1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Bölgə xəbərləri
18.02.2017 / No6

 
 

 

 


Abşeronda təmayülləşmə ilə bağlı tədbir

Redaksiyamıza daxil olan məlumata görə, rayon təhsil şöbəsində məktəb direktorlarının iştirakı ilə “ümumtəhsil məktəblərində təmayülləşmənin tətbiqi” ilə bağlı tədbir keçirilib. Təhsil şöbəsinin rəhbərliyi tərəfindən 2017-2018-ci tədris ilində tam orta təhsilin təmayüllərlə təşkil olunacağı zonalar üzrə məktəblərin direktorları ilə müzakirələr aparılıb.
Tədbirdə şöbənin aparıcı məsləhətçisi Adil Qurbanov “ümumtəhsil məktəblərində təmayülləşmə ilə əlaqədar geniş təhlil verib. Bildirilib ki, zonalar üzrə təmayülləşmə təşkil ediləcək mərkəz məktəblər müəyyənləşdirilib, şəraitə görə təmayülləşməyə cəlb edilməsi mümkün olmayan məktəblər risk qrupuna aid edilib.
Sonra məktəb direktorlarını maraqlandıran məsələlərlə bağlı suallar ətraflı müzakirə edilib və cavablandırılıb.
Qeyd olunub ki, təmayülləşmə müvafiq fənləri əhatə edən təhsil sahələri üzrə bilik və bacarıq səviyyəsi ilə fərqlənən şagirdlərin istedadlarının, potensial imkanlarının, meyil və maraqlarının reallaşmasına, onların ümumi inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən prosesdir.
Təmayülləşmə riyaziyyat-iqtisadiyyat, texniki fənlər, humanitar fənlər və təbiət fənləri olmaqla 4 qrup üzrə aparılır.
Tədbir diskussiya şəklində başa çatıb.

Qobustanda yeni məktəb binası tikilir

Qobustanda şəhər 3 nömrəli tam orta məktəb üçün 640 şagird yerlik yeni bina inşa olunur. Təhsil Nazirliyinin sifarişi ilə tikilən bina üçmərtəbəlidir. Smeta dəyəri 4 milyon 350 min manat olan təhsil ocağının tikintisini TTF MMC aparır.
Müasir arxitektura üslubunda inşa olunan təhsil ocağında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılacaq. Binanın bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Saatlıda RTŞ-ın Təhsil Şurasının növbəti iclası olub

Saatlı Rayon Təhsil Şöbəsində Təhsil Şurasının növbəti iclası olub. Təhsil şöbəsinin müdiri Seyid-ağa Kazımov 2016-2017-ci tədris ilinin I yarımilinin yekunları və II yarımildə qarşıda duran vəzifələr haqqında məlumat verib.
İclasda məktəblilərin fənn olimpiadasının rayon turunun nəticələri, rayonun ümumtəhsil məktəbləri arasında zonalar və mərkəzlər üzrə təmayül siniflərin müəyyən edilməsi və IX sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlığının vəziyyəti barədə geniş müzakirələr aparılıb.
Rayonun şərti zonalara bölünməsinin kəndlərin coğrafi yerləşməsi və yol infrastrukturu baxımından daha optimal variantları ilə bağlı təkliflər verilib.

Sabirabadda müəllimlər üçün təlimlər təşkil olunub

Sabirabad Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə, rayonun ümumtəhsil məktəblərinin müəllimləri üçün təlimlər təşkil olunub. Ümumilikdə, 459 müəllimin cəlb olunduğu təlimlərin keçirilməsində məqsəd müəllimlərin ixtisasları üzrə peşəkarlıq səviyyəsinin artırılmasıdır.
Təlimlər 8 mərkəzdə, 32 qrup olmaqla həftəsonları keçirilir. Həmçinin, təlimlərə rayonun ümumtəhsil məktəblərindən peşəkar savadlılığı yüksək səviyyədə olan müəllimlər də könüllülük əsasında təlimçi kimi cəlb edilib. Gələcəkdə bu təlimlərin daha da genişləndirilməsi nəzərdə tutulur.

İntellektual bilik yarışı başa çatıb

İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbdə coğrafiya fənni üzrə İntellektual bilik yarışı keçirilib.
Bilik yarışında VIII sinif şagirdlərindən ibarət dörd komanda: “Ruzigar”, “Möcüzə”, “Zirvə”, “Bilik” komandaları iştirak edib. Yarışda məktəbin coğrafiya müəllimi Raqif Qəhrəmanovun tərtib etdiyi 24 sualdan istifadə edilib. Maraqlı keçən yarışın qalibi “Bilik” komandası olub. Komandanın üzvləri Həsən Abdullayev, Minarə, Hüseynli, İlahə Bayramova, Ramin Gülməmmədov, Elbəy Kazımlı diplomlarla təltif olunublar.
Yarışın keçirilməsində məqsəd məktəbdə şagirdlərdən ibarət, elmi biliklərə, bacarıqlara malik intellektual komanda formalaşdırmaq olub.

“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsinə 70 xaçmazlı məktəbli qatılıb

“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsində 70 xaçmazlı məktəbli iştirak edib. Müsabiqənin rayon mərhələsi fevralın 11-də Xaçmaz şəhər Abumüslüm Səlimov adına 7 nömrəli tam orta məktəbdə keçirilib.
Müsabiqənin rayon mərhələsində xaçmazlı şagirdlər sorğu vərəqələrindəki sualları cavablandırmaqla biliklərini nümayiş etdiriblər. Bu turda rayondan seçilən məktəblilər respublika mərhələsinə vəsiqə qazanacaq.
“Ədəbiyyat biliciləri” müsabiqəsi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək məqsədi daşıyır.

Şəki Dövlət Regional Kollecində xalq şairi Bəxtiyar Vahabzadənin xatirə gecəsi keçirilib

Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar Şəki Dövlət Regional Kollecində xatirə gecəsi keçirilib.
Şəhər rəhbərliyinin, ziyalıların, kollecin müəllim və tələbələrinin, poeziya həvəskarlarının iştirak etdiyi tədbirdə şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin rəhbəri, şair Vaqif Aslan və başqaları çıxış edərək Bəxtiyar Vahabzadənin Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışıblar. Bildirilib ki, Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, eləcə də bütün türk dünyasının ən qüdrətli söz ustalarından biri olub. Onun əsərləri Azərbaycanda olduğu kimi, Türkiyədə, türkdilli ölkələrdə də sevə-sevə oxunur.
Diqqətə çatdırılıb ki, Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Şəki şəhərinin mərkəzi parklarından birində onun büstü qoyulub, şəhərdəki məktəb və küçəyə şairin adı verilib.
Tədbirdə kollecin tələbələrinin ifasında şairin şeirləri səsləndirilib və sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

“Riyaziyyat gecəsi”ndə şagirdlər fəallığı ilə seçiliblər

Fevralın 15-də Abşeron rayonunun Xırdalan şəhər 4 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi Ramilə Şahbazovanın təşkilatçılığı ilə “Riyaziyyat gecəsi” keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, BDU-nun müəllimləri, KİV əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Öncə Dövlət himni səsləndirilib.
Məktəbin direktoru Zəminə Nurayeva qonaqları salamlayıb və tədbirin tərbiyəvi əhəmiyyətindən danışıb. Şagirdlər tərəfindən “İlk riyaziyyatçı qadın Hipatiya”, “Triqonometriyanın banisi Əbül Vəfa”, “Nəsirəddin Tusinin həyat və yaradıcılığı”, “Rəqəmlərin mübahisəsi” və başqa mövzularda riyazi səhnəciklər təqdim olunub. Sonra şeir söylənilib və mahnı oxunub.
Tədbirdə BDU-nun professoru Məmməd Yaqubov, dosent İmran Abdullayev, “Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru Şakir Cəfərov, Abşeron RTŞ-ın əməkdaşı Qəşəm Məmmədov və başqaları “Riyaziyyat gecəsi”nin təşkilindən razı qaldıqlarını bildirib və digər təhsil ocaqlarında da belə tədbirlərin keçirilməsinin vacibliyindən söz açıblar.
Sonda qonaqlar şagirdlərlə xatirə şəkli də çəkdiriblər.

Biləsuvar Rayon Təhsil Şöbəsində təmayülləşmə ilə əlaqədar tədbir

Biləsuvar Rayon Təhsil Şöbəsinin rəhbərliyi rayonun ümumtəhsil məktəblərinin direktorları ilə təmayülləşmə ilə əlaqədar növbəti tədbir keçirib. Tədbirdə RTŞ-ın əməkdaşları və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
RTŞ-ın müdiri B.Kazımov tədbir iştirakçılarına təmayülləşmə ilə əlaqədar məlumat verib. Məktəblərdə perspektivli şagirdlərin üzə çıxarılması, onların təmayül siniflərə cəlb edilməsi haqqında ətraflı danışıb.
Tədbirdə məktəb direktorları da çıxış ediblər.

Astarada intellektual bilik yarışının qalibləri mükafatlandırılıb

Astara şəhərindəki Gənclər Evində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş intellektual yarışda 14-18 yaşlı məktəblilər bilik və bacarıqlarını nümayiş etdiriblər. Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ə.Əliyev Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Milli Qəhrəman Mübariz İbrahimovun keçdiyi döyüş yolundan danışıb.
İntellektual bilik yarışında on bir komanda iki qrupda qalib adı uğrunda mübarizə aparıb.
Nəticədə Pensər kənd 2 nömrəli tam orta məktəbin “Anka” komandası birinci, Pensər kənd 1 nömrəli tam orta məktəbin “On üç” komandası ikinci və Astara şəhər 2 nömrəli tam orta məktəbin “Ziya” komandası üçüncü yerə layiq görülüb.
Qaliblər rayon gənclər və idman idarəsinin fəxri fərmanları və medallarla mükafatlandırılıblar.

Voleybol üzrə rayon birinciliyinin qalibləri məlum olub

Astara şəhərindəki şəhid Ceyhun Babayev adına 3 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş məktəblilər arasında voleybol üzrə rayon birinciliyinin qalibləri məlum olub. Üç gün davam edən yarışın yekun nəticələrinə əsasən, Suparıbağ kənd, Astara şəhər 2 və 3 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə sahib olublar.
Qaliblərə diplom və hədiyyələr verilib.

Qazma kənd 1 nömrəli tam orta məktəbdə “açıq dərs”

Balakən Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə, Qazma kənd 1 nömrəli tam orta məktəbin VI “a” sinfində ingilis dili fənnindən “The British traditions” mövzusunda “açıq dərs” keçirilib. Dərsdə məktəb direktoru Aşənnə Mehdiyeva, təhsil şöbəsinin metodistləri Esmira Qurbanova, Mahi Əliyeva və şəhər 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Günay Süleymanova iştirak ediblər.
Dərsin əvvəlində fənn müəllimi Tamara Dibirova ingilis adət-ənənələrindən danışıb və şagirdlərə Azərbaycan adətləri ilə ingilis adətlərini müqayisə etməyi tapşırıb. Şagirdlər qruplar şəklində tədqiqat sualını cavablandırıblar. “Real Madrid”, “Fish and chips” və “Nevruz” qrupları arasından qalib “Fish and chips” qrupu seçilib. Daha sonra şagirdlərə mövzu barədə slayd göstərilib, müxtəlif test tapşırıqları verilib.
Dərsin sonunda şagirdlərin bilikləri qiymətləndirilib, müşahidəçi qismində dərsdə iştirak edən Esmira Qurbanova və digər iştirakçılar dərsin təşkili və gedişi haqqında müzakirələr aparıblar.

Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsi

Hacıqabul Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan məlumata görə, Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi ilə əlaqədar təhsil şöbəsinin Tədbirlər Planına əsasən ümumtəhsil məktəb şagirdlərinin Xocalı soyqırımına aid rəsm sərgisi keçirilib. Tədbirdən öncə şagirdlərin rəsmlərinin nümayişi təşkil olunub və münsiflər heyəti tərəfindən sərgidə fərqlənən rəsmlər müəyyən olunub. Meynəman kənd tam orta məktəbinin tarix müəllimi Aytən Təhmazova Xocalı soyqırımı haqqında geniş danışıb. Sonda rəsm müsabiqəsində fərqlənən şagirdlər RTŞ-ın diplomları ilə təltif olunublar.

Səhifəni hazırladı: Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”
yuxarı ⤴