1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Xarici mətbuatdan
25.02.2017 / No7

 
 

 

 


Amerika universitetlərində ən çox hansı kitablar oxunur?

Beynəlxalq qiymətləndirmələrə əsasən, qədim dövrün filosofu Platonun “Dövlət” əsəri ABŞ-ın səkkiz aparıcı universitetində, eləcə də bütün dünyada ən çox öyrənilən kitab hesab olunur. “Open Syllabus Explorer” təhsil portalının məlumatına əsasən, qədim yunan ədəbiyyatı nümunələrindən Aristotelin “Əxlaq”, eləcə də Sofoklun “Çar Edip” faciəsi də populyar kitablardan hesab olunur. Portalın tədqiqatçıları son 10 il ərzində internet istifadəçilərinin oxuduqları kitabların siyahısını hazırlayıblar. Son illər ərzində Amerika universitetlərinin dinləyicilərinə bu kitablar üzrə milyondan artrıq kurs oxunub. ABŞ-ın 8 ən yaxşı ali məktəbi, “Sarmaşıq Liqası”na daxil olan universitetlər- Harvard, Prinston, Braun, Pensilvaniya, Yel, Kornell və Kolumbiya universitetləri, eləcə də Dartmunt Kolleci təşkil edir. Ən çox oxunan kitablar arasında Samuel Xantinqtonun “Sivilizasiyaların toqquşması”, Strankın “Stil elementi”, Aristotelin “Etika”, Marks və Engelsin “Kommunist partiyasının manifesti”, M.Şellinin “Frankenşteyn” əsərlərinin adları çəkilir.
“Sarmaşıq Liqası”nda təhsil almağın 2 üsulu mövcuddur, birincisi, dünyanın ən nüfuzlu ali məktəblərinin siyahısına daxil olan Amerika universitetlərindən birində təhsilə 200 min dollar xərcləmək, ikincisi isə bu universitetlərin kurslarında öyrənilən kitabları oxumaqdır”, -deyə tədqiqatın nəticələrini şərh edən “Vaşinqton Post” qəzeti yazır.

Sərt ailə tərbiyəsi asağı təlim göstəriciləri ilə nəticələnir

Pittsburq Universitetinin alimləri sübut ediblər ki, ailədə uşaqların çox ciddi tərbiyə alması onların məktəb təhsilində aşağı təlim göstəriciləri ilə nəticələnir. Ekspertlərin apardığı tədqiqatda 1500 məktəbli iştirak edib, nəticələr əldə olunduqdan sonra alimlər gözlənilməz faktı qeyd ediblər. Məlum olub ki, valideynləri tərəfindən sərt tərbiyə almış uşaqlar IX sinifdə daha güclü yaşıdlarına tabe olublar. Onlar nəinki riskli addımlara meyil göstəriblər, həm də ətrafdakılara qarşı aqressiv münasibətləri ilə seçiliblər. Xarici amillərə yeniyetmələrin öz növbəsində bu cür reaksiyası onların tədris prosesində davamiyyətini pisləşdirib. Alimlər bu gözlənilməz faktı onunla izah ediblər ki, ailədə sevginin və dəstəyin yoxluğu ona aparır ki, uşaq yaşıdları arasında emosional boşluğu doldurmağa çalışır və həmişə istənilən nəticəni almır. Nəticədə belə işaqlar qəzəbli olur və oxumağa marağı itirirlər.

Yeni Ukrayna məktəbinin konsepsiya mətni elan olunub

Ukraynada ölkənin təhsil sistemində islahatların əsasını təşkil edən “Yeni Ukrayna məktəbi” konsepsiyasının mətni açıqlanıb. Sənəd 2029-cu ilə qədər ümumi orta təhsildə islahatların aparılması sahəsində dövlət siyasətinin reallaşdırılması məqsədini, mərhələ və yollarını müəyyən edir. Konsepsiyanın hədəfi ümumi orta təhsil sistemində köklu və sistemli islahatların həyata keçirilməsidir. Sənədin müəllifləri qeyd edirlər ki, konsepsiyanın reallaşdırılması dünyanın aparıcı ölkələrinin təcrübəsi nəzərə alınmaqla orta təhsildə islahatların aparılmasına şərait yaradacaq. Konsepsiyada səriştəlilik və şəxsiyyətyönümlülüyə əsaslanan umumi orta təhsilin məzmununun yeni standartlarının işlənib hazırlanması, həmçinin 12 illik təhsilə keçid əksini tapmışdır. Orta məktəb təhsilinin idarə sisteminin yenidən qurulması nəzərdə tutulub, xüsusi halda, məktəblər səxsi təhsil proqramlarını işləyib hazırlamaq və reallaşdırmaq hüququ əldə etməlidir. Konsepsiya həmçinin pedaqoqun şəxsi və peşəkar inkişafının motivasiyasını, ona akademik azadlıq verilməsini, vahid tarif şəbəkəsində dərəcələrin artırılması yolu ilə maddi stimullaşdırmanı nəzərdə tutur.

Tələbələr ali məktəblərin reytinqini müəyyən etdi

Rusiyada ali məktəblərin reytinqi müəyyənləsdirilib. “Uçitelskaya qazeta”nın məlumatına əsasən, “Sosial naviqator” layihəsi və “Tipik abituriyent” portalı tərəfindən aparılmış tədqiqat tələbələrin universitetlərin fəaliyyətinə dair anonim rəylərinə əsaslanır. Tələbələr ali məktəbləri başlıca amillərə görə qiymətləndiriblər: müəllim tərkibi, mühazirə materiallarının keyfiyyəti və onun təqdimolunma tərzi, universitetin texniki təchizatı və bir çox başqa faktorlar. Tələbələr tərəfindən yazılmış 438 səhifəlik mətn materialı təhlil olunub. Rəy sorğusu ölkənin 85 iri ali məktəbini əhatə edir. Tədqiqatlardan görünür ki, tələbələri daha çox müəllimlərin yaşı və peşəkarlığı, onların tədris prosesində nə dərəcədə maraqlı olmaları, yataqxanaların mövcudluğu və təmiri səviyyəsi, ali məktəbin qlobal reytinqlərdə mövqeyi və adlı-sanlı məzunları maraqlandırır. Bu il adıçəkilən meyarlara boş vaxtın mövcudluğu da əlavə olunub. Tələbələr təhsilin çətinlik səviyyəsinə dair də fikirlərini bildiriblər. Tədqiqatın nəticələrinə əsasən, müsbət cavabların sayı üzrə top-5-likdə O.E Kutafin adına Moskva Dövlət Hüquq Universiteti, Moskva Fiziki Tədqiqatlar İnstitutu, Sankt-Peterburq Dövlət Universiteti, RF XIN yanında Moskva Beynəlxalq Münasibətlər İnstitutu, RF prezidenti yanında Rusiya Xalq Təsərrüfatı Akademiyası yerləşib. Tələbələrin mənfi rəyini ən çox Kazan (Volqayanı) Dövlət Universiteti, Moskva Aviasiya Akademiyası, B.Yeltsin adına Ural Federal Universiteti, Sankt-Peterburq Dövlət İqtisad Universiteti alıb.

İtaliya alimləri gənclərin savadsızlığından şikayət edir

İtalyan alimləri və müəllimlər gənc nəslin savadsızlığından narahatdır. Onlar yerli hökumətə bu sahədə ciddi tədbirlərin görülməsi barədə müraciət ediblər. Müraciəti 600 elm adamı və müəllim imzalayıb. Müraciətdə uşaqlar və tələbələrin savadlılıq səviyyəsinin artırılması üzrə tədbirlərin görülməsi xahiş olunur. İtaliyanın dövlət başçısına ünvanlanmış açıq məktubda qeyd olunur ki, məktəb təhsilinin sonunda uşaqların əksəriyyətində oxu və yazı bacarıqlarında problemlər müşahidə olunur. Onlar ana dilində çox az oxuyur və fikirlərini ifadə etməkdə çətinlik çəkir, ali məktəblərə qəbul zamanı isə çoxsaylı səhvlər buraxırlar. Adətən bu cür səhvlər isə aşağı siniflərin şagirdlərinə xasdır. Alimlər problemin həlli üçün bir sıra təşəbbüslər irəli sürüblər. Onlar bütün məktəb proqramının təkrar gözdən keçirilməsini, təhsilalanlar üçün daimi attestasiyaların təşkil olunmasını təklif ediblər. Bu tədbirlərə təhsilalanlar üçün müxtəlif imlalar, qiraət, qrammatik analizlər daxildir. Həmçinin ekspertlər müəllimlərin ibtidai, yuxarı siniflərdə, eləcə də buraxılış imtahanlarında iştirak etməsini təklif ediblər. Bildirilir ki, İtaliyada praktik olaraq heç bir evdə ailələr kitab saxlamır.

2017-ci ilin ən yaxşı tələbə şəhərləri

Böyük Britaniyanın “QS World University Rankings” jurnalı 2017-ci ilin ən yaxşı tələbə şəhərlərinin reytinqini (QS Best Student Cities 2017) açıqlayıb. Dünyanın 100 ən yaxşı tələbə şəhərlərinin siyahısına Kanadanın Monreal, Fransanın Paris, Böyük Britaniyanın London şəhərləri başçılıq edir. Reytinq tərtib olunarkən ekspertlər 125 şəhəri təhlil ediblər, qiymətləndirmə isə 6 meyar üzrə aparılıb: şəhərin məşhurluğu, maliyyə baxımından münasibliyi, yerli universitetlərin reytinqi, tələbə tərkibinin beynəlmiləlliyi, işəgötürənlərin fəallığı, həmçinin tələbələrin şəhər haqqında fikirləri. Sonuncu göstərici 18 mindən artıq tələbənin sorğusunun nəticələrinə əsaslanır. 2012-ci ildən sonra ilk dəfə olaraq Monreal birincilikdə Parisi qabaqlayıb. Eyni zamanda London iki pillə qalxaraq üçüncü yerdə qərarlaşıb. ABŞ şəhərləri arasında daha çox Boston fərqlənib. O, 8-ci yerdədir. Reytinqdə Moskva şəhəri 4 pillə irəliləyərək 39-cu yeri tutub. M.V.Lomonosov adına MDU-nun rektoru, akademik V.Sadovniçinin sözlərinə görə, Moskva şəhərinin reytinqdə mövqeyinin yaxşılaşmasında MDU həlledici rol oynayıb.

Oruc MUSTAFAYEV, “Azərbaycan müəllimi”
xarici mətbuat materialları əsasında
yuxarı ⤴