnsan davranışlarının əsas səbəbini anlayıb, onun içindəki yaxşını üzə çıxarmaq üçün ona zaman vermək lazımdır”. Doğrudan da orta məktəb təhsili istənilən fərdə şəxsiyyət kimi formalaşmaq üçün verilmiş ən münasib zamandır. Bu zaman nə qədər uzun olarsa və nə qədər səmərəli şəkildə istifadə olunarsa, bir o qədər müsbət nəticələr verər. Mürəkkəb sosial mühit olan məktəbdə bu prosesi istiqamətləndirəcək yeganə şəxs isə müəllimdir. Deməli, məktəbdə fərdin şəxsiyyət kimi yetişdirilməsində müəllimin rolu böyükdür.
Məşhur rus pedaqoqu Uşinski deyirdi: "Yalnız şəxsiyyət şəxsiyyəti müəyyən edə bilər və onu inkişaf etdirə bilər. Yalnız xarakterlə xarakter yaratmaq olar”. Buradan belə bir nəticəyə gəlmək olar ki, yalnız hərtərəfli hazırlığı olan bir müəllim şagirdi yetişdirib şəxsiyyətə çevirə bilər. İnsanı bir şəxsiyyət kimi yetişdirmək üçün onu bütün münasibətlərdə öyrənmək lazımdır. Deməli, şagirdin öyrənilməsi - onun fərdi bacarıqlarının, arzu və istəklərinin, potensial imkanlarının, təfəkkürünün inkişaf səviyyəsinin, xəyal dünyasının genişlik dərəcəsinin müəyyən edilməsidir.
Təlim və tərbiyə prosesi vəhdətli şəkildə təşkil edilərək inkişafetdirici mühitin yaradılmasına xidmət etməlidir. Təlimdə formalizmə, şagirdlərin müstəqilliyinin və marağının boğulmasına yol vermək olmaz. Necə ki, müasir milli təhsil konsepsiyası olan fənn kurikulumlarının əsas tələbi bundan ibarətdir. Bütün bunların əsasında isə dəqiq və məqsədəuyğun şəkildə müəyyən edilmiş təhsil kurikulumları, tədris proqramları və bunlardan səmərəli şəkildə istifadə etməyi və təlim-tərbiyə prosesini düzgün məcraya yönəltməyi bacaran müəllim amili dayanır. Nəzərə almaq lazımdır ki, müəllim məktəbdə həm təlim, həm geniş tərbiyə işi aparır.
Şəxsiyyəti yetişdirəcək müəllim özü bir şəxsiyyət olmalıdır. Müəllimdə dərin biliklə bərabər, yüksək ziyalılıq, mənəvi zənginlik, əxlaq, saflıq, sağlamlıq, ünsiyyət mədəniyyəti, pedaqoji ustalıq, pedaqoji mərifət və bir çox pedaqoji qabiliyyətlər olmalıdır. Müəlllim yüksək etikaya, estetikaya, nümunəvi davranış qaydalarına, geniş dünyagörüşünə, səlist mühakimə yürütmək qabiliyyətinə, aydın və əlaqəli nitqə, şəfqət, mərhəmət duyğusuna, ədalətli mövqeyə, obyektiv yanaşmaya malik olmalıdır. Pedaqoqluqla yanaşı gözəl psixoloq olmalıdır. Hər bir şagirdinə fərdi yanaşmağı, onu kəşf etməyi, onun etimadını qazanmağı, içindəki yaxşını üzə çixartmağı bacarmalıdır. Müəllim təlimin şəxsiyyətyönümlü müasir metodlarından, interaktiv metodlardan istifadə edə bilməyi, şagirdlərin əqli inkişafına təkan verməyi bacarmalıdır. Şəxsiyyəti yetişdirəcək müəllim eyni zamanda innovasiyalardan xəbərdar olmalı, müasir təlim texnologiyalarından, İKT-nin imkanlarından istifadə etməyi bacarmalıdır.
Müəllim qarşısındakı şagirdi özü istədiyi istiqamətdə deyil, şagirdin özünün istədiyi istiqamətdə dəyişməyə çalışmalıdır. Onun içindəki “MƏN” i inkişaf etdirərək, möhkəm insan xarakteri yaratmağı hədəfləməlidir. Müəllim şagirdin inamını, sevgisini qazanmalıdır. Ona inandığını və bunun üçün real səbəbləri olduğunu ona başa salmalıdır. Onunla dost olmalıdır.

Şikar BAXIŞOV,
Kəlbəcər rayon 109 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

yuxarı ⤴