1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.03.2017

// 18.03.2017

// 18.03.2017

 Avstraliyanın Melburn Texnologiya İnstitutunun tələbəsi ilə söhbət
13.02.2016/№6


Avstraliyanın Melburn Texnologiya İnstitutunun tələbəsi Orxan Süleymanovla söhbət

Oruc MUSTAFAYEV, “Azərbaycan müəllimi”
o.mustafayev@muallim.edu.az


Orxan Süleymanov 1993-cü ildə Göyçay şəhərində anadan olub. 1999-cu ildə Göyçay şəhər Ziya Bünyadov adına 3 nömrəli məktəbin I sinfinə gedib. 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəklədiyi və ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun Əməkdaşlıq üzrə Amerika Şurası tərəfindən idarə olunan Gələcək Liderlərin Mübadilə Proqramının (FLEX) qalibi olub, 2009-2010-cu təhsil ilini ABŞ-da davam etdirib. 2011-ci ildə “ADA” Universitetinə qəbul olub. Hazırda “ 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Avstraliyanın Melburn şəhərindəki Kral Melburn Texnologiya İnstitutunda (Royal Melbourne Institute of Technology- RMIT) informasiya sistemləri üzrə bakalavr təhsili alır. Orxan Süleymanovla söhbətimizə ilk təhsil illərindən başladıq.

Orta məktəb illərində bütün fənlərdən yüksək qiymət alaraq əlaçı olmuşam. Bütün fənləri eyni həvəslə oxumuşam. Amma uşaqlıqdan dil öyrənməyə ayrı bir marağım olub. Elə bu səbəbdən valideynlərim mənim rus bölməsində təhsil almağımı məsləhət görmüşdülər. Lakin təkcə rus və Azərbaycan dillərini bilmək az idi, buna görə də ingiliscə audio vəsaitlərə və filmlərə qulaq asmağa başladım ki, ingilis dilinin də sirlərini öyrənməyə çalışım. Zəhmətim öz bəhrəsini verdi. 2009-cu ildə ingilis dilində bir neçə turdan keçməklə imtahan verdim və Gələcək Liderlərin Mübadilə Proqramının (FLEX) finalçısı oldum. ABŞ-da təhsil dövründə alman dilini xarici dil kimi seçdim. Amerikada riyaziyyata çox böyük marağım oyandı. Riyaziyyata göstərdiyim sevgi və maraq öz bəhrəsini göstərdi. 2010-cu ildə Hastings şəhərində fərqlənən şagird kimi mükafata və sertifikata (Outstanding Student in Honors Pre-Calculus) layiq göruldüm. Mənim üçün ən böyük yenilik riyaziyyatda riyazi funksiyaların qrafiklərini kompüter proqramı vasitəsilə göstərməyin mümkün olmasını öyrənmək oldu. Bu üsul istənilən funksiyanın qrafikinə əsasən onun xassələrini daha yaxşı anlamağa kömək edir.

“Elə bil başqa bir dünyanın qapısı açılmışdı üzümə ...”

Səmimi desəm, ixtisas seçimim məndə bir az fərqli olub. “ADA” Universiteti mənim gələcək ixtisas seçimimdə çox böyük rol oynamışdı. “ADA”-da oxuyarkən bir çox istedadlı insanları tanıdım, yaxşı dostlar qazandım və maraqlı həyat dərsləri yaşadım. Elə universitetin II kursunda təhsil alan zaman ilk dəfə kəmiyyət göstəricilərinə dair məlumatların təhlili (Quantitative data analysis) dərsi zamanı bizə “R” proqram dili tədris olundu. Bu zaman məndə proqramlaşdırma dillərinə inanılmaz maraq yarandı. Elə bil başqa bir dünyanın qapısı açılmışdı üzümə - rəqəmsal dünya ilə bizim dünya arasında bir körpü peyda oldu qarşımda! Kompüterə istədiyimiz bir komandanı yazmaq və kompüterin bu komandanı icra etməsi konsepsiyası məni sadəcə ovsunlamışdı. Proqramlaşdırmaya marağımı nəzərə alaraq, elə o andan etibarən özüm üçün yeni ixtisas seçimi axtarışına başladım. Bir sıra online məqalələr oxuyub, internetdə ekspertlərdən məsləhətlər aldım, ən əsası öz marağımı tam anlayaraq kompüter elmlərinin informasiya sistemləri qolunu öyrənməyi qarşıma bir məqsəd qoydum.

“Dövlət Proqramı tələbələr üçün böyük dayaq, qayğı və şansdır”

Mən “ADA”-da təhsil alan zaman universitetimizdə kompüter elmləri departamenti yox idu. Ona görə də qərara aldım ki, xaricdə təhsil alım və biliklərimi genişləndirib bu sahədə bir peşəkar olum. Artıq ABŞ-da bir il təhsil aldığımdan valideynlərim xaricdə təhsil almaq istəyimə etiraz etmədilər. Valideynlərim kimi dostlarım da seçimimə hörmət edərək məni dəstəklədilər və uğur qazana biləcəyimi söylədilər. Əgər Dövlət Proqramı olmasaydı, xaricdə təhsil almaq istəyim sadəcə bir arzu olaraq qalardı. Səmimi söyləsəm, Dövlət Proqramından keçmək şansımda tərəddüd edirdim. Amma artıq qarşıma məqsəd qoymuşdum. Buna görə də arzumu həyata keçirmək üçün Dövlət Proqramına müraciət etdim. Dövlət Proqramına dair bütün məlumat və suallarımın cavablarını www.xaricdetehsil.edu.gov.az saytından aldım. Sənəd qəbulundan seçim turuna kimi müşahidə etdiyim peşəkarlıq və dəqiqlikdən söyləyə bilərəm ki, layihənin idarə olunması yüksək səviyyədə aparılır. Doğrusu, Dövlət Proqramı finalçısı olduğumu öyrənəndə öncə inanmamışdım. Yadımdadır ki, sevincimin hədd-hüdudu yox idi. Müsbət xəbəri yaxınlarla paylaşanda hamıda sevinc hissləri yaranmışdı.
Ümumiyyətlə, bildirmək istərdim ki, Dövlət Proqramı doğrudan da tələbələr üçün böyük bir dayaq, qayğı və şansdır, çünki tələbələrimizə dünya səviyyəsində yüksək təhsil almağa və özünü inkişaf etdirməyə imkan verir.

“Vaxt tapdıqca youtube layihəm üzərində işləyirəm”

Təhsil aldığım Kral Melburn Texnologiya İnstitutu Avstraliyanın ən böyük ali təhsil ocağı olaraq, dünyada texnologiya və dizayn universiteti kimi tanınır. RMIT 1887-ci ildə təsis edilib və hazırda kompüter elmləri və informasiya sistemləri, mühasibat uçotu və maliyyə, mexanika və elektrik mühəndisliyi sahələrində dünyanın ən yaxşı 100, arxitektura və dizayn sahəsində isə ilk 50 ən yaxşı ali məktəbi arasında yer alıb.

Təhsil aldığım informasiya sistemləri sahəsinin çox əhəmiyyətli və maraqlı olduğunu düşünürəm və vaxtımın çoxunu keçdiyimiz fənləri daha da yaxşı anlamağa və mükəmməlləşdirməyə sərf edirəm. Tədris aldığım fənlərimdə yüksək nailiyyət əldə etdiyim üçün 2015-ci il “Golden Key” Beynəlxalq Cəmiyyətinə üzvlük hüququ qazandım. “Golden Key” Beynəlxalq Cəmiyyətinə isə üzvlük yalnız dəvətnamə ilə olur və tələbənin akademik göstəricilərinə əsasən universitetin ən üst 15% tələbəsinə üzvlük dəvətnaməsi göndərilir. Hazırda “Golden Key” Beynəlxalq Cəmiyyətin RMIT filialında intellektual məşğuliyyət əməkdaşı (intellectual engagement officer) kimi könüllü işləyirəm. Hazırda qrup halında bir neçə proyektlərin ideyaları üzərində işləyirik. Özüm isə sərbəst olaraq boş vaxt tapdıqca youtube layihəm üzərində işləyirəm. Əgər müşahidə aparsanız görərsiniz ki, ingilis və rus dillərində bir çox elmi videolar mövcuddur, lakin Azərbaycan dilində, əfsuslar olsun ki, bu tip videoların sayı çox azdır. Bu səbəbə görə də belə bir layihə təşkil etmək fikrinə gəldim. Məqsədim doğma Azərbaycan dilimizdə orta məktəb şagirdlərimiz üçün elmi videolar boşluğunu aradan qaldırmaq və gənclərimizi lazımlı informasiya ilə təmin etməkdir. Riyaziyyata çox böyük marağım olduğundan vaxt tapdıqca riyaziyyatın müxtəlif bölmələrindən videolar hazırlayıb youtube səhifəsinə yükləyirəm. Bir neçə istifadəçinin şərhinə görə yaxşı izah verirəm. Belə sözləri də eşitmək çox sevindirici bir haldır.


“Müəllimlərin çoxu tələbələrlə dost kimi münasibətlər qururlar”

Müəllimlərimizin çoxu qeyri-rəsmidir və tələbələrlə dost kimi münasibətlər qururlar. Mövzunu anlamayanda soruşmağı və biliklərimizi mükəmməlləşdirməyimizi daim bizə təlqin edirlər. Düzdür, mühazirədə çox vaxt müəllimə sual vermək çətin olur, çünki auditoriya böyükdür, amma həmişə sualım olan zaman, onları qeyd edib ya dərsdən sonra tyutorların, yaxud da müəllimlərimizin elektron poçtuna ünvanlayıram. Maraqlı cəhət odur ki, müəllimlərimiz çox zaman suallarımızı cavablandırmırlar, bizə kritik düşünməyi aşılayırlar və suallarımızın cavablarını tapmaq üçün bizi istiqamətləndirirlər. Suallar çətin olan zaman bizlərlə görüş təyin edib, düşünmə prosesimizi öyrənib, bizi düzgün yola yönləndirirlər. Bu da çox sevindirici haldır, çünki kompleks dünyada çox zaman fərqli problemlərlə üzləşə bilərik və kritik düşünmə problemlərin həlli prosesinin vacib bir hissəsidir.

Bizim universitetdə 2 saatlıq mühazirədən sonra kiçik qruplarda yeni öyrəndiyimiz bilikləri kompüter qarşısında 2 saat praktik dərsdə (tutorial) genişləndiririk. Müxtəlif simulyasiyalar apararaq biliklərimizi daha da təkmilləşdiririk. Oxuduğum şəhərdə bir sıra nüfuzlu universitetlər olduğundan digər universitetlərin müəllimləri ilə də görüş təyin edib, hansısa bir ideya və yaxud layihə haqqında məsləhət almaq olur. Xarici tələbələrlə ünsiyyət zamanı maraqlı ideyalar, yeni bilgilər eşidirsən, öz dünyagörüşünü genişləndirirsən. Müsbət cəhətlər çoxdur.

Universitetdə imtahanların təşkilinə gəlincə, tədris olunan fənnin yekun qiymətinin 50-60 faizi həmişə 2 saat 15 dəqiqəlik yazılı final imtahanı təşkil edir. Geridə qalan faizlər isə semestr boyu fərdi iş və tapşırıqlardan alınır. Final imtahanlar çox ciddi nəzarət altında keçirilir. Tələbələr böyük bir auditoriyada yığışır. Auditoriyada kameralar və çoxlu sayda nəzarətçilər olur. Yalnız nəzarətçinin icazəsindən sonra tələbələr imtahan vərəqəsini açıb, sualları oxumağa başlayırlar. Adətən hər sırada 10 nəfər nəzarətçi olur. Heç bir qayda pozulmadığına əmin olmaq üçün hər bir imtahandan sonra kameralara və nəzarətçilərin qeydlərinə baxılır. Bu səbəbə görə imtahan nəticələri bir az gec, 3-4 həftə sonra tələbələrə bildirilir.

Universitet vaxtımın böyük hissəsini alsa da boş vaxtım da olur. Asudə vaxtlarımda dostlarımla görüşürəm, mütaliyə edirəm və universitetimizdə könüllü işləyərək tələbələrə ötən semestrlərdə yüksək qiymət aldığım fənlərdən yardım edirəm.


“Azərbaycanı yüksək şəkildə təmsil etməyə çalışmışam”

Yaşadığım şəhərdə 20-yə yaxın azərbaycanlı tələbə təhsil alır. Bir- birimizlə daim sıx əlaqə saxlayır və asudə vaxtlarımızda görüş təyin edirik. Ümumiyyətlə, xaricdə təhsil almaq böyük bir imkan, şansla bərabər, həm də böyük bir məsuliyyətdir. Biz sadəcə özümüzü deyil, bütün mədəniyyətimizi və dövlətimizi təmsil edirik. Əgər insanların yadında biz yaxşı insan kimi qalsaq, ölkəmiz haqqında da onların beynində, düşüncəsində müsbət fikirlər, təəssüratlar yaratmış olacağıq. Ona görə də bu ideyanı həmişə yadımda saxlayıb, Azərbaycanı yüksək şəkildə təmsil etməyə çalışmışam. Dəfələrlə müxtəlif insanlar xarakterimə və nailiyyətlərimə maraq duyaraq ölkəmiz haqqında maraqlanıblar. Universitetimizdə keçirilən mədəniyyət gecəsində də ölkəmizi yüksək səviyyədə təmsil etmişəm.

Perspektiv planlarıma gəldikdə isə demək istəyirəm ki, gələcək üçün qurduğumuz planlar çox zaman istədiyimiz axarda getməyə bilər. Ona görə də öncədən planlarım haqqında bir söz demək istəməzdim. İnformasiya sistemlərində böyük həcmli məlumatların (big data) süni intellekt (artificial intelligence) vasitəsilə idarə olunma konsepsiyası mənim marağıma səbəb olmuşdur. Düşünürəm ki, işlər planlaşdırdığım kimi getsə, bu sahə üzrə araşdırmalar aparıb təhsilimi bu yöndə davam etdirəcəyəm.

Sonda təhsil sahəsində qazandığım bütün uğurlarda üzərimdə əməyi olan hər bir kəsə dərin təşəkkürlərimi bildirmək istərdim.

yuxarı ⤴