1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Ukrayna-Azərbaycan münasibətlərinin dərin tarixi kökləri var
25.02.2017 / No7

 

 

 


Fevralın 21-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva, Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişşenko, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2-ci Avropa İdarəsinin direktoru İlqar Muxtarov, Milli Məclisin “Azərbaycan-Ukrayna” Parlamentlərarası qrupunun sədri Rüfət Quliyev, Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası qrupunun sədri Maksim Kuryaçiy, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev, universitetin professor -müəllim heyəti və digər rəsmi şəxslər iştirak ediblər.
BSU-nun rektoru, professor Nurlana Əliyeva tədbiri giriş sözü ilə açaraq Azərbaycanla Ukrayna arasında müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyətindən danışıb. O qeyd edib ki, xalqlarımız arasında çoxəsrlik tarixə malik yaxın dostluq münasibətləri var və ənənə bu gün də davam edir. Mədəniyyət, təhsil, iqtisadiyyat və digər sahələrdə əməkdaşlıq əlaqələri sürətlə genişlənməkdədir.
N.Əliyeva qeyd edib ki, universitetdə 2001-ci ildə yaradılmış Ukrayna Tədris - Mədəniyyət Mərkəzi ölkələrimiz arasında münasibətlərin inkişafına töhfəsini verməkdədir. Hazırda universitetin 44 tələbəsi Ukrayna dilini öyrənir.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ölkələrimiz arasında əlaqələrin qarşılıqlı hörmətə əsaslandığını söyləyib. O vurğulayıb ki, istər sovet dövründə, istərsə də müasir zamanda bu münasibətlərin xüsusi statusu olub. Bu gün Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin 25 illik yubileyi qeyd edilsə də, əslində bu əlaqələrin daha dərin tarixi kökləri var. Ukraynalılar özlərini Azərbaycanda, azərbaycanlılar da özlərini Ukraynada hər zaman rahat hiss ediblər.
A.Mişşenko Ukraynanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. Səfir təhlükəsizlik məsələsinin hər bir ölkə üçün vacib olduğunu bildirib. Qeyd edib ki, hazırda Ukraynada 6 min azərbaycanlı tələbə təhsil alır və onların özlərini təhlükəsiz mühitdə hiss etmələri vacibdir.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin, xüsusilə müstəqilliyimizin bərpasından sonra sürətlə genişləndiyini vurğulayıb.
Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Maksim Pavloviç Kuryaçiy, Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, deputat Elmira Axundova və digər çıxış edənlər dünyada cərəyan edən gərginliklər fonunda ölkələrimizin daha da yaxınlaşmasının, bir-birinə dəstək olmasının vacibliyini dilə gətiriblər.

İbrahim QULİYEV,
BSU-nun Mətbuat xidmətinin rəhbəri

yuxarı ⤴