1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

“Kitabi-Dədə Qorqud” dastanlarında hərbi-vətənpərvərlik tərbiyəsi
11.02.2017 / No5

 

 

 


Milli-mədəni təfəkkürümüzün ensiklopediyası olan “Kitabi-Dədə Qorqud” dastanları xalqımızın qəhrəmanlıq tarixidir. Bu möhtəşəm abidədə milli-mənəvi dəyərlərimiz, tariximiz, mədəniyyətimiz, məişətimiz əbədiləşib.
Dastanda maraq doğuran maraqlı cəhətlərdən biri də oğuzların tərbiyə sistemidir. Bu sistemin əsas qolunu isə oğuz gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsi təşkil edir. Dastanda bu cəhətə daha çox önəm verilməsini professor Pənah Xəlilov belə əsaslandırır: “Dədə Qorqud” qəhrəmanlıq dastanıdır və gənclərin təhsil zamanı göstərdiyi səyi, istedadı təsvir etməkdən daha çox onun igidliyi, şücaəti, döyüş məharəti, alplıq hünəri, alpların məşqləri, güləşləri, bir-birini sınamaları təsvir və tərənnüm üçün tipik sayılır”.
Hər cür tərbiyə, o cümlədən də hərbi-vətənpərvərlik tərbiyəsi cəmiyyət qarşısında ailənin ən mühüm vəzifəsi hesab edilir. Hətta oğuz gənclərinin adqoyma mərasimi də onların igidliyi, göstərdiyi hünərlə bağlıdır. Oğuz adətlərinə görə uşaqlara göstərdiyi hünərə uyğun el ağsaqqalı Dədə Qorqud ad verir.
“Dirsə xan oğlu Buğac xan boyu”nda Dirsə xanın oğluna buğaya qalib gəldiyi üçün Buğac adı verən Dədə Qorqud Dirsə xana üz tutaraq deyir:
Hey Dirsə xan! Oğluna bəylik ver, Taxt ver, - güclüdür, ərdəmlidir... Bu oğlan Bayındır xanın uca meydanında vuruşmuşdur. Sənin oğlun bir buğa öldürmüşdür, qoy adı “Buğac” olsun...
Dastanda igidlik, cəsurluq, öncə, ov zamanı tərbiyə edilir. Atalar oğulları əvvəlcə ova, sonra da döyüş meydanına apararaq onlara igidlik, cəsurluq dərsi keçirlər.
“Qazan xanın oğlu Uruz bəyin dustaq olduğu boy” bu cəhətdən daha çox maraq doğurur. Boyun əvvəlində oğlu Uruzu “baş kəsib qan tökməməkdə, ...hünər göstərməməkdə” qınayan Qazan xana oğlu belə cavab verir:
...Hünəri oğul atadanmı görər, öyrənər,
Yoxsa atalar oğuldanmı öyrənir?
Sən məni götürüb haçan kafir sərhədinə çıxardın,
qılınc çalıb baş kəsdin?
Mən səndən nə gördüm, nə öyrənim? - dedi.
Uruzun haqlı iradına cavab olaraq, Qazan xan oğlunu götürüb uca dağlar üzərinə ova çıxır, oğluna ov ovlamağı, quş quşlamağı, döyüşməyi, baş kəsib qan tökməyi, hünər göstərməyi öyrədir.
Burada düşmənlə qarşılaşan Qazan xan ilk dəfə düşmən görən oğluna hərbi anlayışlar haqqında maraqlı izah verir, sanki hərbi hazırlıq dərsi keçir. Uzaqdan gələn düşməni maraqla seyr edən Uruz atasına suallar verir:
Dəniz kimi qaralıb gələn nədir?
Od kimi işarıb, ulduz kimi parlayan nədir?
Qazan oğlunun maraq dolu suallarına belə cavab verir:
Böyük dəniz kimi yayxanıb gələn kafirin qoşunudur.
Gün kimi parlayıb gələn kafirin papağındakı işıqdır.
Ulduz kimi parlayıb gələn kafirin nizəsidir.
Azğın dinli yağıdır, düşməndir, oğul!
Oğlunun: - “Yağı” deyəndə nəyə deyərlər?” sualına da Qazan xan maraqlı bir açıqlama verir:
Oğul, ona görə yağı deyərlər ki, biz onlara yetsək, öldürərik; onlar bizə yetsə öldürərlər”...
...O kafirin oxçusu var, atdığı üç oxdan biri boşa çıxmaz.
“Hi!” demədən başlar kəsən cəlladı var,
Adam ətindən qovurma edən aşpazı var.
Qazan xan düşmən üstünə getmək istəyən oğlunu yayındırmaqla, döyüş bacarıqlarını göstərməklə ona təlim vermək istəyərək deyir:
...Böyük, iti polad qılıncı mən çalım,
Kafir azğın dinlidir, başların kəsim.
Dönə-dönə savaşım, dönə-dönə döyüşüm.
Qılınc çalıb baş kəsməyi gör, öyrən,
Başın bəlaya düşsə, gərəyin olar...
Qazan ocağında vətənpərvərlik ruhunda tərbiyə almış, dövrün etik normalarını mənimsəmiş Uruz özünün mərdliyini, igidliyini, vətənpərvərliyini, oğulluq borcunu belə ifadə edir:
...Ata oğul qazanar ad üçün.
Oğul da qılınc qurşanar ata qeyrəti üçün.
Mənim də başım qurban olsun səninçün.
Dastanda mərdlik, igidlik dərslərini təkcə oğlanlar deyil, qızlar da keçirlər. Dastandakı qadın qəhrəmanlar da at minməyi, ox atmağı, qılınc qurşanmağı, güləşməyi bacarır, lazım gəldikdə döyüşə də girərək mərdliklə vuruşaraq düşmənə qalib gəlirlər. Dastanın əsas qadın qəhrəmanları: Dirsə xanın xatunu, Burla xatun, Banuçiçək, Selcan xatun belə qadınlardandır.
Vətənpərvərlik, döyüş ənənələri, cəsurluq, igidlik dastanın bütün ruhuna hakimdir. Gənclərin tərbiyəsində başlıca prinsip vətənə məhəbbət, düşmənə nifrət hissinin aşılanması, döyüş silahlarından istifadə qabiliyyətinin formalaşdırılması və fiziki tərbiyədir. Polad biləkli, şir cüssəli oğuz igidləri nəinki düşmənə, hətta vəhşi heyvanlara da qalib gəlirlər: həm gücləri, həm də ağıl və düşüncələri ilə!
“Qanlı Qoca oğlu Qanturalı boyu”nda Qanturalı Sarı donlu Selcan xatunu almaq üçün buğa, aslan və dəvəyə qalib gələrək onları öldürür, düşmənin sınağından qalib çıxır.
...Buğanın alnına elə bir yumruq vurdu ki, dalı üstə çökdürdü... Buğanın qabağından qaçdı, buğa buynuzu üstündə qalxdı. Qanturalı buğanı quyruğundan tutub, üç dəfə yerə vurdu. Buğanın sümükləri sındı. Basıb boğazladı. Bıçaq çıxarıb dərisini soydu.
...Aslanın alnını gözləyib elə bir yumruq vurdu ki, yumruq heyvanın çənəsinə dəyib parçaladı. Boynundan tutub belin üzdü.
...Dəvəyə çiyni ilə bir zərbə vurdu, dəvə bağırdı. Bir də vurdu, dəvə ayaq üstə dura bilmədi, yıxıldı. Qanturalı dəvəni basıb, iki yerdən kəsdi, doğradı. Arxasından iki qayış çıxartdı, təkurun qabağına tulladı...
Dastanda atalar oğulları üçün hədiyyə alanda da yüyürək at və döyüş sulahları aldırmağa üstünlük verirlər.
“Baybörənin oğlu Bamsı Beyrək boyu”ndakı epizod bu cəhətdən xarakterikdir:
Baybörə bəy tacirlərini yanına çağırıb əmr etdi: “Ay tacirlər, allah mənə bir oğul verdi. Oğluma görə Rum elinə gedin, oğlum böyüyüncə yaxşı hədiyyələr gətirin!” - dedi.
Tacirlər gecə-gündüz yol getdilər. Konstantinopola (indiki İstanbula) gəldilər. Danışıq aparıb yaxşı hədiyyələr aldılar. Baybörənin oğlu üçün bi dəniz qulunu, boz ayğır aldılar. Dəstəyi ağ tozlu bir möhkəm yay aldılar, bir də altı pərli gürz aldılar...
Dastanın müqəddiməsində işlənmiş “Qarı düşmən dost olmaz!” deyimi də oğuzların düşmənə qarşı nə qədər barışmaz olduğundan xəbər verir.
Bugünkü gəncliyin hərbi-vətəpərvərlik tərbiyəsində “Kitabi-Dədə Qorqud” dastanları əsl örnək, ən dəyərli nümunələrdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi “zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimizlə fəxr etməyə haqqımız vardır”.

Rəfail ƏLİYEV,
Şirvan şəhəri S.Hüseynov adına 1 nömrəli tam orta məktəb-xüsusi istedadlı şagirdlər liseyinin GÇH rəhbərı, əməkdar müəllim

yuxarı ⤴