1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Xocalı faciəsi tədrisdə
25.02.2017 / No7

 
 

 

 


“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
Heydər ƏLİYEV

Bəli, bu gün o dəhşətli faciədən bizi əsrin dörddə biri qədər zaman fasiləsi ayırsa da qəlbimizdə sanki əbədi bir XOCALI adlı yara yaranmışdır. Hər ilin fevralında bu yara daha çox sızıldayır. Biz həm qəzəblənir, həm qüssələnir, həm də kədərlənirik. Təbii ki, biz tarix müəllimləri ilk növbədə dərslərimizdə şagirdlərə bu barədə geniş məlumat verməli, onlarda düşmənə qarşı daha çox nifrət hissi aşılamalıyıq. Məsələn, V siniflərdə “Xocalı soyqırımı” mövzusunda ermənilərin Xocalıda hədsiz dərəcədə vəhşiliklər törətdiklərini bildirirəm.
Burada baş verən vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan televiziyasının operatoru Çingiz Mustafayevin çox böyük rolu olmasını xüsusilə qeyd edirəm. Belə ki, o, fevralın 28-də xüsusi helikopterlə Xocalıya uçarkən burada çox böyük bir ərazidə meyitlərin səpələndiyini müşahidə edir. Helikopter aşağı endikdə isə onunla gələnlər çoxlu körpələrin, qadın və uşaqların amansızlıqla qətlə yetirildiyinin şahidi olurlar. Mənzərə o qədər dəhşətli olur ki, çəkiliş qrupunu müşayiət edən iki polis işçisinin gördüklərindən ürəkləri gedir. Buradaca qeyd edirəm ki, Xocalı aeroportunu qoruyan dəstənin komandiri Əlif Hacıyev əsl qəhrəmanlıq göstərərək sayca özlərindən bir neçə dəfə artıq olan, təpədən-dırnağadək silahlanmış düşmənlərin hücumunu üç dəfə mərdliklə dəf edir. Nəhayət, düşmənlərə qalib gələ bilməyəcəyinə əmin olduqdan sonra düşmənlərin əlinə keçməməsi üçün idarəetmə korpusunu partlatmağı əmr edir. Digər komandir Tofiq Hüseynov da erməni faşistlərinə qarşı axıra qədər fədakarlıqla vuruşmuş, son anda isə axırıncı gülləni özünə vurmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin 1997-ci il 25 fevral tarixli sərəncamı ilə hər il fevralın 26-da soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Ulu öndərimiz Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.
Deməliyəm ki, Xocalı faciəsi ilə əlaqədar mövzu XI sinifdə də tədris olunur. Həmin sinifdə “Qarabağ müharibəsinin başlanması. Xocalı soyqırımı” mövzusunu tədris edərkən şagirdlərə bildirirəm ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş və ölkənin Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduğunu nümayiş etdirdi. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Sinfə ünvanlanmış bu ritorik suala cavab olaraq bildirirəm: bu, bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi-mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi-mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsi ilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
Daha sonra şagirdlərə bildirirəm ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-nin taleyi indi də məlum deyil.
Həm də bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıq və ağlasığmaz, tükürpədici vəhşiliklərlə həyata keçirilmişdir. Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Ohanyan bir müddət Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin “müdafiə naziri” olduqdan sonra Ermənistanın müdafiə naziri olmuş, hazırda isə S.Sərkisyan rejiminə qarşı müxalifətdədir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonu, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşiki iştirak etmişdir (“Xocalının işğalına dair istintaq materiallarından”). Yeri gəlmişkən ermənilərin sərsəm “dənizdən-dənizə” planının müəlliflərindən hesab edilən Zori Balayan özünün “Ruhumuzun canlanması” əsərində göstərir ki, “biz dostumuz Xaçaturla bir evə girdik. Əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Biz onun dərisini üzdük. Təcrübə keçirdik ki, uşaq neçə dəqiqə yaşayacaq? Uşaq 7 dəqiqədən sonra keçindi”.
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir.
Elə buradaca şagirdlərə bildirirəm ki, Xocalı soyqırımının epizodları insanı ermənilərin qəddarlıqları ilə yanaşı, azərbaycanlıların - xüsusilə Həcər qeyrətli, Şirin sədaqətli qadınların ləyaqəti, şücaəti ilə dəhşətə gətirir. Belə ki, Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi “bu yerlər böyük Ermənistanın bir hissəsidir” sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırılmışdır. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, “4 məhsəti türkü və 3 azərbaycanlının erməni qəbirinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar”.
Şagirdlərə daha sonra bildirirəm ki, ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onlarıın başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 mm kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirdiyi əməliyyatın soyqırım olduğunu təsdiqləyir.
Burada sual olunur: bəs ermənilərin belə qəddar, amansız hərəkətlərinə səbəb nə idi? Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan aeroportun ələ keçirilməsi idi. “Xocalı platsdarmının məhv edilməsi” sözlərinə diqqət yetirin. İndi söylənilən bu ifadə ermənilər tərəfindən törədilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsinin səbəbini aydın göstərir. Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi hətta rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir. Elə buradaca şagirdlərə bildirirəm ki, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında, erməni faşistlərinin ifşa olunmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirlərin də böyük rolu və əhəmiyyəti olmuşdur. 2008-ci il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası təsis edilmiş, fəaliyyətinə isə 2009-cu ilin fevralından start verilmişdir. Hazırda 60-dan çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. Bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya bir çox ölkələrdə uğurla həyata keçirilir.
Bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. “Xocalıya ədalət” kampaniyası sayəsində Xocalı soyqırımını dünyada 9 ölkə və ABŞ-ın 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb. Xocalı qaçqınlarının BMT, Avropa İttifaqı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətində deyilir: Artıq 10 ildən artıqdır ki, biz, qaçqın vəziyyətinə düşmüş xocalılar, ürək ağrısı və eyni zamanda böyük ümidlə bütün dünyanın sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara müraciət edirik. Sizdən xahiş edirik, erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq ki, dünyanın BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.
Bəli, bütün yuxarıda deyilənləri əsas tutaraq biz belə hesab edirik ki, bu vəhşilik, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

İlqar ABDULLAYEV,
Bakı şəhəri MLK-nın tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, əməkdar müəllim

yuxarı ⤴