1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
İngilis və Azərbaycan dillərində inkarlıq kateqoriyası
04.02.2017 / No4

 
 

 

 


Şükufə NƏCƏFOVA,
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

Hazırladığım bu dərs kombinə edilmiş bir dərsdir. Məqsəd şagirdlərin qarşılıqlı şəkildə hər iki dilin inkarlıq kateqoriyasını mükəmməl öyrənməsidir. Bu dərs iki saat müddətində tədris olunmaq üçün nəzərdə tutulub. Təcrübəmdən qeyd etməliyəm ki, şagird ana dilinin qrammatikasını mükəmməl bilirsə, başqa dilin də qrammatikasını yaxşı mənimsəyir. Qrammatikanın öyrədilməsinin əhəmiyyəti nədir? Mənim fikrimcə, qrammatikanın öyrədilməsi vasitəsi ilə şagirdlər bir-biri ilə fikir mübadiləsi edir, həm də düzgün yazmağı bacarırlar. Qrammatikanın öyrədilməsi zamanı müəllim 4 bacarıq növünü əsas götürməlidir: oxu, yazı, danışıq və tələffüz. Bu zaman şagird kifayət qədər söz ehtiyatına malik olmalı, düzgün tələffüzü formalaşmalı və cümlə qurarkən söz sırasının düzgün ardıcıllığına əməl etməlidir. Bunun üçün də qrammatikanın öyrədilməsi əsas şərtdir. Qrammatika bir sıra yollarla öyrədilə bilər. Söhbət zamanı, dialoq qurmaqla, oyunlarla və sairə.
Qrammatikanın ana dilinin qrammatikası ilə müqayisəli şəkildə izahı, fikrimcə, daha effektlidir. Çünki ana dilinin qrammatikasını bilən şagird ingilis dilinin qrammatikasını daha tez öyrənir. Mən bunu öz təcrübəmə əsaslanaraq deyirəm. Müəllim sözləri öyrədərkən düzgün tələffüzə fikir verməlidir. Əgər şagirdlər sözü düzgün tələffüz etməsələr, tərəf-müqabilləri onları düzgün başa düşməyəcəklər.
Bildiyimiz kimi, dildə əsas kateqoriyalardan biri də inkarlıq kateqoriyasıdır. Bu kateqoriya, əsasən, felin tədrisində öyrədilir. Biz isə bu kateqoriyanı daha geniş anlayış kimi nəzərdən keçirəcəyik.

Fellərdə inkarlıq kateqoriyası

Azərbaycan dilində felin inkarı işin icra olunmadığını bildirir, əsasən morfoloji yolla yaranır, yəni -ma(-mə) şəkilçiləri ilə. Məsələn, aç-açma, axır-axmır və s.
Misallar: Katalizator reaksiyanı sürətləndirir, özü isə reaksiyada iştirak etmir. (Catalyzers accelerate the speed of reaction, but they don’t participate in the reaction themselves).
M.F.Axundov M.P.Vaqifin əsərlərini toplamış, lakin özü nəşr etdirə bilməmişdir (M.F.Axundov gathered M.P.Vagif’s novels, but he himself couldn’t publish them).
Yalnız felin lazım şəklində, bəzən də vacib şəklində sintaktik yolla inkar fel yaranır. Məsələn, yazası deyiləm, gələsi deyil və s.
Azərbaycan dili iltisaqi dil olduğundan qrammatik formaların yaranmasında daha çox şəkillərdən istifadə olunur.
“Deyil” inkar ədatı təkcə fellərlə deyil, adlarla da işlənir.
Məsələn, isimlərlə -həkim deyil, ağac deyil və s. (He is not a doctor. It is not a tree).
Sifətlərlə - gözəl deyil, çalışqan deyil və s. (She is not pretty; He is not hardworking).
İngilis dilində də, Azərbaycan dilində olduğu kimi, inkarlıq kateqoriyası var. Bu, qeyri-müəyyən zamanlarda “not” inkar hissəciyidir.
Məsələn, He comes. - O gəlir; He does not come. - O gəlmir.
Bundan əlavə, ingilis dilində “dis” prefiksi də inkarlıq bildirir. Məsələn, agree - disagree like-dislike və sairə.
Bundan başqa, təsriflənməyən fellərin yaranmasında iştirak edən - “-madan” şəkilçisində də -“ma” inkarlıq əlaməti vardır.
Məsələn: O, kitabı oxumadan qaytardı.
“-madan” şəkilçisi ingilis dilində “without” sözönü ilə ifadə olunur.
Məsələn, He returned the book without reading.

Sifətlərdə inkarlıq kateqoriyası

Azərbaycan dilində -lı (-li, -lu, -lü) sifət düzəldən şəkilçi hansısa əlamətin olduğunu, -sız, (-siz, -suz, -süz) şəkilçisi isə həmin əlamətin olmadığını bildirir. Bu şəkilçi də inkarlıq kateqoriyasına daxildir. Məsələn, yağlı - yağsız, yarpaqlı - yarpaqsız.
Azərbaycan dilində alınma şəkilçilər olan -bi, -na, -la, -a və sairə. -sız şəkilçisinin qrammatik sinonimi kimi işlənir. Məsələn, bihörmət-hörmətsiz, nainsaf-insafsız, laməkan-məkansız.
Qeyd: bu şəkilçilər həmişə -sız şəkilçisini əvəz edə bilmir. Məsələn, anormal-qeyri-normal. Yeri gəlmişkən: “qeyri” sözü də inkarlıq kateqoriyasına daxildir.
Azərbaycan dilində olduğu kimi, ingilis dilində də sifətlərdə inkarlıq kateqoriyası var. Yuxarıda dediyimiz nümunələri ingilis dilində də deyə bilərik. Hope-less. Bu sözdə -less şəkilçisi Azərbaycan dilində -sız (-siz, -suz, -süz) şəkilçisinə uyğun gəlir.
Qeyd etmək istərdik ki, ingilis dilində bir neçə prefiks var ki, onlar da inkarlıq bildirir. Bunlar aşağıdakılardır: -un, -il və sairə.
Məsələn, unhappy-bədbəxt, illiterate-savadsız.
Bu sözdə -il prefiksi -sız (-siz, -suz, -süz) şəkilçisinə uyğun gəlir.

Əvəzliklərdə inkarlıq kateqoriyası

Əvəzliklərdə də inkarlıq kateqoriyası var. Azərbaycan dilində inkar əvəzlikləri “heç” ədatı ilə ifadə olunur.
Məsələn, heç kim, heç nə, heç birisi, heç kimsə və sairə
Cümlə nümunələri; Stolun üstündə hər şey var. Stolun üstündə heç nə yoxdur.
Bu inkarlıq kateqoriyası həm də ingilis dilində var. Bunlara misal olaraq, biz “neither, nothing, nobody, No one”-nı misal göstərə bilərik.
Məsələn: Neither of them is my sister. - Onların heç biri mənim bacım deyil.
There was nothing in the bottle. - Butulkada heç nə yox idi.

Bağlayıcılarda inkarlıq kateqoriyası

Azərbaycan dilində inkar bağlayıcıları nə, nə də iştirak bağlayıcıları həm, həm də - nin əksinə olaraq, inkarlıq bildirir.
Məsələn: Nə o bir söz soruşur, nə də mən cavab verirdim (Neither he asked a word, nor I answered him).
Azərbaycan dilində olduğu kimi, ingilis dilində də inkar bağlayıcıları var. Bunlar aşağıdakılardır:
not so... as, not as...as, neither ... nor. Məsələn, This book is not so interesting as that one. - Bu kitab o biri kimi maraqlı deyil.
Qeyd: deyil inkar ədatı haqqında fel bölməsində izahat vermişik.
Neither my brother, nor I am fond of skating. - Nə mənim qardaşım, nə də mən konkidə sürüşməyi xoşlayırıq.
Yuxarıdakı cümlənin xəbəri ona görə təsdiqdədir ki, cümlədə artıq inkarlıq bildirən nə, nə də bağlayıcıları vardır. Siz müxtəlif mətnlərdə və şifahi nitqdə belə cümlələrin xəbərlərinin inkar variantına da rast gəlirsiniz. Bu zaman inkarlıq cümlədə iki dəfə istifadə olunur.

İnkar ədatları

Azərbaycan dilində hə, bəli təsdiq, yox, xeyr isə inkar ədatlarıdır.
Məsələn, dərsə hazırsan? -hə, yox, (bəli, xeyir).
Azərbaycan dilində olduğu kimi, ingilis dilində də inkar ədatları var. Bunlar aşağıdakılardır:
not - deyil (deyildir) no - xeyr.
Məsələn, Are you ready for the lesson? -No. (Dərsə hazırsan? - Xeyir).
Qeyd: Azərbaycan dilində ismi xəbər kimi işlənən “var”, “yoxdur” predikativ sözlərində də təsdiq və inkarlıq vardır. Bu sözlər ingilis dilində bu cür ifadə olunur: Var - there is(are); yoxdur - there is(are) not.
Məsələn: İnsanda ikinci siqnal sistemi var, başqa canlılarda yoxdur (There is second signal system in the human, but there isn’t in other beings).
Soxulcanın ürəyi var, ancaq hidranın yox (The worm has heart, but the sea pen hasn’t).

yuxarı ⤴