1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






REGİONLARDA TƏHSİL - SUMQAYIT
Təhsildəki uğurları ilə öndə gedən şəhər
18.02.2017 / No6

 
 
 

 

 


Niyazi RƏHİMOV, “Azərbaycan müəllimi”

Ölkəmizin ən böyük sənaye şəhərlərindən biri olan Sumqayıt təhsil sahəsindəki uğurları ilə həmişə öndə gedib. Günü-gündən gözəlləşən şəhərdə hazırda Sumqayıt Dövlət Universiteti, Sumqayıt Dövlət Texniki Kolleci, Sumqayıt Musiqi Kolleci və Sumqayıt Tibb Kolleci fəaliyyət göstərir. Bundan başqa şəhərdə bir sıra peşə məktəbləri və liseyləri də mövcuddur. Sumqayıt Şəhər Təhsil Şöbəsinin tabeliyində 47 ümumtəhsil məktəbi və 8 məktəbdənkənar təhsil müəssisəsi var. Şəhərin ümumtəhsil müəssisələrində 50616 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 4000-ə yaxın müəllim məşğul olur.

Maddi-texniki baza

Məktəblərin maddi-texniki bazasının inkişafı həm ölkə, həm də şəhər rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılır. Qeyd edək ki, son üç ildə şəhər üzrə ümumilikdə 8 məktəb əsaslı təmir edilmişdir. Bundan əlavə, şəhərin yeni təmir edilmiş, möhtəşəmliyi ilə gözoxşayan Heydər Əliyev parkında müasir standartlara cavab verən 3 nömrəli Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin yeni binası şahmatsevərlərin istifadəsinə verilmişdir. Dərs ilinin əvvəlində 31 məktəbdə cari təmir işləri aparılmış, 10, 34 və 35 nömrəli tam orta məktəblərdə istilik sistemi yenisi ilə əvəz olunmuşdur.
Şəhər ümumtəhsil məktəblərinin kitabxana fondu dərslik və bədii ədəbiyyatlarla zəngindir. 2016-2017-ci tədris ili üçün ümumtəhsil məktəblərinin kitabxanalarında 383 adda 232355 ədəd dərslik mövcuddur.
Şagirdlərin dərsə davamiyyətini daha da yaxşılaşdırmaq məqsədilə Sumqayıt Şəhər Təhsil Şöbəsi tərəfindən işlənib hazırlanmış www.e-mekteb.info saytı vasitəsilə “Onlayn davamiyyət” sistemi tətbiq olunmuşdur. Bu sistem vəziyyətə operativ nəzarət etməyə imkan yaratmış, müəllim və şagirdlərin məsuliyyətini daha da artırmışdır.

Məktəbəqədər hazırlıq qrupları

Təhsil Nazirliyinin müvafiq əmrlərinə uyğun olaraq Sumqayıt şəhərində 5 yaşlı uşaqların təxminən 53%-i məktəbəhazırlıq qruplarına cəlb olunmuşdur. Hazırda şəhərin ümumtəhsil məktəblərində 100 məktəbəhazırlıq qrupuna 2603 nəfər uşaq cəlb olunub. Onların hər biri Təhsil Nazirliyi tərəfindən verilmiş dərsliklərlə təmin olunmuşdur. Məktəbəhazırlıq qruplarında dərs deyən 100 müəllim müvafiq kurslardan keçmişdir.

Tədrisin təşkili

Sumqayıt şəhəri üzrə müxtəlif təhsil pillələrində monitorinqlərin keçirilməsi, təhlillərin aparılaraq məktəblər və müəllimlərin reytinqlərinin hazırlanması təlim-tərbiyənin keyfiyyətinə nəzarət mexanizminin mühüm tərkib hissəsi kimi qəbul edilmişdir. Bununla əlaqədar il ərzində təhsil şöbəsinin Fəaliyyət Planına uyğun olaraq müxtəlif siniflərdə monitorinqlər, test imtahanları keçirilir, alınan nəticələrin geniş təhlili aparılır.
Ötən dərs ilində ibtidai təhsil səviyyəsinin son sinfi olan IV sinif şagirdləri üçün 3 mərhələdən ibarət monitorinq keçirilmiş, şəhər üzrə riyaziyyat fənnindən xüsusi istedadı ilə seçilən və ən yüksək nəticə göstərmiş 10 şagird “Qızıl onluq”a daxil edilmişdir. Həmin şagirdlərə və onların müəllimlərinə fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.
Həmçinin may ayında Sumqayıt “İstək” liseyi və Sumqayıt Şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə şagirdlərin məntiqə olan marağının artırılmasına, onların məntiqi düşüncə tərzinin formalaşmasına, diqqət, qavrama, hafizə kimi bacarıqların inkişafına xidmət edən I Məntiq Olimpiadası təşkil edilmişdir. Olimpiadada ümumilikdə V və VI siniflər üzrə 500-ə yaxın şagird öz biliklərini sınamışdır. Olimpiadanın yekunu olaraq 1-3-cü yerlərə Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziya, 2, 8, 11 və 12 nömrəli tam orta məktəblərin şagirdləri layiq görülmüşlər. Olimpiadada qalib gəlmiş 16 şagirdə medal, diplom və hədiyyələr təqdim olunmuşdur.
IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarına daha yaxşı hazırlığı daim diqqət mərkəzində saxlanılır. Ötən dərs ilində bu sahədə bir sıra işlər həyata keçirilmişdir. İlk növbədə 2016-cı ilin aprel ayında XI sinifdə təhsil alan məktəblilər üçün buraxılış imtahanına uyğun olaraq ümumşəhər monitorinqi keçirilmişdir. Monitorinqdə XI sinif şagirdlərinin 97,5%-dən çoxu iştirak etmiş, alınan nəticələr məktəb direktorlarının yığıncağında geniş müzakirə olunmuşdur. Aşağı nəticə göstərmiş məktəblərin direktorlarına müvafiq tapşırıqlar verilmişdir.
Cari dərs ilində ümumi orta təhsil səviyyəsində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcəyi nəzərə alınaraq Sumqayıt Şəhər Təhsil Şöbəsində şagirdlərin bu imtahanlara səmərəli hazırlığı, həmçinin onların və müəllimlərin maarifləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. İlk növbədə ümumtəhsil məktəblərinin direktorları və şöbənin əməkdaşlarının iştirakı ilə iclas keçirilmiş, dərs ilində buraxılış imtahanlarının yeni məzmun və formada aparılacağı haqqında məlumat verilmişdir. Dəyişikliklərin mahiyyəti onlara izah edilmiş, imtahanlara hazırlıq üçün məktəb rəhbərlərinə tapşırıq və tövsiyələr verilmişdir.
Dekabrın 9-da şəhərin 22 nömrəli tam orta məktəbinin akt zalında ümumtəhsil məktəblərinin IX siniflərində dərs deyən ana dili və riyaziyyat müəllimləri üçün seminar təşkil olunmuşdur. Cari dərs ilində IX siniflərdə buraxılış imtahanlarının yeni model əsasında keçirilməsinə həsr olunmuş bu yığıncaqda şəhərin ümumtəhsil məktəblərində çalışan 264 nəfər ana dili və riyaziyyat müəllimi iştirak etmişdir. Seminar zamanı slaydlar vasitəsilə buraxılış imtahanının məzmunu və formasına aydınlıq gətirilmiş, hər iki fənn üzrə alt-standartlar diqqətə çatdırılmış, konkret nümunələr əsasında qiymətləndirmə meyarları izah edilmişdir. Bundan başqa, IX sinif şagirdlərinin buraxılış imtahanlarına daha yaxşı hazırlığını təşkil etmək məqsədilə fənlər üzrə alt-standartlara uyğun hazırlanmış suallar əsasında 25 dekabr tarixində ümumşəhər monitorinqi keçirilmişdir. Monitorinq mərkəzləşmiş şəkildə aparılmış və 9 imtahan mərkəzində 3600-dən çox şagird imtahan vermişdir. Monitorinqin nəticələri geniş təhlil edilmiş, şagirdləri aşağı nəticə göstərmiş məktəb rəhbərlərinə və fənn müəllimlərinə ciddi irad tutulmuş və nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilmişdir.
Məktəb və müəllimlər arasında sağlam rəqabət yaradan, onların yaradıcılıq potensialının inikşafına, yeni təlim metodları ilə işləyən, qabaqcıl pedaqoji işçilərin müəyyən edilməsinə xidmət edən fənn aylıqlarında ümumilikdə 824 fənn, 728 ibtidai sinif müəlliminin “açıq dərs”i dinlənilmiş, 260 tədbir keçirilmiş, 447 fənn bülleteni buraxılmış, ŞTŞ-ın təşkilat komitəsinə üç nominasiya üzrə (“Müəllimin ən yaxşı “açıq dərs”i, “Ən yaxşı fənn metodbirləşməsi”, “Ən yaxşı fənn dərnəyi” nominasiyaları) 311 təqdimat verilmişdir. Aylıqların nəticələri ŞTŞ Şurasında müzakirə olunmuş, görülmüş müsbət işlər göstərilməklə, bu sahədə bir sıra məktəblərin zəif işi də qeyd edilərək, fəaliyyətlərində dönüş yaratmaq tələb edilmişdir.

Sumqayıt məktəbliləri olimpiada və müsabiqələrdə

Azərbaycan Respublikası Təhsil Nazirliyinin il ərzində təşkil etdiyi respublika səviyyəli müsabiqə və bilik yarışlarında Sumqayıt məktəbliləri bir sıra uğurlara imza atmışdır. Ənənəvi olaraq hər il keçirilən fənn olimpiadaları 2015/2016-cı dərs ilinin ən əlamətdar və kütləvi hadisələrindən olduğu üçün diqqət mərkəzində dayanmış, zona mərhələsinin qalibi olan 47 nəfər Sumqayıt məktəblisi final mərhələsində şəhəri uğurla təmsil etmişdir. Onlardan 22 nəfəri (2 nəfər qızıl, 6 nəfər gümüş, 14 nəfər bürünc) qaliblər sırasında olmuşdur.
Bu dərs ilində respublika fənn olimpiadalarına ciddi hazırlıq işi görülmüş, müxtəlif fənlər üzrə şəhər turunda iştirak edən 650-dən çox şəhər məktəblisindən 233 nəfəri respublika yarımfinal mərhələsinə vəsiqə qazanmışdır.
Ötən dərs ilində Təhsil Nazirliyi tərəfindən VIII-XI sinif şagirdləri arasında keçirilən ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş 3 turdan ibarət “Ən yaxşı təqdimat” müsabiqəsinin ilkin-məktəb mərhələsində 5200-dən çox şagird iştirak etmişdir. Respublika mərhələsində Təbiət elmləri təmayüllü gimnaziyanın X sinif şagirdi Aytac Əliyeva I, İ.Qayıbov adına 1 nömrəli məktəbin XI sinif şagirdi Aytən Hacıyeva III yeri tutmuş və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
“Sabahın alimləri” Layihə Olimpiadasına Sumqayıt məktəblilərindən 79 nəfər şagird qatılmışdır. Onlardan 41 nəfərinin layihəsi sərgidə nümayiş etdirilmişdir. 16 nömrəli məktəbin şagirdi Seymur Talıbovun mühəndislik sahəsi üzrə layihəsi gümüş, 9 nəfərin layihəsi isə bürünc medala layiq görülmüşdur.
2016-cı ildə İndoneziyanın Bali şəhərində dünyanın 48 ölkəsindən məktəblilərin iştirak etdiyi Yeniyetmələrin 13-cü Beynəlxalq Elm Olimpiadasında (IJSO) Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Günel Həsənova və “İstedad” liseyinin şagirdi Şəbnəm Nəbizadə bürünc medal qazanmışdır.

Pedaqoji heyətin nailiyyətləri

Sumqayıtda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində xeyli sayda səriştəli, peşəkar müəllimlər var. Daim yeniliyə can atan Sumqayıt müəllimləri işlərini dövrün tələblərinə uyğun olaraq qururlar. Bunun məntiqi nəticəsidir ki, 2015-ci ildə Sumqayıt şəhəri üzrə diaqnostik qiymətləndirmədə iştirak edən 4002 müəllimin 3979-u (99,4%) müvəffəq nəticə göstərmişdi. Dövlət qayğısını, diqqətini öz üzərlərində hiss edən müəllimlərə bir sıra təltiflər olmuşdur. Şəhərdə çalışan müəllimlərdən 35 nəfəri “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Bundan başqa, 27 müəllim isə “Tərəqqi” medallıdır. Bundan başqa, 2016-cı ildə fizika müəllimi Aliyə Əhmədova, Azərbaycan dili və ədəbiyyat müəllimləri Cəmalə Cəfərova və Xəyalə Quliyeva, informatika müəllimi Yeganə Ramazanova “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşlar.

Təhsil layihələrində iştirak: uğurlar

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Təhsil Qanununda və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda göstərildiyi kimi, ümumi təhsilin tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə davam etdirilməsi nəzərdə tutulur. Bu prosesə pilot layihə kimi ötən ildə şəhərin 5 məktəbində (1, 3, 14, 21, 23 nömrəli məktəblər) başlanılmışdır. 2015-2016-cı tədris ilində həmin məktəblərdə bu sahədə aparılan işlər təhlil edilmiş və görüləcək işlər dəqiqləşdirilmişdir. Təhlillər göstərmişdir ki, tam orta təhsil səviyyəsində fənlərin sayının azaldılması, həftəlik dərs yükünün 30-32 saata endirilməsi, təmayül fənlərin tədrisinə ayrılan həftəlik dərs saatlarının kifayət qədər artırılması, beləliklə də təhsilin şagirdlərin meyil və maraqları əsasında təşkili həm şagirdlər, həm də valideynlər tərəfindən rəğbətlə qarşılanmışdır. Bu dərs ilində şəhərin daha 4 məktəbi (5, 12, 13, 35 nömrəli məktəblər) Təhsil Nazirliyinin əmri ilə bu layihəyə qoşulmuşdur.
Şəhərin 17 məktəbi “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Onlardan Təbiət elmləri təmayyüllü gimnaziya, Texniki və təbiət elmləri liseyi, “İstedad” və “Təfəkkür” liseyləri, 1, 11, 18, 21 və 25 nömrəli məktəblərin hər biri iki dəfə bu müsabiqənin qalibi olmuşlar.

Ali məktəblərə qəbul

Sumqayıt məktəblilərinin göstəriciləri bütün sahələrdə olduğu kimi ali məktəbə qəbul imtahanlarında da həmişə yüksək olmuşdur. Belə ki, ötən illə müqayisədə 2016-cı ildə qəbul faizi bir qədər artmış və məzunların 61%-i tələbə adını qazanmışdır. Qeyd etmək lazımdır ki, ali məktəblərə qəbul Təbiət elmləri təmayüllü gimnaziyada 100%, Texniki və təbiət elmləri liseyində 97,8% təşkil etmiş, “İstedad” və “Təfəkkür” liseylərində də 90%-dən çox məzun tələbə adını qazanmışdır. 11 nömrəli tam orta məktəbdə nəticələr yüksək olmuşdur. Belə ki, bu məktəbin məzunlarının 82%-i ali məktəblərə qəbul ola bilmişdir. Həmçinin şəhərin 1, 4, 9, 21, 27 nömrəli tam orta məktəblərinin də göstəriciləri yüksək olmuş və şəhər üzrə ilk onluqda yer tutmuşdur.
Son iki ildə 500-dən çox bal toplayan məzunların göstəriciləri 13,4%-dən 15,9%-ə, 600-dən çox bal toplayanların isə 5,1%-dən 6%-dək yüksəlməsini təhsilin uğuru kimi qiymətləndirmək olar. Başqa sözlə desək, Sumqayıt məktəblilərinin hər 6 məzundan biri 500-dən, hər 15 məzundan biri isə 600-dən yuxarı nəticə göstərmişlər. Bundan başqa, 45 məzun 650-dən yuxarı bal toplamışdır. Məzunlardan 7 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür.
2016-cı ildə məzunların ali məktəblərə qəbul göstəricisi nəinki kəmiyyət, həm də keyfiyyətcə də yüksəlmişdir. Belə ki, şəhər üzrə məzunların orta balı ötən illə müqayisədə 7,1 (2,4%) bal artaraq 289,8 olmuşdur. Qeyd etmək lazımdır ki, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunlarının orta balı 43,4 vahid artaraq 593,7-ə çatmışdır ki, bu da nəinki şəhər üzrə, həm də respublika üzrə ən yüksək göstəricidir. Daha bir müsbət göstərici odur ki, ötən il 9 məktəbin orta balı 300-dən yuxarı olsa da, bu il onların sayı 12-yə çatmışdır. Yeni tipli təhsil müəssisələri ilə yanaşı 1, 4, 9, 11, 12, 14, 21 və 31 nömrəli məktəblərin də orta bal göstəricisi nisbətən yüksəlmişdir.
Ötən il ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurmuş 5 məzun qızıl medalla təltif edilmişdir.

Məktəbdənkənar təhsil müəssisələri

Şagirdlərin asudə vaxtlarının səmərəli təşkilində, onların yaradıcılıq potensialının inkişafında məktəbdənkənar təhsil müəssisələrinin rolu danılmazdır. Hazırda şəhərdə 8 məktəbdənkənar təhsil müəssisəsinin müxtəlif profilli dərnəklərində 6 mindən çox uşaq məşğul olur. Hər il olduğu kimi, ötən dərs ilində də bu müəssisələr həm şəhərin ictimai həyatında, həm də respublika və beynəlxalq miqyaslı müxtəlif tədbir, müsabiqə, yarışlarda fəal iştirak edərək bir sıra uğurlara imza atmışlar. Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinin yetirmələri dərs ili ərzində 20-dən çox respublika müsabiqəsində iştirak edərək yer tutmuşdur. Həmçinin Ekoloji tərbiyə və təcrübəçilik mərkəzinin təşkil etdiyi ekoloji müsabiqələr də rəğbətlə qarşılanmışdır.
Şəhərin 2 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Rövşən Əliyev 2016-cı ilin may ayında Finlandiyada keçirilən cüdo üzrə Avropa çempionatında qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Bundan başqa, ötən il Gürcüstan Respublikasının Batumi şəhərində 8, 10, 12 yaşadək qızlar və oğlanlar arasında şahmat üzrə dünya birinciliyində Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin yetirmələri Fərid Orucov III, Rusiya Federasiyasının Soçi şəhərində keçirilən Məktəblilərin Dünya Birinciliyində isə həmin məktəbin yetirməsi Murad İbrahimli II yeri tutmuşdur.

yuxarı ⤴