1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Rusiya Dövlət Təhsil Akademiyasının prezidenti azərbaycanlı alimi təbrik edib
18.02.2017 / No6

 

 


Pedaqogikamızın patriarxı. Azərbaycan pedaqoji elmində özünün xüsusi dəst-xətti olan Hüseyn Əhmədov bizim ləyaqətli ziyalımızdır. O, pedaqogikamızın canlı əfsanəsidir. Mətbuatda xəbər verildiyi kimi, bu il keçmiş SSRİ məkanında tanınmış alim, Sovetlər Birliyi dövründə 70 il ərzində Azərbaycandan SSRİ Pedaqoji Elmlər Akademiyasına seçilən cəmi 4 nəfər alimdən biri - sonuncusu olan pedaqoji elmlər doktoru, professor Hüseyn Əhmədovun elmi-pedaqoji fəaliyyətinin 70, anadan olmasının 90 illiyi tamam olmuşdur. Bu münasibətlə respublikamızın bir sıra tanınmış alimləri və akademikin yetirmələri mətbuat səhifələrində irihəcmli məqalələrlə çıxış edərək, yubilyarı təbrik etməkdə hələ də davam edirlər. Respublikamızın dəyərli ziyalıları ilə bərabər Rusiyanın bir sıra şəhərlərindən, ilk növbədə Moskvadan təbrik məktubları gəlməkdədir. Hüseyn Əhmədovun təhsil sahəsindəki misilsiz xidmətləri daim yerli və xarici alimlər tərəfindən qeyd olunur və yüksək qiymətləndirilir. Elə bu günlərdə yubilyarın ünvanına daha üç məktub gəlmişdir. Əslində onlardan biri təbrik məktubu, ikisi isə mükafat-təbrikdir. Təbrik məktubu Rusiya Dövlət Təhsil Akademiyasının prezidenti xanım Lyudmila Alekseyevna Verbitskayadan gəlib. Məlum olduğu kimi, Hüseyn müəllim həmin akademiyanın Azərbaycandan yeganə səlahiyyətli üzvüdür. Təbrik məktubunda həmyerlimizin pedaqoji elmlərin inkişaf etdirilməsində böyük xidmətləri göstərilir.
Həmyerlimizin fəal vətəndaşlıq mövqeyi, ən mürəkkəb elmi və ictimai-siyasi problemlərin həllində daim fərqləndiyi qeyd olunur. Təbrik məktubunda Hüseyn müəllimin təcrübəli və nüfuzlu alim, istedadlı təşkilatçı olduğu, elmdə və təcrübədə prinsipiallıq, yenilikçi, elmi nəticələrdə obyektivlik, həmçinin mürəkkəb pedaqoji problemlərin həllində qənaətçilik mənafeyindən yanaşması ayrıca vurğulanır.
Rusiya Dövlət Təhsil Akademiyasının prezidenti həmyerlimizin həyat yolunu pedaqoji elmlərə və Vətənə təmənnasız xidmətin əyani nümunəsi hesab edir. Onun zəhmətsevərliliyini, görkəmli alimimizin beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən çoxsaylı əsərlərin müəllifi olması, bütün bunların nəticəsində SSRİ PEA-nın müxbir üzvü seçilməsini və bu gün Rusiya Təhsil Akademiyasının xarici üzvü olmasını qeyd edir. Onun bu gün də özünün bütün gücünü, bütün çoxcəhətli intellektual potensialını vətənə xidmət etməsini təqdir edir. RTA-nın prezidentinin həmyerlimizin xidmətlərini, onun tanınmış alim olmasını, özünün elmi məktəbini yaratmasını yüksək qiymətləndirməsi bizlərdə fərəh hissi doğurur.
Hüseyn müəllimə göndərilən iki təbrik-mükafatdan biri ayrıca diqqəti çəkir. Bu Rusiya Hesablama Palatasının mükafat Dumasının 8 iyul 2016-cı il tarixli qərarı ilə Hüseyn müəllimin “Rusiyanın Fəxri Qonağı” medalı ilə təltif edilməsi və ona bu medal ilə bərabər 116 saylı vəsiqənin göndərilməsidir.
Haqqında bəhs etmək istədiyimiz üçüncü təbrik-mükafat Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən təqdim edilən Fəxri fərmandır. Orada Hüseyn müəllimin gənclərin ideya-mənəvi tərbiyəsi sahəsindəki böyük işləri və anadan olmasının 90 illiyi ilə əlaqədar mükafatlandırılması qeyd edilir.
Fəxri fərman Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri V.Denisov tərəfindən imzalanmışdır. Fəxri Fərman bu günlərdə “Maarifçi” adlı qısametrajlı sənədli filmin təqdimatı zamanı təqdim edildi. “Maarifçi” filmi Qobustan rayonu Mərəzə kənd məktəbinin 150 illiyinə həsr edilmişdir. Film Hüseyn müəllimin evində, onun sənədləri, Azərbaycan və rus dillərində nəşr etdirdiyi çoxsaylı məqalələri əsasında çəkilmişdir. Filmin rəsmi məsləhətçisi Hüseyn müəllimin özüdür. Tanınmış məktəb tarixçisi olan Hüseyn Əhmədov vaxtı ilə dövlət arxivlərindən əldə etdiyi rəsmi sənədlər əsasında hələ keçən əsrin 60-cı illərində “Bakinskiy raboçiy” qəzetində irihəcmli məqalə ilə çıxış etmiş, bu məktəbin yaranma tarixini və onun ilk müəllimi-gələcəyin məşhur maarifçisi, ilk dəfə səs üsulu ilə hazırlanmış “Vətən dili” dərsliyinin müəllifi, Qori Seminariyasının Azərbaycan şöbəsinin ilk rəhbəri olmuş A.O.Çernyayevskinin xidmətlərini yüksək qiymətləndirmişdir. Hüseyn müəllim bu dərsliyi ərəb əlifbasından müasir latın qrafikinə çevirərək onu 2007-ci ildə yenidən çap etdirərək oxucuların ixtiyarına vermişdir.
Sonda dəyərli ziyalımız Hüseyn müəllimə Azərbaycan xalqının milli təhsil və zəngin pedaqoji ideyalarının tədqiqi sahəsində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıram.

Almaz HƏSRƏT,
Azərbaycan Respublikasının əməkdar müəllimi

yuxarı ⤴