1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Paytaxt təhsilində yeniliklər
25.02.2017 / No7

 
 

 

 


İngilis dili Olimpiadasının ilk mərhələsi

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin X və XI sinif şagirdləri arasında II İngilis dili Olimpiadasının ilk mərhələsi keçirilib.
İlk turda Bakı şəhəri üzrə ümumi təhsil məktəblərində təhsil alan 1000 şagirdin ingilis dilinin qrammatikası üzrə bilikləri və mətni oxuyub anlama bacarıqları yoxlanılıb. Yüksək nəticə göstərmiş şagirdlər olimpiadanın ikinci turunda dinləmə və esse yazma qabiliyyətlərini nümayiş etdirəcəklər.
Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq, şagirdlərin müvafiq bilik və bacarıqlarını sınaqdan keçirmək, onların əldə etdikləri xarici dil biliklərini möhkəmləndirməkdən ibarətdir.
II İngilis dili Olimpiadası “ADA” Universitetinin təşkilatçılığı, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində keçirilir.
Olimpiadanın qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaq və onlara ingilis dili üzrə bilik səviyyələrini artırmaları üçün tədris imkanları yaradılacaq.

Müsabiqə qalibləri müəyyənləşib

“Məktəblinin dostu” pilot layihəsinə daxil olan məktəblər arasında “ON/OFF” videomüsabiqəsi keçirilib.
Müsabiqə şagirdlərin təlim prosesinə marağının artırılması, məktəblilərin təlim-tərbiyəsi işinin daha yaxşı təşkili və intellektual inkişafının təmin edilməsi məqsədilə təşkil olunub.
Müsabiqənin yekunlarına görə, iştirakçı məktəblər 5 nominasiya üzrə mükafatlandırılıb. Paytaxtdakı 308 (jurinin ən çox bəyəndiyi “ON/OFF” video), 117 (istifadəçi rəyinə görə ən çox bəyənilən “ON/OFF” video), 5 (“Məktəblinin dostu” layihəsi rəhbərliyinin bəyəndiyi “ON/OFF” video), 63 (Təhsil Nazirliyinin bəyəndiyi “ON/OFF” video) və 3 nömrəli tam orta məktəblər (“ASAN Xidmət”də ən çox bəyənilən “ON/OFF” video) müsabiqənin qalibi olublar.
Qeyd edək ki, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” pilot layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasını əhatə edir. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər. Hazırda Bakı şəhəri üzrə 30 ümumi təhsil müəssisəsini əhatə edən “Məktəblinin dostu” pilot layihəsi üzrə 112 nəfər əməkdaş çalışır.

Mütaliəyə dair yeni layihə

“Həftəyə bir kitab oxuyaq” layihəsinə start verilib.
Bakı şəhəri 165 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə reallaşdırılan layihənin məqsədi şagirdlərin mütaliəyə diqqətinin cəlb olunması, yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi və kitaba olan marağın daha da artırılmasına nail olmaqdan ibarətdir.
Layihənin təqdimat mərasimində bildirilib ki, şagirdlərin asudə vaxtının səmərəli təşkili, mütaliə vərdişlərinin formalaşdırılması və motivasiyanın artırılması üçün əlverişli şəraitin yaradılması mühüm amildir. Elə bu məqsədlə təhsil nazirinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinə uyğun olaraq belə bir layihə gerçəkləşdirilir.
Tədris ilinin sonuna kimi davam edəcək layihə çərçivəsində şagirdlərin oxuduqları kitablar “dəyirmi masa” arxasında təhlil olunacaq və yaxud inşa yazı işləri vasitəsilə dəyərləndiriləcək. Təhlil və müzakirələr hər həftə bir sinifdə təşkil olunacaq.
Məktəbdə şagirdlər tərəfindən oxunan əsərlərin müzakirəsinin keçirilməsi, mütaliə etdikləri kitablar barədə rəy və mülahizələrinin digər həmyaşıdları ilə paylaşmaları baxımından həyata keçirilən müvafiq təcrübənin digər ümumi təhsil müəssisələrində yayılması təşəbbüsü irəli sürülüb.

İlk Sosial Media Seminarı

Paytaxtda Müəllimlər üçün Sosial Media Seminarı keçirilib.
Seminar Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində təşkil edilir.
Seminarın keçirilməsində əsas məqsəd sosial şəbəkələrdə ümumi təhsil məktəblərinin uğurlarının təbliğ edilməsi, yaxşı təcrübənin yayılması və sosial şəbəkələrdən düzgün istifadənin formalaşdırılması, o cümlədən məktəblərin virtual aləmdə daha fəal təmsil olunmasının təmin edilməsindən ibarətdir.
İlk seminarda Bakı şəhərinin Yasamal rayonu üzrə ümumi təhsil məktəblərinin internet resurslarını idarə edən (məktəb saytı, sosial şəbəkədəki səhifə) şəxslər və idman müəllimləri iştirak edib.
Seminara qatılan məktəb nümayəndələrinə sosial mediadan daha fəal istifadə ilə bağlı təlim keçirilib. Təlim zamanı sosial mediada səhifəsi olan məktəblərin bu istiqamətdəki fəaliyyətlərini daha da təkmilləşdirmələri barədə lazımi məlumatlar verilib. Həmçinin, müvafiq səhifəsi olmayan təhsil müəssisələri üçün yeni səhifələr yaradılıb.
Qeyd edək ki, Müəllimlər üçün Sosial Media Seminarının paytaxtın digər məktəbləri üzrə də keçirilməsi nəzərdə tutulub. Hər rayon üzrə seminarın keçirilmə tarixi barədə məktəblərə öncədən məlumat veriləcək.
Seminarın sonunda təlim iştirakçıları Milli Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sertifikatla təltif olunacaqlar.

Beynəlxalq Ana Dili Günü

Paytaxt məktəblərində Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Ana dilim varlığımdır”, “Ana dilimizi sevək, sevdirək”, “Mənim dilim”, “Dilimiz qeyrətimiz” və digər müvafiq mövzularda tədbirlər, ədəbi-bədii kompozisiyalar, “dəyirmi masa”lar təşkil edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının, yerli icra qurumlarının, ziyalıların, şair və yazıçıların, məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etdiyi tədbirlərdə Beynəlxalq Ana Dili Gününün tarixindən və əhəmiyyətindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin inkişaf mərhələlərinə nəzər yetirilib. Tədbirlərdə ana dilimizin qorunub saxlanılmasında, inkişaf etdirilərək bugünkü səviyyəyə çatdırılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri barədə söhbət açılıb, o cümlədən milli sərvətimiz olan ana dilimizin qorunması istiqamətində hamılıqla çalışmağın vacibliyi vurğulanıb.
Şagirdlər ana dilimizə həsr edilmiş şeirlər, aforizmlər, atalar sözləri, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
“Dilimizin qayğıları”, “Ana dili güvənc yerimizdır”, “Azərbaycan ədəbi dilinin qaynaqları”, “Müasir Azərbaycan dilində baş verən proseslər”, “Ana dilinin təbliğində müasir informasiya texnologiyalarının rolu” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb. Azərbaycan dilinin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərə həsr olunmuş videoçarxlar da nümayiş etdirilib.

Çərşənbə iməcilikləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Çərşənbə iməcilikləri” layihəsinə start verilib.
Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycanın adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından ibarətdir.
İməcilik zamanı Bakı şəhərinin 12 inzibati rayonunda yerləşən ümumi təhsil məktəblərinin müəllim, şagird kollektivi və valideyn icmasının iştirakı ilə məktəblərin həyətyanı sahələri təmizlənib, ağacların dibi bellənib, abadlıq işləri görülüb. Habelə şagirdlərə ilk çərşənbə olan su çərşənbəsinin mahiyyəti, adətləri barədə geniş məlumat verilib.
Qeyd edək ki, iməciliklərin növbəti çərşənbələrdə də davam etdirilməsi nəzərdə tutulub.

www.baku.edu.gov.az
yuxarı ⤴