1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Kurikulumla tədrisin bəzi məqamları
11.02.2017 / No5

Cədvəl 1

 

 


0Hər bir dövlətin qüdrəti onun sosial, iqtisadi inkişaf səviyyəsi, mədəniyyəti, hərbi gücü ilə müəyyən olunur. Bu isə o dövlətin intellektual potensialının yüksək səviyyədə olması zamanı mümkündür. Düşünən beyinlər verilən düzgün qərarlar, yeridilən düzgün siyasət deməkdir. Buna görə məktəbin əsas vəzifəsi düzgün qərarlar verə bilən insanlar yetişdirməkdir. Bütün bunlar keyfiyyətli təhsildən keçir. Keyfiyyətli təhsil üçün:
* Təhsilin məzmunu daim yenilənməli, dəyişdirilməlidir.
* Yeni texnologiyalar yaradılmalı, tətbiq edilməlidir.
* Təhsilin keyfiyyətinin əsas göstəricisi kimi çıxış edən yeni qiymətləndirmə sistemi yaradılmalı, inkişaf etdirilməlidir.
İnsan ömürboyu təhsil almalıdır. Yəni, insan daim yeni bilik və vərdişlər qazanmalıdır. Hazırda bəzi insanlar həyatları boyunca öz peşələrini dəyişmək məcburiyyətində qalırlar. Yaxın vaxtlarda bu əksər insanlar üçün səciyyəvi hal olacaq. İstənilən vaxt peşəni dəyişə bilmək üçün yeni kompetensiyalara malik olmaq lazımdır. Bu səbəbdən bu gün təhsil insanlara vərdiş və şəxsi keyfiyyətlər verməlidir.
Tam orta təhsili başa vurmuş şagirdlərin gələcək həyatlarında müvəffəqiyyət qazana bilmələrindən ötrü müəyyən bilik, bacarıq və dəyərlərə malik olmaları lazımdır. Bu bacarıqlar təlim nəticələri şəklində fənlərin məzmununda öz əksini tapıb. Yəni tədris olunan hər fənnin məzmunu nəticələr şəklində verilir, bu nəticələr müəyyən bacarıqları ifadə edir. Bu nəticələri minimum tələblər kimi qəbul etdiyimizdən onları standart adlandırırıq. Deməli, təlim nəticələri kodlarla, standartlarla verilir.
Hər bir müəllim standartlarla işləmək bacarığına malik olmalıdır. Məsələn, IX sinifdə “Metallar” tədris vahidi üzrə reallaşdırılacaq alt-standartları necə müəyyənləşdirmək olar? Hər bir sinif və məzmun xətti üzrə təlim nəticələri müəyyənləşdirilib. Şagird 9-cu sinifdə tədris ilinin sonunda (I məzmun xətti üzrə) aşağıdakı təlim nəticələrinə malik olmalıdır:
* Maddələrin (metallar, qeyri-metallar və onların birləşmələri, sadə üzvi birləşmələr) quruluşu və xassələrini şərh edir, onlara aid hesablamalar aparır.
Bu təlim nəticələri 1.1.1.; 1.2.1.; 1.3.1. alt-standartları ilə kodlaşdırılıb.
Beləliklə, bütün məzmun xətləri üzrə təlim nəticələrinə uyğun alt-standartlar müəyyənləşdirilir. Bu tədris vahidinin tədrisi zamanı alt-standartlarla kodlaşdırılan təlim nəticələri reallaşdırılmalı, müvafiq bacarıqlar formalaşdırılmalıdır.
Başqa bir misal. Tutaq ki, mövzu: “Halogenlərin müqayisəli xarakteristikası”dır. Bu mövzu üzrə reallaşdırılacaq standartları müəyyənləşdirmək lazımdır. Mövzunun məzmununda halogen molekullarının quruluşunun xassələrinə təsiri öyrənilir → reallaşdırılacaq standart: 1.2.1. Halogenlərin kimyəvi xassələrini öyrənmək üçün şagird təcrübələr aparmalı, müşahidələr etməli, nəticələrinə münasibət bildirməlidir → reallaşdırılacaq standart: 3.1.1. Halogenlərin kimyəvi xassələrini öyrənmək üçün şagird təcrübələr aparmalı, müşahidələr etməli, nəticələrinə münasibəti uyğun reaksiya tənliklərini yazmaqla bildirməlidir → standart: 2.2.1. Bu alt-standartlarda kodlaşdırılan təlim nəticələri (mövzu üzrə) aşağıdakılardır:
* Halogenlərin molekullarının quruluşunun xassələrinə təsirini şərh edir.
* Halogenlərin kimyəvi xassələrinə dair müşahidə, təcrübələr aparır, uyğun reaksiya tənliklərini yazaraq nəticələrinə münasibət bildirir.
Dərs boyu müəllim və şagirdlərin bütün fəaliyyətləri bu təlim nəticələrinin reallaşmasına yönəldilir. Motivasiya, tədqiqat sualı, dərsin hər mərhələsinə aid olan iş üsulları, formaları, tətbiq olunan tapşırıqlar bu təlim nəticələrinə nail olmaq üçün uyğunlaşdırılır.
Biz müəllimlər standartlarla işləyiriksə, onların tərkibi haqqında ətraflı məlumata malik olmalıyıq. Məzmun standartının bilik və fəaliyyət hissələri var. Bilik komponentində nəyin öyrəniləcəyi, fəaliyyət komponentində isə öyrənilənin necə nümayiş etdiriləcəyi göstərilir. Öyrənilən, əldə olunan biliyin növləri: deklarativ, prosedural, kontekstual, nümayiş etdirilən fəaliyyətin növləri isə idraki, ünsiyyət, psixomotordur. İdraki bacarıqların səviyyələri bilmə, anlama, tətbiq, təhlil, sintez, qiymətləndirmədir. Hər hansı bacarığın formalaşması, fəaliyyətin yerinə yetirilməsi bu mərhələlərdən keçir. Şagird:
* Müəyyən faktlar, anlayışlar, hadisələr haqqında məlumatlar əldə edir (bilmə - deklarativ bilik. Dərsin mərhələləri: tədqiqatın aparılması, məlumat mübadiləsi, yeni mövzunun qısa şərhi).
* Hadisələrin mahiyyətini anlayır, öz sözləri ilə ifadə edir, fərqləndirir, nümunəyə görə hesablamalar aparır (anlama - deklarativ bilik, biliklərin ilkin möhkəmləndirilməsi).
* Müəyyən nəticələr əldə etmək üçün informasiyaları tətbiq edir (biliklərin tətbiqi - prosedural bilik).
* Əldə etdikləri nəticələri təhlil edir, sistemləşdirir (müzakirə), ümumiləşdirir (ümumiləşdirmə), nəticələrə münasibət bildirir, qarşılaşdırır, qərarlar qəbul edir (dəyərləndirmə - kontekstual bilik).
* Qurur, yaradır, quraşdırır, yeni məzmunda biliklər əldə edir, sxemlər tərtib edir (sintez - yaradıcı tətbiqetmə).
Bir sözlə, bacarıqların formalaşması: hazırlıq, bənzətmə, icra, mükəmməl icra mərhələlərindən keçir. Dərs boyu bacarıqların formalaşması səviyyəsini müəyyən edərkən müəllim bu mərhələləri nəzərə almalıdır. Məzmun standartından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəldilmiş şagird fəaliyyətinin izlənilməsi prosesi formativ qiymətləndirmədir. Formativ qiymətləndirmə şagirdin təlim nəticələrinə nail olmasına yönəldilir, onun summativ qiymətləndirmə zamanı müvəffəqiyyət qazana bilməsindən ötrüdür. Hər bir şagird bacarıqları müxtəlif səviyyələrdə yerinə yetirdiyindən müəllim bacarıqlara uyğun meyarlar və onların səviyyələrini müəyyən edir. Müəllim bu səviyyələrə görə şagirdin fəaliyyətindəki nöqsanları görür və onları aradan qaldırmağa çalışır. Şagirdlərə qiymət yazılmır, formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil. Onun məqsədi təlim nəticələrindən irəli gələn bacarıqların düzgün formalaşmasına nail olmaqdır. Şagirdin bacarıqları hansı səviyyədə yerinə yetirdiyi isə sözlərlə onun məktəbli kitabçasına yazılır. Çox vaxt müəllimlər sözlü ifadələr yerinə məktəbli kitabçasına bacarıqların səviyyələrini yazırlar, bunu da vaxt azlığından etdiklərini deyirlər. Məncə, bu düzgün deyil. O səviyyələr dərsin müəyyən mərhələsində formalaşdırılan bacarığın səviyyələrini göstərir. Şagird də, valideyni də bunu bilməli, daha məsuliyyətli olmalıdır. Sözlü ifadələri məktəbli kitabçasına yazmaq üçün müxtəlif üsullardan istifadə edirəm. Məsələn, hansısa bir bacarığın formalaşmasından sonra digər bacarığa keçərkən şagirdlərin müstəqil işləri zamanı onlara yaxınlaşıb məktəbli kitabçalarına uyğun sözləri yazır və digər şagirdlərə mane olmamaq şərtilə sakitcə izahat verirəm. Başqa bir misal. Dərsin nəticələrini çıxararkən: bir neçə şagirdin adını çəkərək “uşaqlar, siz tənlik tərtib edərkən (və ya başqa bir meyar) heç bir çətinlik çəkmədiniz, hətta mənim suallarıma düzgün cavab verdiniz. Bu səbəbdən məktəbli kitabçanıza “... kimyəvi tənlikləri düzgün tərtib edir və müəllimin suallarına hərtərəfli cavab verir” cümləsini yazın. Digər bir neçə şagirdin adını çəkərək “uşaqlar, sizin fəaliyyətiniz zamanı kiçik səhvlər oldu. Bundan sonra çalışın ki, o nöqsanları aradan qaldırasınız. Siz məktəbli kitabçasına “...kimyəvi tənlikləri kiçik səhvlərlə tərtib edir” yazın” və s. Beləliklə, təlim prosesi zamanı əksər şagirdlərin fəaliyyəti izlənilmiş və qiymətləndirilmiş olur.
Bu gün texnoloji inqilabı yeni mərhələyə qədəm qoyub. Bu informasiya cəmiyyətinin yaranmasıdır. Yeni reallıq təhsil qarşısında da yeni problemlər qoyur: müasir insanı yeni aləmə, yeni cəmiyyətə hazırlamaq. Yeni biliklərin sürətlə yarandığı bir aləmdə daim yeni peşələrin yaranması zərurəti insanları ömürboyu öyrənməyə sövq edir. Müasir cəmiyyətdən baş açmaq üçün insan yüksək səviyyədə məlumat kompetensiyalılığına malik olmalıdır. Müasir informasiya cəmiyyəti ömürboyu təhsil almaq, müstəqil qərarlar çıxarmaq iqtidarında olan şəxslərə ehtiyac duyur.
Təlim prosesini necə təşkil etməli? Hansı metod və texnologiyalardan istifadə etməli? Ən əsası, şagirdə öyrənməyi necə öyrətməli? Müəllim gündəlik fəaliyyətində bu suallara cavab axtarmalıdır. Yeni texnologiyalardan yerli-yerində düzgün istifadə etməli, lazım gəldikdə özü də yeni texnologiyalar, didaktik vasitələr hazırlamağı bacarmalıdır.
Dərslərimdə qrafiki sxemlərdən istifadə edir, şagirdlərdə də bu bacarığın formalaşmasına çalışıram. Məsələn, “Halogenlərin müqayisəli xarakteristikası” mövzusunun tədrisi zamanı aşağıdakı sxemdən istifadə edirəm: (Cədvəl 1)
Qrafiki sxemlərdən istifadə şagirdlərə mühakimələrin mərhələləri arasında məntiqi qarşılıqlı əlaqələr qurmaqda yardımçı olur, öz fəaliyyətlərini planlaşdırmağı öyrədir, müşahidəlilik, müstəqillik kimi keyfiyyətlərini inkişaf etdirir. Beynin sol yarımkürəsi vasitəsilə şagird mətndə olan əsas fikri müəyyənləşdirir, sağ yarımkürə vasitəsilə əldə olunmuş məlumatı ümumiləşdirir, onu emal edərək sxemə çevirir.
Müəllimlik qeyri-adi peşədir. Müəllim dərsin hər dəqiqəsində praktik olaraq eksperiment şəraitində olur, çünki onun tədqiqat fəaliyyətinin əsasını təlim şəraiti təşkil edir. Müəllim uşaqlarla canlı ünsiyyət zamanı qeyri-standart şəraitdə olur, hər bir yeni situasiya yaradıcı və yeni həllini tələb edir. Bu səbəbdən müəllimliyə verilən ən mühüm tələblərdən biri kreativlik olmalıdır. Gələcəyin mütəxəssisi bu günün şagirdidir. Nəyi necə görsə, necə dərk etsə elə də tətbiq edəcək. Hərtərəfli inkişafa malik müəllim bugünkü şagirdi sabaha hazırlaya bilər.

İradə HƏSƏNOVA,
Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin kimya müəllimi0

yuxarı ⤴