1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 11.02.2017

// 11.02.2017

// 11.02.2017


2017-ci il Gənclər üçün Prezident mükafatçıları
11.02.2017 / No5

 
 

 

 


“Mənə göstərilən bu yüksək etimadı doğrultmağa çalışacağam”

Lyudmila Suxostat,
AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru

Lyudmila Valentinovna Suxostat 1987-ci il mayın 7-də Rusiya Federasiyasının Kuybışev vilayətinin Tolyatti şəhərində anadan olub. 2005-ci ildə Bakıdakı 76 nömrəli tam orta məktəbi bitirib. 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) tətbiqi riyaziyyat fakültəsinə daxil olub. 2009-cu ildə bakalavr pilləsini başa vuraraq ADNA-nın riyazi modelləşdirmə ixtisasının magistr pilləsinə qəbul olunub. 2011-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunda laborant vəzifəsinə işə qəbul olunub. 2009-cu ildən proqramçı, 2013-cü ildən isə elmi işçi vəzifəsində işləyib. 2015-ci ildə “Səsə görə şəxsin biometrik identifikasiyası sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi adı alıb.
2016-cı ildən böyük elmi işçi vəzifəsində işləyir. Onun beynəlxalq jurnallarda 17 elmi əsəri çap olunub. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvüdür. Əldə etdiyi elmi nəticələr ABŞ-da çap olunan Journal of Voice (2015-ci il impakt-faktoru 1.113), Automatic Control and Computer Sciences, o cümlədən Rusiya, Latviya, Ukrayna, Belarus və Azərbaycanın aparıcı jurnallarında nəşr olunub. L.Suxostat 2011-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi qrant müsabiqələrinin qalibi olub.
- Elm sahəsində layiq görüldüyüm yüksək mükafat üçün Prezident İlham Əliyevə dərin minnətdarlığımı ifadə etmək istəyirəm. Hazırkı şəraitdə elm kollektiv əməyin nəticəsidir və işlədiyim təşkilatda gənclər üstünlük təşkil edir. Mən bu mükafata layiq görüldüyüm üçün böyük sevinc və qürur hissləri duyuram. Bu il ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Gənclər Gününün təsis edilməsindən 20 il ötür. Heydər Əliyev irsinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu dövlət siyasəti gənclərə ölkəmizin həyatının bütün sahələrində inkişaf etməyə, dünyada öz layiqli yerlərini tutmağa şərait yaratmışdır. Mənə elmi fəaliyyətimdə hərtərəfli dəstəyə görə işlədiyim elmi kollektivə təşəkkür edirəm. Bu mükafatı təmsil etdiyim elmi kollektivin əməyinə verilmiş qiymətin göstəricisi hesab edirəm, bu gənc alim həmkarlarımın yeni nailiyyətlər əldə etməsinə bir impuls verəcəkdir. Mənə göstərilən diqqət və qayğıya görə bir daha dövlətimizə və Prezidentimiz İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Gələcək elmi fəaliyyətimdə mənə göstərilən bu yüksək etimadı doğrultmağa çalışacağam.

“Mükafata layiq görülməyim məni çox qürurlandırdı”

Mirhəsən Seyidov,
“İRƏLİ” İctimai Birliyinin sədri

Mirhəsən Mirheydər oğlu Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 1995-2006-cı illərdə 287 nömrəli “Zəkalar” liseyində təhsil alıb. 2006-cı ildə Azərbaycan Universitetinin vergi və vergitutma fakültəsinə daxil olub. 2010-cu ildə ali təhsilin bakalavr pilləsini bitirib. 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq biznes (MBİ) magistr dərəcəsini alıb. İctimai fəaliyyətinə 2005-ci ilin iyun ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında (ARGTMŞ) başlayıb, Gənclər üçün resurs mərkəzlərində könüllü olaraq fəaliyyət göstərib. 2006-cı ilin yanvarından etibarən ARGTMŞ-da Regionlarla iş üzrə departament sədri vəzifəsini daşımış və region layihələrinin idarə olunması, yerli gənclər və idman idarələri ilə iş, yerli təhsil idarələri-universitet və məktəblərdə layihələrin keçirilməsi, region hesabatların hazırlanması kimi işləri həyata keçirib. 2009-cu ilin mayında Dünya Türk Gəncləri Birliyində Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilib. Daha sonra ARGTMŞ-da baş katib müavini olaraq ictimai fəaliyyətini davam etdirib. 2012-ci ilin fevralından Avroviziyanın Azərbaycandakı rəsmi “Fan Klub”una rəhbərlik edib. 2012-ci ilin iyulunda ARGTMŞ -da sədr müavini vəzifəsində çalışıb. 2014-cü il iyunun 27-də “İRƏLİ” İctimai Birliyinin sədri seçilib. 2015-ci il 29 may tarixində İctimai Televiziya və Radio Yayımları Şirkətinin 6 il müddətinə Yayım Şurasının üzvü seçilib. 2007-ci ildən başlayaraq 35-ə yaxın ölkədə keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropa Parlamenti, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatlarının Uşaq Fondu (UNICEF), Avropa İttifaqının, Avropa Gənclər Forumu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Avropa Gənclər Fondunun bir çox tədbirlərində Azərbaycanı təmsil edib.
- 2004-cü ildə könüllülük fəaliyyətinə başlayanda bugünkü yerlərə gəlib çatacağımı hesablamamışdım. O vaxt xüsusi mükafat meyarı da yox idi. Cəmiyyət üçün, gənclər üçün yararlı işlər görməyə, dövlət gənclər siyasətinin imkanlarından gənclərə yaxşı nələrisə qazandırmağa çalışdıq. Düşünürəm ki, əlimizdən gələnin ən yaxşısını etməyə nail ola bilirik. Prezident mükafatı təkcə mənim deyil, eyni zamanda mənim bir gənc kimi irəliləməyimdə mənə hər zaman dəstək olan insanların, mənimlə birgə olan hər bir komanda üzvünün, həmkarlarımın və ən əsası hər bir gəncimizindir.
Cənab Prezident tərəfindən mükafata layiq görülməyim məni çox qürurlandırdı. Bu mükafat öz işimdə məni daha da məsuliyyətli olmağa sövq edir.
 

“Fəaliyyətimə verilən yüksək qiymətə görə Prezidentimizə təşəkkürümü bildirirəm”

Məryəm Məcidova,
beynəlxalq təlimçi

Məryəm Teymur qızı Məcidova 1993-cü il noyabrın 7-də Bakıda anadan olub. 2011-ci ildə paytaxtdakı 18 nömrəli tam orta məktəbin məzunu olub. Elə həmin ildə Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinə (ingilis-rus) daxil olub və 2015-ci ildə ali təhsilini başa vurub.
Məktəb illərində dərsdənkənar könüllülük fəaliyyəti ilə məşğul olub. 2009-cu ilin avqustunda Almaniyanın Höte İnstitutunun təqaüdçüsü seçilib və biraylıq yay məktəbində iştirak edib. 2011-ci ildə beynəlxalq gənclər təşkilatı olan AIESEC-də (“Tələbələrin İqtisadiyyat və Menecmentlik Assosiasiyası” İctimai Birliyi) könüllü fəaliyyətə başlayıb, ilk layihənin koordinatoru seçilib. 2012-ci ilin mayında “Eurovision 2012”’ mahnı müsabiqəsində könüllü kimi fəaliyyət göstərib. 2012-ci ilin iyun-avqust aylarında Rumıniyanın İaşı şəhərində mübadilə proqramına seçilib və ilk dəfə təlimçilik fəaliyyətinə başlayıb. Layihə çərçivəsində Rumıniyanın yuxarı sinif şagirdlərinə “Layihənin idarə olunması’’, “Liderlik’’, “Tollerantlıq”’ mövzularında təlimlər keçib və Azərbaycanın mədəniyyətini digər ölkələrdən gələn təlimçilərə nümayiş etdirib. 2013-cü ildə AIESEC Azərbaycanın Bakı ofisinin sədri seçilib. Sədrlik dövründə Türkiyənin İzmir və Misirin Şarm-Əl-Şeyx şəhərlərində 800 nəfərin iştirakı ilə keçirilən beynəlxalq gənclər konfransında Azərbaycanı təmsil edib. 2014-cü ildə AIESEC Azərbaycan təşkilatının ilk azərbaycanlı sədri seçilib. 2015-ci ilin dekabr ayında Gənclər Fondunun dəstəyi ilə ABŞ-ın Nyu-York şəhərındə yerləşən BMT-nın Baş qərargahında 2030-cu ilə qədər müəyyən olunmuş Dayanaqlı İnkişaf Məqsədləri haqqında konfransda iştirak edib. 2016-cı ildə AIESEC-in müxtəlif beynəlxalq konfranslarında əsas moderator və təlimçi seçilib. Hazırda Azərbaycanda və xarici ölkələrdə təlimçilik fəaliyyəti ilə məşğuldur. Son 7 ildə Azərbaycanın mədəniyyətini və gəncliyini 30-dan çox ölkədə - şərəflə təmsil edib, Azərbaycanın bayrağını yüksəldib.
Qeyd edək ki, Məryəm Məcidovanın babası Məcidov Rəşid Əsəd oğlu 1941-1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı və 1945-ci il mayın 2-də polkovnik rütbəsində olaraq öz rəhbərlik etdiyi qrupla birlikdə Berlinin Brandenburq darvazalarına qələbə bayrağını sancan azərbaycanlı olub.
- Öncə Azərbaycanın gələcəyinin gənclərin əlində olmasına inanıram. Əminəm ki, kreativ yanaşma ilə Azərbaycan gəncliyi ölkəmizin həm iqtisadi, həm də mədəni inkişafını təmin edəcək. Fəaliyyətimə verilən yüksək qiymətə görə Prezidentimizə təşəkkürümü bildirirəm. Prezident mükafatı mənim ölkəmiz qarşısında məsuliyyətimi daha da artırdı. Hazırda 23 yaşım var və Azərbaycanı 30 ölkədə təmsil etmişəm. Bu çox şərəfli bir missiyadır və eyni zamanda mənim şəxsiyyət kimi inkişafımda böyük rol oynayıb. Digər xarici ölkələrdəki peşəkar həmkarlarımdan öyrəndiklərim və beynəlxalq təcrübə proqramlarında qazandığım bilikləri Azərbaycanda tətbiq etməyi planlaşdırıram. BMT-nin 2030-cu il üçün tərtib etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda töhfə verməyi özümə borc bilirəm və Azərbaycanda təhsilin inkişafında mühüm rol oynamağı qarşıma məqsəd qoymuşam.
 

“Mükafatı almağım haqqında xəbəri Parisdə eşitdim”

Vurğun Vəkilov,
Fransanın “Ecole Normale de Musique de Paris - Alfred Cortot” Musiqi Akademiyasının tələbəsi

Vurğun Mehman oğlu Vəkilov 31 avqust 1998-ci ildə Bakıda anadan olub. 2004-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano şöbəsinə daxil olub. 2005-ci ildə Kövkəb Səfərəliyeva adına gənc ifaçıların III festivalında fəxri fərmanla təltif edilib. S.Vurğunun 100, Q. Qarayevin 90, A.Zeynallının 100 illik yubileyləri ilə əlaqədar keçirilən tədbirlərdə, Niyazinin, L. və M.Rostropoviçlərin ev-muzeylərində, Kapellhausda və bir çox konsert salonlarında çıxış edib. 2007-ci ildə S.Vurğun Fondu tərəfindən “Səməd Vurğun Mükafatı”na layiq görülüb. 2008-ci ildə keçirilən ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş gənc ifaçıların I Respublika müsabiqəsində birinci yerə layiq görülərək diplomla təltif edilib. 2009-cu il mayın 5-də Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına yazılaraq xüsusi aylıq təqaüdə layiq görülüb. 2010-cı ildə Polşa Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən Şopen müsabiqəsində xüsusi mükafata, 2011-ci ilin may ayında İtaliyanın Pesaro şəhərində keçirilən VIII “Çitta di Pesaro” Beynəlxalq müsabiqəsində I yerə layiq görülüb və diplomlarla təltif edilib. 2011-ci ilin sentyabr ayında Üzeyir Hacıbəyli III Beynəlxalq musiqi festivalında, dekabr ayında V Beynəlxalq Mstislav Rostropoviç festivalında çıxış edib, daha sonra Ferens Listin 200 illik yubileyinə həsr olunmuş gənc pianoçuların festivalında diplomla təltif edilib. 2012-ci il noyabrın 22-də İstanbul Texnik Universitetində “Külüb Müzik Birliyinin 25 Yıldönümü”nə həsr olunmuş tədbirdə musiqi əsərlərini ifa edib. 2015-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinə qəbul olub.
2016-cı il 5-12 mart tarixlərində Fransanın Annemas şəhərində keçirilən Adilə Əliyeva adına pianoçuların X Beynəlxalq müsabiqəsində II yerə layiq görülmüş və Paris şəhərində yerləşən “Ecole Normale de Musique de Paris - Alfred Cortot” Akademiyasında təhsil almaq hüququ qazanıb. 2016-cı il 30 iyul- 5 avqust tarixlərində keçirilən VIII Qəbələ Beynəlxalq Musiqi festivalı çərçivəsində pianoçuların IV Beynəlxalq müsabiqəsində I yerə layiq görülüb. Hazırda Fransanın “Ecole Normale de Musique de Paris - Alfred Cortot” Musiqi Akademiyasında təhsil alır.
Xatırladaq ki, Vurğun Vəkilov xalq şairi Səməd Vurğunun nəticəsidir.
- Mən hazırda Fransanın Paris şəhərindəyəm. Buradakı “Ecole Normale de Musique de Paris - Alfred Cortot” Musiqi Akademiyasında təhsilimi davam etdirirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla mükafatı almağım haqqında xəbəri Parisdə eşitdim və çox sevindim. Xəbəri alan kimi özümü ruhən mənə doğma olan Bakı şəhərində təsəvvür etdim. Prezidentimiz İlham Əliyevə dərin və hədsiz dərəcədə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, Gənclər mükafatına layiq görülməyim məni Azərbaycan musiqisini, mədəniyyətini bundan sonra da yüksək səviyyədə layiqincə təmsil etməyə ruhlandıracaq.
 

“Bu mükafat dövlətimizin biz gənclərə diqqət və qayğısının bariz nümunəsidir”

Emil Bağırov,
Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi

Emil Oqtay oğlu Bağırov 1995- ci il iyunun 4 də Bakıda anadan olub. VII sinfə kimi Türkiyənin Edirnə şəhərində Trakya Dövlət Konservatoriyasında təhsil alıb. Daha sonra Bakı Musiqi Akademiyası nəzdindəki məktəb-studiyada oxuyub. 2009-2010-cu illərdə Bakıda keçirilən Rostropoviç festivalında solist olaraq Teymur Göyçayevin rəhbərliyi ilə Gənclər Simfonik Orkestri, 15 noyabr 2009 -cu ildə isə Azərbaycan Bəstəkarlar İttifaqının yubileyində A.Məlikovun “Məhəbbət əfsanəsi” əsəri ilə çıxış edib. 2010-2011-ci illərdə keçirilən M.Rostropoviç festivallarında iştirak edib, M.L.Rostropoviç Fondunun təqaüdünə layiq görülüb. 2011-ci ildə Spivakov fondunun Bakıda keçirilən tədbirlərində iştirak edib və Moskvaya dəvət alıb. 2011-ci ildə Moskvada S.Medvedyevanın başçılığı ilə keçirilən “Kremldə parlayan ulduzlar”, Minskdə Y.Başmetin rəhbərliyi ilə keçirilən musiqi festivallarında ölkəmizi layiqincə təmsil edib. 2011-ci ildə Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş musiqi və incəsənət məktəbləri şagirdlərinin II Respublika müsabiqəsində I dərəcəli diploma layiq görülüb. 2012- ci ilin noyabrında Fransada keçirilən “Azərbaycan mədəniyyət günləri”ndə Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Dövlət Kamera Orkestri ilə çıxış edib. 2012-ci ilin dekabrında İsrailin Təl-Əviv şəhərində keçirilən beynəlxalq musiqi müsabiqəsində ölkəmizi uğurla təmsil edərək “Ən yaxşı ifaçı” seçilib. 2013-cü ildə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən gənc ifaçıların II Beynəlxalq müsabiqəsinin laureatı olub, “Qran-pri” diplomuna layiq görülüb. 2013-cü ildə Bakı Musiqi Akademiyasına daxil olub. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına yazılaraq xüsusi aylıq təqaüdə layiq görülüb. Hazırda BMA-nın IV kurs tələbəsidir, xalq artisti Şükür Səmədovun sinfində oxuyur. Azərbaycan Dövlət Simfonik Orkestrinin solistidır.
- 2017-ci il gənclər üçün Prezident mükafatına layiq görüləcəyim haqqında fikirləşmirdim. Mənim üçün gözlənilməz hadisə oldu. Gənclər və İdman Nazirliyindən zəng gəldi və belə bir xəbər aldım. Hər bir insan bu xəbərə çox sevinər, mən də çox sevindim. Bu mükafat dövlətimizin biz gənclərə diqqət və qayğısının bariz nümunəsidir. Mükafat gənclərimizi daha yüksək hədəflərə çatmağa stimullaşdırır. Bu mükafatlar sayəsində bir çox gənc öz arzularına çata bilib. Bu, özü də çox böyük nailiyyətdir. Çox sevindiricidir. Bundan sonra da bütün qabiliyyət və bacarıqlarımı Vətənimizi musiqi səhnələrində layiqincə təmsil etməyə sərf edəcəyəm.
 

“Adımı mükafatçılar arasında görmək mənə sevinc bəxş etdi”

Aygün İsrayılova,
Bakı Dövlət Universiteti biologiya fakültəsinin, mikrobiologiya kafedrasının dissertantı və müəllimi

Aygün Əlimərdan qızı İsrayılova 15 fevral 1988-ci ildə Ucar rayonunda anadan olub. 2005-ci ildə kimya-biologiya təmayüllü Respublika liseyini bitirərək BDU-nun biologiya fakültəsinə qəbul olunub. 2009-cu ildə BDU-nu fərqlənmə diplomu ilə bitirib. O, 2010-2013-cü illərdə BDU-nun biologiya fakültəsinin mikrobiologiya kafedrasında magistr dissertasiyasını yerinə yetirib. 2014-cü ildə mikrobiologiya ixtisası üzrə dissertant qəbul olunub. A.İsrayılova Alman Akademik Mübadilə Xidməti (DAAD), Heydelberq Universitetinin tibb fakültəsi (UMM) və Bakı Dövlət Universitetinin təşkil etdiyi gənc mütəxəssislər üçün “Molekulyar genetikada yeniliklər” adlı təlim kursunda aktiv iştirak etdiyinə görə sertifikatla təltif olunub. 2012-ci ildə BDU ilə Çexiya Respublikasının Kimyəvi Texnologiyalar İnstitutu arasında bağlanan müqaviləyə əsasən adıçəkilən institutda 3 aylıq elmi təcrübə aparıb. Elə həmin ildə Alman Akademik Mübadilə Xidmətinin Manheim Universiteti ilə birlikdə təşkil etdiyi “Biotexnologiyada yeni istiqamətlər” adlı elmi təlim kursunun iştirakçısı olub. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Mobillik -3” qrantının qalibi olub və layihə çərçivəsində 1 ay müddətində Çexiyanın Kimyəvi Texnologiyalar İnstitutunda qısamüddətli təcrübə keçib.
2014-cü ildə ERASMUS MUNDUS Beynəlxalq proqramı çərçivəsində TEMPO layihəsinin qalibi olmuş və 2 il müddətində (2014 - 2016) İtaliyanın Pavia Universitetində “Yeni antimikrob xassəli maddələrin tədqiqi” adlı dissertasiya mövzusunu molekulyar səviyyədə (əsas hissəsini) yerinə yetirib.
A.İsrayılova rus və ingilis dillərini sərbəst, italyan dilini A2 səviyyəsində bilir. 2016-2017 -ci tədris ilindən müəllim kimi ingilis bölməsində təhsil alan tələbələrə mikrobiologiya istiqamətində müxtəlif fənləri tədris edir. O, 15 elmi əsərin müəllifi olub, müxtəlif yerli və beynəlxalq (İtaliya, Rumıniya) konfranslarda məruzə ilə çıxış edib. Elmi əsərlərindən 3-ü xaricdə “Thomson Reuters”, Science Direct, “Scopus” bazasına daxil olan Nature (Scientific Reports, İF-5.228), Elsevier (Journal of Biotechnology İF-2.9) və PLoS One (İF- 3.057) nəşriyyatlarının jurnallarında çap olunmuş və bir elmi ixtirasına müsbət rəy alınmışdır.
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə Prezident mükafatının verilməsi haqqında sərəncamı gənclərə olan diqqət, qayğı və etimadının nümunəsidir. Adımı Prezident mükafatçıları arasında görmək mənə sevinc bəxş etdi. Bundan sonra üzərimə daha çox məsuliyyət düşdüyünü anladım. Bu mükafatın sahibi kimi artıq daha çox çalışmalı və təmsil etdiyim Bakı Dövlət Universitetinin rəhbərliyinin mənə göstərdiyi etimadı doğrultmalıyam. Bundan sonra ölkəmin inkişafı üçün daha çox səy göstərməyə davam edəcəyəm.

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
yuxarı ⤴