1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//09.02.2018
//09.02.2018
//09.02.2018
//09.02.2018
//09.02.2018
//09.02.2018

“Səs salmayım, oyanarlar”
09.02.2018 / No05


 
 

 

 


Ayla Kəlbiyeva, beynəlxalq müsabiqələr laureatı: “Mahnını ifa etdikdən sonra səhnədən barmaq üstə düşdüm”

Sifai SƏFƏROVA

Mən mütəmadi olaraq musiqinin müxtəlif janrlarında, muğam ifaçılıq sənətində, rəssamlıq sahəsində hələ erkən yaşlarından böyük uğurlara imza atan, nəinki ölkə daxilində, eləcə də beynəlxalq səviyyəli istedad yarışmalarında, müsabiqələrdə ən yüksək mükafatlar qazanan şagirdlərimizi oxucularımıza təqdim edirəm. Belə istedad sahiblərinin biri də, budur, qarşımda oturub. Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasının 7-ci sinif şagirdi Ayla Kəlbiyeva. Olduqca utancaq və mülayim xarakterli qızdır. Musiqi sahəsində qazandığı uğurlar barədə mənə söylədiklərini birbaşa onun öz dilindən eşitməyinizi daha məqsədəuyğun saydım. 13 yaşlı bu yeniyetmə fortepiano ifaçısı təhsil ocağının pedaqoji kollektivinə, musiqinin sirlərini ona həvəslə mənimsədən müəllimlərinə, musiqisevərlərə və ən nəhayət, onu boya-başa çatdıran valideynlərinə ötən bu illər ərzində nə qədər sevinc hissi yaşadıb.

5 yaşımda “Bənövşə” Uşaq Xorunda çıxış etmişəm

2005 - ci ildə Bakı şəhərində anadan olmuşam. 2011-ci ildə Milli Konservatoriya tərkibində Respublika İncəsənət Gimnaziyasının I sinfinə daxil olmuşam. Uşaqlıqdan musiqiyə böyük həvəsim olub. Hələ 5 yaşında olarkən Respublika Uşaq Filarmoniyasında Oqtay Zülfüqarovun rəhbərlik etdiyi “Bənövşə” Uşaq Xorunda çıxış etmişəm. Onun müəllimliyi ilə çoxlu mahnılar öyrənmişəm. Hər dəfə məşqlər zamanı onun fortepianoda bənzərsiz ifalarını diqqətlə izləmişəm. Məktəbə gedənə qədər yazıb-oxumağı da bacarırdım. Buna bağçada sevimli tərbiyəçilərimin sayəsində nail olmuşdum. Hazırda Nigar Nəcəfovadan fortepiano ixtisası üzrə təhsil alıram, dərs əlaçısıyam. Tarix və riyaziyyat dərslərinə lap çox həvəs göstərirəm. Şəklim “Şərəf lövhəsi”ni bəzəyir.

Səhnədəkilər uşaqdır, mən də onlara lay-lay çalıram

Uğurlarıma heç də asanlıqla nail olmamışam. Məhz çalışqanlığım, musiqiyə olan hədsiz məhəbbətim nəticəsində çoxlu sayda respublika və beynəlxalq müsabiqələrin laureatı adını qazanmışam. 2013- cü il mənim üçün uğurlu oldu. Eşidəndə ki, Maltada keçirilən “Violin and frends” beynəlxalq müsabiqəsində iştirak edəcəyəm, çox fikirləşdim. Öz üzərimdə çox çalışsam da yer qazanacağıma əmin deyildim. Çox uşaq idim, 8 yaşım vardı onda. Amma bütün günü fortepianoda çalırdım, məşqlər edirdim. Anamsa mənim ifalarıma qiymət verirdi. O, həmişə mənə təsəlli verirdi ki, qorxmayım. Deyirdi ki, əgər həyəcan keçirsən, qalib olmayacaqsan. Nəhayət ki, münsiflərin qarşısında “Lay-lay” mahnısını ifa etdim. Təsəvvür edirdim ki, səhnədəkilər uşaqdır, mən də ifamla onlara lay-lay çalıram. Hətta mahnını ifa edib qurtarandan sonra səhnədən barmaq üstə düşdüm ki, səs salmayım, oyanarlar. Beləcə III yeri qazandım.

Ürəyimə danmışdı ki, qalib olacağam

2014-cü ildə Fransada N.Rubinşteyn adına XII beynəlxalq müsabiqəyə qatıldım. F.Şopenin əsərlərini ifa etdim, münsiflər heyəti ifalarımı bəyəndi, II yerin qalibi oldum. Qala konsertində də iştirak etdim. Bu dəfə artıq həyəcan keçirmirdim. Özü də ürəyimə danmışdı ki, qalib olacağam. Elə də oldu. Sevincimin hədd-hüdudu yox idi. Həyəcanlı anlarımı dostlarımla bölüşməyə tələsirdim. Malta şəhərindən fərqli olaraq Fransada gəzməli yerlər çoxdur. Ən məşhur, qədim Luvr muzeyində olduq. 2015-ci ildə İtaliyada “Citta di Pisaro XII beynəlxalq müsabiqəsində iştirak etdim. II yerin qalibi oldum.

2016-cı ilin yanvarı da mənim üçün uğurlu oldu. Eşidəndə ki, ABŞ-da “Amerikan Proteğe” beynəlxalq müsabiqəsində iştirak edəcəyəm, sevincimdən göyə uçurdum. Məktəbdən tez evə gəldim. Eşitdiklərimi anama nəql etdim. Ertəsi gün mahnılarımın diskini hazırladım və Amerikaya internet vasitəsilə göndərdim. 2-3 həftədən sonra cavab gəldi ki, mahnılarım bəyənilib. Səhv etmirəmsə, 3 aydan sonra ABŞ-ın Nyu-York şəhərinə yola düşdük. Amerikada “İnternational Piano and Strings Competition 2016” beynəlxalq müsabiqəsində ölkəmizi təmsil edirdim. Elə fərəhlənirdim ki! Axı uşaqlıq arzum idi Amerikada olmaq. Bu müsabiqədə də II yerə layiq görüldüm. Paytaxtımıza dönərkən sevincimdən bilmirdim ki, nə edim. Özümü çox xoşbəxt sayırdım. İlk öncə gimnaziyanın direktoru Aytən Əhmədova məni təbrik etdi və bağrına basdı. Sevinirdi ki, məktəbin adını, şərəfini uca etmişəm, müəllimlərimin zəhməti hədər getməyib.

Arzum təhsilimi ABŞ-da davam etdirməkdir

2017-ci ilin oktyabrında İspaniyanın Tenerife şəhərində keçirilən “Stars at Tenerife” beynəlxalq musiqi müsabiqəsinə qatıldım və II yerin sahibi oldum. Orada olarkən bir çox beynəlxalq müsabiqələrdə münsif olan professor Tamara Poddubnayadan ustad dərsləri aldım. Dünya bəstəkarlarından ifa etdiyim əsərlər onun çox xoşuna gəlmişdi. Dəfələrlə mənim ifalarımı dinlədi. Hətta 2018-ci ilin martında Almaniyada keçiriləcək “Musical fireworks at Baden-Württemberq” beynəlxalq müsabiqədə iştirak etmək üçün məni də dəvət etdi. Çox güclü müsabiqədir. Çalışacağam bu müsabiqədə də qalib olum. Əzmkarlıq göstərərək hər gün 5-6 saat məşğul oluram. Boş vaxtlarımda bədii ədəbiyyatlar oxuyuram. Arzum isə təhsilimi ABŞ-da davam etdirməkdir.

Hə, dostlar, Aylanın özü haqda söylədiklərini biz sizinlə birlikdə dinlədik. Mənim üçün də, elə sizin üçün də maraqlı olacaq bir etirafı da etdi bu istedadlı qız söhbətinin sonunda. Dedi ki, qazandığı nailiyyətlərlə kifayətlənmir, daha möhtəşəm auditoriyaların alqışlarını qazanmaq istəyir və bu arzularını gerçəkləşdirmək üçün səylə çalışacaq.
 
yuxarı ⤴