1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017







 
 

 

 


Beynəlxalq müsabiqələr laureatı

Nihad Orucov Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyasında təhsil alır. 1999-cu ildə Bakı şəhərində anadan olub. Kiçik yaşlarından musiqiyə böyük həvəs göstərib. Onun məlahətli səs tempri olduğuna görə incəsənət gimnaziyasının vokal sinfinə qəbul olunub. İlk uğuru 2008-ci ilə təsadüf edir. Həmin il o, Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə, UNESCO-nun qərargahında keçirilən “Azərbaycanın xoşməramlı mələkləri” konsert proqramında ilk böyük uğuruna imza atıb. 2012-ci ildə Türkiyədə keçirilən müsabiqələrdə iştirak edərək qızıl və gümüş medala layiq görülüb. 2015-ci ilin aprel ayında “13-cü Uluslararası Dil və Mədəniyyət Festivalı” çərçivəsində Amerika Birləşmiş Ştatlarının Vaşinqton, Nyu -York şəhərlərində, Mərakeşdə keçirilən konsertlərdə çıxış edib.
Yeniyetmə istedad sahibi daim öz üzərində çalışır, Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini böyük həvəslə öyrənir, vokal sənətinin sirlərinə yiyələnir. İncəsənət gimnaziyasının keçirdiyi tədbirlərdə fəal iştirak edir.
2016-cı il dekabrın 26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təşkil olunan “Müstəqillik ulduzları” adlı konsert proqramında məharətlə çıxış edərək Təhsil Nazirliyi tərəfindən peşəkar fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə diplomla təltif olunub.
Qarşıda Nihadı böyük, izdihamlı konsert salonları gözləyir. Bu salonlarda dahi musiqiçilərimizin nəfəsi, dəst-xətti duyulan çox musiqi nömrələri dünya dinləyicilərini ram edəcək.

İlk beynəlxalq uğurun sevinci

Xədicə Mehtiyeva 2004-cü ildə Kürdəmir rayonunda ziyalı ailəsində anadan olub. 2010-cu ildə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində Əzizov adına tam orta məktəbin I sinfinə gedib. Dərslərini əla qiymətlərlə oxumaqla yanaşı məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edib və təhsil ocağının rəhbərliyi tərəfindən üç dəfə fəxri fərmanla mükafatlandırılıb. 2011-ci ildə paytaxtdakı 7 nömrəli musiqi məktəbinin violin ixtisası üzrə I sinfinə, 2012-ci ildə isə xüsusi istedada malik olduğu nəzərə alınaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) məktəb-studiyasının II sinfinə qəbul olunub. 2014-cü ildə ümumrespublika “Lad” festivalında iştirak edərək skripka üzrə laureat, pianino üzrə diplomant diplomlarına sahib olub. 2015-ci ildə respublika müsabiqəsi laureatı ilk beynəlxalq uğura imza atıb. Yeniyetmə istedad Bolqarıstanın Albena şəhərində keçirilən “Orfeyin varisləri” adlı beynəlxalq musiqi müsabiqəsində uğurla çıxış edərək üçüncü yerə layiq görülüb. Çıxışı münsiflər tərəfindən yüksək qiymətləndirilən Xədicə Mehtiyeva İtaliyada keçiriləcək beynəlxalq müsabiqəyə və ABŞ-da təhsil almağa dəvət olunub.
Müsabiqədə Azərbaycanla yanaşı, Almaniya, Rusiya, Türkiyə, Avstriya, Koreya Respublikası, Çin, Rumıniya, Gürcüstan, Bolqarıstan və digər ölkələrin nümayəndələri də iştirak ediblər.

Parlaq çıxışları hələ qabaqdadır

Günel Ələkbərli 1997-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə paytaxtdakı 249 nömrəli tam orta məktəbə qəbul olunub. O, eyni zamanda 2006-2013-cü illərdə Rauf Hacıyev adına 15 nömrəli musiqi məktəbinin skripka sinfində təhsil alıb. Skripkadan ilk müəllimi Fəridə Əsgərzadə olub. 2008-ci ildə Beynəlxalq M. və L.Rostropoviçlər adına musiqi festivalında ilk uğurunu qazanıb və ifası dinləyiciləri heyran edib. 2013-cü ildə Azərbaycan Dövlət Filarmoniyasındakı çıxışı onun gələcəkdə mahir bir ifaçı olacağı barədə ümid yaradıb. Həmin ildə o, Azərbaycan Milli Konservatoriyasının tərkibində Musiqi Kollecinə qəbul olunub. Hazırda ixtisas müəllimi fəlsəfə elmləri doktoru, professor Məleykə Əhədzadədir. 2014-cü ildə Türkiyədə keçirilən 23 Nisan ulusal egemenlik ve çocuk bayramında uğurlu çıxış edib. 2015-ci ildə islam dünyası gənc klassik musiqiçilərinin beynəlxalq, 2016-cı ildə isə Qara Qarayev adına III Respublika elmi-ifaçılıq müsabiqələrində əsrarəngiz çıxışlarına görə laureat adına layiq görülüb. Həmin ildə Müslüm Maqomayev adına konsert salonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş hesabat konsertində yeniyetmə ifaçının çıxışları sürəkli alqışlarla qarşılanıb.
Günel Ələkbərlini qarşıda möhtəşəm konsert salonları gözləyir, onun parlaq çıxışları, qazanacağı alqışlar hələ qabaqdadır.

Adı “Qızıl kitab”a yazılan gənc

Vüsalə Babayeva 1997-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası orta ixtisas musiqi məktəb-studiyasının fortepiano ixtisası üzrə I sinfinə daxil olub. Məktəb-studiyada oxuduğu illər ərzində müntəzəm olaraq bir çox konsert və elmi-ifaçılıq konfranslarında çıxış edib. 2014-cü ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinə, professor Oqtay Abasquliyevin sinfinə qəbul olunub. Hazırda isə professor Nərminə Quliyevanın sinfində təhsilini davam etdirir. Vüsalə Babayeva bir çox respublika və beynəlxalq müsabiqələrin laureatıdır: 2006-cı ildə “Məktəb-studiya - 25” Uşaq Musiqi Festivalının laureatı (II yer); 2007-ci ildə Qara Qarayev adına gənc pianoçuların IV Bakı musiqi müsabiqəsinin laureatı (II yer); 2008-ci ildə Qara Qarayevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Gənc musiqiçilər təhlil və ifa edir” I Respublika elmi-ifaçılıq müsabiqəsinin laureatı (II yer); 2010-cu ildə Qara Qarayev adına pianoçuların I beynəlxalq elmi-ifaçılıq müsabiqəsinin laureatı (II yer); 2011-ci ildə Bolqarıstanın Dobriç-Albena şəhərində keçirilən XVI beynəlxalq “Ümidlər. İstedadlar. Ustadlar” adlı müsabiqədə I yerə layiq görülüb, “Qran-Pri” nominasiyasında çıxış etmiş və professor Tomislav Baynov tərəfindən xüsusi mükafata layiq görülərək Almaniyada keçiriləcək ustad dərslərinə və konsertə dəvət alıb. 2016-cı il Estoniyanın Narva şəhərində keçirilən VII Beynəlxalq “Baltik ulduzları” adlı müsabiqədə laureat adına və II yerə layiq görülüb. 2012-ci və 2013-cü illərdə Almaniyanın Hammelburq şəhərinin Bavariya Musiqi Akademiyasında keçirilən ustad dərslərində iştirak edib. 2014-cü ildə Vüsalə Babayeva Almaniyanın Messkirx şəhərində keçirilən ustad dərslərini müvəffəqiyyətlə başa vurub, sonda təşkil olunmuş konsertdə gözəl ifa nümayiş etdirib və onun çıxışı Almaniya mətbuatında işıqlandırılıb. Professor Tomislav Baynovun təşəbbüsü ilə Almaniyanın Hammelburq şəhərinin Bavariya Musiqi Akademiyasında 2015-ci ilin avqustunda keçirilmiş ustad dərslərinə və konsertə dəvət olunub.
Vüsalə Babayeva 2011-ci ildən etibarən Tomislav Baynov (Almaniya), Tamara Poddubnaya (ABŞ), Oksana Yablonskaya (ABŞ), Viktor Çuçkov (Bolqarıstan), Tomas Hext (Sinqapur), Aksel Qremmelspaxer (Almaniya), Marina Horak (Sloveniya), Marian Sobula (Polşa), Tatyana Qonçarova (Estoniya) və s. kimi professorlar, məşhur pianoçulardan mütəmadi olaraq ustad dərsləri alıb.
Dəfələrlə beynəlxalq müsabiqələrin qalibi olan Vüsalə Babayevanın adı 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və o, xüsusi aylıq təqaüdə layiq görülüb.
Qeyd edək ki, Vüsalə Babayeva təhsil aldığı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını layiqincə təmsil edərək bir pianoçu kimi müntəzəm olaraq konsertlərdə çıxış edir.

Qran-pri mükafatçısı

Ramazan Hüseynov 2001-ci ildə Bakı şəhərində anadan olub. Paytaxtdakı 219 nömrəli tam orta məktəbdə təhsil alır. 2013-cü ildə K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinə daxil olub və Xədicə Həmzəyevanın sinfində oxuyur. Musiqi məktəbində təhsil aldığı illərdə müxtəlif tədbirlərdə, musiqi festivallarında öz istedad və bacarığını nümayiş etdirib və məktəbin xor kollektivinin solisti olub. 2016-cı ilin aprelində Azərbaycanın görkəmli bəstəkarı Azər Dadaşovun əsərlərindən nümunələrlə beynəlxalq müsabiqədə müvəffəqiyyətlə çıxış edib. Həmin ilin iyununda isə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi fortepiano ansamblı və müşayiət fənləri üzrə Adil Hüseynzadənin 100 illiyinə həsr edilmiş respublika müsabiqəsində iştirak edərək fəxri fərmanla mükafatlandırılıb. Moskvada, eləcə də 6-8 yanvar tarixlərində Çexiya Respublikasının paytaxtı Praqa şəhərində keçirilən gənc istedadların beynəlxalq müsabiqələrində K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi Ramazan Hüseynov Qran-pri mükafatına layiq görülüb.

Gənc kamança ifaçısı qələbələr sorağında

Samir Əzimov 1998-ci ildə Siyəzən şəhərində anadan olub. O, 2004-cü ildə Siyəzən şəhər M.Müşfiq adına 2 nömrəli tam orta məktəbin I sinfinə gedib. 2013-cü ildə həmin məktəbin IX sinfini əla qiymətlərlə bitirib. Musiqiyə hədsiz həvəsi olduğuna görə valideynləri Samiri hələ IV sinifdə oxuyarkən öz arzusu ilə Ə.Ağayev adına Siyəzən şəhər Uşaq İncəsənət Məktəbinin kamança sinfinə qoyublar və o , 2012-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib. 2013-cü ildə Azərbaycan Milli Konservatoriyasının tərkibində Musiqi Kollecində “Xalq çalğı alətləri” (kamança) ixtisası üzrə təhsilini davam etdirib. Hazırda həmin kollecin IV kurs tələbəsidir. Təhsil aldığı ötən bu illər ərzində Samirin uğurları çox olub. 2013-cü ildə o, ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında “28 May-Respublika günü”nə həsr olunmuş ifa üzrə Respublika müsabiqəsinin zona mərhələsində I yeri qazanıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Təhsil Nazirliyi tərəfindən təşkil edilən gənc ifaçıların II Respublika müsabiqəsində və 2016-cı ilin mayında Habil Əliyev adına gənc kamança ifaçılarının I Respublika müsabiqəsində yüksək nəticə əldə etdiyinə görə fəxri fərman və diplomlarla mükafatlandırılıb. Həmin ilin noyabrında Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənc xalq çalğı alətləri ifaçılarının “Ana yurdun ahəngləri” II Beynəlxalq müsabiqəsində Azərbaycanı uğurla təmsil edən istedadlı gənc münsiflər heyətinin qərarı ilə III yerin qalibi olub. Dövlət tədbirlərində milli musiqi nömrələri ilə çıxışlarına və Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin ictimai həyatında, eləcə də təhsildə qazandığı yüksək nailiyyətlərə görə dəfələrlə fəxri fərman və diplomlara layiq görülüb. Konsert salonlarında solo və trio ilə uğurlu çıxışlar nümayiş etdirən gənc istedad hazırda incəsənət sahəsində fəaliyyətini layiqincə davam etdirir.

Ən böyük arzusu Bakı Musiqi Akademiyasında oxumaqdır

Seyid Səmədov 1998-ci ildə Rusiya Federasiyasının İrkutsk şəhərində anadan olub. 2000-ci ildə ailəsi Bakı şəhərinə köçüb və o, 2005-ci ildə paytaxtdakı 230 nömrəli tam orta məktəbin I sinfinə gedib. 2007-ci ildə isə valideynləri onu 17 nömrəli musiqi məktəbinin klarnet sinfinə qoyublar. Musiqi məktəbində oxuduğu illərdə bir çox tədbir və konsertlərdə iştirak edib. İxtisas müəllimi Əbülfəs Həsənov olub. Musiqinin sirlərinə tədricən yiyələnən Seyid 2013-cü ildə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin “İnstrumental ifaçılıq” ixtisasına qəbul olub. O, musiqi sahəsində qazandığı uğurlara görə kollecin direktoru Nazim Kazımova və başqa müəllimlərə minnətdar olduğunu ifadə edir. Kollecin ictimai həyatında yaxından iştirak edən Seyid konsertlərdə, festivallarda mütəmadi olaraq çıxış edib. 30 sentyabr 2016-cı il tarixində Dağıstanda keçirilən IV Beynəlxalq nəfəs alətləri orkestrinin “Daqestanskie fanfarı” festivalında diplomant adına layiq görülüb. 26 dekabr 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Seyid Səmədov diplomla təltif olunub.
Ən böyük arzusu isə kolleci bitirdikdən sonra təhsilini ali məktəbdə - Bakı Musiqi Akademiyasında davam etdirməkdir.

Səhifəni hazırladı: Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”
yuxarı ⤴