1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Gənc tədqiqatçılarımız
Məşhur Klivlend klinikasında çalışmış azərbaycanlı tələbə ilə söhbət
18.02.2017 / No6

 

 

 


...2007-ci ilin payız günlərindən birində Bakıdan İstanbula uçan təyyarə göyərtəsindəki bir qrup azərbaycanlı gənci qardaş Türkiyəyə çatdırdı. Onlar “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Türkiyədə təhsil alacaq gənclər idi. Aradan keçən 10 il ərzində onlar Türkiyə universitetlərində mükəmməl ali təhsil aldılar, bəziləri Amerikanın məşhur Klivlend klinikasında, Avropanın tibb mərkəzlərində təcrübə keçdilər. Dövlət proqramının verdiyi imkanlardan bəhrələnən gənclərimizdən bəziləri artıq peşə fəaliyyətlərində, bəziləri isə elmi tədqiqatçılıq yolundadır. Bu dəfə “Gənc tədqiqatçılarımız” rubrikasına hazırda Türkiyədə onkologiya sahəsində elmi tədqiqatlar aparan Altay Əliyevlə start veririk. Əliyev Altay Əli oğlu 1985-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyini fərqlənmə attestatı ilə bitirərək 659.8 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. Prezident İlham Əliyevin 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində elan edilmiş müsabiqədə iştirak edərək təhsilini İstanbul Universitetində davam etdirmişdir. 2010-cu ildə İstanbul Universitetini bitirmiş və “Tibbdə uzmanlıq” imtahanında 65.8 bal nəticə ilə İstanbul Universitetində daxili xəstəliklər ixtisasına qəbul olunub. Rezidentura səviyyəsində təhsili müvəffəqiyyətlə başa vuraraq 2016-cı ildə daxili xəstəliklər uzmanı ixtisasını bitirmiş, elə həmin ildə yüksək ixtisas uzmanlıq imtahanında 72 bal nəticə ilə Osmanqazi Universitetində tibbi onkologiya ixtisasına qəbul olunub. Hazırda tibbi onkoloq olaraq işləyir.

- 10 il əvvəl xaricdə təhsil almağa qərar verdiniz. Hədəfiniz nə idi?
- Dünyanın inkişaf etmiş ölkələrinin tibb sahəsində əldə etdiyi uğurlardan yararlanmaq, neçə-neçə insanın ömrünü yarımçıq qoyan xəstəliklərin səbəbini tapmaq üçün xaricdə təhsil almaq mənim ən böyük və hətta uşaqlıq arzum idi. Ona görə də İstanbul Universitetində təhsilimi davam etdirmək şansı qazandığım gün həyatımın ən sevincli və xəyallarımın başlanğıc günlərindən biri kimi yaddaşıma həkk olunmuşdur.
- Dövlət Proqramının sizin elm və təhsil həyatınızda oynadığı rol barədə nə deyə bilərsiniz? Xaricdə təhsilin sizin elmi karyeranızın formalaşmasında nə kimi rolu olubdur?
- Həm Azərbaycanın, həm də dünya tarixində bu proqrama bənzəyən və ölkənin inkişafına səbəb olan gözəl nümunələr var. Bunlardan hər zaman yaddaşımda olan və məni duyğulandıran biri, Azərbaycanın ilk müstəqillik illərində (1918-1920) Avropaya təhsilə göndərilən və haqlarında indi çox az məlumat olan 100 Azərbaycan gəncidir. Məncə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın ayrı bir mənəvi dəyəri vardır. Başqa bir bənzər proqram Türkiyənin ilk müstəqillik illərində xaricə göndərilən on bir tələbə ilə bağlıdır. O zamanın dövlət başçısı Atatürk bu tələbələrə: “sizi qığılcım olaraq göndərirəm, alov olaraq geri dönün” yazılı teleqraf göndərir və bu teleqrafdan təsirlənən o gənclər (öz həyat hekayələrində vurğulayırlar) sonradan Türkiyənin həm elmi, həm də iqtisadi inkişafında böyük rol oynayırlar. Bu qədər mənəvi köklərə bağlı dövlət proqramının mənim təhsilimdə əvəzsiz rolu oldu. Proqram iştirakçısı olmasaydım, bəlkə də indi olduğum təhsil pilləsinə gələ bilməyəcək və ya bu uğurlar üçün daha uzun illər lazım olacaqdı. Qısaca olaraq proqramın mənim müasir və modern tibbi təhsil almağımda çox böyük dəstəyi oldu.
- Siz Amerikanın dünyada məşhur Klivlend klinikasında da təcrübə keçmisiniz. Bu klinika sizi hansı keyfiyyətlərinə görə cəlb edir?
- Amerika tibb sistemi bu gün dünyada müasir tibb təhsili və təsdiqlənmiş tibbi xidmətin əsas aparıcı gücüdür. Bu sahədəki kəşflərin və yeniliklərin böyük əksəriyyəti bu ölkədə baş verir. Hətta inkişaf etmiş Avropa ölkələrinin tanınmış alimləri də akademik fəaliyyətlərinin müəyyən dövründə mütləq Amerikada elmi yaradıcılıq və ya araşdırmalarla məşğul olurlar. Klivlend klinikası həm tibb xidməti, həm də tibbi araşdırmalar sahəsində ilk sıralarda olan bir mərkəzdir. Mərkəzdə çox mükəmməl tibbi xidmət göstərilməkdə və elmi araşdırmalar aparılmaqdadır. Mərkəz elmi - tədqiqat potensialı ilə bütün dünyada məşhurdur. Dünyada bəzi xəstəliklərin erkən müayinəsi üzrə tədqiqatlar yalnız Klivlenddə aparılır. Mən də bu mərkəzdəki elmi araşdırmalarda aktiv iştirak etmək üçün elmi işçi olaraq orada işləmək qərarına gəldim.
- Ümumiyyətlə, tibb sahəsində təhsilin təcrübə ilə əlaqəli inkişafı barədə nə deyə bilərsiniz?
- Təcrübə biliyin anasıdır. Tibb sahəsinin digər bütün təhsil sahələrindən ən önəmli fərqi bu sahədə yüksəkixtisaslı kadrlar yetişdirmək üçün çoxlu maddi resurslara və uzun zamana ehtiyac olmasıdır. Ona görə də dünya standartlarında bir tibbi mütəxəssis yetişdirmək üçün həm nəzəri biliklərə, həm də ciddi miqdarda maddi və uzun zaman ayrılması ilə əldə edilən praktik təcrübəyə ehtiyac vardır. Bu gün Azərbaycanın tibb təhsilinə göstərilən dəstək və yatırımlar öz nəticəsini yaxın gələcəkdə göstərəcəkdir. Ona görə də tibb təhsili alanların ətrafındakı insanlara məsləhətim budur ki, səbrli olsunlar və yaxınlarına dəstəklərini əsirgəməsinlər.
- Siz Azərbaycan, Türkiyə və ABŞ-da tibb təhsilinin oxşar və fərqli aspektləri barədə nə deyə bilərsiniz?
- Azərbaycan gənc müstəqil bir dövlət olaraq bütün sahələrdə olduğu kimi tibb sahəsində də bir sıra layihələr və inkişaf proqramları həyata keçirir. İnkişaf etmiş ölkələrin modern tibb sistemi ilə müqayisə etdikdə istər sığorta, istərsə də tibbi xidmət və tibbi araşdırmalar sahəsində hələ görüləcək çox işlər var. Mən inanıram ki, bu gün Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan kadrlar bu inkişaf və yenidənqurma işlərinə öz dəstəklərini göstərəcək və mənəvi borclarını qaytaracaqlar. Qısası, xaricdə təhsil sadəcə özümə rahat və parlaq gələcək qurmaq vasitəsi olaraq görülməməlidir. Türkiyə və Amerikanın müasir və modern tibb xidməti vardır. Amerika tibb sistemi həm yüksək səviyyəli tibbi xidmət, həm də innovativ araşdırma və tədqiqatlara yönəlmiş bir sistemdir. Türkiyə modelində isə daha çox müasir və modern tibbi xidmət ön plandadır. Yüksəkixtisaslı mütəxəssis yetişdirmək üçün hər iki modelin üstünlüklərindən faydalanmaq zəruridir.
- Hazırda məşğul olduğunuz fəaliyyət sahəsi barədə məlumat verərdiniz.
- Hazırda tibbi onkologiya sahəsində Eskişehir Osmanqazi Universitetinin xəstəxanasında üst ixtisaslaşma təhsili alır və eyni zamanda tibbi onkoloq olaraq işləyirəm. Onkologiya daim inkişafda olan və yenilənən elm sahəsidir. Onkologiya mərkəzimizdə həm tibbi araşdırmalar aparılır, həm də tibbi xidmət verilir. Mərkəzimiz bir çox beynəlxalq, yerli tədqiqat və araşdırmaların aktiv iştirakçısıdır. Bunlar əsasən mədə-bağırsaq və süd vəzi xərçənginin müalicə və diaqnostikasına yönəldilmiş çalışmalardır. Eyni zamanda onkologiyaya aid yeni və aktual kitab hazırlanması üzərində də işləyirik. Kitabın nəşrinin bir neçə aya tamamlanması gözlənilir. Amerikadakı tədqiqat və araşdırmalarım tirod vəzi xərçənginin molekulyar diaqnostikası, xəstələrin müalicəsi və izlənməsi sırasındakı xəstəliklərinin aktivləşməsinin erkən diaqnostikası istiqamətində böyük çalışmalar idi. Qeyd edim ki, bu tədqiqatlar yalnız Klivlenddə aparılır. Bu tədqiqatlar tamamlandı və Amerikanın ən böyük toplantılarında yayımlandı və tibbi jurnallarda dərc edildi. İlk məqaləmiz barədə Amerika Cərrahiyyə Cəmiyyətinin illik toplantısında məlumat verildi, ardından da “Endocrine Practice” jurnalında çap edildi. Digər iki məqaləmiz Mərkəzi Cərrahlar Birliyi və Endokrin Cərrahlar Cəmiyyətinin illik toplantısında elan olundu və “Surgery” jurnalında geniş tərkibdə çap edildi. Qeyd edim ki, adıçəkilən jurnallar tibb aləmində nüfuzlu impakt-faktorlu nəşrlərdir.
- Xərçəngin müalicəsi mümkündürmü və ya tibb elmi buna nə qədər yaxınlaşıb?
- Onkologiya bu gün tibbin ən sürətli inkişaf edən bölümüdür. Bu sahədə hər il ən az 7-8 yeni dərman vasitəsi istehsal edilir və istifadə üçün təsdiqlənir. Bu gün xərçəng xəstəliyi deyəndə insanlar bunun bir xəstəlik olduğunu düşünür. Əslində isə söhbət ən az yüz və bir-birindən tamamən fərqli müalicə strategiyası olan xəstəlikdən gedir. Bugünkü modern tibb ilə bu xəstəliklərin 70 faizini başlanğıc mərhələsində tamamən müalicə etmək olur. Daha ağır mərhələdəki müalicədə isə məqsəd xəstələrin ömrünü uzatmaq və günlük həyat fəaliyyətlərini yaxşılaşdırmaqdır. Ona görə də insanlara müntəzəm olaraq mütəxəssis müayinəsindən keçməyi məsləhət görərdim. Bu, xəstəliyi daha başlanğıc mərhələdə aşkarlamağa kömək edir. Yeni “ağıllı dərmanlar” dediyimiz və ya “immunonkoloji müalicə” onkologiyada yeni cığır açdı və son illər bu iki müalicə metodu xərçəngin bir çox növündə istifadə edilməktədir. İnanıram ki, yaxın illərdə xərçəngin bütün növlərində yan təsiri daha az olan, xəstələrin rahatlığını pozmayan və yüksək müalicə effektivliyi olan bu “ağıllı dərmanlar” və immun müalicə vasitələri istifadəyə veriləcək.
- Azərbaycanda elm və təhsil sahəsində aparılan islahatlara münasibətiniz?
- Bəli, Azərbaycanda səhiyyə sahəsində aparılan inkişaf və yenidənqurma proqramlarından xəbərdaram. Anam Bakıdakı Heydər Əliyev adına liseydə ibtidai sinif müəllimi olduğu üçün təhsil layihələri barəsində də məlumatlıyam. Bu gün dünyanın ən uğurlu mərkəzlərində işləyən həmvətənlərimiz əslində bizim iqtisadi olaraq ən çətin zamanlardakı təhsil sistemində yetişən gənclərimizdir. Bu gün gənclərimiz Harvard, Kembric ve Yel kimi universitetlərin məzunları ilə çiyin-çiyinə çalışırlar. Bu o deməkdir ki, bizim təhsil sistemimizin köklü dəyişikliyə deyil, sadəcə modernləşməyə və inteqrasiyaya ehtiyacı var. Çünki bizim çox qədim tarixi adət-ənənələri olan, təşəkküldən keçən bir xalqımız var. Vətənimiz tarixdə ilk demokratik müsəlman ölkəsi kimi, qadınlara seçmək və seçilmək hüququ verən bir ölkə kimi tanınmışdır. Ona görə də iqtisadi cəhətdən daha çox inkişaf etmiş ölkələrin təhsil sistemindən örnək alıb köklü dəyişikliklər etməyimiz, məncə, Azərbaycan təhsil sisteminə mənfi təsir edə bilər. Bizim öz adət-ənənələrimiz və milli dəyərlərimiz var. Təhsil sistemimiz də bu dayaqlar üzərində durmalıdır. İnanıram ki, bu gün Azərbaycanda aparılan həm təhsil, həm də səhiyyə islahatları mütəxəssislərimizin diqqət mərkəzindədir.
- Azərbaycan üçün darıxmırsınız?
- Türkiyə, həm xalqı, həm də hökuməti Azərbaycana və xalqımıza çox əziz və diqqətlidir. Ona görə də çox yad münasibət hiss olunmur. Təbii ki, bizim özümüzə xas mədəniyyət, adət və ənənələrimiz üçün xatirələr və o anları yaşamaq istəyimiz olur, ona görə də milli bayramlarımızda həmvətənlərimizlə bərabər toplanmağa çalışırıq.
- Peşənizdə sizi daha çox nələr cəlb edir? Karyerada uğur qazanmaq üçün nələr lazımdır?
- Həkimlik müqəddəs və qürurlu peşədir. Bu peşə nə qədər çox iradəli və əzmli təhsil almaq tələb etsə də özündə bir çox dəyərli və mənəvi keyfiyyətləri də birləşdirir. Yaxşı həkim nəzakətlə dinləmək, məntiqli danışmaq, diqqətli düşünmək və tərəfsiz qərar vermək keyfiyyətlərini özündə birləşdirməlidir. Bütün bunlar məndə bu peşəyə böyük rəğbət və dəyər hissləri yaradır. Həkimlik əməyinin sevincini başqa insanların gözündə görə biləcəyin nadir peşələrdəndir. Məzunu olduğum İstanbul Universitetinin tibb fakültəsinin məzunu, kimya üzrə Nobel mükafatı laureatı, professor-doktor Əziz Səncərin bir gözəl sözü var: Çox insan zəkaya inanır, mən inanmıram, bizi bir-birimizdən ayıran əməkdir, mən zəhmətə və çalışmağa inanıram. Həqiqətən də bütün uğurların tək səbəbi zəhmətdir, əməksevərlikdir.
- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?
- Gələcəklə bağlı əsas planım Türkiyədə ixtisaslaşma və elmi işlərimi bitirdikdən sonra Amerika Birləşmiş Ştatlarında bir müddət elmi işlərimi davam etdirmək, sonra Azərbaycana qayıtmaqdır. Çünki bu gün Azərbaycanın onkologiya sahəsində müasir müalicə metodları baxımından modernləşməyə böyük ehtiyacı var.

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴