1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Ailədə sığınacaq yeri olmayan uşaq, yaxud zorakılığın ən məsum qurbanı
18.02.2017 / No6

 

 


Azadə TAHİROVA,
İstanbul Ticarət Universiteti ailə danışmanlığı və egitimi fakültəsinin magistri

Zorakılıq bütün dünyanın daim mübarizə apardığı problemlərdəndir. Zorakılıq insanların fiziki və ruhi zərər görməsinə, yaralanmasına, şikəst qalmasına səbəb olan davranışların təzahürüdür. Zorakılıq eyni zamanda şəxsin fiziki, cinsi, psixoloji və ya iqtisadi tərəfdən zərər görməsi, ya da əzab çəkməsi ilə nəticələnən hər növ davranışları özündə cəmləşdirir. Ailə daxilində zorakılıq isə bu tip davranışların ailədə baş verməsini ifadə edir.
Qadına qarşı zorakılıq gəlir və təhsil səviyyəsindən asılı olmayaraq, müxtəlif cəmiyyətlərdə yaşayan qadınların ortaq problemidir. Qadına qarşı zorakılıq onun haqlarının əlindən alınaraq ya təhsilsiz, ya da şikəst buraxılmasıdır. Təəssüf ki, hələ də haqqını, hüququnu bilməyən, hər cür zorakılığa məruz qalan, ona qarşı edilən davranışın zorakılıq olduğunun belə fərqinə varmadan yaşayan qadınlar az deyil.
Cəmiyyət içində edilən zorakılıq aşkar olduğu halda, ailə daxilində edilən zorakılığın ortaya çıxarılmamasına, gizli saxlanmasına üstünlük verilir. “Öz ailə problemidir”, “ər-arvad arasında belə şeylər olur”, “kişi arvadını döyər də, sevər də” kimi ifadələrlə bu problemlərə bir növ haqq qazandırılır. Əslində isə bu, “ailəmi qoruyuram” adı altında problemin daha da faciəvi vəziyyətə gəlib çıxmasına səbəb olur. Basdırılmış duyğular toplanaraq yenidən zorakılığa çevrilir.
Son illərdə zorakılığın artdığını görürük. Ailə daxilində zorakılığın göstərdiyi faciəvi xəbərlərə sosial mediada da tez-tez rast gəlirik. Zorakılığın müxtəlif növləri vardır. Fiziki zorakılıq bir şeylə vurmaq, yumruq, təpik, silah, bədənə zərər və xəsarət verəcək davranışlardır. Duyğusal zorakılıq qadının azadlığını əlindən almaq, qısqanclıq, dostlarla görüşməyə imkan verməmək, ona alçaldıcı sözlər söyləməkdir. İqtisadi zorakılıq gəliri hesablamaq, işləməyə qoymamaq və s. formada təzahür edir.
Bütün bunlar uzunmüddətli olduqda və ailə üzvləri bu vəziyyətə susqun qaldıqda bu tip ailələrin sonu faciəvi şəkil alır. Bəzən qadın bu hallarla üz-üzə qalaraq ata evinə geri döndükdə o, “qızım, el-aləmə nə deyərik”, “ölsən də ordan çıxacaqsan”, “uşaqlarının xətrinə döz” və s. kimi ifadələrlə qarşı-qarşıya qalır. Belə valideynlər artıq qızına bir şey olduqdan sonra ah-vay edərək “dedik, bəlkə düzələrlər”, “ailəsinin dağılmasını istəmədik” kimi sözlərlə öz acılarını büruzə verirlər. Doğrudur, hər ata-ana övladının ailəsini qorumaq istəyir və dağılmaması üçün çalışır. Amma problem həll edilmədən qızını geri göndərirsə, burada uzunmüddətli normal ailə münasibətlərindən söhbət gedə bilməz və bu mühitdə psixoloji olaraq sağlam uşaqlar böyüməz. Buna görə də ailəni qorumaq üçün susmaq deyil, danışmaq lazımdır. “Kimə danışaq”, - deyə soruşula bilər. Təbii ki, psixoloqa. Psixoloq bir ağbirçək kimi deyil, problemin kökünü görən, səbəbini bilən, düşüncə və davranışlarınızı dəyişdirən bir mütəxəssis kimi yardım edər.
Ailədaxili zorakılıqdan ən çox təsirlənən uşaqlardır. Ana-ata arasındakı mübahisələr, davranış pozuntuları uşağın bütün həyatına mənfi təsir göstərir, onda davranış pozuntuları baş qaldırır.
Tanınmış psixoloq Albert Bandura insanın hər cür öyrənməsinin yalnız ətraf mühit və davranışların təsirindən yarandığını deyir. Bunu Bobo Doll adlı təcrübəsi ilə əsaslandırır. Yəni, bu “Sosial öyrənmə nəzəriyyəsi”nə görə, insan sosial bir varlıq olaraq cəmiyyətdə bir başqa insanın davranışlarını model alması və onları təcrübə edərək öyrənməsi nəticəsində formalaşır.
Bandura sosial öyrənmə nəzəriyyəsini-insanların əxlaqi dəyərləri necə öyrəndiyini araşdırmaq məqsədi ilə 5-11 yaşlılar arasında uşaqları seçmişdir. Eksperiment zamanı Hacıyatmaz olan və Bobo adı verilən plastik oyuncağa yetkin bir adam laboratoriyada uşaqların gözü qarşısında zorakılıq göstərməyə başlayır və eyni zamanda sözlə “vur”, “təpik vur” - deyərək bağırır. Uşaqların yarısı zorakılıq göstərən adama baxır, yarısı isə fikir vermir. Yəni, davranışları baxaraq, izləyərək, öyrənməyə başlayırlar. Sonra uşaqlar yenidən laboratoriyaya alınır və Bobo Doll oyuncağı da digər oyuncaqların yanına qoyulur. Zorakılığı izləyən uşaqlar adamın etdiyi hərəkətləri təkrarlamağa başlayırlar. Zorakılığa məhəl qoymayıb, başqa oyuncaqla oynayan uşaqların da vəziyyəti maraq doğurur. Onlara sevdikləri şirniyyatlar verərək, davranışa doğru istiqamətləndirirlər. Əslində, bu uşaqların oyuncağı döyməməsi, onların bu davranışları öyrənməməsi anlamına gəlmirdi. Uşaqların bu davranışı düşünməsi belə tükürpədicidir. Sevdikləri şirniyyatlar verildikdən sonra onlar da eyni davranışı təkrarlamağa başlayırlar. Buradan belə bir qənaətə gəlinir ki, onlar davranışı digər uşaqlar kimi təkrar etməsələr də, əslində öyrənmişlər. Sonra uşaqlar olan laboratoriyaya televizor qoyur və eyni davranışın videosu onlara izlədilir. Adam eyni səslə “vur”, “təpik vur”- deyərək bağırır. Adam oyuncağı döydüyünə görə onu cəzalandırırlar və uşaqlar da buna şahid olur. Onlar yenidən laboratoriyada olduqları zaman adama cəza verildiyini gördükləri üçün oyuncağa zorakılıq göstərmirlər. Bu təcrübədən də göründüyü kimi, körpəlikdən hər davranışı görüb-götürərək, öyrənərək yerinə yetirməyə başlayırıq. Zorakılıq da bunlardan biridir.
Ailədaxili zorakılığın uşaqlarda psixoloji olaraq mənfi izlər buraxması qaçılmazdır. Zorakılığın şahidi olmaları, bəzən gözlərinin önündə olması, bəzən də ata-ananın gizlətdiyini zənn etdiyi, amma uşaqların qüvvətli duyğuları sayəsində onu hiss etmələri və ya qışqırıqlarını eşitmələri, bədən üzərindəki göyərtiləri, əzikləri görmələri nəticəsində duyğusal olaraq zədə alırlar. Zorakılıq olan ailədə böyüyən uşaqlar onlara baxan insanlara, yəni ana və qardaşlarına bağlanmaqda çətinlik çəkirlər. Halbuki böyümə mərhələsində bağlanma çox vacibdir. Zorakılığın şahidi olan məktəb yaşına çatmayan uşaqlarda inkişaf tərsinə gedə bilər. Belə ki, onlar qorxulu yuxu görür, yatmağa çətinlik çəkir, ya da onlarda qarabasmalar olur. Məktəbə gedən uşaqlarda isə depressiya, qorxu kimi fərqli psixoloji problemlər özünü göstərir. Onlar hətta dostlarına qarşı zorakılıq davranışları göstərə bilərlər. Zorakılıq görən uşaqlar böyüdükcə insanlarla olan münasibətlərində problem yaşamağa başlayırlar. Zorakılıq olan ailədə böyüyən uşaqlar özlərini kədərli hiss edirlər. Sadalananlar hamısı bu tip ailələrdə böyüyən uşaqların bu gününü “qara” etməklə qalmır, onların bütün həyatına öz təsirini göstərir. Nəticədə:
1. Məktəbdə oxuma səviyyəsi aşağı düşür. Başında ata-anasının qışqırığı olan uşaq sinifdə rahat otura bilmir və diqqətini toplamaqda çətinlik çəkir. Bu da uşağın dərsdəki uğuruna təsir edir.
2. Əxlaq cəhətdən axsama və ya çökmə baş verir. Valideynlər bir-biri ilə didişməkdən uşağa vaxt ayıra bilmirlər, vaxtı yalnız susdurmaq, danlamaq üçün ayırırlar. Uşaq da ailədən sevgi, diqqət görməyincə dikbaş, söz dinləməyən birinə çevrilir. Bu vəziyyətdə uşaq özünü tərk edilmiş hiss edir, ailə üzvlərinə və özünə qarşı sərt davranışları artır. Belə uşaqlara ailənin içini bilmədən baxıldıqda isə onları tərbiyəsiz, yaramaz adlandırırlar. Əsl problem isə ailə daxilindədir.
3. Hər ailə tipində, hətta sağlam ailələrdə də özünü göstərən alkoqol və siqaret kimi pis vərdişlər zorakılıq olan ailələrdə daha çox hiss olunur. Səbəb isə stress olan mühitin onun üçün daha əlverişli olmasıdır. Bundan başqa, evdən əli üzülən uşağın, ya da gəncin küçədə yaşıdları ilə birlikdə bu vərdişləri öyrənməsinə səbəb olur. Bunun ilk günahkarı həyatı bir-birinə cəhənnəm edən ata-anadır.
4. Gələcəkdə evlilik problemi. Evlilikdən qorxmaq, düzgün ailə münasibəti qura bilməmək, evliliyi davam etdirə bilməmək kimi problemlərin kökündə uşaqlıq dövrü yatır. Zorakılığın gənc qızların evdən qaçaraq evlənmələri və sonradan da geri gəlmələrinə təsiri vardır. Psixoloji zorakılığa məruz qalan uşaqlar çox zaman incimə, lağ edilmə, rədd edilmə kimi davranışlarda zorakılıq görürlər. Məsələn, valideynlər “sən ağılsızsan,” “sən edə bilməzsən,” “bu sən bacaran iş deyil,” “səni doğmamış olaydım,” “sinif yoldaşlarına bax, bir də özünə” kimi ən kiçik şəkildə başlayıb, söyüş məzmunlu sözlərə keçməklə uşaqların psixologiyasını poza bilirlər. Zorakılığa məruz qalan uşaqlar bu münasibətləri ən yaxınlarından, ata-analarından gördükləri üçün inam, güvən duyğuları tamamilə məhv olur. Bir uşaq ata-anaya güvənməməyə başladığı gündən bütün dünyaya da güvənmir.
Diqqət ediləsi bir məsələ də uşaqların ata-anaları arasındakı münasibətlərin pis olmasının səbəbini özlərində görməsi və özlərini günahkar saymasıdır. Uşaqlar “mən olmasaydım, dalaşmazdılar” kimi düşünərək, ya da “özümü öldürmək istəyirəm”, - deyərək özlərini günahlandırırlar. Beləliklə, depressiyaya girmiş olurlar.
Bir sözlə, ailə içindəki zorakılığın ən məsum qurbanı uşaqlardır. Zorakılıq göstərərək gələcəkdəki fəlakətlərə imza atmayın. Gələcəkdə, sevilmədiyi üçün sevməyi bilməyən, güvənsiz, hədsiz zorakılığa meyilli, hər problemi zorakılıqla həll edə biləcəyini düşünən, yediyi sillə, təpiyin, sözlərin ağrı-acısını cəmiyyətdən çıxarmağa çalışan, qərarsız insanların yetişməsinə səbəb olmayın.

yuxarı ⤴