1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Təcrübəli təhsil işçisi, qocaman idman mütəxəssisi
18.02.2017 / No6

 

 

 


Adətən insan həyatını oxunaqlı bir kitaba bənzədirlər. Yaşadığı mənalı və şərəfli ömür yolu ilə kitabın səhifələrini zənginləşdirən belə insanlar çox xoşbəxtdirlər. Xoşbəxtdirlər ki, bəlli bir yaşdan sonra həmin kitabın səhifələri varaqlandıqca ötüb keçmiş illər yenidən göz önündə canlanır, qazanılan nailiyyətlər, uğurlar insanın həyatını şərəflə yaşadığından soraq verir, xatirələr yada düşür. Öz həyat kitabını yazan belə insanlardan biri də ömrünün 50 ilini pedaqoji fəaliyyətə həsr edən fiziki tərbiyə müəllimi Vaqif Yusif oğlu Gözəlovdur.
Yazımızın qəhrəmanı olan Vaqif Gözəlovun adı idman mütəxəssislərinə, eləcə də təhsil sistemində çalışanlara yaxşı tanışdır. Uzun illərdir ki, yeniyetmələr arasında bədən tərbiyəsi və idmana marağın artırılmasına, böyüməkdə olan gənc nəsilin sağlamlığı və hərtərəfli fiziki inkişafı işinə öz töhfələrini verən idman mütəxəssisinin keçdiyi ömür yoluna elə özü ilə birlikdə nəzər salaraq onu oxucularımızla daha yaxından tanış etmək istədik.
1942-ci il fevralın 16-da Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş Vaqif Gözəlov S.Hüseynov adına şəhər 1 nömrəli tam orta məktəbi bitirdikdən sonra “Məhsul” Cəmiyyətində məşqçi işləyib.1959-cu ildə doğma şəhərində idmanın boks növünün tədrisinin bünövrəsini qoyan Vaqif müəllim 1961-ci ildə boks üzrə idman hakimi adına layiq görülüb. Daha sonra “Neftçi” Cəmiyyətində məşqçi kimi fəaliyyətini davam etdirərək respublika yarışlarında şəhərin idman şərəfini qoruyub. Həmin ildə Gəncə şəhərində keçirilən gənclər arasında Azərbaycan birinciliyinin qalibi olub.
1962-66-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alaraq bədən tərbiyəsi və idman müəllimi ixtisasına yiyələnib. Bu illər ərzində iştirak etdiyi çoxsaylı yarışlarda daha da püxtələşərək SSRİ-nin əməkdar məşqçisi, əməkdar idman ustası, Azərbaycanda ilk beynəlxalq dərəcəli hakim Abbas Ağalarov və SSRİ idman ustası, əməkdar məşqçi İlya Odinovun rəhbərliyi altında məşqlərini uğurla davam etdirib. Çox keçməyib ki, idman karyerasında önəmli yer tutan nailiyyətlərə imza atıb. Belə ki, müxtəlif illərdə Azərbaycan birinciliyinin çempionu olan V.Gözəlov qısa bir müddətdə ölkənin yığma komandasının tərkibinə qəbul edilib. O, həmçinin bir çox ölkələrdə keçirilən beynəlxalq turnirlərdə, yarışlarda da yüksək nailiyyətlər qazanaraq Azərbaycan bayrağını yüksəklərə qaldırıb.
İdman ustası adına layiq görülən Vaqif müəllim 1966-cı ildə Şirvan şəhər 28 nömrəli texniki peşə məktəbində təlimatçı işləyib. Qazandığı uğurları ilə həmyaşıdları arasında fərqlənən idmançıya 1967-ci ildə respublikada keçirilən Azərbaycan birinciliyinin baş hakimi vəzifəsi həvalə edilib. Pedaqoji fəaliyyətə vaxtilə məzunu olduğu 1 nömrəli tam orta məktəbdə başlayan V.Gözəlov ordu sıralarında xidmət etdikdən sonra ehtiyatda olan zabit kimi doğma şəhərinə qayıdıb.
Sonradan taleyini Şirvan şəhər R.Ş.Həbibov adına 14 nömrəli beynəlmiləl tam orta məktəblə bağlayan təcrübəli idmançı pedaqoji fəaliyyətini 1969-cu ildən adıçəkilən təhsil müəssisəsində davam etdirir. İşlədiyi müddət ərzində doğma şəhərinin idman tarixinə əvəzsiz töhfələr verən, fiziki tərbiyə dərslərini şagirdlərinə sevə-sevə keçən peşəkar müəllimin 1972-ci ildə rəhbərlik etdiyi yığma komanda respublika birinciliyində komanda hesabında 2-ci yerə layiq görülür.
Onun yetirmələri respublikadan kənarda da yaxşı tanınırdı. 2001-ci ildə beynəlxalq dərəcəli hakim adını alan Vaqif Gözəlov həmin ildən də ölkə, Avropa, dünya birinciliklərində, beynəlxalq turnirlərdə hakimlik edib, 2002-ci ildə “Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi” adına layiq görülüb.
50 il müəllimlik, eyni zamanda 45 il məşqçilik, 50 il isə hakimlik stajına malik qocaman idman mütəxəssisi 10 nəfər SSRİ idman ustası, 8 ustalığa namizəd, 25 məşqçi-müəllim, 16 idman hakimi, 200-dən çox 1-ci, 2-ci və 3-cü dərəcəli boksçular hazırlayıb.Vaxtilə dərs dediyi şagirdlərindən 29-u fiziki tərbiyə müəllimi ixtisasına yiyələnib.
Ölkənin bir sıra kütləvi informasiya vasitələrində təcrübəli müəllimin mənalı həyat yolu, pedaqoji fəaliyyəti dəfələrlə işıqlandırılıb, onun Azərbaycan təhsilinə, idmanın inkişafına verdiyi töhfələrdən söz açılıb.
2002-ci ildən Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Veteranları İttifaqının üzvü olan Vaqif müəllimin əməyi dövlət tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, o, Prezident İlham Əliyevin 4 oktyabr 2010-cu il tarixli sərəncamı ilə ölkə təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. 2011-ci ildə isə ölkə başçısının müvafiq sərəncamı ilə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.
Əməyinə verilən bu yüksək qiymətin onun həyatında xoş, qürurverici hadisələr kimi qaldığını deyən Vaqif müəllim o hissləri bizimlə paylaşır:
“Mənim üçün ən yaddaqalan hadisə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə 19 dekabr 2011-ci ildə Sumqayıtda Olimpiya İdman Kompleksinin açılışında görüşümdür. O zaman ölkə başçısının 2011-ci ilin idman yekunları ilə bağlı idman ictimaiyyətinin nümayəndələri və sumqayıtlılarla görüşündə idman sahəsində fərqlənərək mükafatlandırılan şəxslərdən biri də mən idim. “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülməyim və dövlətimizin başçısının mükafatın döş nişanını mənə şəxsən təqdim etməsi zamanı keçirdiyim xoş hissləri sözlə ifadə etmək çətindir. O gözəl anları yaşadığım üçün özümü xoşbəxt sanıram”.
Şərəfli ömür yaşayan təcrübəli müəllim daha sonra ölkəmizdə idmana olan diqqət və qayğıdan söz açdı, respublikamızın artıq idman ölkəsi kimi dünyada öz layiqli yerini tutduğunu diqqətə çatdırdı. Bu ilin mayında keçiriləcək Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının da dünya idman tarixində özünün möhtəşəmliyi ilə yaqqaqalan xoş bir hadisəyə çevriləcəyinə əmin olduğunu bildirdi.
Yarım əsrdir ki, pedaqoji fəaliyyətlə məşğul olan, müəllimlik peşəsinə hər zaman sadiq qalan Vaqif Gözəlov bu gün də böyüməkdə olan nəslin təlim -tərbiyəsi işində yorulmadan, eyni həvəs, eyni şövqlə çalışır. Bu günlərdə 75 yaşı tamam olan qocaman idman mütəxəssisini təbrik edir, ona cansağlığı arzulayırıq!

Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”

yuxarı ⤴