1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
ARAŞDIRMA
Ali məktəblərdə dərsliklərlə bağlı vəziyyət necədir?
27.02.2016/№8


Araşdırmalarımız onlarla fənn üzrə dərsliklərin olmadığını üzə çıxardı

Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”
n.rahimov@muallim.edu.az

Son illər ölkəmizin ali təhsil müəssisələrinin inkişafında əhəmiyyətli addımlar atılsa da, lakin sovet dövründən miras qalmış bəzi problemlər hələ də öz həllini tapmayıb. Bu gün ali məktəblərin qarşılaşdığı ən böyük problemlərdən biri, bəlkə də birincisi, dərsliklərlə bağlıdır. Yəqin ki, o dövrdə ali təhsil alanlar da yaxşı xatırlayırlar ki, əksər lektor müəllimlər uzun illərin saralmış kağızlarından mühazirələr oxuyub, sonda da tələbələrə əsasən rus dilində olan 5-6 ədəbiyyat adı qeyd etdirir, imtahanlara bu yolla hazırlaşmağı, yeni biliklər əldə etməyi tövsiyə edirdilər. Belə olan təqdirdə tələbələr çətinliklərlə üzləşirdilər. Onlar həmin ədəbiyyatları ya kitabxanalardan tapmır, ya da dil problemləri ilə üzləşdikləri üçün oxuya bilmirdilər. Ancaq təəssüf ki, ölkəmiz müstəqillik qazandıqdan sonrakı illər ərzində də bu məsələ öz həllini tapmadı. Dövlət yalnız orta ümumi təhsil müəssisələrinin dərsliklərlə təminatını öz üzərinə götürdü və uzun illərin gərgin zəhmətindən, hər il külli miqdarda maliyyə vəsaiti sərf olunmasından sonra ölkə əhəmiyyətli bu mühüm strateji problemin həllinə nail ola bildi. Ali məktəblərdə isə bu məsələ bütün dünyada olduğu kimi müəssisələrin öz üzərinə qoyuldu. Öz daxili imkanlarından düzgün istifadə edən, bu məsələnin mahiyyətini dərk edə bilən universitetlərdə dərslik probleminin həlli istiqamətində müəyyən addımlar atıldı. Düzdür, ötən əsrdən fərqli olaraq hazırda müəllimlər mühazirələri elektron formada tələbələrə verir və müəyyən qədər dərsliklər də yazılıb. Lakin araşdırmalarımız göstərdi ki, məsələ ilə bağlı vəziyyət hələ də ürəkaçan deyil. Ali məktəblərdə mövcud olan dərsliklərin əksəriyyəti dəyişən dünyamızın, günümüzün tələblərinə cavab vermir. Latın qrafikası ilə çap olunmuş dərsliklərin əksəriyyəti isə tərcümədir. Həmin tərcümələrdə qrammatik səhvlərlə yanaşı, ciddi məna qüsurlarına da tez-tez rast gəlinir. Bəzi fənlər üzrə isə ümumiyyətlə dərslik yoxdur. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da bu məsələyə toxunulub. Ali təhsil üzrə dərsliklərin elmi və metodiki baxımdan təkmilləşdirilməsinə ehtiyac olduğu əsas problemlərdən biri kimi qeyd olunub.

Bəs, görəsən bu problemin həlli üçün ali təhsil müəssisələrində bu gün hansı işlər görülür, yaxın gələcəkdə nələr nəzərdə tutulur? Müasir dövrün tələblərinə uyğun dərsliklər yazılırmı? Məsələnin aktuallığını nəzərə alaraq bir sıra universitetlərdə olduq, mütəxəssislərlə söhbətləşdik.


Elə fənlər var ki, bununla bağlı, ümumiyyətlə, Azərbaycan dilində dərslik yoxdur

Buludxan Xəlilov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor

Düşünürəm ki, çox vacib və aktual bir məsələyə toxunmusunuz. Hazırda ali təhsil müəssisələrində bir sıra problemlər var ki, bunlardan bəlkə də ən vacibi dərslik məsələsidir. Tədris prosesinin komponentləri təhsildə arzuolunan nəticəni əldə etmək üçün mühüm rol oynayır. Bu komponentlər müəllim, tələbə, tədris planı, tədris proqramı və ona uyğun yazılan dərsliklərdir. Bu komponentlərin hər hansı birinin olmaması tədris prosesinə mane olur və arzuolunan nəticəni əldə etmək mümkün olmur. Hazırda müəllim, tələbə, tədris planı, tədris proqramı var. Lakin baxaq görək tədris planına, tədris proqramına uyğun dərsliklər varmı? Məsələn, bizim fakültəmizdə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə 14 fənn tədris olunur. Onlardan 7-də dərslik var. Həmin ixtisas üzrə ədəbiyyatdan 12 fənn keçirilir. Bu fənlər üzrə isə cəmi 4 dərslik var. Dilin tədrisi və ədəbiyyatın tədrisi metodikası fənləri üzrə də dərslik mövcuddur. Son dövrlərdə, yəni müstəqillik qazanıldıqdan sonra ümumilikdə 13 dərslik, xeyli sayda isə dərs vəsaiti yazılıb. Bu siyahıya “Ədəbiyyat dərslərində yeni texnologiyalar; fəal interaktiv təlim” və “Nitq mədəniyyətinin əsasları” dərsliklərini də əlavə etmək olar.

Düşünürəm ki, humanitar fənlərdən, əsasən də dilçiliklə bağlı olan fənlərdən az da olsa, dərsliklər var. Lakin elə fənlər var ki, ümumiyyətlə, Azərbaycan dilində dərslik yoxdur. Həmin fənlərlə bağlı dərsliklər əsasən rus və ingilis dillərindədir. Bu daha çox Sovetlər Birliyi dövründən qalan dərsliklərdir. Etiraf edək ki, əvvəlki illərlə müqayisədə indi rus dilini bilən tələbələr bir o qədər də çox deyil. Buna görə də hazırkı tələbələrin həmin dərsliklərdən istifadə imkanları çox məhduddur. Bu baxımdan bir qrup fənlər var ki, həmin fənlərin tədrisində müəllimin mühazirəsi aparıcı rol oynayır. Amma gəlin baxaq görək yüksək səviyyədə mütəxəssis hazırlığı üçün təkcə bu mühazirələr yetərlidirmi? Əlbəttə ki, yox. Yaşadığımız XXI əsrdə təkcə müəllimin mühazirəsi ilə bilik əldə etmək mümkün deyil. Çünki müəllimin mühazirəsi bütün materialı əhatə edə bilmir. Bəlkə də bu, ötən əsrin ortalarında yetərli idi. Ancaq nəzərə alaq ki, artıq elm çox sürətlə inkişaf edir. Buna görə də müəllim məcbur olub mühazirədən əlavə vəsaitlərdən istifadə etməyi tapşırmaq məcburiyyətində qalır. Həmin vəsaitləri öz dilimizdə tapmayan tələbə, təbii ki, çətinliklərlə üzləşməli olur.

Məsələnin digər tərəfi də var. Tutaq ki, tələbə dili bilir. Bəs həmin dildə olan terminologiyanı bilirmi? Əfsuslar olsun ki, tələbələr öz dilimizdə olan terminologiyanı mənimsəməkdə xeyli çətinlik çəkirlər. Sadaladıqlarımı nəzərə aldıqda görürük ki, nəticədə tələbələr dərsdən soyuyur və mütəxəssis kimi yarımçıq olurlar. Buna görə də düşünürəm ki, ali təhsil müəssisələri dərslik məsələsinə diqqətlə yanaşmalıdır.

Yeni dərsliklər yazılmalı və yaxud indi də istifadəsi labüd olan əcnəbi dillərdəki dərsliklər proqrama uyğunlaşdırılaraq tərcümə olunmalıdır. Bilirsiniz ki, bu məsələdə universitetlərə müstəqillik verilib. Fikrimcə, hər bir universitetdə çalışan professor-müəllim heyəti tədris etdikləri fənlərlə bağlı dərsliklər yazmağa maraqlı olmalıdır. Bu məsələdə universitetdə dərslik müəlliflərinə dəstək verilməlidir. Bu dərsliklər yazılarkən asan dildə, tələbənin tez qavrayacağı üslubda yazılmalı, fakültənin metodiki şurasında ciddi şəkildə müzakirə olunmalı, digər müəllimlərin fikirləri mütləq nəzərə alınmalıdır.


Müəllimlər 30 il bundan qabaq yazılan dərsliklərdən əl çəkmirlər

Cahangir Məmmədli,
Bakı Dövlət Universitetinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor

Ölkəmizin ali məktəblərində dərsliklərlə bağlı çox böyük problem var. Bunlardan ən birincisi yaşlı nəslin nümayəndələrinin yeni dərslikləri qəbul etməmələridir. Onlar 30 il bundan qabaq yazılan dərsliklərdən əl çəkmirlər. Hətta bizim fakültədə də belə bir problem var. Müəllimlər arasında bu məsələ ilə bağlı ciddi fikir ayrılıqları, mübahisələr yaranır. Bir qrup müəllimlər bildirirlər ki, biz 70-ci illərin yüksək səviyyədə yazılan dərsliklərini niyə tələbəyə verməyək. Şəxsən mən isə deyirəm ki, o dərsliklər günün tələblərinə uyğun yazılan dərsliklər deyil. Ən azından bu, kiril əlifbası ilə sovet ideologiyası əsasında yazılmış dərsliklər müasir tələblərə cavab vermir. Xüsusilə humanitar biliklər verən dərsliklər tamamilə köhnəliblər. Düşünürəm ki, hər dərslik dövrə, zamana uyğun olaraq işlənməlidir. Bu baxımdan fakültənin metodik şurası da qərara gəlib ki, köhnə dərslikləri tələbəyə vermək və dərsliklər siyahısına salmaq olmaz. Lakin həmin dərsliklərdə ümumi müddəalar var ki, onlar köhnəlməyib, həmişə öz müasirliyini qoruyur. O hissələrdən istifadə edib yeni dərslik formalaşdırmaq olar. Bundan başqa, sovet dövründən qalma rus dilində çoxlu ədəbiyyatlar var. Onlardan müəyyən hissələri götürüb tərcümə edərək fundamental, vahid dərsliklər yaratmaq mümkündür.

Hazırda bizim fakültədə ixtisas üzrə jurnalistikanın nəzəriyyəsi və təcrübəsi, beynəlxalq jurnalistika, xarici ölkələrin jurnalistika tarixi dərslikləri var. Azərbaycan mətbuatı tarixi dərsliyi isə yoxdur. Lakin tələbələr Akif Aşırlının mətbuat tarixi ilə bağlı dərs vəsaitindən istifadə edir.

Son 20 ildə fakültəmizdə cəmi 5 dərslik yazılıb. Bu, çox aşağı göstəricidir. Mənim də son illərdə “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” adlı dərsliyim işıq üzü görüb. Düzdür, bu dərslik xüsusi kurslar üçün və proqram əsasında yazılmayıb. Ümumi jurnalistikanı əhatə edir. Nəzərə çatdırım ki, dərsliyim bir sıra müəllim tərəfindən tənqidlərə də rast gəldi. Bunu normal qəbul edirəm. Amma düşünürəm ki, tənqid edənlər təkcə tənqid etməklə yox, həmin dərsliyə alternativ daha yaxşı dərslik hazırlasa, bu, ümumi işin xeyrinə olar. Təəssüf ki, bu çox azdır. Bunun əsas səbəblərindən biri isə müəllimlərin dərslik yazmağa maddi maraqlarının olmaması ilə bağlıdır. Çünki bu işə görə onlara qonorar vermirlər. Sovet dövründə dərslik yazan müəllimə verilən qonorarla müəllif avtomobil ala bilirdi. İndi isə müəllifə sadəcə 50 kitab verirlər və o kitabı satar və yaxud pay verərsə, artıq bu, müəllimin öz işidir. Amma buna baxmayaraq çox nadir hallarda fanatik müəllimlər də var ki, onlar bu işə maraq göstərirlər. Düşündükləri mükəmməl dərsliyi ərsəyə gətirməyə çalışır, dərslik müəllifi olmağın qürurunu yaşamaq istəyirlər.


Dünyanın inkişaf etmiş ölkələrində tələbələr hər il yeni dərsliklərlə tədris ilinə başlayırlar

Anar Rzayev,
Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru

Müasir dövrdə ölkəmizin ali məktəblərində dərslik problemi ən aktual məsələlərdəndir. Düşünürəm ki, hazırda bu məsələ ilə bağlı ən böyük problemlərdən biri dərsliklərin sürətlə köhnəlməsidir. Bir dərsliyin ərsəyə gəlməsi üçün ən azı 2 il müddət lazımdır. Amma görək bu iki ilə ərsəyə gələn dərslik günü-gündən qloballaşan dünyamızda müasir tələblərə cavab verəcəkmi? Çox güman ki, bu müddət ərzində iqtisad elmində yeni yanaşmalar, yeni tələblər meydana gələcək. Çünki iqtisad elmi sürətlə inkişaf edən və praktik həyatla sıx bağlı olan bir elmdir. Buna aid sizə bir misal çəkim. Dünyada ən tanınmış iqtisadçı alimlərdən biri də Menkyudur. Onun iqtisadi nəzəriyyə ilə bağlı dərslikləri dünyanın hər bir yerində geniş oxucu kütləsi tərəfindən qəbul olunur və universitetlərdə istifadə edilir. Lakin 2011-ci ildə Harvard Universitetinin tələbələri Menkyunun mühazirələrinə etiraz olaraq onun dərslərində iştirak etməkdən imtina ediblər. Səbəb alimin dərsliyinin və mühazirələrinin 2008-ci ildə dünyada baş vermiş maliyyə böhranının fəsadlarının özündə əks etdirməməsi ilə bağlı idi.

Dünyanın inkişaf etmiş ölkələrində tələbələr hər il yeni dərsliklərlə tədris ilinə başlayırlar. Həmin dərsliklərə yeniliklər əlavə olunur və ya köklü dəyişikliklər edilir. Çünki müasir dövr, müasir elm bunu tələb edir. Bizdə isə məsələ fərqlidir. 10 il bundan qabaq yazılmış dərsliklər hələ də istifadə olunur. Bundan başqa, bu gün biz əgər günün tələblərinə cavab verən dərsliklər ərsəyə gətirə bilmiriksə, tərcüməyə üstünlük verməyimiz daha doğru olar. Bu baxımdan məsələyə kompleks yanaşaraq problemin aradan qaldırılması yollarını geniş müzakirə etməliyik.

Nəzərə çatdırım ki, İqtisad Universitetində dərsliklərlə bağlı ciddi işlər aparılır. Hazırda universitetdə dərsliklərin keyfiyyətinə nəzarət mexanizmi işlənib hazırlanır. Düşünürük ki, ilkin mərhələdə hər fəndən heç olmasa bir fundamental dərslik yazılmalı və ya tərcümə olunmalıdır. Hazırda universitetimizdə ən vacib sayılan dərsliklərin yazılması planlaşdırılır. Əslində tədris olunan fənnin hər birindən yeni dərslik yazılması lazımdır. Çünki yuxarıda qeyd etdiyim kimi, dərsliklər sürətlə köhnəlir. Lakin elə fənlər var ki, bu fənlərlə bağlı yeni dərsliklərin yazılması çox zəruridir. Buna misal olaraq Azərbaycan iqtisadiyyatı, Dünya iqtisadiyyatı, Beynəlxalq iqtisadiyyat, Beynəlxalq kommersiya işi, Transmilli korporasiyalar, Beynəlxalq investisiyalar, Beynəlxalq nəqliyyat əməliyyatları, Dünya ölkələrinin iqtisadi inkişaf modelləri və digər dərslikləri göstərmək olar. Nəzərə çatdırım ki, bu sahədə universitetimizdə ənənə var. Hazırda universitetimizdə ciddi addımlar atılır. Təkcə bir ildə universitetin mətbəəsi 60 dərslik və dərs vəsaiti çap edib. Bunların 60%-i dərs vəsaiti, 40%-i isə dərslikdir. Xüsusilə qeyd etmək istəyirəm ki, universitetdə diferensial əməkhaqqı sistemi tətbiq edilir. Burada müəllimlər müxtəlif meyarlar üzrə topladıqları bala görə qiymətləndirilirlər. Dərslik müəllifi olan müəllimlərə yüksək bal verilir. Bu addım müəllimlərin yeni dərsliklər yazması üçün bir stimuldur. Əminəm ki, universitetdə bu istiqamətdə həyata keçirilən islahatlar yaxın gələcəkdə öz müsbət nəticəsini verəcəkdir.


20 fəndən yalnız 4-də Azərbaycan dilində yazılmış yeni dərslik mövcuddur

Mübariz Məmmədli,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino-televiziya fakültəsinin dekanı, dosent

Xüsusi istedad tələb edən ixtisaslarda dərsliklərlə bağlı vəziyyət ürəkaçan deyil. Yeni dərsliklər demək olar ki, yoxdur. Hansı fənnə müraciət etsək, həmin fənlə bağlı dərsliklərdə ciddi problemlərlə rastlaşırıq. Məsələn, götürək bizim fakültədə operator ixtisasını. Hazırda bu ixtisas üzrə 20 fənn tədris olunur. Bu 20 fəndən yalnız 4-də Azərbaycan dilində yazılmış yeni dərslik mövcuddur. Qalanlarını tələbələr ingilis və rus dilində olan dərsliklərdən çətinliklə əldə edirlər. Fakültəmizdə 5 ixtisas mövcuddur ki, bu ixtisaslarda 50-dən çox fənn tədris olunur. Lakin son 20 ildə cəmi 10 dərslik yazılıb.

Düşünürəm ki, bu istiqamətdə ciddi addımlar atmaq, keyfiyyətli dərsliklər ərsəyə gətirmək labüddür. Bəs bunun üçün nə etmək lazımdır? Əvvəla, dərsliklərin kimin tərəfindən yazılması müəyyənləşməlidir. Bu məsələyə işin birbaşa içərisində olan mütəxəssislər və ixtisası tədris edən elmi təcrübəsi, dərəcəsi olan müəllimlər cəlb edilməlidir. Fikrimcə, dərsliklərin yazılmasında həm mütəxəssis, həm də pedaqoqların iştirakı vacibdir. Bizim sahəmiz spesifik sahə olduğu üçün burada həm nəzəriyyə, həm də təcrübədən geniş şəkildə istifadə olunmalı, bundan başqa digər müəllimlərin fikirləri də nəzərə alınmalıdır.


Elmin yenilikləri dərsliklərə gətirilməlidir

Bağır Bağırov,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin neft-qaz geologiyası kafedrasının müdiri, professor, əməkdar elm xadimi

Tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biri dərsliklər və dərs vəsaitləridir. Biz kafedra olaraq bu məsələyə çox ciddi yanaşırıq. İstər bakalavr pilləsi, istərsə də magistr pilləsi üçün silabusları, dərs proqramlarını tərtib etmişik və Təhsil Nazirliyi tərəfindən bu proqramlar təsdiq edilib. Proqramlar əsasında isə dərsliklər tərtib etmişik. Bu dərslikləri elektron şəkildə də kitabxanalara vermişik ki, bundan tələbələr istifadə edə bilsinlər.

Son illərdə bizim sahə üzrə 40-a yaxın dərslik və dərs vəsaiti yazılıb. Mən tələbələrin fundamental dərslikdən istifadə etməsi məqsədilə 2011-ci ildə neft-qaz mədən geologiyası adlı dərslik yazmışam. Fikrimcə, müəllimlərimiz yeni dərsliklər yazmağa daha çox cəhd göstərməlidir. Elmin yenilikləri dərsliklərə gətirilməlidir. Amma nəzərə alaq ki, dərslik də asan şəkildə əmələ gəlmir. Professor-müəllim heyəti dərslik yazarkən bir sıra maneələrlə rastlaşır. Məsələn, müəllif dərslikdə antiplagiatlığa yol verməsin deyə bir neçə nəfər notariusda qol çəkməli və bunun plagiat olmaması üçün zəmanət verməlidir. Bura müəlliflər, müəllimlər və rəy verənlər daxildir. Bundan başqa, dərs saatlarının azalıb-çoxalması prosesi var ki, bu da dərsliklərdə dəyişikliyin olması məcburiyyətini yaradır.
 

yuxarı ⤴