1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Məqsəd şəxsiyyət yetişdirməkdir
25.02.2017 / No7

 
 

 

 


Təhsilin başlıca məqsədi şəxsiyyət yetişdirməkdir. Azərbaycan Respublikasının Təhsil Qanununda deyilir: “Azərbaycan Respublikasında təhsilin əsas məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə, demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir” (4.0.1).

Şəxsiyyət nədir?

Şəxsiyyət anlayışı mürəkkəb anlayışdır. Şəxsiyyət insanın siması, onun identifikatorudur. Şəxsiyyət fərdin davamlı fiziki və psixi xarakteristikasının məcmusudur. Şəxsiyyət gerçəkliyi dərk edib, onu dəyişdirməyə qadir olan insandır. Şəxsiyyət biososial varlıqdır. Şəxsiyyətin ən xarakterik cəhətlərindən biri də onun fərdiyyətidir. Bura onun şəxsi xüsusiyyətləri, individual bacarıq və vərdişləri, fəaliyyət mexanizmləri daxildir. İnsan şəxsiyyəti etibarı ilə təkrarolunmazdır.
Şəxsiyyət onu əhatə edən mühitdə fərdin sosiallaşması, ətrafla ünsiyyəti və qarşılıqlı əlaqəsi nəticəsində yaranır. Şəxsiyyətin formalaşması üçün motivasiya mühüm şərtdir. Düzgün seçilmiş motivlər şəxsiyyəti məqsədəuyğun fəaliyyətə təhrik edir. Ən əsası bu motivlər onun maraqlarını əks etdirməlidir. Maraqlar onun daxili tələbatlarının təzahürləridir. Şəxsiyyətə düzgün təsir etmək üçün maraqların lazımi qaydada ödənməsi zəruridir. Maraqların təmin edilməsi şəxsiyyətin bilik və bacarığındakı çatışmazlıqların aradan qaldırılmasına və onun bir bütöv kimi formalaşmasına kömək edir.

Şəxsiyyəti kim yetişdirir?

Şəxsiyyət mühitdə yetişir. Fərdin şəxsiyyətə çevrildiyi dövrün ən mühüm qismi onun orta təhsil aldığı zamana təsadüf edir. Bu təhsil hazırda 11 ili əhatə edir. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan hədəflərdən biri də orta təhsil müddətinin 12 ilə çatdırılmasıdır. Bunun mühüm psixoloji və sosioloji əsasları var. Bu dövr insanın şəxsiyyət kimi formalaşması, onun özünü tanıması, arzularını, istəklərini və ideallarını müəyyənləşdirməsi, gələcəyə dair planlar qurması, hansı sənət sahibi olacağını müəyyən etməsi, həyata və əmək fəaliyyətinə hazırlanması dövrüdür. Bu zamanın yaxşı dəyərləndirilməsi lazımdır.
Görkəmli pedaqoq Makarenko öz pedaqoji ideyalarının əsasında insan amilini saxlayırdı və deyirdi: “İnsan davranışlarının əsas səbəbini anlayıb, onun içindəki yaxşını üzə çıxarmaq üçün ona zaman vermək lazımdır”. Bəli, orta məktəb təhsili fərdə şəxsiyyət kimi formalaşmaq üçün verilmiş ən münasib zamandır. Bu zaman nə qədər uzun olarsa və ondan nə qədər faydalı şəkildə istifadə olunarsa, bir o qədər müsbət nəticələr verər. Mürəkkəb sosial mühit olan məktəbdə bu prosesi istiqamətləndirəcək şəxs müəllimdir. Deməli, məktəbdə fərdi şəxsiyyət kimi yetişdirən məhz müəllimdir.

Şəxsiyyət necə yetişir?

Uşinski deyirdi: “Yalnız şəxsiyyət şəxsiyyəti müəyyən edə bilər və onu inkişaf etdirə bilər.Yalnız xarakterlə xarakter yaratmaq olar”. Bu fikirlər müzakirə edilməyəcək qədər həqiqəti əks etdirən düşüncələrdir. Buradan çıxan birbaşa nəticə odur ki, şagirdi ancaq hərtərəfli bir müəllim yetişdirib, şəxsiyyətə çevirə bilər. Uşinskiyə görə, insanı bütün münasibətlərdə tərbiyə etmək, şəxsiyyət kimi yetişdirmək üçün onu bütün münasibətlərdə öyrənmək lazımdır. Bəli, şagirdin öyrənilməsi - onun fərdi bacarıqlarının, arzu və istəklərinin,potensialının, təfəkkürünün inkişaf səviyyəsinin, xəyal dünyasının genişlik dərəcəsinin müəyyən edilməsidir.
Təlim və tərbiyə prosesi vəhdət şəkildə təşkil edilərək inkişafetdirici mühitin yaradılmasına xidmət etməlidir.Təlimdə formalizmə, şagirdlərin müstəqilliyinin və marağının boğulmasına, həyat üçün zəruri olmayan, az əhəmiyyətli biliklərin verilməsinə yol vermək arzuolunmazdır. Bütün bunların əsasında isə dəqiq və məqsədəuyğun şəkildə müəyyən edilmiş təhsil kurikulumları, tədris proqramları və bunlardan səmərəli şəkildə istifadə etməyi və təlim-tərbiyə prosesini düzgün məcraya yönəltməyi bacaran müəllim amili dayanır.

Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır?

Şəxsiyyəti yetişdirəcək müəllim özü bir şəxsiyyət olmalıdır. Müəllim nəzəri, elmi və praktiki biliklərə sahib olmaqla yanaşı, yüksək etikaya, estetikaya, nümunəvi davranış qaydalarına, geniş dünyagörüşünə, səlis mühakimə yürütmək qabiliyyətinə, aydın və əlaqəli nitqə, analitiklik xüsusiyyətinə, şəfqət, mərhəmət duyğusuna, ədalətli mövqeyə, obyektiv yanaşmaya malik olmalıdır. Pedaqoqluqla yanaşı gözəl psixoloq olmalıdır. Hər bir şagirdinə fərdi yanaşmağı, onu kəşf etməyi, onun etimadını qazanmağı, içindəki yaxşını üzə çıxartmağı bacarmalıdır.
Müəllim qarşısındakı şagirdi özü istədiyi istiqamətdə deyil, şagirdin özünün istədiyi istiqamətdə dəyişməyə çalışmalıdır. Onun içindəki “MƏN”i boğaraq, şagirdi xaraktersiz, müti bir insana çevirməyi deyil, o “MƏN”i inkişaf etdirərək, möhkəm insan xarakteri yaratmağı hədəfləməlidir. Müəllim şagirdin inamını, sevgisini qazanmalıdır. Ona inandığını və bunun üçün real səbəbləri olduğunu ona başa salmalıdır. Ona dost olmalıdır.
Unutmaq lazım deyil ki, pis şagird yoxdur, sadəcə pis yanaşma var. Şagird müəllim üçün öz prinsiplərini və eqosunu sınaqdan çıxarma obyekti deyil. Müəllim şagird üçün ona özünü tapmağa kömək edəcək və əlindən yapışıb işıqlı gələcəyə aparacaq şəxsdir.

Mehriban MƏMMƏDOVA,
Bakı şəhəri 309 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini

P.S. Qəzetimizin 4 fevral 2017-ci il tarixli nömrəsində dərc olunmuş “Şəxsiyyətin yetişdirilməsində müəllim faktoru” sərlövhəli yazının müəllifi Şikar Baxışov redaksiyamıza müraciət edərək həmin yazını texniki cəhətdən səhv olaraq qəzetin ünvanına göndərdiyini, sözügedən məqalənin müəllifinin Mehriban Məmmədova olduğunu bildirib.
 

yuxarı ⤴