1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Tarixin tədrisində tarix sənədlərilə iş
11.02.2017 / No5

 

 

 


Tarix fənninin tədrisində tarix sənədlərindən geniş şəkildə istifadə olunması məqsədəuyğun hesab olunur. Çünki tarix sənədlərinin cəlb edilməsi tarix materialının konkretləşdirilməsinə, keçmişin parlaq surətinin yaradılmasına, şagirdləri öyrənilən dövrün şəraiti ilə tanış etməyə kömək edir. Sənədlə iş məktəblinin təfəkkürünü formalaşdırır, ona tarixi hadisələri təhlil etməyi öyrədir, şagirddə dövrün ən mühüm ictimai-siyasi sənədlərinin məzmunundan baş çıxarmaq bacarığının yaranmasına imkan verir.
1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsindən sonra məktəblilər üçün tarixdən yeni dərsliklər nəşr olunmağa başladı. Bu zaman yeni nəşr olunan tarix dərsliklərində tarix sənədlərinin yer alması təlimdə sənəd materialının rolunu əhəmiyyətli dərəcədə artırdı. Tarix sənədləri dərsliyə daxil edildiyindən tarix dərslərində həmin sənədlərlə işləmək məcburi xarakter aldı. Şagirdlərin və həmin sinifdə öyrənilən tarix kursunun spesifik vəzifələri ilə əlaqədar olaraq tarix dərslərindəki sənəd materialının xarakteri, həcmi və məzmunu müxtəlif olur.
2012-ci ildən isə Milli Kurikuluma müvafiq olaraq V sinif şagirdləri üçün əvvəlki illərdə tədris olunan “Ata yurdu” dərsliyi əvəzinə yeni “Azərbaycan tarixi” dərsliyi, 2013-cü ildən isə dünya tarixinin tədrisi məqsədilə “Ümumi tarix” dərslikləri çap olunmağa başladı. Fəal-interaktiv təlimdə aparıcı rol oynayan şagirdlər də artıq ilk dəfə olaraq tarix sənədi ilə işləməyə başladılar. Diqqət etdikdə V-VI sinif dərsliklərində nağıl və təsvir xarakterli, asan anlaşıqlı sənəd materialının üstünlük təşkil etdiyini görürük. “Ümumi tarix” dərsliyində Hammurapinin qanunlarından, Drakon qanunlarından və ya Solon islahatlarından müxtəlif parçalar öz əksini tapır. V sinif “Azərbaycan tarixi” dərsliyində isə şagirdlər “Bir kərə yüksələn bayraq, bir daha enməz” mövzusunda Azərbaycan dövlətçiliyini özündə əks etdirən ən mühüm tarix sənədlə - “İstiqlal bəyannaməsi” ilə tanış olurlar. Lakin təlimin hər bir yeni mərhələsi ilə sənəd materialı da dəyişilir: daha böyük iş üçün dərsliklərdə bu materialın həcmi çoxalır, təsərrüfat, hüquq sənədlərinin xüsusi çəkisi artır, nağıl-təsvir xarakterli sənəd materialının payı tədricən azalır. Hazırkı dövrdə artıq şagirdlər VIII sinfin sonunda Azərbaycan torpaqlarının Rusiya və İran dövlətləri arasında bölünməsini təsdiq edən mühüm tarix sənədləri - Gülüstan və Türkmənçay müqavilələri ilə tanış olurlar.
Məktəbdə tarix sənədlərindən aşağıdakı yollarla istifadə etmək olar:
1) sənəd materialının dərsdə müəllimin şərhinə daxil edilməsi;
2) sənədin mətni üzərində şagirdlərin işinin təşkil edilməsi və onun təhlili.
Tarix sənədini müəllim öz nitqinə hər şeydən çox şərh və ya təsviri konkretləşdirmək, ona emosionallıq vermək məqsədi ilə daxil edir. İzahın konkretliyini və emosionallığını gücləndirməli olan sənəd materialı kiçik hissələr, hətta ayrı-ayrı cümlələr, ifadələr şəklində şərhə və ya şəkil təsvirinə daxil edilir.
Müəllimin izahına sənədin kiçik hissəsini daxil etmək daha münasibdir. Əgər hissə kiçikdirsə, asanlıqla qavranılırsa və müəllimin əlavə şərhi olmadan şagirdlər tərəfindən anlaşılırsa, şagirdlərin marağına səbəb olursa, daxilində tarixi şəxsin mülahizələri vardırsa vasitəsiz nitqlə izahı canlandırmağa kömək edir.
Öyrənilən hadisələrin şahidi olan müasirlərin və hadisə iştirakçılarının dəlilləri böyük maraq doğurur. Bu cür materialdan məharətlə istifadə edilməsi canlılıq və əyanilik cəhətdən müəllimin şərhini şahidin hekayətinə yaxınlaşdırır. Müəllim sənədlərdən kiçik parçaları təfərrüatına qədər bilməli və onları hafizəsində saxlamalıdır.
Müəllimin şərhinə sənəd materialının daxil edilməsi məktəblilərin dinləməsini, qavrayışını və təfəkkürünü fəallaşdırır. Şərhə daxil edilmiş sənədin ünsürləri çox vaxt şagirdlərə böyük təsir bağışlayır, onların yadında yaxşı qalır və ona görə də dərsin məzmununa dair son söhbətdə dayaq nöqtəsi kimi çıxış edir. Bu halda sitat gətirilən sənədə istinad etmək, onun qısa xarakteristikasını vermək lazımdır. İstifadə edilən sənədin qısa təhlili müəllimin izahına əsaslandırılmış xarakter verir. Sənədin məzmunundan, sinfin hazırlığından asılı olaraq sənədin bir hissəsinin qısa təhlili müəllimin özü tərəfindən sinif qarşısında sual qoymaqla, yaxud qısa ümumiləşdirici təhlil söhbəti ilə əlaqələndirilə bilər.
Dərsdə iqtisadi, hüquqi və s. sənədləri ciddi surətdə təhlil etmək üçün həmin sənədlərin uşaqların gözü önündə olması vacibdir. Bu zaman şagirdlər həmin sənədləri bir neçə dəfə təkrar oxuya, onların məzmununu dərindən düşünə bilərlər. Maddi və yazılı mənbələr ümumi tarix fənninin tədrisində maddi və mənəvi mədəniyyət, ictimai münasibətlər, siyası həyat və s. haqqında zəngin məlumat verir.
Müşahidələr göstərir ki, sənədlərdən biliklərin ilkin mənbəyi kimi istifadə edilməsi tarixi faktorların və obrazların şagirdlər tərəfindən yadda saxlanılması möhkəmliyini yüksəldir. V-VI sinif şagirdlərinin sənədlə aparılan işinə müəllimin rəhbərlik etməsi daha məqsədəuyğundur. Müəllim bu zaman şagirdlər tərəfindən təhlil edilmək üçün nəinki sənədin ən məzmunlu hissəsini seçir, həm də tapşırıqlar verir, suallar vasitəsilə şagirdləri hadisələrin əsas əlamətlərini aşkar etməyə və düşünməyə sövq edir, nəticələr çıxarmağa kömək edir. Suallar sənədin əsasında təkcə hadisələrin gedişini deyil, həm də onun səbəbini, əhəmiyyətini və nəticələrini izah etməkdə şagirdlərə imkan verir.
Müəllim şərhində dərslikdə olan sənəd materialından istifadə edə bilər. Lakin tarix sənədindən dərsdə onu təhlil etmək üçün istifadə edildiyi halda şagirdləri bu işə hazırlamaq lazımdır. Şagirdlər bilməlidirlər ki, həmin tarixi sənəd nədir, nə vaxt və kim tərəfindən tərtib edilmişdir, biz bu sənəddən nə öyrənə bilərik, biz hansı məsələləri aydınlaşdırmaq üçün ona müraciət edirik. Əgər sənəddə tanış olmayan terminlər vardırsa, onları qabaqcadan seçib yazı lövhəsində yazmaq daha məsləhətlidir.
Tarix sənədinin mətni üzərində iş fənnin tədris olunduğu sinifdən asılı olaraq aşağıdakı şəkillərdə təşkil oluna bilər:
a) müəllimin özü tərəfindən sənədin təhlil edilməsi;
b) müəllimin bilavasitə rəhbərliyi altında sənədin şagirdlər tərəfindən təhlil edilməsi;
c) müəllimin tapşırığı ilə dərsdə sənədə dair şagirdlərin müstəqil işi;
d) müəllimin tapşırığı ilə şagirdlərin sənədə dair müstəqil ev işi.
Bu metodları nəzərdən keçirək:
1) Müəllimin özü tərəfindən sənədlərin təhlil edilməsi daha çətin sənədləri öyrənən zaman tətbiq olunmalıdır. Bu metodla sənədin təhlili daha çox hissə-hissə, bəzən cümlə-cümlə aparılır.
2) Müəllimin rəhbərliyi altında dərsdə sənədlə şagirdlərin müstəqil işinə keçid belə ola bilər. Müəllim sənədi yavaş-yavaş oxuyur, şagirdlər dərslikdəki mətni izləyirlər. Sənədin məzmununa dair anlaşma dərəcəsini yoxlamaq üçün suallar qoymaq lazımdır: Bu yeri və ya bu ifadəni necə başa düşürsünüz və s. Sənədin mənası şagirdlərə aydın olduğu zaman hissə-hissə oxumağa və təhlil etməyə davam etmək olar.
3) Əgər sənəd çətinliyinə görə şagirdlər tərəfindən onun müstəqil təhlili üçün anlaşıqlıdırsa və şagirdləri sənədə dair işi yerinə yetirməyə qabaqcadan öyrətmişiksə, müəllimin tapşırığı ilə dərsdə tarix sənədinə dair şagirdlərin müstəqil işini tətbiq etmək olar.
4) Məzmununa görə daha asan sənədlər üzərində aşağı siniflərdən başlayaraq şagirdlər müəllimin tapşırığı ilə evdə müstəqil olaraq işləyə bilərlər. Tarix sənədinə dair evə veriləcək tapşırıq yaradıcı xarakter daşısa daha effektiv nəticələr əldə oluna bilər.
Ümumiyyətlə, tarix sənədinə dair tapşırığın necə olmasından asılı olmayaraq bizə yaxın dövrləri öyrənərkən həmin sənədlərin muzeylərdə və ya arxivdə olan əsli ilə şagirdlərin tanış edilməsi onların dünyagörüşünün zənginləşməsinə daha çox təsir göstərir.

Vasif ŞIXIYEV,
Şamaxı Avropa Liseyinin tarix müəllimi

yuxarı ⤴