1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Pedaqogika elmində yeni istiqamət
11.02.2017 / No5

 
 

 

 


Pedaqoji elmlər doktoru, əməkdar elm xadimi, professor Fərrux Rüstəmovun bu yaxınlarda nəşr olunmuş “Azərbaycan pedaqogikaşünaslığı” dərsliyi monumentallığı, yeniliyi və elmi dəyəri ilə elmi-pedaqoji ictimaiyyətdə böyük maraq doğurdu. Bu, təsadüfi deyildi. Əgər bunun bir səbəbi kitabın sambalından, pedaqogika elmində yeni istiqamət açmasından irəli gəlirsə, digər səbəbi də Azərbaycanda 100 il əvvəl bir nəfər də alim-pedaqoq olmadığı halda, bu gün artıq pedaqogika elminin inkişafı və formalaşması mühitində pedaqogikaşünaslığın yaranmasıdır. 1906-cı ilin avqust ayında Bakıda müsəlman müəllimlərin 15 gün davam edən I qurultayı oldu. Qurultayda bir sıra tədris-təlim, tərbiyə, sosial-iqtisadi, tibbi-fizioloji, gigiyenik məsələlərlə yanaşı, sırf pedaqogika nəzəriyyəsinə aid elmi məruzənin dinlənilməsi də nəzərdə tutulmuşdu.
Milli ibtidai sinif proqramlarının və dərsliklərinin yaradılması, təlimin rus dilində deyil, Azərbaycan dilində aparılması, dərs cədvəli tərtibinin prinsipləri, təhsilin məzmununun milliləşdirilməsi, məktəblərin çoxaldılması, tədris və iş şəraitinin yaxşılaşdırılması, müəllimlərin əməkhaqqının artırılması, pedaqoji kadr hazırlığı, Rusiyadan işləməyə göndərilən məmurların özbaşınalığına son qoyulması, yeni əlifbaya keçilməsi və digər məsələlər müzakirə edildi, nümunə dərsləri keçildi, metodik göstərişlər hazırlandı, qərarlar çıxarıldı, amma pedaqogikadan elmi məruzə dinləmək mümkün olmadı, çünki o zaman təcrübəli ustad müəllimlər olsa da, pedaqogika elminin milli nümayəndəsi yox idi. Qafqazdakı seminariya və ali məktəblərdə təhsil almış məzunlar müəllim olaraq güclü tədris metodikasına malik idilər, amma elmi-nəzəri, pedaqoji tədqiqatlarla məşğul deyildilər. Qafqazdan kənarda ali məktəbləri bitirmiş yüksəkixtisaslı həkim, mühəndis və digər mütəxəssislər müəllimlərlə birlikdə maarifçilik hərəkatına qoşulsalar da onlar pedaqoq deyildilər. Təhsil-tədris işində böyük rus pedaqoqu K.D.Uşinskinin ideyaları Azərbaycanda da geniş tətbiq olunurdu...
XX əsrin 20-30-cu illərindən başlayaraq pedaqogika elmi sahəsində axtarışlara başlanıldı. 1930-cu illərdən elmi dərəcə almış pedaqoqlar meydana çıxdı. Bu gün Azərbaycanda pedaqoji elmlər sistemi mövcuddur. Bu sistemə daxil olan sahələr üzrə alim-mütəxəssislər vardır. Lakin pedaqoji elmlərin inkişafı tendensiyasını və mərhələdən-mərhələyə yeniləşən məzmununu pedaqogikaşünaslıq baxımından ümumiləşdirmə təşəbbüsü olmamışdı. Bu təşəbbüs görkəmli pedaqogika tarixçisi, zəhmətkeş tədqiqatçı-alim Fərrux Rüstəmov tərəfindən dövriyyəyə çıxarıldı, pedaqogika elmində yeni bir istiqamət - pedaqogikaşünaslıq sahəsi yaradıldı.
Bəlli olduğu kimi alimin elmi-tədqiqi fəaliyyətinin əsas istiqamətini tarixi-pedaqoji fikrin inkişafı, Azərbaycanda pedaqogika elminin təşəkkülü və formalaşması problemləri təşkil edir. O, tədqiqata başlarkən Azərbaycanda pedaqoji elmin inkişafının əhatə olunduğu kiçik bir dövrü - 1961-1981-ci illəri araşdırmış və tədqiqat əsəri hazırlamışdır. Alim mövzu dairəsini genişləndirdi. Bir müddət sonra 1920-1991-ci illərdə Azərbaycanda pedaqogika elminin inkişaf yollarını tədqiqata cəlb edərək yeni əsərini meydana gətirdi. O, “Azərbaycanda pedaqoji elm: təşəkkülü, inkişafı və problemləri (1920-1991-ci illər)” monoqrafiyası ilə pedaqogika elmində yeni bir elmi istiqamətin əsasını qoydu. Bu, pedaqogikaşünaslıq idi. Alim Azərbaycanda pedaqogikaşünaslığın inkişaf yolunu və məzmun mənzərəsini daha qlobal görə bilmək, dünyadakı təcrübə ilə müqayisədə öznəməxsusluğunu aşkarlamaq üçün xalqların pedaqogika tarixini (pedaqogikaşünaslığın inkişaf mənzərəsini) araşdıraraq, “Şərqdə pedaqogika tarixi” (2002), “Qərb pedaqogika tarixi” (2003), “Yeni dövrün pedaqogika tarixi” (2004), “Ən yeni dövrün pedaqogika tarixi” (2005) kitablarını (dərs vəsaitlərini) nəşr etdirdi. O, yazdıqlarını daha da təkmilləşdirərək, monumental “Pedaqogika tarixi” dərsliyini oxucuların ixtiyarına verdi. Bununla da dünyada mövcud pedaqoji tendensiyaları, baxışları, cərəyanları, ideyaları, məktəbləri, təhsil, təlim, tərbiyə sahəsində fikirlər söyləmiş mütəfəkkirlərin nəzəri və praktik fəaliyyətlərini sistemləşdirərək, pedaqogika elminin və təhsilin inkişaf mənzərəsini Azərbaycan oxucularına çatdırdı.
Düşünürəm ki, böyük maraqla qarşılanan və elmi ictimaiyyətin diqqətini çəkən “Pedaqogika tarixi” dərsliyinin belə mükəmməl yaranmasının əsasında müəllifin Azərbaycanda pedaqoji elmin təşəkkülü, inkişafı, formalaşmasına aid apardığı tədqiqatlar, bu araşdırmaların yaratdığı milli və ümumbəşəri ruh dayanır.
Fərrux Rüstəmov sadəcə elmin təşəkkülü ilə əlaqədar tarixi inkişaf faktlarının təsviri, şərhi, təhlili ilə kifayətlənmir. O, problemə elmşünaslıq nöqteyi-nəzərindən yanaşaraq onun metodoloji köklərini, qaynaqlarını, daxili qanunauyğunluq əlaqələrini, sosial-iqtisadi, ictimai zəmini və digər cəhətləri meydana çıxarmış, bu əsasda pedaqoji elmin daşıdığı məzmun keyfiyyətlərini, həmin elmin yaradıcılarının nəzəri baxışları və əməli xidmətlərini məharətlə ümumiləşdirmiş, sistemə salmışdır. Dərsliyin hər fəsli, hər bölümü, hər səhifəsi elmiliyi, təzəliyi, dəyərliliyi, faktlara yanaşma tərzi ilə seçilir. Ona görə ki, Fərrux Rüstəmov, digər yazılarımda qeyd etdiyim kimi, Azərbaycanda pedaqogika elminin tarixini, inkişafını meydana qoymaqla, elm tarixçisi olaraq bu elmin “ruhunu” və “canını” ərsəyə gətirir, ona həyat verir və onu pedaqogikaşünaslıq adlandırır. “Tarixşünaslıq”, “ədəbiyyatşünaslıq” və s. bu qəbilli terminlərin sırasında “pedaqogikaşünaslığ”ın meydana gətirilməsi məhz Fərrux Rüstəmova məxsus elmi fədakarlıq, yaradıcı xidmətdir. Azərbaycanda bəzi yazılarda “təhsilşünaslıq” termininin işlənməsinə rast gəlinir. Təhsil sistemi, təhsil iştirakçıları, təhsilin məzmunu, təlim metodları və digər təlim prosesində vasitə, vəsaitlər haqqında nəzəri ideyalar və praktik nəticələr təhsilşünaslığa aid edilir. Əslində, bu, heç təzə məsələ və ya yanaşma da deyil. Əsrlərdən bəri təhsillə, xüsusilə, onun məzmunu ilə əlaqədar müxtəlif fikirlər söylənilmişdir. Çünki təhsilin məqsədi və məzmunu, texnologiyalar elmin, texnikanın inkişafı ilə əlaqədar bütün zamanlarda modernləşdirmə tələb etmişdir və bu, reallaşdırılmışdır. Bu gün də belədir. Lakin bu gün əsrlər boyu filosofların, pedaqoqların, mütəfəkkirlərin ideyaları və əməli nəticələri ilə formalaşmış pedaqogika elmini və ya elmlər sistemini təftişə ehtiyac yoxdur. Pedaqogikanın tədqiqat obyekti təhsil sistemi və təlim prosesi ilə yanaşı, insanın tərbiyəsi, sosial və mənəvi inkişafı, ailə, məktəb, cəmiyyət münasibətləri, sinifdənxaric və məktəbdənkənar işlər, xəstə, fiziki cəhətdən qüsurlu uşaqlarla iş və digər çoxsaylı pedaqoji proseslərdir. Təhsil və təlim nəzəriyyəsi pedaqogikanın yalnız bir bölməsini təşkil edir, onu da dünyada elmi pedaqogikanın banisi hesab edilən Yan Amos Komenski didaktika adlandırmış və bütün baxışlarını “Böyük didaktika” əsərində vermişdir.
Yeri gəlmişkən, qeyd edək ki, Yan Amos Komenskinin “Böyük didaktika” əsəri Azərbaycan dilində professor Fərrux Rüstəmov tərəfindən 2012-ci ildə “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə nəşr olunmuşdur.
Pedaqogika tədris fənni olmaqdan əlavə, böyük bir elm sahəsidir. Təbii ki, bu elm bilavasitə insanın təlimi, tərbiyəsi, inkişafı, həyat tərzi, baxışları, dünyagörüşü, idealları və sair insani keyfiyyətlərlə əlaqədar olduğu üçün fəlsəfə, sosiologiya, psixologiya, fiziologiya, etnoqrafiya, ədəbiyyat, incəsənət və s. bir çox elm və sənət sahələri, adət-ənənələrlə sıx bağlıdır. Ona görə də pedaqogika yalnız pedaqogikaşünaslıqla ümumiləşdirilə bilər. Təhsil (təhsilşünaslıq) onun bir sahəsi və ya elmi istiqaməti ola bilər, necə ki didaktika adı ilə elmdə əsrlərlə mövcuddur.
Elmi-pedaqoji ictimaiyyətə təqdim edilən “Azərbaycan pedaqogikaşünaslığı” kitabı dərslik kimi yolaçanlıq missiyasını da yerinə yetirir. Tarixdən belə bir fakt məlumdur ki, dövrünün ən müqtədir alimləri müxtəlif elm sahələri üzrə yazdıqları əsərləri yalnız elmi inkişaf etdirmək üçün deyil, həm də insanları maarifləndirmək, onlara təbiətdə və cəmiyyətdə baş verən hadisələri, mövcud qanunauyğunluqları öyrətmək, tərbiyələndirmək, şəxsiyyəti formalaşdırmaq üçün yazmışlar. Məşhur elm sahibləri Nəsirəddin Tusi, Eynəlqüzzat Miyanəçi, Şihabəddin Sührəvərdi, Marağalı Əvhədi, Xətib Təbrizi, nəhayət, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və digərləri əsərlərində insanları biliklərə yiyələndirmək məqsədi daşıdıqlarını qeyd etmişlər. Bu məqsəd də kamillik konsepsiyasına xidmət etmiş, insanın əqli, əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnməsi məqsədi daşımışdır. Onlar təhsilə insanı kamilləşdirən vasitə kimi baxmışlar, buna görə də ləyaqətə, şərəfə, vicdanlılığa, vətənpərvərliyə, ümumbəşəriliyə, səxavətliliyə, humanizmə və digər yüksək insani dəyərlərə hər kəsdə nail olmaq üçün çalışmışlar. Onlara görə, əgər bir insanda tərbiyəlilik, vicdan əxlaqı yoxdursa və ya qüsurludursa, onun elmiliyi (bəzilərinin təbirincə desək, təhsilliliyi) yalnız ziyanlı işlərə yönələ bilər və bu, həqiqətən də belədir. Təhsil eyforiyasında nailiyyətlər qazanan bir sıra Qərb ölkələrində tərbiyəlilik amili diqqətdə tutulmadığundan, ailə dövlətçiliyi məhv olmaq üzrədir. İnsanlar təhsilin yaratdığı texnologiyaları dünyanın vəhdətdə çiçəklənməsinə deyil, ayrı-ayrı ölkələrdə terrora, qırğınlara sərf edirlər. Çünki onlar pedaqoji elmlər sistemi dəyərlərindən insanın kamilləşməsi üçün deyil, qazancların, eqoların, hegemonluğun reallaşdırılması üçün istifadə edirlər. Pedaqogika elminin əsas və ilkin yaranan sahəsi olan didaktikanın, yəni təhsilin (bəzilərinin fikrincə, təhsilşünaslığın) fəlsəfəsi praqmatik düşüncə ilə deyil, insanların və onların yaratdığı gələcəyin rahatlığına, sivilliyinə, mükəmməlliyinə xidmət ideyaları ilə dəyərləndirilməlidir. Praqmatik mahiyyətli təhsildə qiymətləndirmə, məktəbin avadanlığı, müəllimin tədris bacarığı kimi məsələlər lokal mahiyyətlidir, gündəlik işdir, bu, təhsil fəlsəfəsi deyil, bunlar pedaqoq-alimlər üçün sadə və adi görünən məsələlərdir. Təhsilin fəlsəfəsi orta əsrlərdən üzü bəri və bu gün də intellektlə yanaşı, insanın davranış, fəaliyyət kompası olan əxlaqi-mənəvi mükəmməlliyi ilə dəyərləndirilir. Bu isə ayrı-ayrı təhsilləndiricilik təsirləri ilə deyil, insanın inkişafı və formalaşdırılması probleminə sistemli və kompleks yanaşma ilə mümkündür. Məhz Azərbaycan pedaqogikaşünaslığında bu məsələlər öz həllini tapmaqdadır və qloballaşan dünyada da Azərbaycan insanlarının tarixən bəlli olan əxlaq və mənəviyyat ölçüləri ilə getməli, texnologiyaları Qərbdən öyrənib, Qərbə humanizm, ədalət, dürüstlük kimi keyfiyyətlərini aşılamalıyıq.
Düşünürəm ki, Fərrux Rüstəmov pedaqoji tədqiqatları həm elmi istiqamətlər üzrə, həm də tarixi varisliklə təqdim edərək, ümumiləşdirmələr aparmaqla düzgün mövqe tutmuş, bununla da pedaqogikaşünaslığın məzmununu ortaya qoymuşdur. Digər tərəfdən, tədqiqatçı alimlər haqqında qısa tərcümeyi-hal xarakterli məlumatların verilməsi, əlavə olaraq dissertasiya mövzularının və elmi rəhbərlərin təqdimatı pedaqoji elmlərin indiyə qədər əhatə etdiyi problemləri və elmi fəaliyyətləri “görməyə” imkan verir.
Dərslikdə oxucunu razı salan keyfiyyətlərdən biri də XX əsrin 30-cu illərində repressiyaya uğradılmış müəlliflərin əsərlərinin xeyli qisminin ilk dəfə təhlil süzgəcindən keçirilməsidir. Xüsusilə pedaqogikaya aid əsərləri ilə diqqəti cəlb edən Boris Borisoviç Komarovski, Xəlil Fikrət, Abdulla bəy Əfəndizadə, Saleh Xəlilov, Mikayıl Rəhimli və digərlərinin Azərbaycan pedaqogikaşünaslığında mövqeyi və xidmətlərinin aşkarlanması unudulmuşlara ehtiram əlaməti olmaqdan əlavə, elmdə boşluğa yer verməmək, tamlıq baxımından qiymətləndirilməlidir.
Azərbaycanda pedaqoji elmin nəzəri-metodoloji problemlərinin tədqiqinə həsr edilən araşdırmalara və müəllif qənaətlərinə, mənbələrə, baş verən ictimai-pedaqoji proseslərə yaxından bələdlik müəllifə pedaqoji elmin inkişaf xüsusiyyətlərini və tendensiyalarını müəyyənləşdirməyə, elmi-nəzəri təhlildən keçirməyə, ciddi bir elmi-tədqiqat əsəri yaratmağa imkan vermişdir. Əsərin zənginliyi və təhlil üslubu məntiqi inandırıcılığı ilə oxucunu razı salır. Kitabı oxuduqca müəllifin nə qədər gərgin zəhmət çəkdiyini, bir əsr ərzində yaranmış pedaqoji məzmunlu, irili-xırdalı yüzlərlə məqaləni, dərslik, dərs vəsaiti, monoqrafiya və digər elmi nümunəni, onlarla alimin ideya və baxışlarını öyrənmək əzmini duyur, Azərbaycanda pedaqogika elminin özü-özlüyündə deyil, dünya pedaqoji elmi kontekstində tam dolğun mənzərəsini yarada bilmək məharətinə əhsən deyirsən. Müəllif elmi nailiyyətlərdən fərəhlə bəhs etdiyi kimi uğursuzluqlardan da qətiyyətlə söz açır.
Müəllifin dərsliyə sistem-struktur yanaşması da qaneedicidir. O, haqlı olaraq I fəsildə Azərbaycanda pedaqoji elmin nəzəri-metodoloji problemlərinin tədqiqi, II fəsildə tərbiyə nəzəriyyəsinin inkişafı, III fəsildə didaktik fikrin inkişafı, IV fəsildə tarixi-pedaqoji irsin tədqiqi və fənlərin tədrisi metodikası, pedaqogika elminin diferensiasiyası: yeni yaranmış sahələr üzrə tədqiqatlar, V fəsildə Azərbaycanda pedaqogika elminin inkişafını şərtləndirən başlıca amillər, pedaqoji jurnalistika və pedaqoji tənqid məsələləri, VI fəsildə pedaqoji elmin inkişafında beynəlxalq əlaqələrin rolu, VII fəsildə humanist pedaqogika: problemlər, perspektivlər ümumiləşdirici xarakterdə təhlil olunur.
Dərslikdə zəngin ədəbiyyat siyahısının verilməsi də işin məntiqinə uyğundur.
“Azərbaycan pedaqogikaşünaslığı” dərsliyi professor Fərrux Rüstəmov tərəfindən reallaşdırılan uğurlu təşəbbüs kimi qiymətləndirilə bilər. Fikrimcə, bu dərsliklə yaxından tanış olan hər kəs pedaqoji elmlərin cəmiyyətin inkişafında mühüm əhəmiyyət daşıdığını müfəssəl dəyərləndirə bilər.

Əjdər AĞAYEV,
pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar müəllim

yuxarı ⤴