|
Fevralın 20-də Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytəkin Həsənovanın xatirə
gecəsi keçirilib.
Bakı Musiqi Akademiyasının böyük zalında baş tutan tədbiri giriş sözü ilə
açan Aytəkin Həsənovanın qızı Aytac Qasımova qonaqları salamlayıb, anası ilə
bağlı xatirələrini bölüşüb. “Əvəzedilməz insanlar olmur, amma elə insanlar
var ki, yaddaşlarda dərin iz buraxır. Öz səmimiliyi, mehribanlığı və
insansevərliyi ilə əbədi olaraq ürəklərimizdə qalır. Yəqin mənimlə bir
çoxları razılaşar ki, anam məhz belə insanlardan olub”, - deyərək Aytəkin
xanımın ölümündən 5 il keçdiyini vurğulayıb.
Daha sonra BMA-nın rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli, ADMİU-nun
rektoru, professor Fərəh Əliyeva və sənətşünaslıq üzrə fəlsəfə doktoru,
dosent, əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə Aytəkin Həsənovanın
sənətinə, peşəsinə çox bağlı insan olduğunu, bütün həyatını musiqiyə həsr
etdiyini, yaradıcılıq sahəsində böyük uğurlara imza atdığını və pedaqoji
fəaliyyəti ilə gənc nəslin yetişməsinə töhfələr verdiyini qeyd ediblər.
Aytəkin Həsənovanın ifasında Vasif Adıgözəlovun “Konsert №2 (3-cü hissə)”
əsərinin videomaterialı nümayiş olunub.
Tədbir incəsənət ustaları və tələbələrin ifasında konsert proqramı ilə davam
edib.
Tədbirdə Aytəkin Həsənovanın xatirəsinə həsr edilən “Əbədi işığa doğru”
kitabının təqdimatı keçirilib. Aytac Qasımova kitabın redaktoru, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh
Əliyevaya və müəllifləri - universitetin müəllimləri, Aytəkin Həsənovanın
həmkarları Kamilə Dadaşzadə və Səbinə Mehdiyevaya çətin və səmərəli işə görə
minnətdarlığını bildirib.
|