1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Dünyanın zərrəsi olmaq istəyi...
18.02.2017 / No6

 

 

 


Müstəqillik illərində yazıb-yaradan sənətkarların əsərlərinə diqqət etsək, görərik ki, onlar bu illərdə düşüncələrini, dərdlərini, tələblərini, arzularını aşkar ifadə edə biliblər. Müstəqillik illərinin yetirdiyi və bu illər ərzində 13 kitabın müəllifi olan şairlərdən biri də Siyəzən rayonunda yaşayıb-yaradan Nəcməddin Mürvətovdur.
Onun imzası mətbuatdan, ekrandan-efirdən mənə tanış olsa da, şəxsən özünü tanımıram, son vaxtlara qədər kitablarından da xəbərim yox idi. Qələm dostlarım və həmkarlarımdan professor Məmməd Əliyev, dosent Rasim Nəbioğlu onun “Dünyamızın zərrəsiyəm” şeirlər kitabını mənə təqdim edib bir şeirşünas kimi tanış olmağımı tövsiyə etdilər. Oxudum, oxuduqca maraq doğurdu, tədqiqat apardım, müəyyən mənbələrə baxdım...
Diqqətimi cəlb elədi və gördüm ki, Siyəzəndə yazıb-yaradan Nəcməddin Mürvətov ölkəmizin ədəbi-mədəni və ictimai həyatında fəal iştirak edərək, müxtəlif mövzularda şeirlər çap etdirir. Son illərdə Azərbaycanda baş verən ictimai-siyasi hadisələr onun şeirlərində öz ilhamının ampluasında əksini tapmaqdadır. Ömrünün müstəqillik illərinə düşən bu ahıl çağında sanki əvvəllər yaza bilmədiklərini söyləməyə fürsət tapan Nəcməddin bu şeirlərinin bir qismini “Dünyamızın zərrəsiyəm”(Bakı, “Şur”, 2016, 192 s.) adlandırdığı kitabında toplamışdır. Bu kitab son illər - 2015-2016-cı illərdə qələmə alınmış “Şeirlər”, “Qəzəllər” və lirik esse-miniatürlərdən ibarət düşündürücü “Düşüncələr” bölmələrindən ibarətdir. Onun digər kitabları ilə də tanışlıqdan sonra mənə məlum oldu ki, Nəcməddin şeirin əksər vəzn və formalarında qələmini sınayır və müvəffəq olur... Onun şeirləri tərənnüm və vəsf lirikası deyildir. Hərəsi gerçəkliyin bir qəlpəsi, bir zərrəsidir - Xəzər dənizinin sahillərindəki balıqqulağılar təkin sərt, amma zərif, kövrək, hərəsi bir biçimdə, hərəsi bir naxışda... Əksəriyyəti də nüvəsində bir vətəndaş yanğısı, istisi, hərarəti qorumaq şərti ilə... Bu hiss və duyğular Nəcməddinin şeirlərində bir az satirik fonda, didaktik məzmunda, nöqsan və çatışmayan cəhətlərdən yan ötmədən əksini tapır. Bütün bunlar isə ciddi mənəvi narahatlıqdan, ətraf mühitə və cəmiyyətə məhəbbətdən, sevgidən, qayğıdan mayalanır... Biz onun yaradıcılığında bir maarifçilik, təlim və tərbiyə, didaktik tendensiyaya meyil müşahidə etdik ki, bu da onun müəllimliyindən nəşət edir, peşə stixiyasından təbii şəkildə irəli gəlir. Onun peşəkar müəllimlik iddiası, hər şeyə müəllim gözü ilə baxmaq iddiası peşəkar şairlik iddiasından bir addım öndə gedir. O, əvvəl ətraf mühitə, baş verən hadisələrə müəllim gözü ilə baxır, müəllim gözü ilə qiymətləndirərək şeirə, bədii mətnə çevirir. Şeir onun müəllimliyinin mühitə, cəmiyyətə (sinfə deyil) müəllimliyidir, şeirlə bədii-didaktik münasibətidir, xitabıdır.
Göründüyü kimi, Nəcməddin Mürvətov bir mahalın sayılan-seçilən maarif xadimidir, el ağsaqqalıdır, böyük bir təhsil ocağının rəhbəridir, sözü, kəlamı eşidilən, şəxsiyyəti, rəftarı üzdə və nümunə olan bir ziyalı tipidir ki, bütün bu cəhətlər onun bədii yaradıcılığında özünü aydın büruzə verir... Nəcməddinin satirası çox vaxt öyüd-nəsihət, didaktik təlim motivində təqdim olunur. Bu bədii təfəkkür nümunələri əslində gəncliyə, gələcək nəslə yönəlikdir, onlara ünvanlanır, baş verən hadisələr haqqında poetik informasiyalar verilir, onların diqqəti dünyanın dərkinə, düzgün, qanunauyğun yaşayış tərzinin qurulmasına yönəldilir, həyatda rast gəlinən məhrumiyyət və uğursuzluqlar satirik notlarla təqdim edilir. Burada satirik gülüş yoxdur, eybəcərliyin, mənfi mənəviyyatın, əxlaqın tənqidi ifşası var.
Nəcməddinin şeirlərində poetik təhkiyədə ləngərli bir lənglik var. Həyata tənqidi baxış fikirdə rasionallığı şərtləndirir, emosionallıq ləngiyir, arxa plandan boylanır. Lirizmi yaradan nüanslar -nəşə, həzz, zövq, vəcd, sığallı, cilalı bənzətmələr, təşbehlər, lətif hallar, sırf lirik əhvallar şeirlərin alt qatında qalır.
Buna görə də Nəcməddinin əsərlərində müəllif mövqeyi, istəyi, tendensiyası aydındır, birbaşadır, örtülü, məcazlar silsiləsi pərdəsi arxasında gizlədilmir. Onun özünəməxsus mövzu traktovkası var. Lap rejissorsayağı, dəqiq desək o, şeirlərinin rejissoru kimi də çıxış edə bilir ki, bu da onun şeirlərinə bir dramatizm aşılayır.
Nəcməddinin demək olar ki, bütün əsərlərində öz mühitində yaşayan insanın xarakteri, psixologiyası, düşüncə tərzi, nitq koloriti təqdim olunur. Və görünür, ümumən yaradıcılıq həm də ona görə qiymətlidir ki, ağır bir elin mentalitetini ədəbiyyata gətirmək missiyasını tale onun istedadına həvalə edib. O isə bu missiyanı yalnız istedadla yox, eyni zamanda vicdanla, mənəvi məsuliyyətlə yerinə yetirir. Süni peşəkarlıqla zədələmir, qəhrəmanlarının təbii hisslərinin, duyğularının qarşısını almır, onların ruhuna müdaxilə eləmir... Lakin o, həqiqi sənət dostlarını məhəbbətlə, hörmətlə yad edir, onlara mənalı şeirlər ithaf edərək, istedadlı həmkarlarının sözlə cizgilənmiş portretlərini yaradır. “Belə idi Zəlimxan”, “Yaşa, yarat, Zəlimxan”, “Reyhan Kənana”, “Cığatelə”, Musa Ələkbərliyə həsr etdiyi şeirlər, alim dostu, professor Məmməd Əliyevə, Eldar Məsimova, dostu Taləddin Bağırova həsr elədiyi miniatürü-esselər bu qəbildəndir. Təsəvvür yaratmaq üçün tanınmış filoloq Məmməd Əliyevə ithaf etdiyi “Təəssüflənmirdim” düşüncə-essesindən bir parçaya diqqət kəsilək: “...Tanınmış, çox tanınmış bir alimin yazılarımla maraqlanması çox sevindirirdi məni. Gözləyirdim, səbirsizliklə gözləyirdim həmin görüş gününü. Hazırlayırdım özümü. Ölçüb-biçirdim nə deyəcəyimi, soruşacağımı, hansı şeiri söyləyəcəyimi. Nəhayət yetişdi o gün. Gəldi bir neçə nəfər alimlə. Görüşdük. Doğmalar kimi, yaxınlar kimi görüşdük. Təsəvvür etdiyimdən də yüksək səviyyəli alim olduğunu hiss etdim. Dinləmək istəyirdim onu. Ancaq dinləmək. Özümün deyəcəklərimi, soracaqlarımı unutmuşdum...”. Yeri gəlmişkən deyim ki, Nəcməddin müəllimin “Düşüncələr”dən ibarət esseleri yığcamlığı, lakonikliyi, aydın, anlaşıqlı, hissli-hissiyyatlı, təsirli məzmunu və üslubu ilə şeirlərinin ovqatındadır. Bu miniatürlərdə də xeyli satirik, tənqidi mövzuda, ictimai-sosial məzmunda nümunələrlə qarşılaşırıq...
Bir sözlə, onun yaradıcılığında əldə etdiyim müşahidələrimə, şeirlərinin təhlillərinə əsaslanaraq inamla deyə bilərəm ki, Nəcməddin Mürvətovun tərcümeyi-halının (və şəxsiyyətinin) həm mahiyyətini, həm də miqyasını müəyyən edən mühüm əlamətdən biri budur ki, o, boya-başa çatıb formalaşdığı regionda qazandığı (və heç zaman zədələnməsinə, təhrifinə, enerjisini itirməsinə imkan vermədiyi) mənəvi zənginliyə, bir də müstəqillik illərində - XXI əsrin əvvəllərində baş vermiş mürəkkəb, qaynar (artıq tarixə çevrilmiş) ictimai-siyasi proseslərdə möhkəmlənmiş əqidə mükəmməlliyinə malik bir ziyalıdır... Bir şair-ziyalı-müəllim kimi o, mənalı, ziyalıya yaraşan bir ömür yaşayır, yaradır...

Qurban BAYRAMOV,
tənqidçi-ədəbiyyatşünas
 

yuxarı ⤴