1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Təhsil naziri Türkiyədə səfərdə olub
25.02.2017 / No7

Nazir Ankarada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda çıxış edib

Fevralın 22-də Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” adlı beynəlxalq konfrans öz işinə başlayıb.
Konfrans Türk Şurası və Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universiteti tərəfindən təşkil olunub.
Açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin sədr müavini Ahmet Aydın, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Türk Şurasının Baş katibi Ramil Həsənov, Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin Qəyyumlar Şurasının sədri Musa Yıldız çıxış edib.
Mikayıl Cabbarov çıxışı zamanı Xocalıda ermənilər tərəfindən törədilmiş kütləvi qırğın, Azərbaycana qarşı həyata keçirilmiş cinayət və təcavüz, onun nəticələri haqqında məlumat verib, bu soyqırımın xalqımıza qarşı aparılan təcavüz, işğal və etnik təmizləmə siyasətinin aydın nümayişi olduğunu vurğulayıb. Təhsil naziri Xocalı həqiqətlərinin dünyaya çatdırılmasına, tarixi ədalətin bərpa edilməsinə və cinayətkarların ifşa olunmasına nail olmaqda təhsilin xüsusi rolunu qeyd edib, çıxışını Xocalıda və Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını itirmiş şəhidlərimizə rəhmət diləyərək yekunlaşdırıb.
 

***

Təhsil naziri Türkiyə Böyük Millət Məclisində və Ali Təhsil Şurasında görüşlər keçirib

Fevralın 22-də təhsil naziri Mikayıl Cabbarov Türkiyə Böyük Millət Məclisində Milli təhsil, mədəniyyət, gənclər və idman komissiyasının sədr müavini Burhanettin Uysal ilə görüşüb.
Görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əsasında təhsil sahəsinin inkişafı haqqında fikir mübadiləsi aparılıb. İki ölkə arasında sıx əlaqələr çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşdən sonra Mikayıl Cabbarov Parlament binasının 15 iyul 2016-cı il tarixində baş vermiş dövlət çevrilişinə cəhd zamanı zərər görmüş hissəsinə baş çəkib.
Daha sonra təhsil naziri Mikayıl Cabbarov Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Yekta Saraçla görüşüb. Görüş zamanı Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsinin inkişafı üçün gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.


***


Mikayıl Cabbarov səfər çərçivəsində bir sıra tədbirlərdə iştirak edib

Fevralın 23-də təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə əklil qoyub.
Nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri də ziyarət edib. Mustafa Kamal Atatürkün məzarının önünə əklil qoyulub.
Təhsil naziri xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra təhsil naziri Mikayıl Cabbarov Ankarada yerləşən Heydər Əliyev məktəbinə baş çəkib, məktəbin fəaliyyəti ilə tanış olub və şagirdlərin önündə çıxış edib.
Günün ikinci yarısında Mikayıl Cabbarov Türkiyə Respublikasının milli təhsil naziri İsmet Yılmazla görüşüb. Görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əsasında təhsil sahəsinin inkişafı haqqında fikir mübadiləsi aparılıb. İki ölkə arasında sıx əlaqələr çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Bundan sonra təhsil naziri Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə iş üzrə Baş İdarəsinin (YTB) sədri Mehmet Köse ilə görüşüb. Görüş zamanı iki ölkə arasında tələbə mübadiləsinin genişləndirilməsi, o cümlədən müxtəlif təqaüd proqramlarının tətbiq olunması və digər məsələlər müzakirə edilib.
 

***

Bilkent Universitetini ziyarət və azərbaycanlı tələbələrlə görüş

Fevralın 22-də təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankaradakı İhsan Doğramaçı Bilkent Universitetində olub.
Türkiyənin aparıcı ali təhsil müəssisələrindən olan bu təhsil ocağının imkanları, bilik öyrətmə texnologiyaları, maddi-texniki bazası barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Türkiyədə ən çox xarici ölkə vətəndaşı olan professor və müəllim heyətinin çalışdığı İhsan Doğramaçı Bilkent Universiteti elm və təhsil sahəsində böyük uğurlar qazanıb.
İhsan Doğramaçı Bilkent Universitetinin idarə heyətinin sədri, professor Əli Doğramaçı, universitetin rektoru Abdullah Atalar və bu təhsil ocağının digər rəhbər şəxsləri görüşdə iştirak ediblər.
Daha sonra nümayəndə heyəti Azərbaycanın Türkiyədəki səfirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan bir qrup azərbaycanlı tələbə ilə görüşüb.
Mikayıl Cabbarov tələbələr qarşısında çıxış edib. Ölkəmizdə həyata keçirilən təhsil islahatlarının mahiyyəti, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışan nazir qeyd edib ki, tələbəlik illərində zamandan səmərəli istifadə edərək yüksək təhsil almaq hər bir tələbənin başlıca vəzifəsidir. Ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim diqqət və qayğı göstərdiyini xatırladan təhsil naziri bildirib ki, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər ölkəmizdə ali təhsil sahəsində böyük uğurlar qazanılıb. Dövlət vəsaiti hesabına nüfuzlu xarici ölkə məktəblərində azərbaycanlı gənclərin təhsil almasına şərait yaradılması xalqımız üçün tarixi qazancdır.
Təhsil naziri Mikayıl Cabbarov tələbələri maraqlandıran sualları cavablandırıb.

www.edu.gov.az

yuxarı ⤴