1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Vətənpərvərlik
“Vətənə ləyaqətlə xidmət etməliyik!”
04.02.2017 / No4

 

 

 


Çavuş Eldar Aslanovun tabeçiliyində olan əsgərlərə tövsiyəsi belə idi

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verərək şəhidlik zirvəsinə yüksələn qəhrəman silahdaşlarımızın həyat və döyüş yolu bugünkü gənclərimiz üçün əsl örnəkdir. Vətən uğrunda şəhid olmuş qəhrəman oğullarımızdan biri də Daxili Qoşunların hərbi qulluqçusu, çavuş Eldar Əfraz oğlu Aslanovdur. 21 may 1972-ci il. Sumqayıt şəhərində yaşayan aslanovlar ailəsinin sevincinin hədd-hüdudu yox idi. Yazın bu xoş günündə ailənin ilk nübarı, ana Vətənin igid oğlu - Eldar Aslanov dünyaya göz açmışdır. Əfraz kişinin və Sahibə ananın böyüdüb tərbiyə etdiyi altı övladdan biri idi Eldar...
1989-cu ildə Sumqayıt şəhər 10 nömrəli orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra sənətə böyük maraq göstərən Eldar təhsilini doğma şəhərdəki 41 nömrəli texniki peşə məktəbində davam etdirib. Hələ uşaq yaşlarından olduqca nizam-intizamlı və elmə böyük maraq göstərdiyinə görə istər orta, istərsə də texniki peşə məktəbində oxuyarkən hamı onu dərin zəkalı və çalışqan şagird kimi tanıyıb, hörmət göstərərdi. Eldarın əsl hərbçi xarakteri onda hələ uşaq yaşlarından formalaşmağa başlayıb...
Texniki peşə məktəbində “nəzarət-ölçü cihazları üzrə çilingər” sənətinə yiyələnən Eldar “Sintezkauçuk” istehsalat birliyində ixtisasına uyğun işlə də təmin edilmiş və bu müəssisədə hərbi xidmətə çağırılana qədər üç ay çalışmışdır.
E.Aslanov təhsil almaq və işləməklə yanaşı, bir gənc kimi idmana da böyük maraq göstərirdi. Hələ orta məktəbdə oxuyarkən “Spartak” idman cəmiyyətində güləşlə məşğul olub. Turnir və yarışlarda əzmkarlığı nəticəsində bir çox qələbələr əldə etməyə müvəffəq olmuşdu. Bu dövrdə yeniyetmə Eldarın ən böyük arzularından biri də peşəkar idmançı kimi beynəlxalq yarışlarda respublikamızı layiqincə təmsil etmək idi... Lakin onun yeniyetməlik və gənclik çağları ölkəmizin ən təlatümlü dövrünə təsadüf etdiyindən arzusu yarımçıq qalır...
1990-cı ilin noyabrında E.Aslanov Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Mərdəkanda gənc əsgərlər üçün təşkil olunmuş hazırlıq kursunda 30 gün qaldıqdan sonra, öz bilik və bacarığı, həmçinin yüksək nizam-intizamı ilə fərqlənən Eldar rəhbərlik tərəfindən Donetsk şəhərində fəaliyyət göstərən çavuş hazırlayan hərbi məktəbə göndərilir və oranı müvəffəqiyyətlə başa vurur. Hərbi xidmətini başa vurduqdan sonra, 4 yanvar 1991-ci il tarixdən Sumqayıt şəhərindəki milis taborunda xidmətini davam etdirib.
Vaxtı ilə birgə xidmət etdiyi silahdaşları onu əsl döyüşçü kimi bu gün də böyük iftixar hissi ilə xatırlayırlar. E.Aslanovla bir taborda xidmət etmiş polkovnik Çingiz Daşdəmirovun döyüşçü yoldaşı haqqında söylədiyi xatirələrindən də bunu görmək olur: “Eldarı çox yaxşı tanıyırdım. O, məndən öncə, hələ Sovet dönəmindən Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən 5478 saylı milis taborunda xidmət edirdi. Respublikamız yenidən müstəqillik əldə etdikdən sonra, SSRİ DİN Daxili Qoşunlarının hərbi hissələri əsasında qoşunlarımız yeni yaranmağa başlayanda, bu taborda 14 nəfər yerli azərbaycanlı qalmışdı. Onlardan biri də Eldar idi. Azərbaycanlıların içərisində o, yeganə hərbi qulluqçu idi ki, Sovet Ordusunda çavuş məktəbini bitirmişdi. Zirək və bilikli olması ilə yanaşı, həm də yaxşı idmançı idi. Ümumiyyətlə, hərbi hissədə hamı onu dostluqda və yoldaşlıqda olduqca möhkəm bir insan kimi tanıyırdı. Daxili Qoşunlara çağırılan gənc əsgərlərin hazırlanmasında fəal iştirak etdiyinə, həmçinin savadlı olduğuna görə, 1992-ci ilin mart ayında qoşunların N saylı hərbi hissəsinə keçirilmişdi...”.
Bir müddət sonra könüllü olaraq döyüş bölgəsinə gedir. O, Ağdam rayonunun bir sıra kəndlərinin yağı düşmənlərdən qorunmasında fəal iştirak edib. 1992-ci il aprelin 26-da isə düşmənin daha da fəallaşdığı və şiddətli döyüşlərin getdiyi Zəngilan rayonuna ezam olunur.
Polkovnik Ç.Daşdəmirov Eldarın Ağdamda və Zəngilanda gedən döyüşlər zamanı əsl komandir kimi göstərdiyi qətiyyətindən də danışdı: “Eldarın əsl hərbçiyə xas olan komandirlik məharəti sayəsində rəhbərlik etdiyi taqımın döyüşçüləri tərəfindən düşmənin təxribatlarının qarşısı qətiyyətlə alınırdı. Döyüşlər zamanı daşnaklara sarsıdıcı zərbələrin vurulması silahdaşları arasında bacarıqlı komandir kimi çavuş E.Aslanovun nüfuzunu daha da artırırdı...”.
10 may 1992-ci il. Zəngilan rayonunun Ağkənd kəndinin erməni daşnaklarının hücumundan müdafiə edilməsi uğrundakı döyüşlər isə Eldarın son döyüşü oldu. Bu döyüşdə düşmən snayperi cəsur silahdaşımızı baş nahiyəsindən nişan alır və ...
Həmin döyüşdə çavuş E.Aslanov qəhrəmancasına şəhid oldu. Onun bu döyüşdəki qəhrəmanlığı haqqında o dövrdə Zəngilan döyüş bölgəsinin tabor komandiri, eyni zamanda N saylı hərbi hissənin qərargah rəisinin hərbi hissə komandirinə yazdığı raportunda qeyd edilir: “Zəngilan döyüş bölgəsinin Ağkənd yaşayış məntəqəsi uğrunda 10 may 1992-ci ildə gedən döyüşdə taqım komandirinin müavini çavuş Aslanov Eldar Əfraz oğlu şəxsi igidlik və fədakarlıq göstərmiş, onlarla düşmənin canlı qüvvəsini, 1 PDM və 1 zirehli texnikasını məhv edir. Düşmən qüvvəsinin üstünlüyünü görüb yoldaşlarının geriyə çəkilməsi üçün zəmin yaratmış, özü isə geriyə çəkilmədən düşmənlə təkbətək vuruşmuş və qəhrəmancasına həlak olmuşdur”.
O zamanlar Daxili Qoşunlarda sıravi əsgər kimi Zəngilanda gedən döyüşlərdə iştirak etmiş Sahib Qürbətov şəhid silahdaşımızın əziz xatirəsinin döyüşçü yoldaşlarının qəlbində daim yaşayacağını bildirdi: «Eldar bizim komandirimiz idi. Onunla birgə Zəngilanda gedən bir sıra döyüşlərdə iştirak etmişəm. Olduqca cəsur, mərd komandir və çox gözəl döyüşçü olub. Adi vaxtlarda bizimlə nə qədər deyib-gülsə də, xidmətə bir o qədər ciddi adam idi. Həm zabitlər, həm də əsgərlər onun hörmətini saxlayar, eləcə də bir dost kimi hamı xətrini çox istəyirdi. Yaxşı yadımdadır, Eldar həmişə tabeçiliyində olan əsgərlərə ürək-dirək verib, sonda da həmişə tövsiyə olaraq “Vətənə ləyaqətlə xidmət etməliyik!” - deyərdi. Çox heyflər olsun ki, belə bir qəhrəman oğulu biz tez itirdik...”.
Çavuş E.Aslanovun qısa, lakin qəhrəmanlıqlarla zəngin döyüş yolu barədə məlumatlara həmçinin Akif Kərimlinin 1994-cü ildə Bakıda nəşr olunan “Zəngilan şəhidləri” adlı kitabında, həmçinin Yalçın Abbasovun müəllifi olduğu və “Əsgər” qəzetinin 9 mart 2006-cı il tarixli, 247-ci sayında dərc olunan “Ata nəsihəti, Vətən andı, şücaət zirvəsi” başlıqlı məqaləsində rast gəlmək olar. Bundan əlavə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Zəngilan Rayon İcra Hakimiyyətinin rəsmi internet saytlarında igid döyüşçü haqqında məlumatlar qeyd olunub.
Vətənin igid oğlu E.Aslanov 1992-ci il mayın 12-də Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn edilib. Yaşadığı binaya isə şəhid döyüşçünün barelyefi vurulub.
Həlak olduğu Ağkənd kəndindəki məktəbə şəhid E.Aslanovun adı verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 6 may 2005-ci il tarixli Sərəncamı ilə çavuş Aslanov Eldar Əfraz oğlu respublikamızın ərazi bütövlüyünün təmin edilməsində, hərbi borcu, xidməti vəzifələrini, həmçinin xüsusi tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və cəsarət göstərdiyinə görə “Hərbi xidmətlərə görə” medalı ilə (ölümündən sonra) təltif edilmişdir.
Eldarın ailə üzvləri, qohum-əqrəbaları hər il doğum və şəhid olduğu tarixlərdə bir araya gələrək, onunla bağlı xatirələrini qürur hissi ilə yada salırlar. Aslanovlar ailəsinin ən böyük arzusu isə işğal olunmuş torpaqlarımızın tezliklə Azərbaycan Ordusu tərəfindən azad edilməsi və Vətən yolunda canlarını qurban verən şəhid oğullarımızın intiqamının erməni cəlladlarından alınmasıdır...
Allah şəhidlərimizə rəhmət eləsin!

Anar ƏHMƏDOV,
Daxili Qoşunların zabiti

yuxarı ⤴