1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Bölgə xəbərləri
11.02.2017 / No5

 
 

 

 


Mübariz İbrahimovun doğum günü onun adını daşıyan lisey-məktəb kompleksində qeyd olunub

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksində şəhidin doğum gününə həsr edilmiş tədbir keçirilib. Lisey-Məktəb Kompleksinin direktoru Bəhruz Mehdiyev bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb və Milli Qəhrəmanın şərəfli ömür yolundan söz açıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Tədbirdə Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri şəhidin adını daşıyan lisey-məktəb kompleksinin şagirdləri ilə birlikdə qəhrəmana həsr olunan şeir, hekayə söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.
Sonda tədbir iştirakçıları Milli Qəhrəmanın doğulduğu Əliabad kəndində onun ailəsini ziyarət edib, valideynləri, yaxınları ilə görüşüb və ev-muzeyində olublar.

İsmayıllıda “Mübariz olaq” adlı ədəbi-bədii gecə keçirilib

Fevralın 7-də İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseydə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Musayevanın rəhbərliyi ilə “Mübariz olaq” adlı ədəbi-bədii gecə keçirildi. Tədbir Azərbaycanın Dövlət himni və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Daha sonra məktəbin şagirdləri Mübariz İbrahimovun keçdiyi şərəfli ömür və döyüş yolundan danışdılar, ona həsr olunmuş şeirlər, mahnılar səsləndirildi.
Tədbirdə RTŞ-ın məsul işçisi Rəna Mirzəliyeva və Qarabağ müharibəsi veteranları iştirak edirdilər.
Qarabağ müharibəsi veteranı Kamil Dadaşov qeyd etdi ki, Mübarizin hamını heyrətə salan qəhrəmanlığı Azərbaycan gəncliyinə, Azərbaycan əsgərinə örnəkdir.
Məktəbin direktoru Əhmədağa Ələkbərov torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin anılmasının, Qarabağ müharibəsi döyüşçüləri ilə görüşlərin keçirilməsinin Azərbaycan həqiqətlərinin yetişən gənc nəslin yaddaşında həkk olunmasında və onların vətən, millət, qəhrəmanlıq kimi yüksək dəyərləri mənimsəməsində böyük əhəmiyyətə malik olduğunu qeyd etdi.

Sevda QASIMOVA,
İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin direktor müavini

Aqrar Universitetin əməkdaşları telekörpü-vebinarda iştirak edib

Qazaxıstan Milli Aqrar Universitetinin təşkilatçılığı ilə MDB ölkələrinin aparıcı aqrar universitetlərinin heyvandarlıq sahəsi üzrə alim və mütəxəssisləri üçün “Heyvanlarda biotexnologiyanın aspektləri” mövzusunda telekörpü-vebinar keçirilib.
ADAU-nun mətbuat xidmətindən bildirilib ki, bu təhsil müəssisəsinin əməkdaşları üçün aqronomluq fakültəsində, professor Famil Şərifov adına auditoriyada təşkil olunan vebinarda universitetin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin aparıcı alim və mütəxəssisləri iştirak edib, heyvanlarda biotexnologiyanın aspektlərinə dair maraqlı müzakirələr aparılıb.
Vebinarda MDB ölkələrinin 8 aqrar universitetinin əməkdaşları iştirak edib və sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Məktəb direktorları və müavinləri təlim kurslarına cəlb olunublar

Gəncə şəhər ümumtəhsil məktəblərinin direktor və direktor müavinləri təlim kurslarına cəlb olunublar.
“Dərs müşahidələrinin təşkili və sinfin idarə olunması” mövzusunda təşkil olunan kurslar Təhsil Nazirliyi ilə Azərbaycan Müəllim İnkişafı Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilib.
Təlimin məqsədi müasir idarəetmədə bilik və bacarıqlara yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək kadrlar yetişdirmək və təkmilləşdirməkdir. Təlimlərdə iştirakçılara inzibati idarəetmə ilə bağlı biliklər verilib, onlara müvafiq sahədə qabaqcıl təcrübə aşılanıb.

Məktəbin müəllimi Regional İngilis dili Tədris Konfransında iştirak edib

Abşeron rayonu Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Leyla Əliyeva 7-ci Cənubi Qafqaz Regional İngilis dili Tədris Konfransında iştirak edib. Gürcüstanın Beynəlxalq Qara Dəniz Universitetində baş tutan konfransda 7 ölkədən 180 ingilis dili müəllimi və təlimçi təmsil olunub.
2 gün davam edən proqramda L.Əliyeva “Biz texnologiya ilə nə edə bilərik?”, “Praktik danışıq və səlislik”, “Dünya ingilisləri və ingilis dili dərsləri”, “İngilis dilinin öyrənilməsində mobil telefonlardan istifadə” kimi sessiyalara qatılıb.
Konfransdan qayıdan Leyla müəllim təəssüratlarını həmkarları ilə bölüşüb. Bildirib ki, proqram olduqca maraqlı və rəngarəng təşkil olunmuşdu. Orada müxtəlif ölkələrdən gələn qabaqcıl müəllimlərlə tanış olduq. Onlar öz təcrübələrini bizimlə paylaşıb, dərs zamanı tətbiq etdikləri praktik metodlar haqqında ətraflı məlumat verdilər. Biz də öz ideyalarımızı digər ölkələrdən gələn müəllimlərlə bölüşdük, çox maraqlı diskussiyalarımız oldu. Əminəm ki, proqram zamanı öyrəndiklərim sinifdə şagirdlərin fəallığını artırmağa kömək edəcək.

Leyla İSMAYILOVA,
Abşeron rayonu Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru

Ağcabədidə daha bir məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib

Ötən il elektrik cərəyanında baş verən qısaqapanma nəticəsində yanaraq yararsız vəziyyətə düşən Hindarx qəsəbə 2 nömrəli ümumi orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib.
Ağcabədi Rayon Təhsil Şöbəsindən bildiriblər ki, bu münasibətlə rayon ictimaiyyətinin, təhsil işçilərinin, valideynlərin, qəsəbə sakinlərinin iştirakı ilə tədbir keçirilib. Çıxış edənlər rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən əsaslı təmir olunan məktəb binasında fizika laboratoriyası, fənn kabinələri, sinif otaqları, kitabxana, akt və idman zalları yaradılıb, məktəb lazımi inventar və avadanlıqlarla təmin olunub.
Tədbirdə söz alan pedaqoji kollektivin və qəsəbə ictimaiyyətinin nümayəndələri təhsil ocağının əsaslı təmir olunaraq istifadəyə verilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda qonaqlar məktəbdə yaradılan şəraitlə tanış olublar.

Ağstafa şəhərindəki 3 nömrəli tam orta məktəb binası əsaslı təmir olunur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 21 oktyabr tarixli “Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq həmin məktəb binasında təmir işləri sürətlə aparılır.
Təhsil şöbəsindən bildiriblər ki, məktəb binasının hər iki korpusunda birinci və ikinci mərtəbələrdə divarların köhnə suvaqları sökülüb, arakəsmələr götürülüb. Hər iki korpusda layihəyə uyğun olaraq yeni suvaq və tikinti işləri aparılıb. Belə ki, yeni plastik pəncərələr qoyulub, elektrik xətləri, dam örtüyü yenilənib. Sinif otaqlarının və dəhlizlərin köhnə döşəmələri sökülərək yeniləri ilə əvəz olunub.

“Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsi başa çatıb

Hazırda bədii və elmi təfəkkürü vəhdətdə götürməklə gənclərin oxu vərdişlərini, elmi və bədii ədəbiyyata maraqlarını artırmaq zəruri tələbə çevrilib. Bunu nəzərə alan AMEA Nizami adına Ədəbiyyat İnstitutu “Gənclər elmi və bədii ədəbiyyat işığında” adlı layihə reallaşdırıb.
Fevralın 4-də İsmayıllıda layihənin yekun tədbiri keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, rayon təhsil şöbəsinin, İsmayıllı Yazarları Ədəbi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində reallaşan tədbirdə yeniyetmə və gənclər, məktəb direktorları, müəllimlər və ziyalılar iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışında elmi və bədii ədəbiyyatın gənclərə faydası barədə ətraflı danışıb.
Akademik İsa Həbibbəyli layihə barədə məlumat verərək bədii və elmi ədəbiyyatın milli-mənəvi və ümumbəşəri dəyərlərin mənimsənilməsindəki rolundan, ümummilli lider Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətdən söz açıb.
Məktəblilər və yaradıcı gənclər şairlər Musa Yaqub, Davud Aslan, Baba Vəziroğlu və Maarif Soltan yaradıcılığından nümunələr söyləyiblər.
Sonda təlim iştirakçılarına sertifikatlar verilib və müsabiqə qalibləri diplomlarla mükafatlandırılıblar.

Sumqayıt şəhərində rus dili üzrə IX respublika olimpiadası keçirilib

Fevralın 4-də Sumqayıtdakı 11 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, Rus Mədəniyyət-İnformasiya Mərkəzi, Azərbaycanda Rusdilli Məktəblərin Müəllimlər Assosiasiyası tərəfindən rus dili üzrə IX respublika olimpiadası keçirilib.
Olimpiadada rus mədəniyyət mərkəzinin rəhbəri və Rusiya səfirinin müşaviri Valentin Denisov, mərkəzin əməkdaşları Yakumna Lyubov Timofeyevna, Alesya Alemna, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazov və digər şəxslər iştirak ediblər.
Tədbiri məktəbin direktor müavini Lyubov İsmayılova açıb. O, rus dilinin tədrisi ilə əlaqədar olaraq 11 nömrəli tam orta məktəbin nailiyyətlərindən danışıb. Sonra söz təhsil şöbəsinin müdiri Nizami Namazova verilib. O, bizimlə qonşu olan rus dövləti haqqında, bu dövlətlə təhsil, digər sahələrdə əməkdaşlığımızdan söz açıb və rus dilini öyrənməyin vacib olduğunu bildirib. Rus mədəniyyət mərkəzinin rəhbəri və Rusiya səfirinin müşaviri V.Denisov bu bilik yarışının keçirilməsinin artıq ənənə şəklini aldığını söyləyərək olimpiada iştirakçılarına uğurlar arzulayıb.

Səhifəni hazırladı: Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”
yuxarı ⤴