1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 20.01.2017

// 20.01.2017



 Yeni Azərbaycan dili dərsliklərinin mühüm məsələsi
13.02.2016/№6


Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Nəyi öyrətmək sualının həmişə verilməsinə və onun ətrafında çoxlu diskussiyaların aparılmasına baxmayaraq, bu sualın daha çox tarixi xarakter daşıması və bu gün də öz zamanında cavab tələb etməsi müşahidə olunur. İndi də aktual təhsil stereotiplərindən biri kimi yeni yanaşmaların formalaşmasında əhəmiyyətli rol oynamaqla, xüsusi olaraq təhsilin məzmununun yaradılması işinin əsasını təşkil edir. Bu məsələ, bütün fənlərdə olduğu kimi, Azərbaycan dili təlimində də mühüm məsələ hesab olunur və dərsliyin hazırlanmasında ciddi metodoloji problem kimi qəbul edilir. Məlum olduğu kimi, ötən əsrin 30-40-cı illərindən ta bu günə qədər Azərbaycan dili dərsliklərinin məzmununda prioritet olan məsələ linqvistik anlayışların daha qabarıq verilməsi, onların öyrənmə texnologiyasının mərkəzinə gətirilməsi, yekunlaşdırılması prosesində də məhz bu anlayışların nə dərəcədə mənimsənilməsi dayanmışdır. Dərsliyin hər dərs üçün nəzərdə tutulmuş hissələrində (paraqraflarında) linqvistik anlayışların daha dərindən mənimsənilməsi, möhkəmləndirilməsi üçün zəruri çalışmaların verilməsinə üstün yer ayrılmışdır. İlkin araşdırmaların nəticələri onu göstərir ki, bu dərsliklərdə təlim materiallarının verilməsi, əslində, xüsusi mahiyyət daşıyan bir mövqeyi ifadə etmişdir. Bu mövqe Azərbaycan dili dərsliklərində dilçilik anlayışlarını mənimsətmək mövqeyindən ibarət olmuşdur. Bu mövqe dərsliklərin adlandırılmasında da aydın hiss edilirdi. Müəyyən dövrlərdə dərsliklərin “Azərbaycan dilinin qrammatikası” adlandırılması məhz bu missiyadan irəli gəlmişdir.

Ötən əsrin 70-ci illərindən başlayaraq artıq ümumtəhsil məktəblərində dərsliklərin “Azərbaycan dili” kimi adlandırılması əvvəlki dövrlərlə müqayisədə irəliləyiş kimi qəbul edilirdi. Uzun illər Azərbaycan dilinin tədrisi metodikası üzrə ardıcıl və sistemli araşdırmalar aparmış mərhum professor Ə.R.Əfəndizadə bu mərhələnin əhəmiyyətini xüsusi qeyd edərək onu mahiyyət etibarı ilə düzgün atılmış bir addım kimi dəyərləndirmişdir. Dərsliklərin “Azərbaycan dili” kimi adlandırılmasını təqdir etmiş və əsaslandırmışdır.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Azərbaycan dili dərsliklərinin hansı parametrlərə malik olması, hansı missiyanı daşıması, heç sübhəsiz, Azərbaycan dili proqramından qaynaqlanan bir məsələ olduğundan bu cəhət də öz növbəsində zəruri şərt kimi nəzərə alınmalıdır. Çünki dərsliyə təlim proqramında müəyyən olunmuş fəlsəfə ötürülür. Dərslik ona ötürülmüş ideyanı reallaşdırmaq üçün özünəxas metodoloji bir sistemə malik olur.

Məlum olduğu kimi, 2005-ci ildə Azərbaycanda ilk dəfə dərslik siyasəti ilə bağlı sənəd qəbul olunur və bu sənəddə ölkənin dərslik siyasəti öz əksini tapır. Bu sənəddə müasir dərsliklərin mahiyyəti və məzmunu ilə bağlı məsələlərə xüsusi yer ayrılır. Onların şəxsiyyətin yetişdirilməsindəki rolu xüsusi olaraq qeyd olunur. İdraki xarakteri barədə tələblər müəyyənləşdirilir.

Əlbəttə, bütün bu irəliləyişlər özünün məzmun və məna tutumuna görə genişmiqyaslı olub ilk dəfə gündəmə gətirilirdi. Onun reallaşdırılması istiqamətində təşəbbüslərin olduğu müşahidə edilirdi. Bütün fənlər kimi Azərbaycan dili üzrə də müəyyən işlər özünün başlanğıc mərhələsində olması ilə fərqlənirdi. Dərslikdə müəyyən konstruktiv dəyişikliklərin aparılması müşahidə olunurdu.

Azərbaycan dili dərsliklərinin modern xüsusiyyətlər daşımasında gecikmələrin olmasının bir mühüm cəhəti dərs anlamındakı uyğunsuzluqlarla əlaqədar idi. Mərhum professor Ə.Ə.Əlizadə yazırdı ki, “Müasir dərs anlamında hafizənin inkişafı və tərbiyəsi məqsəd deyil, vasitədir. İdrak fəaliyyətini, ilk növbədə, təfəkkürü aktivləşdirmək üçün vasitə” (Ə.Ə.Əlizadə. Yeni pedaqoji təfəkkür: ideyalar, prinsiplər, problemlər. Adiloğlu, Bakı, 2001).

Belə olduğu təqdirdə dərsin qurulmasında istifadə olunan bütün vasitələr də bu tendensiyadan çıxış edərək özünəməxsus mahiyyət kəsb etməlidir. Onlar yaddaşın doldurulması deyil, təfəkkür elementlərinin inkişafının təminatçısına çevrilməklə daha çox inkişafedici xarakter almalıdır. İlkin araşdırmalar göstərir ki, bu prosesdə Azərbaycan dili dərslikləri üçün önəmli olan və onu başqa dərsliklərdən ayıran fərqli cəhətlər vardır. Onlardan birincisi, Azərbaycan dili dərsliklərinin ehtiva etdiyi dil materiallarıdır ki, onlar bilavasitə təfəkkürlə bağlı olaraq onunla qarşılıqlı əlaqədə inkişaf edir. Çünki dil, təfəkkür əlaqələrinin yaranması uzun illərin sınağından çıxmış və özünü təsdiq etmiş ideyadır. Bu gün sadəcə həmin fikirləri xatırlamaqla biz onu gündəmə gətirir və araşdırdığımız məsələnin bünövrəsini qoyuruq. Həm də bununla Azərbaycan dilinin bir fənn olaraq xüsusi əhəmiyyətini qeyd etmiş oluruq.

İkincisi, Azərbaycan dili dərsliyinin daha çox praktik əhəmiyyət daşıması və insanların ünsiyyət aləminə varid olması üçün imkanları ilə seçilməsidir.

Ümumtəhsil məktəblərində tədris olunan Azərbaycan dili fənni özündə daha çox fundamental yanaşmalardan uzaq olan və sosial mahiyyət kəsb edən bir məqsəd daşıyır. Azərbaycan dili üzrə yeni təhsil proqramında (kurikulumda) göstərildiyi kimi, “ümumtəhsil məktəblərində Azərbaycan dili təliminin məqsədi nitq və dil bacarıqlarını formalaşdırmaqla şagirdlərin nitq mədəniyyətinə yiyələnmələrini təmin etməkdən ibarətdir”. (Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan dili üzrə təhsil proqramı (kurikulumu) (I-XI siniflər). Bakı.Təhsil Problemləri İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi, 2015).

Şəxsiyyətin mühüm keyfiyyəti olan və onun cəmiyyətdəki statusuna bu və ya digər mənada təsir göstərən nitq mədəniyyəti hər kəsin fərdi keyfiyyət göstəricilərindən biri olmaqla, həm də onun sosial düşüncə tərzi, insanlar arasında zəruri kommunikativ əlaqələrin ifadəçisi kimi maraq doğurur. Məktəblər nitq mədəniyyətini formalaşdırmaqla şagirdlərin, ilk növbədə, milli qürur mənbəyi olan yüksək ünsiyyət bacarıqlarına dəyər verir, onun inkişaf etdirilməsi üçün sistemli iş aparmaqla məşğələlər təşkil edirlər. Təbii olaraq belə fəaliyyətlərin qurulmasında məktəbin dəstəkverici missiyası inkişafyönümlü xarakter almaqla özünü daha qabarıq göstərir. Belə məktəb isə özlüyündə öz infrastrukturuna uyğun olaraq daha çevik və mütəhərrik xarakter daşıyır. Onun vasitələr sistemi daha özünəxas olan bir tərzdə hazırlanır. Bu mənada yeni məzmuna uyğun dərsliklərin yaradılması istər-istəməz bir zərurət kimi meydana çıxır.

Bəs onda bu dərsliklər hansı funksiyanı yerinə yetirməlidir? Onlar öz məzmununda hansı materialları ehtiva etməlidir? Bu sualları Azərbaycan dili dərsliklərinə şamil etməklə onları necə cavablandırmaq mümkündür?

Müasir məktəbin humanitar, inteqrativ xarakteri dərsliklərin qoyulmuş bu ritorik sualların fonunda hazırlanmasını tələb edir. Azərbaycan dili dərslikləri şəxsiyyətin nitq inkişafının aparıcı amili olmaqla onun formalaşmasını stimullaşdırır. Daha konkret demiş olsaq, onun inkişafına kommunikativ vasitələrlə dəstək olur. Mərhum professor Ə.Ə.Əlizadə qeyd edirdi ki, “Təhsilin humanitarlaşdırılması prinsipinin həyata keçirilməsi həm də dərslik problemi ilə bağlıdır. Şagird şəxsiyyətinin formalaşdırılmasında dərsliklərin rolunun hər vasitə ilə artırılması zəruridir” (Ə.Ə.Əlizadə. Yeni pedaqoji təfəkkür: ideyalar, prinsiplər, problemlər. Adiloğlu, Bakı, 2001). Bu mənada Azərbaycan dilinin həm ayrıca bir fənn kimi öyrənilməsi, həm də digər fənlərin öyrənilməsində yardımçı rolunda çıxış etməsi onun effektiv fəaliyyət göstərməsinin atributu kimi diqqət çəkir.

Dərsliklərdə belə yanaşmaların olması onun daha çox obyektiv xarakter daşımasını və şəxsiyyətin yetişməsinə təsir göstərməsini birmənalı olaraq ifadə edir.

Məlum olduğu kimi, şəxsiyyət cəmiyyətdə özünün dəyərləri ilə fərqlənərək fəaliyyətində bu dəyərlərə mənsub olduğunu, onları daşıdığını ifadə edir. Bu dəyər isə ayrı-ayrı fənlərin tədrisi prosesində əldə olunur. Azərbaycan dili üzrə, əsasən, nitq mədəniyyətinə, düşüncə mədəniyyətinə yiyələnmək daha çox üstünlük təşkil edir. Bu müddəa o zaman özünün real həllini tapır ki, ilk növbədə, fənnin məzmununu tamamlayan dərsliklər ümumi təlim prinsiplərinə tabe olur. Orada şagirdlərin inkişafını sürətləndirən və onu stimullaşdıran didaktik materiallardan istifadə edilir. Beləliklə, dərslik şagird şəxsiyyətinin formalaşmasında əhəmiyyətli rol oynayan mühüm təsir vasitəsinə çevrilir. Müasir dövrdə Azərbaycan dili dərsliklərinin qeyd olunan həmin xüsusiyyətlər baxımından zəngin olması çox vacib didaktik tələbdir.

Yeni Azərbaycan dili dərslikləri praktik bir fənni simvolizə etdiyindən onun məlumat, fikir yükünün balanslaşdırılması, didaktik cəhətdən əhəmiyyətli hesab edilir. Orada çalışmalar sisteminin üstün yer alması, praktik materiallara geniş yer verilməsi, nitq mədəniyyəti üzrə işi təmin edən materiallara daha çox diqqət yetirilməsi metodik cəhətdən faydalı bilinir.

Azərbaycan dili təliminin başlıca məqsədi nitq mədəniyyətinin formalaşdırılması olduğundan bu işi mətn üzrə yerinə yetirməklə daha uğurlu nəticələrə gəlmək mümkündür. Bu isə belə bir qənaətə gəlməyə imkan verir ki, kursun bütövlükdə iş sistemini linqvistik anlayışların formalaşdırılması məntiqinə tabe etmək olmaz. Təcrübələr də göstərir ki, şagirdləri dilçilik elminin sahələrinin ardıcıllığı üzrə qurulmuş məzmun üzrə işlətmək onların sadəcə linqvistik bilgilərini möhkəmlətməyə xidmət göstərməkdən başqa bir şey deyildir. Bu yanaşmalar şagirdlərdə nitq fəaliyyəti üzrə praktik bacarıqların əldə olunmasına təkan verə bilmir. Əksinə, findamental dilçilik bilikləri və bacarıqları verməklə, onların praktik nitq bacarıqlarının formalaşdırılmasında ləngimələrin əmələ gəlməsinə səbəb olur. İlkin təcrübələr göstərir ki, şagirdlər müxtəlif üslubda olan qeyri-linqvistik mətnlər üzrə işləməyə daha çox maraq göstərirlər. Bu mənada onları canlı nitq üzərində müşahidələr aparmağa sövq etmək, yaradıcı nitq çalışmaları üzərində işlətmək daha səmərəli və faydalı iş üsulu hesab edilə bilər. Ona görə də dərsliklərin ümumi strukturunda bu məsələyə xüsusi diqqət yetirilməli, Azərbaycan dili üzrə təlim materiallarının ümumi sıralanmasında, demək olar ki, bütün materialların hər hansı bir üslubda olan rabitəli mətnə əsaslanması mühüm tələb kimi nəzərə alınmalıdır.
 

yuxarı ⤴