1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//09.02.2018
//09.02.2018
//09.02.2018
//09.02.2018
//09.02.2018
//09.02.2018

Rəqəmsal əqli geriləmə və ya rəqəmsal inkişaf
09.02.2018 / No05


 
 
 

 

 


Rəqəmsal texnologiyaların aşırı istifadəsi həm emosional, həm də akademik intellektdə ciddi çatlar yarada bilər

Ləman HÜSEYNLİ,
Bakı şəhəri 175 nömrəli tam orta məktəbin metodist müəllimi, fizika üzrə fəlsəfə doktoru

Sirr deyil ki, sonuncu yüzilliyin ən böyük nailiyyətlərindən biri və az qala ən başlıcası, kompüter texnologiyalarının insan həyatının ayrılmaz hissəsinə çevrilməsidir. Lakin bu inkişaf mexanizmindən biz düzgün istifadə edə bilirikmi? Ətrafımızda gündən-günə artan nevroloji xəstəliklər və ona düçar olmuş yeni nəsil. Müəllimlər, psixoloqlar, alimlər və valideyn ordusunun həyəcan təbili çalacaq qədər ciddi yanaşdığı, yol axtardığı məsələ: İKT-dən şagird və övladlarımız necə istifadə etsinlər ki, asılı olmasınlar?
Bu baxımdan, statistik göstəricilərə əsasən, son illər yetişən nəslin nümayəndələri rəqəmsal dünyaya daha aktiv inteqrasiya nümayiş etdirirlər. Bunu zamanın tələbi, texnoloji yeniliklər əsrinin adekvat göstəricisi kimi də qiymətləndirmək olar. Elm və təhsilin inkişafında rəqəmsal yeniliklərin, internet resursların rolu danılmazdır. Lakin bu günün şagirdi, tələbəsi, müəllimi hansı kriteriyalara əsasən inkişaf edə bilir? Həqiqətənmi qadcetlər və planşetlərlə əvəz olunan dəftər və kitablar öz istifadəçilərinin inkişafının reproduktivliyinə cavab verir?

Şəxsiyyətyönümlü kurikulumun əsas hissəsi olan İKT-lərlə işləyən gənclərin əvvəlki nəsillərin nümayəndələrindən fərqi nədədir? Təbii ki, rəqəmsallaşmadan kənar həyat tərzində təfəkkürün inkişafı hazır səthi informasiya qəbulu ilə deyil, özəl mütaliə və analitik düşüncənin məcburi inkişafı ilə təmin olunurdu. Necə ki, idmançı bədən formasını məşq vasitəsi ilə möhkəmləndirdiyi kimi, zehnin və təfəkkürünü də düşünmək, analiz etməklə inkişaf etdirə bilər. Manfred Şpitser bu mövzuda ilk yazarlardan biri olaraq “Anti beyin” adlanan kitabında bir çox maraqlı məqamları qeyd etmişdir. Burada diqqətimizi çəkən bir hissəni nəzərə çatdırmaq istərdik. Manfred Şpitser qeyd edir ki, “görünür bəzi müəllim və professorlar anlamamışdır ki, öyrənmək nə deməkdir?” [5]. Müxtəlif mənbələrdən bilgilər əldə etmək, onları şübhəyə alaraq analiz etmək, mənbələri şübhəyə almaq, bunları müstəqil həyata keçirmək lazımdır. Məhz bu cür elm və bilginin əldə olunması məhsuldar ola bilər”( antibeyin) [5].

Rəqəmsal əqli geriləmə - İKT-ni işlədənlərin deyil, işlədə bilməyənlərin xəstəliyidir [1]. Məlumdur ki, şəxsiyyət strukturunun təməlini akademik bilgilərlə (İQ) paralel, hətta akademik bilgilərdən öncə, emosional intellekt (EQ) təşkil edir. Deniel Qoulman tərəfindən ilk olaraq ortaya qoyulan bu abreviatura sonradan bütün dünyaya yayılaraq inkişaf mexanizminin mənəvi aspekti kimi dəyərləndirilmişdir. Avropa ölkələrinin statistikasına əsasən idarə və ofislərdə çalışan mütəxəssislərdə kommunikasiya, qruplarla iş, şəxsi ünsiyyətdə ciddi boşluqları görərəkdən emosional intellekt mövzusunu administrativ olaraq işə götürmə prosesində əsas amil kimi göstərmişlər.

Bu bir daha son zamanlar insanların akademik biliklərindən (İQ) çox-çox aşağı əmsalda olan emosional intellektin (EQ) (qarşılıqlı münasibətlərin etikası) yoxlanılmasını önə çəkməyə ehtiyacın olmasını ortaya qoydu.Və bir sıra xarici ofislərdə işə qəbul zamanı testlərin təşkilində akademik yox, məhz psixoloji suallarla mütəxəssisin stress və konfliktə dayanıqlığının yoxlanılması önə çəkilmişdir. Təəssüflə qeyd etməliyik ki, rəqəmsal gəncliyin, o cümlədən planşet, telefon və qadcetlərdən asılı durumda olan məktəblilərin bugünkü kommunikasiya problemlərinin (kobud rəftarı, laqeydliyi, müəllim-valideyn şəxsiyyətinə sayğının zəifləməsini) boşluğu, yəni emosional intellektin (EQ) əmsalının aşağı göstəricisinin payının hamısı olmasa da bir qədəri, məhz İKT-dən düzgün və səmərəsiz istifadənin payına düşür. Valideyn və müəllimlərin məsələyə daha diqqətli və dolğun yanaşması problemin həllində köklü dəyişikliyə səbəb ola bilər. Belə ki, valideyn-övlad münasibətlərinin soyuqluğu, valideynlərin diqqətinin uşaqlardan yayğınlığı, birgə ünsiyyətin azalması, müştərək mütaliənin olmaması uşaqlarda alternativ enerji mübadiləsinə ehtiyac yaradaraq məhz asılılığın və enerjini alternativ mənbəyə keçirilməsinə, yəni qadcetlərdən aşırı və ifrat istifadəyə gətirib çıxarır.
Rəqəmsallaşma mərəzi, təəssüflər olsun ki, artıq körpə yaşlarından başlayaraq məktəbli yeniyetmələrə, onlardan da tələbə gənclərə və gənc nəslə sirayət etmişdir. Neçə-neçə gənc ailələrin dağılmasına səbəb olan bu problem artıq sosial-psixologiya, neyropsixologiya, fiziologiya, biologiya, psixiatriya, ümumi terapiya kimi sahələrin müxtəlif aspektlərinin müzakirə mövzusuna çevrilmişdir.

Şəxsiyyət strukturunun düzgün formalaşmasının əsas amillərindən biri kimi emosional intellekti (EQ) göstərirlər. Belə ki, şəxsiyyətin şəxsiyyət olaraq ətraf aləmi dərk edib düzgün kommunukasiya (ünsiyyət) bacarıqlarının yaranması məhz emosiyaların düzgün tərbiyə olunmasından keçir.

Kompüter oyunları, sosial şəbəkələr, müxtəlif onlayn proqramlar və s. texnoloji imkanların geniş olduğu bir ortamda hər bir müasir fərd adı çəkilənlərdən istifadə edir. Maraqlısı isə odur ki, bu istifadə sırf batini xarakter daşımaqla məlumatın məhz yenilənməsinə və zehni yüklənməyə gətirib çıxararaq, fotoqrafik sxemlər ortaya qoyur. Məşhur Amerika linqvisti Noam Comski müsahibələrinin birində bununla bağlı demişdir: “İnternet və sosial şəbəkələrdə az söz demək olar, lakin bunun səthiliyə gətirəcəyi qaçılmazdır”. Publisist Nikolas Karr isə internetdən istifadəni The Shallows adlandırmışdır (alman dilindən tərcümədə “boş” deməkdir) [2].

Buradan belə nəticəyə gəlmək olur ki, rəqəmsal texnologiyaların aşırı istifadəsi, təəssüf ki, həm emosional, həm də akademik intellektdə (EQ və İQ) ciddi çatların yaranmasına gətirib çıxara bilir.

Məşhur yazıçı Umberto Ekonun nəvəsinə ünvanladığı “Əziz nəvəm əzbər öyrən” adlı milad təbrikində yeni nəslin əzbərləmə və analiz bacarığının azalmasını, yaddaşın atrofiyası, az mütaliə və zehni idmanın olmaması, gənclərin əzbərləmə və analiz kasıblığını önə çəkmişdir [1].

Hətta şəxsiyyət strukturunun zədələnməsi hallarında biri kimi “demensiya” halını da misal gətirə bilərik. Latın sözü olan “demensiya” (de(aşağı) və mens (əql)) kimi tərcümə olunur. Nə qədər yüksəkdən eniş başlanılırsa, o qədər də demensiya halı dərinləşir [3].
Zaman və məkanda oriyentasiya, şəxsiyyət strukturunun inkişaf oriyentasiyası bizim əsas düşüncə aləmimizin verilənlər bazasını təşkil edir. Lakin təəssüf ki, demensiya halında olan pasiyentlər zaman, məkan anlayışını süquta uğradaraq “rəqəmsal əqli geriləmə” sindromunun qurbanına çevrilmişlər [6].
Məqaləmizin əsas məqsədi məktəb yaşda və təəssüf ki, hətta məktəbəqədər yaşda uşaqların valideynlərinin rəqəmsal mühitdə övladların özlərini daha təhlükəsiz hiss etməsinin qarşısının alınmasına kömək etməkdir.

Statistik göstəricilərə əsasən, normal uşaqlarda belə qazanılmış autizm, demensiya, sayrışan hallar nevroz və hətta şizofreniya kimi psixosomativ hallara qədər gətirib çıxaracaq durum müşahidə olunmaqdadır. Bu halların aradan qaldırılmasında həm məktəb, həm də valideynlərin müştərək iş aparması vacib amillərdəndir.

Təbii ki, kompüterdən sağlam istifadə qaydalarının təşviq olunması və zaman məhdudiyyəti, rəqəmsal deyil, real kitablar və mütaliənin təbliği, müxtəlif viktorina və yarışların təşkili və bu kimi layihələrin biz müəllim və metodistlər tərəfindən işlənib hazırlanması övladlarımızı real və təhlükəli durumdan qorumaqda köməkçi vasitə ola bilər. Təbii ki, hər bir inkişafın təməli düzgün hədəflərin seçilməsindən başlayır. Hədəfimiz isə inkişaflı nəslin yetişdirilməsində fəal və məsuliyyətli olmağa dəstək verməkdir.

 
yuxarı ⤴