1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Molla Pənah Vaqif - 300
Böyük şair, ictimai xadim
25.02.2017 / No7

 

 

 


Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında deyilir: “...Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir.”
Tarixi-mədəni irsin ümumxalq və ümumdövlət səviyyəsindən qiymətləndirilərək öyrənilməsi işi bu gün daha ciddi və önəmli bir məsələ kimi qarşıda durur. Milli-mənəvi dəyərlər sisteminin ayrılmaz tərkib hissəsinə çevrilən görkəmli elm və sənət adamlarımızın yaradıcı ömür salnaməsinə çıraq tutmaq gənc, böyüyən nəsil üçün də ibrətamiz yoldur.
Bu yönümdən xalqımızın böyük mütəfəkkir şairi, yenilməz vətəndaşlıq duyğusu olan ictimai xadim Molla Pənah Vaqifin ideya-mənəvi irsinin elmi əsaslarla, müasir baxışlarla tədqiq olunub öyrənilməsi hazırkı şəraitdə çox nəcib və şərəfli bir iş sayılmalıdır.
Vaqifin poetik dünyası çoxşaxəli, geniş spektrli söz yaradıcılığından ibarətdir.
Onun insana, insanlığa, Vətənə, sevgiyə münasibəti sadə və anlaşıqlı xalq təfəkkürü ilə cilalanmışdır.
Şairin səlis, rəvan deyimlərindəki dəruni hiss və həyəcanlar səltənəti sırf xəlqilik zəminindən tərənnüm edildiyindən, onun poeziyasının məhvərində lirika janrı daha çox təsbit olunmuşdur. Bununla yanaşı, siyası lirika yaradıcılığı da həyatının müəyyən mərhələsində ictimai-sosial baxışlarının əsasını təşkil etmişdir. Belə ki, şairin həyat eşqi, mübarizə əzmi, milli mənlik şüuru, haqq və ədalət üsyankarlığı ona dövrünün siyasi ziddiyyətlərini də yaxından sezib, bədii sözün gücü ilə onların islah edilməsinə çalışmağa imkan vermişdir. Xüsusən, xalq ruhuna yaxınlığı onu dünya şöhrətli bir şair kimi məşhurlaşdırmışdı. Cəsarətlə demək olar ki, Vaqif yaradıcılığı ilə xalq şeirinin təması yazılı ədəbiyyatımızda vəhdət tapır.
Öz sənət qalereyasını el-oba nəğmələrinin min bir çalarından əxz edən ustad sənətkarın ecazkar yaradıcı irsi ənənə və müasirlik baxımından bu gün də əbədiyaşarlıq nümunəsi olaraq klassik irsimizin ən parlaq incilərini özündə ehtiva edir.
Məhz, Molla Pənah Vaqif yaşayıb yaratdığı tarixi dövrdə (1717-1797) XVIII əsr Azərbaycan poeziyasının əsl xiridarı olmuşdur.
Böyük şairin yaradıcılıq irsinin ideya-mənəvi siqləti həm də onu deməyə əsas verir ki, o, dövrünün humanist şəxsiyyəti statusunu da elə məhz ümumxalq və ümumdövlət mənafeyindən qoruyub saxlamışdır.
Xəlqilik, demokratizm, humanizm, savad təlimi, ana dilinə məhəbbət mehri demək olar ki, onun poetik düşüncələrinin əsas qayəsini təşkil etmişdir. O, bu nəcib keyfiyyətləri şeirlərinin birində belə səciyyələndirir:
Bilməm nə nəhs gündə çıxdım bu dağa,
Bir lalə üzündən düşdüm irağa,
Yana-yana qaldım belə fərağa,
Bərbad olsun ol zamanlar, əfəndi!

Mənim meylim yoxdur sultandan, xandan,
Yarımın arzusun saxlaram candan
Xalq da bilir, mənim könlümdür ondan
Olsa yüz min növcavanlar, əfəndi!
Yaxud, həyat və yaradıcılıq eşqini Vətən oğul və qızlarının əsl sevgi, istək münasibətində görən şair bu ülfət yolunda da sadiq əmələ, həqiqi məhəbbətə, qadın-qız sadəliyinə cəmiyyət gözəlliyi prinsiplərindən nəzər-diqqət yetirərək savadlı gənclərə öyüd-nəsihətini real düşüncələr kontekstində, həm də didaktik mahiyyət səpgisində, xoş ülfət işığında bəyan edərək yazırdı:
Növcavanlar qoy həmişə var olsun
Amma ki, bizlərdən xəbərdar olsun.
Vaqifin duası sənə yar olsun!
Səni haqq saxlasın ömrü dövlətdə.
Bir həqiqəti qeyd edək ki, uca, ilahi eşqin zirvəsində dayanmağa şair özü üçün əsl həyat mənbəyi, yüksək insani keyfiyyət kredosu bilmişdir. Onun yaradıcılığında təbiət, cəmiyyət və sənət gözəlliyi vəhdət təşkil edən hərarətli hisslər qovşağıdır. O, həyat eşqinin yaradıcı insan üçün dəyərli nümunələrini insan, təbiət, cəmiyyət inteqrasiyasından ibarət mənəvi-estetik baxışlar üzərində qurmuşdur. Xüsusən, şəfqətli, ismətli, ədəb-ərkanlı qadın obrazı onun lirikasının aparıcı leytmotividir. Açıq etiraf olunmalıdır ki, söz-sənət dünyasının inkişaf tendensiyalarında qadın dünyasının ideal vəsfini, bədii tərənnümünü M.P.Vaqif qədər sənətkarlıq keyfiyyətinə yüksəldən şair az olmuşdur. Onun könülləri nurlandıran qoşmalarında, qəzəl və təcnislərdə gözəl qadın məzmunu təkcə zahiri görkəm meyili ilə məhdudlaşmırdı. O, həm də qadın xislətində ictimai əxlaqi-mənəvi dəyərləri təcəssüm etdirən sadəlik, vəfadarlıq, şücaətlilik, etibarlılıq, ailəcanlıq kimi munis psixoloji keyfiyyətlərin də təcəlla tapmasını arzulayırdı.
Özgə ilən hərgiz olmaya işi,
Qafiyə, qəzəldən həm çıxa başı,
Bulaq tək qaynaya həm gözü, qaşı,
Artıq ola həm kəmalı gözəlin!
Nəğməkar şairin şeir-sənət dünyasında gənc nəsil üçün tərbiyələndirici səciyyə daşıyan böyüyə hörmət, izzətli olmaq, yerini bilmək, oturuş-duruşuna fikir vermək kimi əxlaqi-mənəvi dəyərlərin inikası da öz dərin bədii-estetik siqləti ilə fərqlənir. Təsadüfi deyil ki, bu qəbildən olan şeirlərinə ithaf olunan və insan ovqatına çevrilən yaradıcılıq nümunələri içərisində bu gün də öz poetik təsirini saxlayan sonsuz sayda mahnı və nəğmələrin qoşulması onun sənətkar ilhamına hörmət və izzətdən doğan qədirbilənlik nümunəsidir. Şairin dillər əzbəri olan “Pəri”, “Gözlərin”, “Oynasın”, “Durnalar”, “Qızlar” təki bənzərsiz olan şeirlərinə bəslənən nəğmələr gənc nəslin bədii-estetik zövqünün formalaşmasında qüdrətli tərbiyələndirici vasitədir.
Böyük şair hiss və duyğularını insan ülviyyəti ilə təmasda görür. O, müdrik kəlamlarında, aforistik deyimlərində “ipə-sapa düzdüyü söz incilərini” zəngin xalq adət və ənənələri üzərində qurmuşdur. Xalqın aqilanə deyilmiş müdrik fikirlərindən söz yaradıcılığı vasitəsi ilə bəhrələnərək, ana dilinin doğmalığına, xəlqiliyinə biganə qalmamışdır. Sadə, aydın, rəvan üslubda, xalqdan gələn nişanələri öz yaradıcılıq manerasında belə ifadə etmişdir:
Başına döndüyüm, toy adamları,
Siz də deyin: toya gələn oynasın,
Adını demərəm, eldən ayıbdır,
Filankəsin qızı, filan oynasın.
Vaqifin dünya mədəniyyətinə, bəşər mənəviyyatına böyük töhfəsi olmuşdur. Zamanın qabaqcıl ideyalarının carçısı kimi o, yaşadığı tarixi dövrün həm mütərəqqi xüsusiyyətlərini, həm də əsrin ziddiyyətlərini sevinc və kədər notları ilə qanadlandırmış, fakt və hadisələrə vətəndaş - şair prizmasından nəzər-diqqət yetirmişdir. Onun dillər əzbəri olan məşhur “Vidadi ilə müşairə” deyişməsi bu gün də dərin həyati məzmunu və ideya siqləti ilə öz ciddi bədii təsir gücünü saxlayır. Sanki xalq, el-oba deyimlərinin ecazkar işığında cilvələnən bu bədii mükalimədə dövrün ab-havası, insanlıq keyfiyyəti, siyasi mənzərəsi bu peşəkar şairlərin bütün zaman kəsiyində həmişə aktual və möhtəşəm görünən güvənli çağırışları idi. Bu gün də həmin deyişmənin ideya təsir qüvvəsi çox güclü bədii ifadə vasitəsi olaraq böyüyən nəsil üçün həyat manifesti, ibrətamiz nəsihət, məsləhət toplusudur. İnsan ovqatının müxtəlif vəziyyətlərini əks etdirən bu deyişmədən çıxan məntiqi nəticə odur ki, insan kədərə, qəmə şərik olduqda belə, gərək öz mübarizəsini, həyat sevgisini, dözümlülüyünü iradi keyfiyyət kimi qoruyub saxlaya bilsin. Həyatda, yaşamaqda məğrurluq nümunəsi göstərsin. Dillər əzbəri olan, könüllərdə yuva quran, özünü bu kəlamlarda təsdiq edən aforistik deyimlərin məna dolu çalarlarının müasir gənc nəslin ideya-siyasi hazırlığı işi üçün də nə qədər önəmli zəmin olduğuna aşağıdakı kəlamlar vasitəsilə bir daha inanırsan:
Külli Qarabağın abi-həyatı,
Nərmi-nazik bayatıdır, bayatı,
Oxunur məclisdə xoş kəlimatı,
Ox kimi bağrını dələr, ağlarsan!
(Vidadi)
Yaxud, ümidli ləhcə ilə el-obasının düşdüyü çətin möhnətin bir gün həyatda igid oğul və qızlar tərəfindən islah olunacağına möhkəm inam, əminlik yaradan misralarda da bunu daha aydın sezmək olar:
Bir gün çökər qabağına əzrayıl,
Deyər, ey kor bəndə, qəflətdən ayıl,
Görəsən bir qərib şəklü şəmayil,
Ürəyinə qanlar damar, ağlarsan
(Vaqif)
M.P.Vaqif öz xalqına bağlı mütəffəkir şair imici qazanmışdır. Dediyi hər bir sözün, işlətdiyi hər bir fikrin dərin fəlsəfi mündəricəsi, lakonik ifadəsi, onun şeir-sənət dünyasını hamı üçün aydın və anlaşıqlı etmişdir.
Elə bu iradi-mənəvi keyfiyyətin nəticəsidir ki, əsl adı Pənah olan bu müqtədir el-ozan şairi xalqın qəlbinə çıraq tutmuş, universal istək və arzularını real biliklənmə zəminində bütün xidmətlərə qadir və vaqif olan arsenalla qüdrətləndirmişdir.
Molla Pənah Vaqifin məktəb və pedaqoji fikir tarixində də müstəsna rolu olmuşdur. Dövrünün qabaqcıl məktəbdarı kimi sadə el adamlarının və onların övladlarının maariflənməsi yolunda yüksək peşəkarlıq nümunəsi, vətənpərvərlik ruhu göstərmişdir.
M.P.Vaqifin dərin elmi zəkaya və sərrast pedaqoji düşüncəyə istinad edən ictimai-mənəvi fikirləri, dərin məktəbdarlıq fəaliyyəti xalq pedaqogikasının dəyərli nümunələridir.
Xalq ruhunun bütün incəliklərini öz həyatının mənası bilən şair XVIII əsrin 50-ci illərində xalq arasında böyük hörmət qazanmış, bilikli müəllim və müdrik şəxs kimi “Molla Pənah” adı ilə tanınmışdır.
Onun gənclik dövrü Qarabağın incisi olan Şuşa şəhərində keçdiyi üçün, o burada məktəbdarlıq etmiş, pedaqoji fəaliyyətinin ilkin yollarını bu ocaqdan da başlamışdır.
Məktəb və pedaqoji fikir tariximizdə öz zəngin elmi fütühatı, erudisiyası, bilikliliyi ilə xalq arasında ictimai-tərəqqi ideyalarının böyük carçısı olmuş Vaqif birmənalı olaraq özünün xəlqilik, demokratizm, humanizm, savad təlimi, ana dilinə məhəbbət, milli və ümumbəşəri dəyərlərə bağlılıq amalını daim nəcib çağırışlarla şagirdlərinin qəlbinə köçürürdü. Bu münasibətlə o yazırdı:
Bir cavan təzədən gəlib ərsəyə,
Əcayib oğlandır, adı Məhəmməd.
Zahirən özü tək pak imiş əsli,
Ola bilməz heç evladi - Məhəmməd

....Qələmdə, qılıncda, sazda, sədadə
Bərabəri yoxdur dari-fənadə
Mehrü məhəbbəti həddən ziyadə,
Göstərir çox etiqadı Məhəmməd
M.P.Vaqifə görə, düzgün tərbiyə insanı kamilləşdirir, onu həqiqi insan mövqeyinə qaldırır. Ona görə də şair birmənalı olaraq insana təhsil verməyi, onu ləyaqətlə tərbiyə etməyi düzgün qərar sayırdı.
Şairin əqidəsincə, insanı tərbiyə edən, ona elmin əsaslarını mənimsədən hər kəs yüksək bilik, bacarıq, vərdiş və mənəvi keyfiyyətlərə malik olmalı, insan qəlbini, zəkasını dərindən hiss etməli, könülləri nurlandıran qəlb incəliklərini həssaslıqla duyub-dərk etməlidir. M.P.Vaqif uşaq şəxsiyyətinin formalaşmasında elmin, təlim və tərbiyənin böyük rolunu yüksək qiymətləndirərək deyirdi ki, tərbiyənin məqsədi vətənpərvər, xeyirxah, öz xalqını sevən, nikbin baxışlı gənclər tərbiyə etməkdir. O, bir deviz olaraq qeyrət, namus, ar, həya, inam, etibar kimi munis keyfiyyətləri gənc nəslə aşılamağın, təlqin etməyin yollarını da peşəkar məktəbdar kimi yaxşı bilirdi.
Demək olar ki, XVIII əsr Azərbaycan poetik fikrinin ilahi qüdrəti, mənəviyyat cazibəsi, ideal sənətkarlıq nümunəsi onun adı ilə bağlıdır.
Bu gün də Vaqif poeziyasının elmi-nəzəri, estetik-mənəvi, sosial-mədəni, etik-pedaqoji fikir və mülahizələrindən gənc nəslin vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsi yolunda istifadə edib, bu zəngin ideya-mənəvi irsindən bəhrələnmək faydalı olar.

Vidadi BƏŞİROV,
ADU-nun pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru

yuxarı ⤴