1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

“Dərs cədvəlini tələbə özü seçə bilər”
25.02.2017 / No7

 

 

 


ABŞ-ın Kornell Universitetinin tələbəsi Arzu Məmmədova ilə söhbət

Arzu Məmmədova 1999-cu il avqustun 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı Avropa Liseyində alıb. Liseyi qızıl medalla bitirib. Liseydə oxuduğu illərdə müxtəlif olimpiada və müsabiqələrdə iştirak edib. “Education USA” tərəfindən təşkil olunmuş ingilis dilində inşa yazı müsabiqəsində (Essay Writing Contest) I yerə layiq görülüb. İstedadlı gəncin iştirak etdiyi bilik yarışları arasında Kanadanın Vaterloo Universitetinin, ABŞ-ın Harvard Universiteti və Massaçusets Texnologiya İnstitutunun keçirdiyi riyaziyyat, “Sabahın alimləri” və “Intel ISEF” müsabiqələrini xüsusi qeyd etmək lazımdır. Arzu 2016-cı ildə ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçirilmiş Intel ISEF Beynəlxalq Mühəndislik Sərgisində ölkəmizi layiqincə təmsil edərək mükafata layiq görülüb. O, hazırda ABŞ-ın Nyu-York ştatındaki Kornell Universitetinin mühəndislik bölməsinin tələbəsidir.

- Orta məktəbdə daha çox hansı fənlərə maraq göstərirdiniz?
- Orta məktəbdə məni riyaziyyat daha çox cəlb edirdi. Kompüter elmələrinə də marağım böyük idi. Gələcəkdə ali təhsilimi bu sahələrdə davam etdirməyi düşünürdüm. Bununla yanaşı, xarici dillərə də marağım var idi, ingilis və fransız dillərini mükəmməl öyrənmək istəyirdim. Hətta ingilis dili üzrə bir neçə müsabiqənin qalibi və mükafatçısı olmuşdum.
- Uşaqlıqda daha çox hansı peşəni hədəf seçmişdiniz?
- Uşaqlıqdan mənim musiqiyə böyük həvəsim var idi. Valideynlərim məni musiqi məktəbinə yazdırmışdılar və mən gələcəkdə müğənni olmağı planlaşdırırdım. Lakin bir müddət keçdikdən sonra maraqlarım dəyişdi. Amma buna baxmayaraq, musiqiyə olan məhəbbətim dəyişməz olaraq qalır.
- Bir neçə dəfə iri layihələrin və olimpiadaların qalibi olmusunuz. Sizcə, bilik sahəsində zirvəyə çatmaq üçün insandan nələr tələb olunur?
- Mənim fikrimcə, ilk növbədə çoxlu oxumaq və öz üzərində çalışmaq lazımdır. Hər hansı biliyi mənimsəmək üçün onun haqqında hərtərəfli məlumat toplayaraq nəzəri və tətbiqi əsaslarını analiz edərək yeni istiqamətlərin inkişafı üçün potensialları araşdırmaq lazımdır.
- Elm yolunu seçərkən sizi gələcəkdə hansı çətinliklərin gözlədiyini düşünürdünüzmü? Həmyaşıdlarınıza məsləhətiniz?
- Hər bir işin və peşənin özünəməxsus çətinlikləri olur. Lakin çətinlikləri aşaraq qarşıya qoyulan hədəflərə nail olmaq istəyi hər bir şeyi üstələyir. Həmyaşıdlarıma məsləhət görərdim ki, asan yol axtarmasınlar, zəhmətkeş olsunlar və innovativ düşünsünlər. Əminliklə deyə bilərəm ki, hər zəhmətin bir xoş nəticəsi olur.
- Biz sizi “Sabahın alimləri” layihəsindən tanıyırıq. Bu kimi layihələrdə uğur qazanmaq üçün nə etməli? Bu layihənin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Hər bir layihənin tam aydın məqsədi və hədəfləri olmalıdır. Həmin hədəflərə nail olmaq üçün isə yuxarıda qeyd etdiyim kimi, çoxlu çalışmaq gərəkdir. Bu müsabiqələrdə iştirak məktəblilər üçün real elmi araşdırmalara qatılaraq, seçdikləri sahələrdə öz potensiallarını sınamaq imkanını verir və onları daha da stimullaşdırır.
- Bütün uğurlarınızda sizə dəstək olmuş kimlərin rolunu qeyd edərdiniz? Valideynləriniz sizin xaricdə təhsil almaq qərarınızı necə qarşıladı?
- İlk növbədə, əlbəttə, valideynlərimin mənə göstərdiyi dəstəyi qeyd etmək istəyirəm. Onlar məni həmişə istiqamətləndirir, düzgün məsləhətlər verir və çətinliklərə qalib gəlməyi öyrədiblər. Xatırlayıram ki, ilk dəfə 6-cı sinifdə oxuyarkən mən valideynlərimə xaricdə təhsil almaq istəyimi bildirdim. Məncə həmin anda, onlar mənim bu istəyimi bir o qədər də ciddi qəbul etmədilər. Lakin illər ötdükcə tam qərarlı olduğumu gördükdə məni dəstəklədilər.
Bundan başqa, mən öz müəllimlərimə mənə göstərdikləri qayğıya, verdikləri biliklərə və mənə olan inamlarına görə çox minnətdaram.
- Sabahın alimi özünü Amerikanım nüfuzlu Kornell Universitetində necə hiss edir?
- Kornell Universiteti “Sarmaşıq Liqası”nın üzvü olaraq dünyanın ən nüfuzlu təhsil ocaqları sırasındadır və belə bir təhsil ocağının tələbəsi olduğuma görə əlbəttə ki, qürur duyuram. Ali məktəb dünyaya 43 Nobel mükafatı laureatı bəxş edib və qlobal reytinqlərdə öncül yerlərdədir. Burada təhsil almaq çox maraqlı, həm də perspektivlidir. İxtisasımla bağlı hələ qərarlaşmamışam, istəyirəm bir neçə istiqamətlərdə özümü sınayım və mənə daha çox uyğun olanını seçim.
- Tələbə həyatınız, asudə vaxtlarınız necə keçir? Müəllimləriniz barədə nə deyə bilərsiniz?
- Kornell Universitetində tədris elə qurulub ki, burada dərs cədvəlini tələbə özü seçə bilər və bu da hər bir tələbəyə təhsil ilə asudə vaxtını özünə uyğun və rahat şəkildə qurmağa imkan yaradır. Universitetin kampusunda demək olar ki, hər həftə müxtəlif tədbirlər keçirilir. Asudə vaxtlarımda həmin tədbirlərdə iştirak etməyə çalışıram. Müəllimlərimdən də çox razıyam, mühazirə və seminarları maraqlı və rahat şəkildə aparırlar. Özləri də o qədər maraqlı insanlardır ki, onlarla ünsiyyətdə olmaqdan zövq alıram.
- Gələcək planlarınız.
- Gələcəkdə təhsilimi başa vuraraq seçdiyim sahədə yaxşı mütəxəssis olmaq və cəmiyyətimizin inkişafina öz töhfəmi vermək istəyirəm.

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴