1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Xaricdə təhsil
18.02.2017 / No6

 
 

 

 


Məktəblilər hakerlərlə mübarizə aparmağı öyrənəcəklər

Böyük Britaniya məktəblərində şagirdlərə kibertəhlükəsizlik üzrə xüsusi dərslər keçiləcək. Layihənin təşəbbüskarları yaşı 14-dən yuxarı 6 mindən çox məktəbliyə kibertəhlükəsizlik tədbirlərini öyrətməyi planlaşdırırlar. Bu məqsədlə Böyük Britaniya hökuməti təxminən 20 milyon funt-sterlinq vəsait ayırmağı planlaşdırır. Layihənin əsas məqsədi gələcəkdə ölkəni kiber hücumlardan qoruya biləcək kadrların hazırlanmasıdır. Ən perspektivli şagirdlər adıçəkilən istiqamət üzrə əlverişli şərtlərlə ölkənin ali təhsil müəssisələrinə qəbul olunmaq imkanı əldə edəcəklər. Britaniya İcmalar palatasının nümayəndələrinin sözlərinə görə, ən əhəmiyyətli kompüter sistemlərinin dağıdılması ölkənin təhlükəsizliyi üçün əsas təhdidlərdən biridir. Analoji təşəbbüsü digər Avropa dövlətləri də qəbul edə bilər. Qeyri-rəsmi məlumatlara görə, Fransa və İspaniyanın təhsil nazirliklərinin rəhbərliyi yerli məktəblərdə kibertəhlükəsizlik dərslərinin keçilməsini nəzərdə tutub.

Rusiyada uşaqların dərs yükü azaldıla bilər

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Nazirlər Kabinetinin başçısı Dmitri Medvedevə uşaqların dərs yükünün azaldılması və məktəb proqramlarının daimi yenilənməsinə nəzarətin təşkili üzrə tapşırıq verib. Kremlin mətbuat xidmətinin məlumatına əsasən, tapşırıqda qeyd olunur ki, elmin, texnologiyaların nailiyyətləri, cəmiyyətin və təhsilalanların tələbatı, həmçinin real həyat şəraitində biliklərin, bacarıqların və vərdişlərin tətbiqinin zəruriliyi nəzərə alınmaqla müasir çağırışlara uyğun olaraq məktəb təhsilinin yenilənməsi üzrə tələblərin reallaşdırılmasına nəzarəti təmin etmək lazımdır.
Bundan başqa, Nazirlər Kabinetinə federal dövlət təhsil standartlarında və proqramlarında, eləcə də məktəb fənlərinin siyahısında düzəlişlərin edilməsi mümkünlüyünün normativ əsaslandırılması tapşırılıb. Tapşırıqda həmçinin tədris və tərbiyə işinin inteqrasiyası üzrə tədbirlərin həyata keçirilməsi zəruriliyi və müasir texnologiyalar, təlim və tədris resurslarından istifadə etməklə təhsilalanların dərs prosesinə maksimum cəlb oluması və marağının təmin edilməsi yolu ilə dərsdəndənkənar yüklənmənin azaldılması zəruriliyi əksini tapıb. Nazirlər Kabineti iyulun 1-ə kimi tapşırıqların icrası haqqında məruzə hazırlayıb prezidentə təqdim etməlidir.

Dünyanın ən yaşıl universitetləri

İndoneziya Universiteti (Universitas Indonesia) dünyanın ekoloji cəhətdən ən təmiz universitetlərinin illik reytinq cədvəlini ( UI GreenMetric Ranking of World Universities) təqdim edib. Reytinqin tərtib olunmasında məqsəd akademik ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməkdir. Tərtibçilər 74 ölkədən 516 ali məktəbi gözdən keçiriblər. Seçim prosesində universitet kampuslarının təbii mühitə münasibəti, enerjidən ümumi istifadə, nəqliyyatdan - ictimai, şəxsi avtomobil və ya velosipeddən istifadə, ərazilərin səliqə-sahmana salınması, zibillərin yığılması, suya qənaət, kampus ərazisində yaşıllıqların sahəsi, təhsilalanlar və əməkdaşlar tərəfindən ətraf mühitin mühafizəsi prinsiplərinə əməl olunması, ekoloji problemlərin öyrənilməsinə yönəlik tədqiqatçılıq fondlarının olması, ekoloji problemlərə dair dərc olunmuş elmi məqalələrin sayı və s. kriteriyalar nəzərə alınıb. Dünyanın ən yaşıl 10 universitetinin siyahısı: 1.Kaliforniya Universiteti, Devis ( ABŞ), 2.Nottingem Universiteti (Böyük Britaniya), 3.Vageningen Universiteti (Hollandiya), 4.Konnektikut Universiteti (ABŞ), 5.Oksford Universiteti (Böyük Britaniya), 6. Bodenkultur Vyana Universiteti (Avstriya), 7.Keele Universiteti (Böyük Britaniya), 8.Kaliforniya Berkli Universiteti (ABŞ), 9.Trent Universiteti (Böyük Britaniya). 10.Nyukasl Universiteti (Böyük Britaniya).

Oruc MUSTAFAYEV, “Azərbaycan müəllimi”
xarici mətbuat materialları əsasında
yuxarı ⤴