1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//09.02.2018
//09.02.2018
//09.02.2018
//09.02.2018
//09.02.2018
//09.02.2018

“Lütfi Zadə ilə yaşadığımız hər anı xatırladacağam”
09.02.2018 / No05


 
 

 

 


Hüseyn Abdulla, Texas A&M Universitetinin doktorantı: “Görüşümüz məndə qocaman elm çinarı ilə bağlı dərin izlər qoydu”

Oruc MUSTAFAYEV

Fevralın 4-də dünya elminə böyük töhfələr vermiş, dahi azərbaycanlı alim, ABŞ-ın Berkli Kaliforniya Universitetinin mərhum professoru, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi professor Lütfi Zadənin doğum günü ilk dəfə onsuz qeyd olundu. Məşhur alimlə şəxsən görüşmək xoşbəxtliyi yaşamış tələbələrimizdən biri, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Lütfi Zadənin professoru olduğu Berkli Universitetində təhsil almış, hazırda isə Texas A&M Universitetində doktorantura təhsilini davam etdirən Hüseyn Abdulladır. H.Abdullanın mərhum professorla yaddaşlardan silinməyəcək görüş tarixçəsi barədə təəssüratlarını oxucularımızla bölüşürük .

“Berkli Kaliforniya Universitetinə magistratura təhsili üçün qəbul təklifi alanda universitetin nüfuzu ilə yanaşı, professor Lütfi Zadə ilə şəxsən tanış olma ehtimalı məni olduqca həyəcanlandırmışdı. Təhsil alacağım 150 illik qocaman universitetin elmi işləri ən çox istinad almış professorunun əslən azərbaycanlı olduğunu bilmək başqa bir hiss gətirə də bilməzdi. Beləliklə, Lütfi Zadə ilə 2016-cı ilin fevralında həmin vaxt Los-Anceles Kaliforniya Universitetinin Ronald Reyqan Tibb Mərkəzində qaraciyər transplantasiyası üzrə ixtisasartırma keçən başqa bir Dövlət Proqramı məzunu doktor Vüsal Əliyevlə birlikdə evinə etdiyimiz ziyarətlə tanış olduq. Görüşümüz məndə qocaman elm çinarı ilə bağlı dərin izlər qoydu. Elmi işlərinin həcmi, təsir dairəsi, yaratdığı elmi-nəzəri fəlsəfənin müasir texnologiyaya təsirləri və s., bunlar onu tanımadan əvvəl də bildiyim şeylər idi. Məndə dərin iz qoyan nüanslar Lütfi Zadənin çatdığı məqam etibarilə sərgilədiyi duruş və münasibətlə bağlı idi. Doğulduğu torpağa xas canayaxınlığı, ona ünvanladığımız iltifatları utancaqlıq adı verə biləcək bir təvazökarlıqla qarşılaması, Bakıda keçən uşaqlığını, sonradan Azərbaycana etdiyi iki səfəri incə detallarına qədər bizə anlatma cəhdləri... Azərbaycandan edilmiş ziyarətlər əsasında ona verilmiş hədiyyələrin evin ən çox nəzərəçarpan yerlərində olması da diqqətimizdən qaçmadı. Düz iki saata yaxın professorun bizlə danışmadığı, zəngin bilgilərini və düşüncələrini paylaşmadığı mövzu qalmadı desək, yanılmarıq. Mənimlə əməliyyatlar tədqiqindən, Vüsal doktorla orqan transplantasiyasından danışdı, Azərbaycanda bu sahənin tarixi və indiki vəziyyəti ilə maraqlandı. Neft bazarını dəyərləndirdi, bir neçə geosiyasi mövzularla bağlı fikir mübadiləsi etdi. Bizə bəlli oldu ki, əsasən kitabların girişlərində adlarını gördüyümüz müasir elmin bir çox sahələrinin əksər nəhəngləri Lütfi Zadənin yaxın dostları, həmkarları olub. Lütfi Zadə ilə söhbətdən doymaq mümkün deyildi, yəqin ki, bir neçə saat daha davam edə bilərdik, amma təəssüf ki, professorun tədqiqat işlərinə davam etmə vaxtı çatmışdı. Bəli, 96 yaşındakı, elmdə fəth etmədiyi zirvə qalmamış Lütfi Zadə tədqiqat işlərinə davam etmə səbəbilə bizdən izn istədi və sağollaşıb kompüterinin başına keçdi.

Hazırda ABŞ-da doktorantura təhsili almaqdayam. Mən də akademik karyera arzusundayam. Lütfi Zadə qədər uzun ömür sürmək nəsib olarmı bilmirəm, lakin elmdə doymuşluq hissi nə zaman üzərimə çöksə özümə həyatını elmə həsr edən Lütfi Zadə ilə yaşadığımız bu anı xatırladacağam”.

 
yuxarı ⤴