1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
 METODİKA
Müəllim-şagird münasibətləri səmimilik və sevgi üzərində qurulmalıdır
20.02.2016/№7


Vüsalə ƏLİQIZI,

Göygöl şəhəri, Texniki Təbiət Fənləri təmayüllü liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi

Fəal təlimin mexanizmlərindən biri də psixoloji dəstək, hörmət və etibardır. Bu mexanizmin əsasında müəllimin şagirdə xeyirxah münasibəti, hörmət və etibarı, onların bacarığına inamı dayanır. Təlim prosesində şagirdin idrak fəallığı, biliklərin müstəqil şəkildə qavranılması hadisəsi yaranır ki, bu da birbaşa onlara sərbəstliyin və psixoloji dəstəyin verilməsi ilə bağlıdır.

Müəllim hər bir şagirdə fərdi yanaşmağı və özünü sevdirməyi bacarmalıdır. Ona cəmiyyətin bir üzvü kimi baxıb hər addımını izləməli və dəyərləndirməlidir. Kurikulumun prinsiplərindən biri olan səxsiyyətyönümlülüyü diqqət mərkəzində saxlamalıdır.

“Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”- deyib böyük şairimiz Məmməd Araz. Unutmamalıyıq ki, həmin ölkə vətəndaşlarını yetişdirmək məhz biz müəllimlərin üzərinə düşür. Biz o ölkə vətəndaşlarını yetişdiririk ki, azərbaycanlı olması ilə fəxr etsin və gələcəkdə ölkəmizi bütün dünyaya qürurla tanıtsın. Yeri gələndə düşmən önündə sipər olsun. Çünki dədəmiz Qorqud demişkən, “torpağı yağılardan qorumadınsa, onu əkib-becərməyə dəyməz, əgər əkib-becərmədinsə, qorumağa dəyməz”.

Biz şagirdə vətəni, ananı, torpağı sevməyi, dosta sədaqət hissi və s. aşıladığımız kimi müəllimi sevməyi, ona hörmətlə yanaşmağı da öyrətməliyik. Bunu həm dərs zamanı müəllim haqqında yazılmış bədii nümunələri təhlil etməklə, həm də öz hərəkət və davranışlarımızla göstərməliyik.

Biz gələcəyin vətəndaşları kimi onları sevməli və qayğı göstərməliyik. Eyni zamanda şagirdlər də müəllimə düzgün münasibət göstərməli, öz həyatlarında müəllimlərin rolunu dərk etməlidirlər. H.Cavidin “Qız məktəbi”ndəki Gülbahar kimi...

- Bu dünyada sənin

Ən çox sevdiyin kimdir quzum?

söylərmisin?

- Ən çox sevdiyim ilkin

O ALLAH ki, yeri, göyü,

insanları xəlq eylər.

- Sonra kimlər?

- Sonra onun göndərdiyi elçilər.

- Başqa sevdiklərin nasıl yoxmu?

- Var.

- Kim onlar?

- Atam, anam, müəlliməm.

bir də bütün insanlar.

8-ci sinfin “Azərbaycan dili” dərsliyində müəllim-şagird münasibətinin gözəl bir nümunəsini Cəlaləddin Ruminin “Sədaqət” mətnindən bir parça verməklə göstərmişlər. Bu mətni tədris edərkən şagirdlərə belə bir sualla müraciət etdim. “Kimin əlindən yediyiniz acı qarpız sizin üçün bal kimi şirin dadar?”.

Müxtəlif fərziyyələr söylənildi. Təbii ki, bunların içərisində müəllim sözü də var idi. Səbəbini soruşanda - “Çünki müəllim bizim üçün bütün qayğılarını qapının ağzında qoyub sinfə daxil olur”, - cavabını aldım.

Mətndə göstərilmişdir ki, müəlliminin əlindən zəhər kimi acı qarpızı böyük şirinliklə yeyən Loğmana müəlliminin (ağasının) - “Belə qəhri necə çəkdin? Sanki canına qəsdin var”- sualına Loğman belə cavab verir:

- Sənin nemətlər bağlayan əlindən o qədər ruziləndim ki, utandığımdan ikiqat oldum. Buna baxmayaraq, əlinlə verdiyin bir şeyə, ey mərifət sahibi, “bu acıdır, yeyə bilmərəm” - deyə bilmədim. Əgər bu qədər bir acıya dözə bilməyib fəryad edərəmsə, bütün zəhərlərim torpağa qarışsın. Şəkər bağışlayan əlinin ləzzəti bu qarpızın acılığını heç saxlayarmı? Bu sizə - məni öyrədənə olan sevgimin gücündəndir. Sevgidən acı dadlanar, sevgidən mis qızıl olar. Sevgidən bulanıq, çöküntülü sular dumduru bir hala gələr. Sevgidən dərdlər şəfa tapar. Sevgidən ölülər dirilər, sevgidən padşah qul olar.

Doğrudan da hər bir şeydə olduğu kimi şagird-müəllim münasibətinin də əsasında sevgi dayanır. Müəllim cəmiyyətin yol göstərəni, sagird isə gələcəyimizdir. Müəllim neçə mühəndisin, neçə həkimin, neçə müəllimin müəllimidir.

yuxarı ⤴