1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






ADPU-da professor Abasqulu Abaszadə adına auditoriyanın açılış mərasimi keçirilib
18.02.2017 / No6

 

 

 


Fevralın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fizika və texnologiya fakültəsində ölkəmizdə fizika və fizikanın tədrisi metodikası elmlərinin əsasını qoymuş alimlərdən biri, fizika-riyaziyyat elmləri doktoru, professor, SSRİ Pedaqoji Elmlər Akademiyasının (PEA) ilk azərbaycanlı müxbir üzvü Abasqulu Ağabala oğlu Abaszadə adına auditoriyanın açılış mərasimi keçirilib. Qeyd edək ki, auditoriyada görkəmli alimin xatirə lövhəsi yaradılıb. Tədbirdə ADPU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələri, ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları, tanınmış alimlər, ziyalılar iştirak ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq professor Abasqulu Abaszadə adına auditoriyanın açılmasını bu ali təhsil müəssisəsində qədirbilənlik ənənəsinin yaşadılmasının əyani ifadəsi kimi dəyərləndirib və alimin bütün ömrünün elm və təhsilin inkişafına, yüksək ixtisaslı milli pedaqoji və elmi pedaqoji kadrların hazırlanması işinə həsr etdiyini bildirib. Böyük alimin həyat və fəaliyyəti barədə danışan rektor qeyd edib ki, mayelər fizikası sahəsində fundamental tədqiqatlar aparan alim elmə mühüm yeniliklər gətirib. O, 20 dərslik, metodik vəsait və monoqrafiyanın müəllifidir. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə 100-ə yaxın elmlər namizədi (indiki fəlsəfə doktoru) və doktoru hazırlanıb ki, onların 60-a yaxını alimin özünün aspirant və dissertantı olub.
Fakültənin dekanı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Arzu Daşdəmirov çıxış edərək professor A.Abaszadənin adını daşıyan auditoriyanın yaradılmasına verdiyi dəstəyə görə rektor Cəfər Cəfərova minnətdarlıq edib.
Mərasimdə professor A.Abaszadənin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən akademik Bahadır Tağıyev, akademik Cavad Abdinov, ümumi fizika kafedrasının professoru Edil Eyvazov, fizikanın tədrisi metodikası kafedrasının professoru Şükür Əlizadə, Yevlax Ziyalılar Cəmiyyətinin sədri, əməkdar müəllim Qiyas Quliyev və başqaları professor A.Abaszadə ilə bağlı xatirələrini bölüşərək onun böyük müəllim-alim, dəyərli ziyalı kimi təhsilimizin inkişafında mühüm xidmətlər göstərdiyini vurğulayıblar.
Görkəmli alimin nəvəsi Rövşən Abaszadə babasının adını daşıyan auditoriyanın yaradılmasına görə ADPU-nun rəhbərliyinə ailələri adından təşəkkür edib.
Sonda xatirə şəkli çəkdirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
 

yuxarı ⤴