1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
25.02.2017 / No7

 
 

 

 


Sumqayıt Dövlət Universitetində

Fevralın 22-də Sumqayıt Dövlət Universitetində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu ilə birgə “Azərbaycan xalqına qarşı soyqırımları tarixində Xocalı” mövzusunda elmi konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində təşkil edilmiş sərgidə Xocalıda baş verən qanlı faciələri əks etdirən fotoşəkillər, qəzet və jurnal materialları və kitablarla tanış olub, soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konfransı giriş sözü ilə universitetin rektoru, professor Elxan Hüseynov açaraq bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecədə erməni silahlı dəstələri hələ SSRİ dövründən Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etdilər. Yalnız ümummilli lider Heydər Əliyev ölkəmizdə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildi.
Rektor Elxan Hüseynov diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl addımlar atır.
Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən, xüsusən Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapıb.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov “Türk-müsəlman xalqlarına qarşı soyqırımları tarixində Xocalı”, SDU-nun tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı”, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov “1948-1953-cü illərdə azərbaycanlıların deportasiyası soyqırımı cinayətidir” mövzularında məruzə ediblər.

Mətbuat xidməti

Azərbaycan Dövlət Pedaqoji Universitetində

Fevralın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib. Mərasim iştirakçıları öncə Xocalı soyqırımını və eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən sərgi ilə tanış olublar.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov anım mərasimində çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş dəhşətli faciə bəşər tarixində misli görünməmiş bir cinayət aktıdır.
Rektor qeyd edib ki, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı əməli tədbirlər yalnız ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda yenidən dövlət rəhbərliyinə qayıtmasından sonra həyata keçirilib. Bu məqsədlə atılan addımlardan biri isə Xocalı faciəsinə siyasi- hüquqi qiymətin verilməsi olub.
Xocalı faciəsi zamanı həlak olmuş soydaşlarımızın ailələri həmişə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Respublikamızın 48 rayonunda məskunlaşmış xocalılara dövlət səviyyəsində hər cür qayğı və köməklik göstərilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban Əliyeva bütövlükdə Azərbaycan həqiqətləri, o cümlədən Xocalı faciəsi haqqında beynəlxalq ictimaiyyətin lazımi səviyyədə məlumatlandırılması üçün səmərəli əməli fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il may ayının 8-dən başlayaraq beynəlxalq miqyasda “Xocalıya ədalət!” kampaniyası həyata keçirilir.
Bu kampaniyanın əsas məqsədi dünya ictimaiyyətini Xocalı soyqırımı barədə məlumatlandırmaq, beynəlxalq səviyyədə Xocalı soyqırımına adekvat siyasi-hüquqi qiymətin verilməsi, ədalətin təmin olunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsidir. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində çoxsaylı tədbirlər keçirilir, təbliğat-təşviqat işi aparılır. Hazırda bu kampaniya dünyanın bir çox ölkələrində uğurla davam etdirilir. Biz tələbə-gənclərə Xocalı faciəsinin mahiyyətini dərindən öyrətməli, onları milli ruhlu vətəndaş kimi tərbiyə etməliyik.
Anım mərasimində Xocalı soyqırımını əks etdirən videoçarx və Tələbə Gənclər Təşkilatının (TGT) hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub, həmçinin faciəyə həsr edilən yazı müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Naxçıvan Dövlət Universitetində

Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakültəsində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan universit
etin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 25 il əvvəl xalqımıza qarşı xüsusi amansızlıqla törədilən bu qətliamı XX əsrin ən dəhşətli hadisələrindən biri kimi dəyərləndirib, tələbələri həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində fəallığı artırmağa səsləyib.
Tarix-filologiya fakültəsinin dekanı, dosent Rəsul Bağırov “Bəşəriyyəti heyrətə salan erməni vəhşiliyi” adlı məruzəsində qeyd edib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Öz tarixi torpaqlarından qovularaq, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Həmin proseslər sovet dövründə də davam edib. Vurğulanıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə və təhqirlərinə məruz qalıb. 150 nəfərin taleyi isə hələ də məlum deyil. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocalar olub. 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
“Xocalı-qan yaddaşı” adlı məruzə ilə çıxış edən kitabxanaçılıq kafedrasının dosenti Sədaqət Nemətova Xocalı faciəsinin, xalqımızın milli azadlıq ruhuna qarşı misli görünməmiş bir təcavüz olmaqla yanaşı, həm də tariximizin qəhrəmanlıq səhifəsi olduğunu deyib. O gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirib.
Sonra bədii qiraət olub. Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə I kurs tələbələri Lamiyə Bağırbəyli, Röya İsmayılova, Gülay Tahirli,Günel Əkbərli, kitabxanaçılıq və informasiya ixtisası üzrə III kurs tələbəsi Vüsal Sultanlı Xocalıya ithaf olunmuş şeirlər səsləndiriblər.

Mətbuat şöbəsi

“Naxçıvan” Universitetində

“Naxçıvan” Universitetində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Bəşəriyyətin ağır faciəsi - Xocalı soyqırımı” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir iştirakçılari ilk əvvəl universitetin əsas korpusunun foyesində təşkil edilən “Xocalı fəryadi” adlı sərgiyə baxmışlar.
Konfransı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq Xocalı faciəsinin törədilməsindən və bu faciəyə hüquqi-siyasi qiymət verilməsindən danışmışdır. Bildirilmişdir ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri kimi daxil olmuşdur. O dəhşətli gecədə Xocalı şəhəri yerlə-yeksan olmuş, dinc əhaliyə vəhşicəsinə divan tutulmuşdur.
Konfransda ümumi tarix kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov “Xocalı faciəsi insanlığa qarşı cinayətdir”, ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov “Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması” və ümumi tarix kafedrasının müəllimi Vaqif Hüseynov “Xocalı soyqırımı: ikili standartlar və 100 ilin erməni yalanları”mövzularında çıxışları dinlənilmişdir. Diqqətə çatdırılmışdır ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin başvermə səbəbləri təfsilatı ilə açıqlanmışdır.
Sonda tələbələr Xocalıya həsr olunmuş şeirlər söyləmiş, iştirakçılara “Xoca” filmi nümayiş etdirilmişdir.

Nuray ƏSGƏROVA

Azərbaycan Memarlıq və İnşaat Universitetində

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Öncə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himni səslənib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. O, Xocalı faciəsinin başvermə səbəblərini açıqlayaraq bildirib ki, həmin dönəmdə Azərbaycana rəhbərlik edən hakimiyyətin laqeydliyi ucbatından xocalıların başına bu faciə gətirilib. Həmin gecə ermənilərin Xocalıda törətdikləri qırğınları 20-ci əsrin ən qanlı faciələrindən biri kimi tarixə düşdüyünü deyən rektor xüsusi vurğulayıb ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamentinin Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırıldığını yada salan rektor eyni siyasətin Prezident İlham Əliyev, Heydər Əliyev Fondu tərəfindən həyata keçirildiyini qeyd edib.
Tədbirdə professor Həvva Məmmədova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman çıxış ediblər.
Tədbirin sonunda “92-ci ilin qarı” adlı sənədli film nümayiş olunub.

Azərbaycan Dövlət Pedaqoji Kollecində

Fevralın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Soyqırım və terrora yox deyirik” adlı Xocalı faciəsinin 25 illiyinə həsr olunan anım günü keçirilib.
Öncə tədbir iştirakçıları kollecin foyesində tələbələrin Xocalı faciəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbir Dövlət himnimizin ifası və faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Kollecin tədris-metodika kabinetinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Fərqanə Əliyeva 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş soyqırımı barədə danışıb.
“Xocalı qətliamı” sənədli filminin nümayişindən sonra Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov çıxış edərək tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqının növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdiyini bildirib. Azərbaycan tarixinin 25 il əvvəl yaşanmış qanlı səhifəsinə bir daha nəzər yetirən kollecin direktoru Xocalı faciəsinin özünün əsl hüquqi-siyasi qiymətini yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra aldığını söyləyib. Bildirilib ki, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul edib. Qəbul edilmiş qərara əsasən, Azərbaycan və bəşər tarixinin qanlı səhifələrindən biri olan bu hadisələr hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Qulu Novruzov Xocalı faciəsi haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü və davamlı addımlar atıldığını diqqətə çatdırıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Xocalı qətliamının beynəlxalq aləmdə soyqırımı kimi tanınması üçün reallaşdırdığı tədbirlərdən, bu işdə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının rolundan və əhəmiyyətindən söz açıb. Qeyd edib ki, məhz beynəlxalq miqyasda bu yöndə müntəzəm aparılan işlərin nəticəsidir ki, soyqırımı tanıyan ölkələrin sayı gündən -günə artmaqdadır.
Direktor çıxışının sonunda bildirib ki, hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənclərimiz xalqımızın başına gətirilən bu müsibətləri unutmamalı, hər vasitə ilə erməni vandalizminin dünyada ifşasına çalışmalıdır.
Çıxış edənlərdən Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Söhrab Cəfərov, Xocalı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Təhmasib Kərimov ən qəddar və amansız terror hadisələrindən olan Xocalı soyqırımının erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu bildiriblər.
Tədbirdə faciənin şahidləri olan Xocalı sakinləri Ofeliya Əhmədova, Ceyran Əzizova başlarına gətirilən müsibətlərdən söz açıblar, 25 ildir ki, itirdikləri əzizlərinin, doğmalarının həsrətini çəkdiklərini söyləyiblər.
Kollecin tərbiyə işləri üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Nigar Şirəliyeva Xocalı faciəsinin xalqımızın tarixində qanla yazılmış müdhiş səhifələrdən biri olmaqla yanaşı, Azərbaycan xalqının düşmən qarşısındakı dözümünü, mərdliyini, Vətənə, torpağa bağlılığını dünya ictimaiyyəti qarşısında sübut edən bir məqam kimi də dəyərləndirib.
Sonra gənc yazar Ülkər Piriyevanın ifasında “Oyan, qeyrətim, oyan” şeiri səslənib, bəstəkar Sevinc Tofiqqızının”Xocalı fəryadı” klipinin təqdimatı olub.
Tədbirdə daha sonra kollecin tələbələrinin hazırladıqları “Nişanlı şəhid” tamaşası və ədəbi-bədii kompozisiya göstərilib.
Sonda Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar kollecdə təşkil edilmiş sərgidə I,II,III yerləri tutan tələbələrə təşəkkürnamələr təqdim olunub.

Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə iştirak edən universitetin professor-müəllim, tələbə heyəti bütövlükdə bəşəriyyətə qarşı törədilən tarixi cinayət olan Xocalı faciəsində qətlə yetirilmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Fərəh Əliyeva Xocalı faciəsinin yalnız Azərbaycana deyil, bütün bəşəriyyətə qarşı törədilmiş vəhşilik olduğunu və bu soyqırımın gənclərin yaddaşına həkk edilərək hər zaman anılmasının vacibliyini vurğulayıb. “Xocalıya ədalət!” kampaniyasının həyata keçirilməsini yüksək dəyərləndirərək bu kimi tədbirlərin Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlardan olduğunu söyləyib. Qeyd olunub ki, tariximizin ən dəhşətli və faciəvi səhifələrindən biri olan Xocalı soyqırımından bu gün 25 il ötür.
Tədbir universitetin teatr sənəti fakültəsinin tələbəsi Ümman Budaqov (bədii qiraət) və musiqi sənəti fakültəsinin tələbələri Azər Səlimov (xanəndə), Ağayar Xanlarov (tar), Cahandar Xanlarovun (kamança) ifasında müəllifi Günel Anar qızına məxsus “Ataya məktub” əsəri əsasında, rejissoru Cəlal Kəngərli olan videomaterialın nümayişi ilə davam edib.

Gəncə Dövlət Universitetində

Gəncə Dövlət Universitetində Xocalı faciəsinə həsr edilmiş “Xocalı soyqırımının 25-ci ildönümü” mövzusunda konfrans keçirilmişdir.
Soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra universitetin rektoru professor Yusif Yusibov ilk öncə ulu öndər Heydər Əliyevin sözlərini iştirakçıların nəzərinə çatdırdı: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
Qeyd etdi ki, rus ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçilərinin bilavasitə iştirakı və köməyi ilə erməni faşistləri 1992-ci il fevralın 26-da 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Soyqırımı zamanı 613 nəfər ödürüldü, 1275 nəfər dinc sakin girov götürüldü.
Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva “Xocalı faciəsi bəşəriyyət tarixində ən qanlı faciədir” adlı məruzəsində Xocalı soyqırımının əsrin dəhşətli faciəsi olduğunu bildirdi və real faktlara əsaslanaraq erməni faşizminin insanlığa sığmayan əməllərini, rus ordusu ilə birgə xalqımıza qarşı törətdikləri dəhşətli faciələri bir daha nəzərə çatdırdı.
YAP GDU ərazi ilk partiya təşkilatının sədri, Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Xocalısız 25 il: tarixi baxış”, ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov “Xocalı faciəsi dünyada misli görülməyən dəhşətli faciədir”, həmin kafedranın dosent əvəzi Etibar Musayev “Tarixin qanlı yaddaşı” adlı məruzələri ilə Xocalıda baş verənlərin Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin davamı olduğunu bildirərək, bir daha bu vəhşiliklər haqqında reallıqları konfrans iştirakçılarına çatdırdılar.
Tarix-coğrafiya fakültəsinin tələbəsi Sabir Əbdürrəhimovun, xarici dillər fakültəsinin tələbələri Əşrəf Hacızadə və Aytac Səlimovanın, pedaqoji fakültənin tələbələri Münəvvər Əliyeva və Bilqeyis Quliyevanın, filologiya fakültəsinin tələbəsi Şəhla Qəribovanın söylədikləri poetik nümunələr və nümayiş etdirdikləri ədəbi-bədii kompozisiyalar dinləyicilərin qəlbində erməni faşizminə sonsuz nifrəti bir daha alovlandırdı.

Mətbuat xidməti

Azərbaycan Dövlət İqtisad Universitetində

UNEC-də Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən tədbir keçirilib. Tədbirdə millət vəkilləri, tanınmış ictimai xadimlər, UNEC-in professor-müəllim heyəti və tələbələr iştirak edib. Öncə iştirakçılar Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan, yarpaqlarında faciə qurbanlarının adları həkk olunan abidə ağacı və tələbələrin soyqırımı əks etdirən rəsm əsərləri, fotolardan ibarət sərgi ilə tanış olublar.
Tədbirin rəsmi hissəsində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. UNEC-in beynəlxalq münasibətlər kafedrasının müəllimi Pərviz Səmədov Xocalı soyqırımı və ermənilərin tarix boyu Azərbaycan və türk xalqlarına qarşı törətdikləri vəhşiliklərdən bəhs edən təqdimatla çıxış edib.
Tədbir iştirakçıları UNEC Yaradıcılıq Mərkəzinin hazırladığı “Əsirlikdə bir gün” tamaşasını izləyiblər. Real hadisələr əsasında qurulan tamaşada Xocalı sakinləri Dürdanə və Elşad Ağayevlərin girovluq həyatından bəhs edilir.
Tamaşadan sonra UNEC-in rektoru, professor Ədalət Muradov UNEC Yaradıcılıq Mərkəzinin üzvləri arasında Xocalı soyqırımına həsr edilən şeir müsabiqəsinin qaliblərinə diplomlar təqdim edib. Müsabiqənin qalibi, Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbəsi İlham Quliyev Xəlil Rza Ulutürkün “Nifrət məktəbi yarat” şeirini səsləndirib.
Qeyd edək ki, Azərbaycan Respublikası təhsil nazirinin “Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi barədə” tədbirlər planına əsasən, UNEC-də fevralın 24-dən 26-dək “Xocalı həftəsi” keçirilib. “Xocalı həftəsi” çərçivəsində universitetin bütün tədris binalarında, Zaqatala filialında və Maliyyə İqtisad Kollecində silsilə tədbirlər təşkil edilib. Seminar və “dəyirmi masa”larda gəncləri sosial şəbəkədə Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında fəal olmağa səsləyiblər. Universitetdə və kollecdə tələbələrin əl işlərindən ibarət Xocalı faciəsini əks etdirən foto və rəsm sərgiləri keçirilib. Universitetdəki bütün monitorlarda Azərbaycan və ingilis dillərində soyqırımla bağlı filmlər nümayiş etdirilib. Fevralın 24-də UNEC-də, universitetin Zaqatala filialı və Maliyyə İqtisad Kollecində birinci dərslər Xocalı soyqırımına həsr olunub.

Azərbaycan Dillər Universitetində

Fevralın 21-də Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımına həsr edilən tədbir keçirilib. Tədbir Xocalı soyqırımında həyatını itirən həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Öncə çıxış edən ADU-nun tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Xocalıda günahsız insanlara qarşı baş verən qırğınlar, vəhşilik və vandalizm haqqında məlumat verib, bu vəhşiliklərə heç bir müharibədə rast gəlinmədiyini qeyd edib. Dövlətimizin ərazi bütövlüyünün kobudcasına pozulduğunu bildirən Ə.Əliyev vətənpərvər ruhlu millətimizin torpaqlarımızı hər zaman işğaldan azad etmək iqtidarında olduğunu diqqətə çatdırıb.
Alman dili kafedrasının dosenti, Xocalı hadisələrinin canlı şahidi Yusif Savalan öz xatirələrini tələbələrlə bölüşüb. O, hadisə ilə bağlı erməni təxribatının hələ 1988-ci ildən bəri hiss olunduğunu söyləyib. Y.Savalanın sözlərinə görə, Xocalının əlverişli coğrafi mövqeyinin olması və burada aeroportun mövcudluğu düşmənin Qarabağla bağlı gələcək planlarının gerçəkləşməsi üçün strateji məkan rolunu oynayıb, buna görə də Xocalı həmişə düşmənin maraq dairəsində olub. Hadisələr baş verərkən Xocalı sakinlərinin hərbi texnikanın qarşısına əliyalın çıxdığını qeyd edən Y.Savalan törədilən qırğınlar zamanı ailə üzvlərini-atasını və bacısını itirdiyini bildirib. Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilən vəhşiliklərin tarixdə bənzərinin olmadığını qeyd edən Y.Savalan tələbələrə dil biliklərindən istifadə edərək bu olayın gerçəkliklərini dünya ictimaiyyətinə çatdırmağı tövsiyə edib.
Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu ermənilərin tarixdə ən amansız vəhşilikləri ilə yadda qalan faşistlərlə müqayisədə daha vicdansız, heysiyyətsiz və rəhmsiz olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, ermənilər Xocalıda qeyri-insanlıq təcəssüm etdirərək xüsusi amansızlıqla qadın, uşaq demədən kütləvi qırğınlar törədiblər. Xocalı soyqırımını hər zaman xatırlamağın zəruriliyini nəzərə çatdıran professor düşmənə layiqli cavab verməklə işğalda olan torpaqlarımızın qaytarılacağına əminliyini ifadə edib.
Tədbir müzakirələrlə başa çatıb.

İnformasiya Departamenti

“Gənc istedadlar” liseyində

“Gənc istedadlar” liseyində Bakı Dövlət Universitetinin tarix fakültəsi ilə birgə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib. Müəllim və şagird heyətinin iştirak etdiyi konfransı açan liseyin direktoru, professor Qasım Hüseynov tədris ocağında reallaşan bu səpgili tədbirlərin şagirdlərin Azərbaycan tarixini, xalqımızın yaşadığı faciələri dərindən mənimsəmələri baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, professor Sevda Süleymanova “Xocalı soyqırımının tanınması Azərbaycan dövlətinin xarici siyasətinin istiqamətlərindən biridir”, Azərbaycan tarixi kafedrasının dosenti Nuru Məmmədov “Xocalı soyqırımı bəşəri cinayətdir” mövzularında məruzələrlə çıxış ediblər.
Xocalı hadisələrinin şahidi Nazim Hüseynov bu soyqırımın bəşər tarixində misli görünməmiş tarixi cinayət olduğunu bildirib.
Tədbir “Gənc istedadlar” liseyi şagirdlərinin çıxışları ilə yekunlaşıb.

İlk dərslər Xocalı soyqırımına həsr olunub

Fevralın 24-də paytaxtın ümumi təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr edilib.
Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na əsasən tədris olunan dərslər Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dərsləri tədris edən müəllimlər 25 il bundan əvvəl Xocalının sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən söz açıblar. Xocalı soyqırımı ilə bağlı fikirlərini şagirdlərlə bölüşən müəllimlər onları torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləyiblər.
Fikir mübadiləsi zamanı şagirdlər təcavüzkar ermənilərin tarix boyu apardıqları mənfur siyasətlərdən bəhs edib, işğal olunmuş torpaqlarımızın düşmən tapdağından ən yaxın zamanda azad ediləcəyinə inandıqlarını bildiriblər.
Qeyd edək ki, Xocalı faciəsinin iyirmi beşinci ildönümü ərəfəsində paytaxt məktəblərinin şagird və müəllim kollektivləri “Ana fəryadı” abidə kompleksini ziyarət edirlər.

www.baku.edu.gov.az

Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli məktəb-liseydə

Fevralın 24-də Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli tam orta məktəb-liseydə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Xocalı harayı” mövzusunda inşa müsabiqəsi keçirilib. Öncə müsabiqədə iştirak edən şagirdlərə Xocalı soyqırımı haqqında qısa məlumat verilib.
Qeyd olunub ki, tale bizim xalqa kinli və məkrli qonşu bəxş edib. Yüz illərdir ki, xalqımız bu qonşuluqdan əziyyət çəkir, torpaqlarını və övladlarını itirir, məhrumiyyətlərə düçar olur, sitəmlər yaşayır soyqırıma məruz qalır, faciələrlə üzləşir. Bu dəhşətli faciələrdən biri də bəşəriyyət tarixində misli görünməmiş Xocalı faciəsidir.
Daha sonra Xocalı faciəsinin nəticələri haqqında danışılıb, məlum faktlar şagirdlərin diqqətinə çatdırılıb. Qeyd olunub ki, bu kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin yeni bir mərhələsi olmaqla, ağlasığmaz qəddarlığı qeyri-insani cəza üsulları ilə bəşər tarixində misilsiz vəhşilik və qan ləkəsi kimi qalacaqdır, ancaq qisas qiyamətə qalmaz, söyləmiş babalarımız. Bu nahaq qanın baiskarları tezliklə öz layiqli cəzalarına çatacaqlar.
Müsabiqənin açılış mərasimindən sonra şagirdlər inşanı yazmağa başlayıblar.
Yazılar qiymətləndirildikdən sonra qaliblər müəyyənləşdiriləcək və onlara mükafatlar təqdim olunacaq.

İlhamə MƏMMƏDOVA,
Salyan RTŞ-nin metodisti

164 nömrəli tam orta məktəbdə

Eldar Tağızadə adına 164 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Bağırovanın təşkilatçılığı ilə Xocalı soyqırımının 25 illiyinə həsr edilmiş “Məhv olmuş şəhər” adlı ədəbi-bədii kompozisiya keçirilib. 8-ci “b” sinif şagirdləri Mirvarid Dilbazinin Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olan o dəhşətli gecənin ağrı-acısından bəhs edən “Xocalı fəryadı” adlı dram əsərini nümayiş etdiriblər. Şagirdlərdən Əliş Umudov, Ülkər Tağıyeva, Mələkxanım Əliyeva, Nəcibə Əlyarbəyova, Lalə Mustafayeva , Mətin Məcidli ,Ömər İsgəndərli soyuq, qarlı fevral gecəsinin dəhşətini bir daha yaşadıblar. Tədbirdə məktəbin direktoru Kəmalə Qədirova və fənn müəllimləri iştirak ediblər. Bütün iştirakçıları kövrək notlara kökləyən maraqlı kompozisiya başa çatdıqdan sonra direktor Kəmalə Qədirova belə təsirli kompozisiya ərsəyə gətirdiklərinə görə şagirdlərə və tədbirin təşkilatçılarına öz dərin təşəkkürünü bildirib. Bildirilib ki, Azərbaycan xalqının başına gətirilən misli görünməyən bu faciə tarixin yaddaşında qanlı səhifə kimi xatırlanacaq. Nə qədər ki, bu xalq var, Xocalı soyqırımı heç vaxt unudulmayacaq, yaddaşlara həkk olunacaq.

Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”

20 nömrəli məktəb-liseydə

Ötən əsrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş ən dəhşətli soyqırımı aktlarından biri olan Xocalı faciəsinin 25-ci ildönümü Bakıdakı A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə də geniş qeyd olunub. Bu məqsədlə fevralın 23-də məktəbin akt zalında “Xocalı qisasa çağırır bizi” adlı tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunan kitablardan ibarət guşəyə, divar qəzetlərinə və rəsm sərgisinə baxıblar.
Tədbiri giriş sözü ilə açan liseyin direktor əvəzi Yaqut Məmmədova XX əsrin ən böyük faciəsi - Xocalı qırğınında baş vermiş dəhşətlər barədə ürəkağrısı ilə danışıb. Y.Məmmədova qeyd edib ki, kafir ermənilər həmin o dəhşətli gecədə nə ağbirçək anaya, ağsaqqal qocaya və nə də südəmər körpəyə rəhm eləmədilər. Onları diri-diri süngüdən keçirdilər. Sanki bu vəhşiləri ana yox, şeytan dünyaya gətirmişdi. İllər keçsə, əsrlər ötsə də Xocalı şəhidləri unudulmayacaq. Onların qisası mütləq alınacaq!.
Tədbirin aparıcıları bu faciə zamanı bütün Azərbaycan xalqına, ələlxüsus Xocalı sakinlərinə sağalmaz yaraların və mənəvi zərbələrin vurulmasından, qeyri-bərabər döyüşdən, xocalıların igidliklə vuruşub düşmən qarşısında əyilməməsindən, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazılmasından söz açıblar.
Tədbirin sonunda məktəbin müəllimlərindən Larisa Yusubova, Nailə Məmmədova, Uzülfət Umayeva Xocalı soyqırımını törədənləri lənətləyib, onları dünya ictimaiyyətinə tanıtmağın zəruriliyini vurğulayıblar.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”
yuxarı ⤴