1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Öyrədənlərin öyrədəni...
25.02.2017 / No7

 

 

 


Onun barəsində keçmiş zamanda danışmaq çətin olsa da, dünyanın faniliyindən kim gileyli deyil ki?! Əbədi ayrılığın qüssəsi bizi nə qədər üzsə də, bir təsəlli hər şeyə qalib gəlir. Unudulmaz Səməd Vurğunun məşhur misraları sanki dolmuş ürəyimizin məlhəminə çevrilir:
Ölüm sevinməsin qoy, ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirə tək qalacaqlar dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Əslində qəhrəmanımızın ömrünün son nöqtəsindən gileylənməyə dəyməz. Kim tutub dünyanı min il qalacaq ki?! Bizi üzən odur ki, Əbdül Əlizadə kimi şəxsiyyətlər qənimət insan olurlar. Onlar nə qədər uzun yaşasalar və fəaliyyət göstərsələr elimiz və elmimiz qazanar.
Əbdül Əli oğlu Əlizadə ömrünün 60 ilini məhz psixologiya elminin inkişafına həsr edib.
Həyatda elə insanlar var ki, onların adları çəkilən kimi işıqlı əməlləri göz önündə dayanır. Əməkdar elm xadimi, əməkdar müəllim, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli, psixologiya elmləri doktoru, professor Əbdül Əli oğlu Əlizadə kimi. Psixologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı Səməd Seyidova məxsus fikirdir: “Əbdül Əlizadə sağlığında öz heykəlini yaratmış insandır. Hazırda ömrünün müdrik çağını yaşayır. Bilirəm ki, beynində Azərbaycan psixologiyasını şöhrətləndirəcək yeni orijinal əsərlərin cizgiləri yaranıb. Qoy o cizgilər tezliklə həqiqətə çevrilsin”. Gücü və imkanı çatdığı qədər o cizgilər həqiqətə çevrildi.
İndi haqq dünyasına qovuşmasının iki ili tamam olur. Yadıma Əbdül müəllimin vaxtı ilə öz həmkarı haqqında yazdığı bir fikri düşür: “Elmin zirvəsinə yol fədakarlıqdan və istedaddan keçir. Ancaq zəhmətə qatlaşanlar, bütün həyatının mənasını elmə həsr etməkdə görən istedadlı şəxslər bu zirvəyə yüksələ bilərlər”. Bu qiymətli fikirdə müəllifin öz portreti də aydın görünür. Professor Əbdül Əlizadə respublikamızın görkəmli psixoloqlarından biri idi. Bütün həyatını elmə həsr edən bu cəfakeş alim üçün psixologiya sehirli bir dünyaya bənzəyərdi. Onu tanıyanlar təsdiqləyərlər ki, bu alim heç vaxt məşğuliyyətsiz olmayıb. Hətta xəstə olanda da istirahət nədir bilməzdi. Əbdül müəllimin tələbələri, həmkarları onun məziyyətlərini saymaqdan yorulmurlar. Həmkarları və tələbələri onu qürurlu bir insan, möhkəm xarakterə malik şəxsiyyət kimi səciyyələndirirlər. Sadəlik, ziyalılıq, mənəviyyat qanunlarına əməl etmək onun üçün hər şeydən üstün idi. Əbdül Əlizadə hələ sovet dövründə ittifaqın müttəfiq respublikalarında məşhurlaşmışdı. Onun elmi fəaliyyətində ən çox diqqət çəkən məsələlərdən biri ümumtəhsil məktəbləri və ali məktəblər üçün dərslik və tədris vəsaitlərinin hazırlanmasında yaxından iştirak etməsi olmuşdur. Pedaqoji psixologiya mövzusunda təxminən 500-ə qədər elmi məqalənin, 70-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaiti və kitabın müəllifidir.
Onun barəsində yazanlar bəzən yanlışlığa yol verərək doğulduğu yeri Bakı şəhəri göstərirlər. Halbuki, Əbdül Əlizadə 1932-ci il avqustun 16-da Şuşanın Malıbəyli kəndində anadan olub. Nəsil şəcərəsi adlı-sanlı, nüfuzlu Qarabağ bəylərinin kökünə söykənir. Babası Səlim bəy Qarabağın məşhur bəylərindən olub. Orta məktəbi Bakıda bitirən Əbdül Əlizadə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məntiq-psixologiya şöbəsində təhsil alıb. Hələ tələbəlik illərindən psixologiya elminə maraq göstərərək onun tədqiqatı ilə məşğul olub. Əbdül Əlizadənin üçüncü kursda psixologiya mövzusunda yazdığı məqaləsi onu həm müəllimlərinə, həm də bu sahənin alimlərinə yaxından tanıtdı. Tələbənin istedadlı olması, maraqlı və orijinal fikirləri ilə diqqət çəkməsi hələ o vaxt psixologiya elminə töhfə verəcək böyük bir alimin gələcəyindən xəbər verirdi.
Əbdül Əlizadə pedaqoji fəaliyyətinə 1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində başlayıb. Sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun psixologiya kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. O, 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasını bitirib. İstedadlı psixoloq “Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri” mövzusunda namizədlik, 1976-cı ildə isə “Cinsi dimerfizm və şəxsi qarşılıqlı münasibətlərin psixoloji problemləri” adlı doktorluq dissertasiyalarını müdafiə edib. Bir psixoloq kimi onun elmi araşdırmalarında şagirdlərin yaradıcı təxəyyülü mövzusu xüsusi yer tuturdu. Gənc alim bu mövzunu müxtəlif aspektlərdən tədqiq edərək orijinal elmi-praktik nəticələrə gəlmişdir.
Ötən əsrin əvvəllərində psixologiya və pedaqogika müstəqil elm kimi inkişaf etməyə başlamışdır. Ali məktəblərdə bu fənn geniş tədris edilir, yeni pedaqoji psixoloqların yetişməsinə ehtiyac duyulurdu. Əbdül Əlizadənin Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutundakı (ETPEİ) fəaliyyəti həmin dövrlərdə digər respublikaların elmi mərkəzləri ilə əlaqələri baxımından da zəngin olub. Belə ki, Azərbaycan psixoloqları Rusiya, Orta Asiya, eləcə də Cənubi Qafqaz alimləri ilə əməkdaşlığa başladılar.
Fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov: “Böyük insanlar kainatın sonsuz ənginliklərində parlayan ulduz kimidir. Bu işıqdan hər kəsə pay düşür. Onlar adları və əməlləri ilə yaddaşa əbədi həkk olunur, ürəklərdə sevinc, ümid qaynağına çevrilir. Uca Tanrı belə insanlara iti düşüncə, böyük təfəkkür, geniş ürək və sonsuz istedad bəxş edir. Psixologiya elmləri doktoru, professor Əbdül Əlizadənin anadan olmasının 80 illiyini məhəbbət və ehtiramla qeyd etdiyimiz bu günlərdə demək vacibdir ki, o, psixologiya elmi, mədəniyyəti, pedaqoji fikir tarixində ən layiqli yerlərdən birini tutur. Professor Əbdül Əlizadənin yaratdığı “Psixologiya səhifələri” fəlsəfi, pedaqoji, elmi ideyaları ilə psixologiya tariximizdə ən aktual problemlərin həlli yollarına bir cığırdır”. Həmkarlarının da qeyd etdiyi kimi, Əbdül Əlizadə öyrədənlərin öyrədəni şərəfini daşımaqla bərabər, milli-mənəvi dəyərlərə söykənərək yeniliyə səy göstərmiş və “yeniləşək” prinsipindən düzgün bəhrələnmək yollarını dəqiq müəyyənləşdirmişdir. Məhz bunun nəticəsidir ki, bu gün də əhəmiyyətini itirməyən müəyyən məsələlərə aydınlıq gətirməklə tarixilik, varislik və müasirlik triadasına ağılla hissin vəhdətindən ən ali olan mədəniyyət meyarına xüsusi diqqət vermişdir. Alimin fəaliyyətinin elmi zirvəsi bugünümüzün ən bariz nümunəsi və gələcəyin uğurlu göstəricisidir. Qeyd etmək yerinə düşər ki, dünya təcrübəsində üç komponentli taksonomiya sahəsində ilk uğurlu addım Azərbaycan psixologiyasında atılıb. Bu, böyük alim Əbdül Əlizadənin əvəzolunmaz nailiyyətidir. Həmkarlarının fikrincə, Əbdül Əlizadə fenomeni sözün əsl mənasında “Öyrədənlərin öyrədəni” ilə bahəm, psixologiya tarixində “öyrənənlər” və “öyrədənlər” üçün ən maraqlı sahə, axtarışlar səhifəsində isə dərin məna kəsb edən varlıqdır.
Əbdül müəllim həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən el ağsaqqalı kimi sevilirdi. Psixologiya elmləri doktoru Ramiz Əliyev söyləyir: “Alimin yaradıcılığı bir insan ömrünə sığmayan möhtəşəm bir məktəbdir və biz ondan həmişə yararlanırıq. Əbdül müəllim təkcə tanınmış alim-psixoloq deyil, o, həm də yüksək mənəviyyat sahibidir”. Elə bunun nəticəsidir ki, gözəl ailə başçısı kimi xalqımız üçün çox dəyərli övladlar tərbiyə edərək yetişdirib. Nəsildən gələn bir nəciblik Əlizadələr ailəsinin Azərbaycan mədəniyyətində, elmində öz yerini əbədiləşdirib.
Əbdül Əlizadə olduqca təvazökar bir insan idi. Ömrünün sonuna kimi elmi araşdırmalarla məşğul oldu. Çox təsadüfi hallarda mətbuata müsahibələr verərdi, ekranda görünərdi. Onun bir amalı vardı - sən sənətinin ləyaqətli təmsilçisi olmağa borclusan. Bunun üçün kiməsə minnət etməyə ehtiyac yoxdur. Beş il öncə mənimlə söhbətində görkəmli alim “Məhəbbətin elegiyası” kontekstində “Qadın psixologiyasına giriş” monoqrafiyası üzərində işlədiyini demişdi. Son vaxtlar tez-tez xəstələnməsi, özü demişkən, dərmanlarla “dostluq” etməsi onun müntəzəm işləməsinə mane olsa da, işini sonadək davam etdirəcəyinə əmin idi. O, bir məsələni də özünəməxsus sadəlik və razılıqla qeyd edərdi ki, Pedaqoji Universitetin 90 illik yubileyində Prezident İlham Əliyevin sərəncamı ilə mənə “Əməkdar elm xadimi” adı verildi. Dövlət tərəfindən mənə göstərilən bu diqqət, əslində həyatımda yeni parlaq səhifələr açdı.
Azərbaycan psixologiya elminin korifeyi, professor Əbdül Əlizadənin mili dəyərlər xəzinəmizə bəxş etdiyi sonuncu kitabı məhz “Qadın psixologiyası” oldu. Əsasən fəlsəfi psixoloji esselərdən ibarət olan toplu çap ərəfəsindəydi ki, Əbdül müəllim qəfildən dünyasını dəyişdi. Bacısı Məryəm xanım söyləyir ki, qardaşı yeni kitabının nəşrini böyük intizarla gözləyirdi.
Müəllifin son kitabı anası Alagöz xanımın əziz xatirəsinə həsr olunub. “Ön söz”, 6 hissə və əlavələrdən ibarət olan yeni nəşrdə qadın psixologiyasının bənzərsiz səhifələri ömrün şirin məqamları ilə vəhdətdə vərəqlənir. Olumdan başlanan həyatın bütün istiqamətləri psixoloji təhlilə çəkilir. Ailədə ana dərslərinin emosional qatları davranış mədəniyyətinin mayası hesab edilir. Kitabda oxuyuruq: “Ana dərslərində bir məsələ də önəmli səslənir: Azərbaycan ailəsinin süfrə mədəniyyətinin, mətbəx mədəniyyətinin kosmetik mənzərəsi var. Ana dərslərində bu bənzərsiz kosmetikanın texnoloji qatları elə ananın özünün gündəlik güzəran təcrübəsi ilə gerçəkləşir...”. İllərin, əsrlərin sınağından çıxmış bir həqiqətdir ki, Azərbaycan etnopsixologiyasının bütün fəsillərində övlad tərbiyəsində, xüsusilə də qızların formalaşmasında ananın möhtəşəm yeri danılmazdır. Onun laylasından başlamış danlağına kimi - bütün dərslərində hələ də sirri dəqiq açılmamış bir möcüzə var. Bu yerdə bir atalar sözü yadıma düşür: “Qırağına bax bezini al, anasına bax qızını...” Psixoloqlar bu hikməti nə qədər təsdiqləyərlər, bilmirəm, amma iki oğul anası kimi doğruluğuna əmin oldum. Elə Əbdül müəllim də qız uşaqlarının tərbiyəsində ana dərslərini “psixoloji möcüzə” kimi dəyərləndirib.
Çox nikbin idi. Bir alim kimi Əbdül Əlizadə fərəhlə bildirərdi ki, Azərbaycan psixologiyasının uğurları böyükdür: “Bu gün Azərbaycan psixologiyası XX əsrə 20-30-cu, hətta 40-50-ci illərdə nağıl kimi görünən, sanballı, psixologiya elmində önəmli rol oynayan kafedralarla, ən başlıcası isə sayılıb-seçilən qüdrətli professorları ilə daxil olmuşdur. XX əsrdə Azərbaycan psixologiyası üç maraqlı mərhələ yaşadı. Bu mərhələlərin hər birinin öz xüsusiyyəti və uğurları olub. Fikrimcə, bu elmi sahə indi dördüncü mərhələyə daxil olub. Əlbəttə, Azərbaycan psixologiyası ötən əsrin 70-90-cı illərində sosial, hüquq, pedaqoji psixologiya problemləri ilə müəyyən uğurlar qazandı. Bu, əlamətdar hadisədir, amma hələ də bizim dünya miqyasında səsimiz yetərincə eşidilməyib. İnanıram ki, dördüncü mərhələdə bizim psixoloqlar bu məsələni qətiyyətlə həll edəcəklər”.
...Dərin təfəkkürə, elmi biliyə malik olan Əbdül Əlizadə həm də həssas təbiətli, vətənini ürəkdən sevən, torpağına bağlı bir insan kimi yaddaşlarda yaşayır. Oğlu, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə söyləyir: “Mən onu həmişə işləyən görmüşəm. Hətta... xəstə olanda da. İstirahət nədir bilmir. Hamı Əbdül müəllimi qürurlu bir insan kimi tanıyır. Mən də onun nə vaxtsa əyildiyinin şahidi olmamışam. Təkcə üç dəfə ağladığını görmüşəm - atasını itirəndə, nənəm dünyasını dəyişəndə, bir də Qarabağ torpaqları işğal olunanda...”.
Özünün də fikirləri maraqlıdır: “Elmin yolları heç vaxt hamar olmur. O qədər çətinliklə üzləşmişəm ki... Saçlarım bəyazlaşanda heç 35 yaşım da yox idi. Nə qədər müqavimətlərlə üzləşmişəm, nə qədər ağrı dolu dağlar aşmışam. Buna baxmayaraq mən həmişə qələbə əzmində olmuşam. Nailiyyət qazandıqca o ağrı-acıları heç yada salmaq istəməmişəm. Amma doğma torpağın itkisi tamam başqa bir şeydir. O, sənin bütün varlığında gəzir. Gecə yuxunda, gündüz xəyallarında olur. Az yaşım yoxdur. Qarabağı azad görmək, bircə dəfə də olsa doğma Şuşaya getmək istəyərdim. İndi ən böyük arzum budur”.
Yaradıcılığı və elmi fəaliyyəti ilə Azərbaycan psixoloqları üçün nümunə olan Əbdül Əlizadə həmişə qarşısına qoyduğu məqsədə nail olub, istər elmi sahə olsun, istərsə də həyatda şəxsi arzuları. Amma nə acılar ki, o, bu dünyadan nigaran köç elədi. Onunla aparılan bir müsahibədə müxbir soruşmuşdu ki, ömrünüzün bu müdrik çağında Azərbaycanın hansı guşəsinə səyahət etmək istərdiniz? Əbdül müəllim “Ancaq və ancaq Şuşaya, ancaq və ancaq Malıbəyliyə...” söyləmişdi.
Şuşa adı çəkiləndə varlığımdan oluram. Şuşasız şuşalıların- xüsusilə də Əbdül Əlizadə kimi şəxsiyyətlərin nigaran ruhu dünyamı param-parça edir. Könlümdən qopan bu bayatı ilə haray salmaq istəyirəm:
Quş da bizdən vəfalı,
Daş da bizdən vəfalı,
İldə bir yol Şuşada
Qış da bizdən vəfalı!..
Amma, Azərbaycan mədəniyyətinin qədim ocaqlarından olan Şuşamızda xalqımızın Qələbə bayramını qeyd edəcəyi günün də lap tez gələcəyinə çox inanıram və içimdə öz-özümə deyirəm:
Allah sənə rəhmət eləsin, Əbdül müəllim!
Çox keçməyəcək ki, azad Şuşamızda Qələbə bayramında nigaran ruhun şad olacaq...

Flora XƏLİLZADƏ,
əməkdar jurnalist

yuxarı ⤴