1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Məktəbəhazırlığın təşkili məsələləri üzrə daha iki kitab da hazırdır
25.02.2017 / No7

 

 


Şəxsiyyətin formalaşmasının təməli, məlum olduğu kimi, məktəbəqədər yaş dövründə qoyulur. Buna görə də məktəbəqədər təhsil müəssisələrində tərbiyə və təlimin düşünülmüş sisteminin yaradılması işin səmərəli təşkilinə imkan verir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda məktəbəqədər təhsilin qarşısında ciddi vəzifələr qoyulmuşdur. Qanunda deyilir: “Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnmələrini, istedad və qabiliyyətlərinin üzə çıxarılmasını, sağlamlıqlarının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir”.
Ölkəmizin həyatında baş verən sosial-iqtisadi dəyişikliklər Azərbaycanın məktəbəqədər təhsil sisteminə də öz təsirini göstərdi. Müasir təhsil sisteminin qarşısında duran mühüm vəzifələrdən biri məktəbəqədər təhsilin dövrün tələblərinə cavab verən bir səviyyəyə çatdırılmasıdır. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il, 16 iyul tarixli, 137 nömrəli qərarı ilə “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” təsdiq edilmişdir. Bu sənəd məktəbəqədər təhsilin məzmunu, idarə olunması, maddi-texniki və tədris bazası, infrastrukturu, təhsilverənlərin keyfiyyət göstəriciləri, təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyən etmək məsələlərini əhatə edir. Həmçinin dünya təcrübəsinə uyğun olaraq, beşyaşlıların məktəb təliminə hazırlığının zəruriliyi, bunun “Məktəbəqədər təhsilin dövlət proqramı (kurikulumu) (3-6 yaş)” əsasında həyata keçirilməsi qeyd olunur.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, beş yaşlı uşaqların məktəbə hazırlanmaları zəruridir. Qanunda bu problemin xüsusi qeyd olunmasının səbəbi odur ki, uşağın təhsilinin sonralar nə dərəcədə müvəffəqiyyətlə davam edəcəyi məhz bu başlanğıcdan asılıdır. Məktəbəhazırlığın əsas məqsədi beşyaşlıların tələb və imkanlarını nəzərə almaqla, onların məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesinin təşkil edilməsidir. Məktəbəhazırlığın vəzifələri isə uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunmaları üçün onlarda şəxsi xüsusiyyətlərin, sosial münasibətlərin formalaşdırılmasıdır.
Məktəb təliminə hazırlıq uşağın fiziki, intellektual, emosional, iradi, şəxsi və sosial inkişafının səviyyəsindən asılıdır. Bu aspektlər məktəbəhazırlığın müxtəlif növləri deyil, onun fəaliyyət formalarının bir-birindən fərqli təzahürləridir. Uşağın məktəbə hazırlığı dedikdə, onun məktəb həyatına fiziki, əqli, psixoloji hazırlığı və təlimə başlamaq üçün müəyyən bacarıq və qabiliyyətlərə malik olması nəzərdə tutulur. L.S.Vıqotski məktəb təliminə hazırlığın yalnız təsəvvür ehtiyatlarının çoxluğu və ya azlığından deyil, daha çox idraki proseslərin inkişaf səviyyəsindən ibarət olduğunu söyləmişdir. Onun fikrincə, məktəbə hazır olmaq müəyyən dərəcədə ətraf aləmin əşya və hadisələrini ümumiləşdirməyi və fərqləndirməyi bacarmaq deməkdir. Konkret bilik və bacarıqlardan başqa, uşağa özünənəzarət, diqqəti cəmləşdirmə kimi keyfiyyətləri də aşılamaq lazımdır. Uşağa təkcə onun istədiklərini vermək yox, həmçinin onun vəzifələrini də öyrətmək lazımdır.
Məktəbəqədər yaşlı uşaqların əl əzələlərinin kiçik motorikasının inkişafına da xüsusi diqqət yetirmək vacibdir. Buraya əldə qələm tutmaq, əşyalarla kiçik manipulyasiyalar etmək (plastilindən yapma, qayçıdan, rəngli karandaşlardan, fırçadan istifadə, yaxud xətkeşlə düz xətt çəkmək və s.) bacarıqları daxildir.
Məktəbə hazır gələn uşaqlar yeni şəraitə daha rahat və qısa müddət ərzində adaptasiya olunur, proqram materiallarını qavramaqda çətinlik çəkmir, müəllimin mövqeyini düzgün qəbul edir, məsuliyyətli böyüyürlər. Ona görə də müasir dövrdə beşyaşlıların məktəbə hazırlanmaları vacib problemlərdən biridir. Bunları nəzərə alaraq valideynlər də, müəllimlər də uşaqların məktəb təliminə daha yaxşı hazırlanmaları və məktəbə uyğunlaşmaları üçün onlarda idrak proseslərinin inkişafına, fiziki, sosial, şəxsi, emosional-iradi, yaradıcı, əqli və nitq inkişafına diqqət yetirməlidirlər.
Məktəbəhazırlığın təşkilinin məqsədi bütün uşaqlar üçün bərabər təhsil imkanlarının yaradılması, onların məktəbdə təhsili üçün mühüm olan əsas idraki proseslərin və ilkin səriştəliliyin formalaşdırılmasıdır.
Məlum olduğu kimi, məktəbəhazırlığın səmərəli təşkili məqsədilə oktyabr ayında “Çaşıoğlu” nəşriyyatı tərəfindən 5 vəsaitin daxil olduğu 1-ci komplekt çap olunmuşdur. Artıq “Bədii təfəkkürün inkişafı, musiqi və fiziki mədəniyyət məşğələləri üzrə müəllim üçün metodik vəsait” və uşaqlar üçün “Bədii təfəkkürün inkişafı” adlı vəsaitləri əhatə edən 2-ci təlim komplekti də çap edilmişdir.
Təqdim olunan vəsaitdə bədii nümunələrdən istifadə etməklə, bədii təfəkkürün inkişafı üzrə aparılan işlər nəzərdə tutulmuşdur. Planlaşdırılmış məşğələlər bədii nümunələr əsasında tərtib edilib.
Bədii ədəbiyyat uşağın nitq inkişafına və lüğət ehtiyatının zənginləşdirilməsinə böyük təsir göstərir, onların əqli, mənəvi və estetik tərbiyəsində güclü vasitədir. Məktəbəqədər yaşlı uşağın hərtərəfli inkişafında, şəxsiyyətinin formalaşmasında düzgün seçilmiş bədii nümunələrin əhəmiyyəti böyükdür. Müəllim bədii əsəri - hekayə, şeir, nağıl və s. seçərkən ilk növbədə onu uşaq üçün əhəmiyyətliliyi cəhətdən dəyərləndirməlidir. Böyük məktəbəqədər yaşlı uşaqlar bədii əsərlərin məzmununu daha dərindən dərk edir, həmçinin ədəbi janrları, onların xarakter xüsusiyyətlərini müəyyənləşdirə bilirlər.
Uşaqların diqqəti əsərlərin bədii xüsusiyyətlərinə cəlb edilməlidir, çünki onlar ədəbi əsərlərin bədii mahiyyətinə qarşı daha həssas olurlar. Məktəbəhazırlıq qrupunda müəllimin qarşısında uşaqlarda bədii ədəbiyyata maraq, bədii obrazı hissetmə bacarığı tərbiyə etmək; poetik eşitməni (səs tonunu, musiqini, poetik nitqin ritmini tutmaq bacarığı) inkişaf etdirmək üçün nağılın, hekayənin, şeirin obrazlı dilini başa düşmək bacarığı tərbiyə etmək vəzifəsi durur.
Bədii nümunələri elə təhlil etmək lazımdır ki, uşaqlar janrları fərqləndirməyi, nağılın, hekayənin, şeirin, təmsilin və kiçik folklor nümunələrinin spesifik xüsusiyyətlərini başa düşsünlər. Vəsaitdə təqdim edilən məşğələ nümunələrində bütün bu deyilənlər nəzərə alınmışdır.
Bədii əsərlərin qiraəti uşaqların qarşısında Azərbaycan dilinin bütün zənginliklərini açır, onlar müstəqil yaradıcılıq və gündəlik ünsiyyət zamanı bu zənginliklərdən istifadə etməyə başlayırlar. Bu yaşda uşaqlarda bədii sözdən istifadə qabiliyyətinin inkişafı ana dilinə məhəbbətin formalaşması üçün təməldir. Vəsaitdə bu cəhətlər diqqət mərkəzində saxlanılmış və daxil edilən tapşırıqlar müasir tələblər nəzərə alınaraq hazırlanmışdır.
Metodik vəsaitin “Məktəbəhazırlıq üzrə musiqi təliminin təşkili metodikası” adlı bölməsində təqdim edilən materiallar 5-6 yaşlı uşaqların psixoloji durumuna zərər vermədən məktəbəqədər müəssisə ilə məktəb arasında körpü yaratmaq baxımından aktualdır. Məşğələlər uşaqların yaş və anlama səviyyələrinə, estetik inkişaf sahələrinin standartlarına uyğun, digər inkişaf sahələri ilə inteqrasiya əsasında tərtib olunmuşdur və üç mərhələ üzrə aparılır:
• motivasiya və ya aktuallaşdırma;
• dərketmə;
• tətbiqetmə.
Vəsaitdə müxtəlif təlim metodlarından istifadə olunmuşdur. Məşğələlərdə müxtəlif musiqi fəaliyyətləri növbələşərək uşaqların hərtərəfli inkişafına, eyni zamanda məktəbə hazırlanmalarına kömək edir. Metodik vəsaitdə təqdim olunan musiqi məşğələlərinin, həmin məşğələlərdə istifadə olunan müxtəlif musiqi fəaliyyətlərinin uşaqların şəxsiyyət kimi formalaşmalarında da müsbət rolu vardır, çünki bu məşğələlər onların hisslərinə, emosiyalarına təsir edir, onlara davranış mədəniyyəti öyrədir, kollektiv fəaliyyətə, səy və yaradıcılığa cəlb edir.
Metodik vəsaitdə uşaqların yaş və qavrama səviyyələri nəzərə alınmışdır. Məşğələlərdə müxtəlif fəaliyyət növlərindən - mahnı oxuma, musiqi dinləmə, ritmik məşğələlər, rəqslərin öyrədilməsi, sadə musiqi alətlərində çalmaq və musiqili-didaktik oyunlardan istifadə olunmuşdur. Proqrama aydın, rəvan səslənən, səlis tələffüz olunan mahnılar salınmış, uşaqların yaş səviyyəsinə, səs diapazonuna, vokal imkanlarına uyğun seçilmişdir. Dinləmə üçün seçilən musiqi nümunələri isə sadə musiqi tonallıqlarında yazılmış əsərlər, həcmcə kiçik olan xalq mahnıları və rəqslərdir. Bunlarla yanaşı,vəsaitə ritmi hiss etməyə, ritmik bacarıqların inkişafına yönəldilmiş müxtəlif musiqili-didaktik oyunlar, rəqs elementlərini yerinə yetirmək üçün ritmik çalışmalar daxil edilmişdir.
Məlumdur ki, uşağın dünyaya gəldiyi gündən 6 yaşadək olan dövr məktəbəqədər dövr adlanır. Məhz bu dövrdə uşaq intensiv boy atır, orqanizm inkişaf edir, fiziki göstəricilərin və bacarıqların hərtərəfli inkişafının əsası qoyulur. Bu dövrdə şəxsiyyətin fiziki inkişaf problemləri xüsusilə aktualdır. Həmçinin bu dövr orqanizmin möhkəmlənməsi, həyat üçün vacib olan sadə gigiyenik vərdişlərin mənimsənilməsi üçün daha uyğundur.
“Məktəbəqədər təhsilin proqramı (kurikulumu) (3-6 yaş)” hər bir yaş qrupu üçün fiziki mədəniyyət standartları müəyyən edir. Kurikulum çərçivəsində aparılan pedaqoji proses psixi və fiziki hərəkətlilik bacarıqları, uşaqların inkişafı üçün istifadə olunan müxtəlif metodlar üzərində qurulur.
Məktəbəqədər dövrdə uşağın sağlamlığının təməli qoyulur: həyati vacib orqanların və funksiyaların təkamülü prosesi gedir, ətraf mühitə uyğunlaşma bacarıqları inkişaf edir, xarici təsirlərə müqaviməti artır, qamət formalaşır, uşağa fiziki keyfiyyətlər, vərdişlər aşılanır, onun xarakteri formalaşır. Uşağın məktəb təliminə hazırlığı problemləri içərisində ilkin yerlərdən birini onun fiziki inkişafı, orqanizmin sistematik təlimə funksional hazırlığı problemi tutur. Əgər uşaq fıziki cəhətdən möhkəm, sağlam olarsa, müvəffəqiyyətlə oxuyacaq, proqram materiallarını mənimsəyəcək, zehni yük onun əsəblərinə və fiziki yorğunluğuna səbəb olmayacaqdır.
Vəsaitin “Fiziki mədəniyyət” bölməsində məktəbəqədər müəssisədə uşaqlarla müntəzəm keçirilən fiziki mədəniyyət məşğələləri fiziki tərbiyənin əsas formasını təşkil edir və aşağıdakı plan üzrə qurulur:
1. Giriş hissə. Bu hissədə müəllim uşaqların emosionallığını yüksəltməyə, diqqətini cəmləşdirməyə nail olur. Məqsəd orqanizmi məşğələnin əsas hissəsindəki fiziki yüklənmələrə hazırlamaqdır. Bu hissədə sırada düzlənmə, müxtəlif yerişlər, qaçışlar, tullanma, düzgün qamət, tənəffüs təmrinləri yerinə yetirilir.
2. Əsas hissə. Bu hissədə çiyin, qarın, kürək, ayaq əzələlərinin inkişafı, möhkəmlənməsi, onurğanın çevikliyi üçün ümumi inkişafetdirici tapşırıqlar daxildir.Bu tapşırıqlar balacalara fiziki keyfiyyətlərin aşılanmasına yardım edir. Həyata keçirilən hərəkətli oyunlar uşaqların hərəkət rejimini rəngarəng edir, fiziki güc keyfiyyətlərinin (güc, cəldlik, çeviklik, tez reaksiya vermək) inkişafına stimul verir.
3. Yekun hissə. Bu hissədə azhərəkətli, sakit, aşağı templi hərəkətlər yerinə yetirilir. Orqanizmin bərpası üçün asta yeriş, tənəffüsün, nəbzin bərpa olunması üçün xüsusi tapşırıqlardan istifadə olunur. Bu hissədən sonra məşğələ yekunlaşdırılır.
Bu fiziki məşğələlər kurikulumun tələblərinə və uşaqların yaş səviyyələrinə uyğundur və onların sevimli məşğuliyyətinə çevriləcək.
Beləliklə, son illərdə qəbul edilən, məktəbəqədər təhsilin inkişafının yeni istiqamətlərini müəyyən edən mühüm normativ-hüquqi sənədlərin tələblərinə uyğun tərtib olunan yeni inkişafetdirici, təlimedici-tərbiyəedici sistem uşaqların hərtərəfli inkişafına, onlarda əxlaq normalarının formalaşdırılmasına, onların yaş və fərdi imkanlarına, qabiliyyət və ehtiyaclarına uyğun olaraq sosial təcrübə əldə etmələrinə və sosiallaşmalarına istiqamətləndirilmişdir.

Laləzər CƏFƏROVA,
Şəhla QULİYEVA,
Svetlana MUSTAFAYEVA,
Xalidə HƏMİDOVA
 

yuxarı ⤴