1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Paytaxt təhsilində yeniliklər
18.02.2017 / No6

 
 

 

 


Məktəb direktorları ilə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib.
BŞTİ-nin təşkilatçılığı ilə keçirilən görüşün əsas məqsədi tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması və müəssisə rəhbərlərinin məsuliyyətinin artırılmasından ibarətdir.
276 nömrəli tam orta məktəbdə təşkil edilən görüşdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva tədbir iştirakçılarını salamlayaraq, təhsil sahəsində aparılan islahatlardan, BŞTİ-nin qarşısında duran vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb.
M.Vəliyeva bildirib ki, cari tədris ilində fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan BŞTİ tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilir. Sevindirici haldır ki, bu istiqamətdə atılan addımlar cəmiyyət tərəfindən ciddi dəstək qazanır.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan strateji istiqamət və hədəflərə çatmaq üçün müxtəlif inkişafyönümlü layihələrin icrasının təmin edildiyini bildirən M.Vəliyeva paytaxt təhsilində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən də danışıb.
Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən biri olduğunu xatırladan BŞTİ müdiri məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb.
Görüşdə məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, IX siniflərdə keçirilən buraxılış imtahanları, fənn olimpiadaları, məktəblərin idarəetməsi, Təlimə Dəstək Mərkəzinin fəaliyyəti, məktəblərdə psixoloji xidmət, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi, məktəbdənkənar fəaliyyətin təşkili, ictimaiyyətlə əlaqələr və digər məsələlər müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.
Tədbirdə çıxış edən BŞTİ müdirinin müavinləri Hüseyn Əsgərov və Rəşad Tağıyev kadrlarla iş, müəllimlərin işə qəbulu və yerdəyişməsi, müsabiqələrin təşkili, kargüzarlıq, maddi-texniki təminat və digər məsələlər haqqında fikirlərini bildiriblər.
Daha sonra təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb və qaldırlan məsələlərə aydınlıq gətirilib.

“75 məktəb” layihəsi çərçivəsində görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “75 məktəb” layihəsi çərçivəsində ilk maarifləndirici görüş keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd 2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin yeni model əsasında həyata keçirilməsi barədə müəllimləri məlumatlandırmaqdan ibarətdir.
Qaradağ rayonundakı 233 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, IX siniflərdə Azərbaycan dili və riyaziyyat fənlərini tədris edən müəllimlər iştirak ediblər.
Görüş zamanı IX siniflərdə Azərbaycan dili və riyaziyyat fənlərini tədris edən müəllimlərə mütəxəssislər tərəfindən yeni imtahan qaydaları, standartların təhlili, açıq suallarla işləmək texnikası və qiymətləndirilməsi, strategiyalı oxu, oxuyub anlama, o cümlədən mətn üzərində iş, mətnin növləri, mətnin hissələri, məzmunu, ideyası haqqında və riyaziyyat fənni üzrə müəyyən edilmiş 5 məzmun xətti üzrə 12 əsas standartın reallaşdırılması istiqamətində tövsiyələr verilib.
Qeyd edək ki, “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “75 məktəb” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı və təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması kimi dəyərlərin təbliğindən ibarətdir.

Məktəblilərarası məntiq yarışları

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Məktəblərarası əməkdaşlıq” layihəsi çərçivəsində məntiq yarışları keçirilir.
“Məktəblərarası əməkdaşlıq” layihəsinin əsas məqsədi məktəblər arasında əlaqələri genişləndirmək, təcrübə mübadiləsi aparmaq və qarşılıqlı əməkdaşlıq əsasında təhsili daha da inkişaf etdirməkdən ibarətdir.
Bakı şəhəri 232 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə həyata keçirilən yarışlar məktəblilərdə məntiqi biliklərin genişləndirilməsi, istedadlı, məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdlərin aşkara çıxarılması və onların elmə marağının daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, layihə çərçivəsində müxtəlif qruplar üzrə keçirilən yarışlarda paytaxtın 85, 87, 140, 178, 193, 232 və 327 nömrəli tam orta məktəblərinin komandaları öz gücünü sınayıb. Yarışlarda komandalara I turda 10, II turda 7, III turda isə 5 məntiqi sual təqdim edilib. Qruplar üzrə yarışlarda 85 nömrəli tam orta məktəbin “Zəfər”, 193 nömrəli tam orta məktəbin “Şəhriyar" və 232 nömrəli tam orta məktəbin “Uğur” komandaları I yerin qalibi olub.
Hər qrup üzrə yarışda I yerin qalibi olan komanda kubokla, II və III yerləri tutan komandalar isə diplomla təltif edilib.
Qeyd edək ki, məktəblilərarası məntiq yarışlarının qarşıdakı müddətdə kənd məktəbləri ilə birgə keçirilməsi nəzərdə tutulub. Məntiq yarışları may ayına qədər davam edəcək.

Xocalıya həsr olunmuş müsabiqə davam edir

“Xocalısız 25 il” mövzusunda keçirilən rəsm-sərgi müsabiqəsi davam edir.
Müsabiqə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilir.
Müsabiqənin əsas məqsədi Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir.
Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar keçirilən müsabiqədə 3 yaş qrupu üzrə (6-9, 10-14 və 15-18 yaşlı) uşaq və gənclər iştirak edir.
Müsabiqənin I mərhələsi fevralın 20-də başa çatacaq. I mərhələdə fərqlənən rəsm işləri müsabiqənin II – Bakı şəhər mərhələsinə təqdim olunacaq. Müsabiqənin şəhər mərhələsində hər yaş qrupu üzrə 3 qalib seçiləcək.
Qaliblər müəyyənləşdirilərkən rəsmin verilmiş mövzuya uyğunluğu, orijinallığı, yaradıcılıq üslubu, işin görülmə keyfiyyəti nəzərə alınacaq.
Müsabiqənin qalibləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Müəllim və valideynlərin müraciəti dinlənilib

Fevralın 17-də paytaxtda müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Bakıdakı 82 nömrəli tam orta məktəbdə paytaxtın Nizami və Nərimanov rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, əlavə korpusların tikilməsi, şagirdlərin təhlükəsizliyi, hərbi otaqların yaradılması, I sinfə qəbul və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

“Olimpiya Hərəkatı-2017”nin I mərhələsi başa çatıb

“Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində keçirilən məktəbdaxili yarışlar başa çatıb.
Yarışlarda paytaxtın 294 ümumi təhsil müəssisəsi üzrə 63504 şagird iştirak edib. Bakı məktəbliləri ilə yanaşı, Sumqayıt, Göygöl və Gəncə məktəbliləri də yarışlara qatılıblar. Qarşılaşmalar 5 idman növü - voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə keçirilib.
Hazırda “Olimpiya Hərəkatı-2017” idman proqramı çərçivəsində rayondaxili yarışların püşkatma mərasimləri keçirilir. Voleybol, basketbol, badminton idman növləri üzrə keçirilən püşkatma mərasimləri Bakı şəhərində fevralın 20-də başa çatacaq. Mart ayının 1-dən “Olimpiya Hərəkatı-2017” idman yarışının rayon mərhələsi start götürəcək.
Qeyd edək ki, “Olimpiya Hərəkatı-2017” idman proqramı Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Proqramın əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla, şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir.

www.baku.edu.gov.az
yuxarı ⤴