1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
04.03.2017 / No8

 
 

 

 


Bakı Mühəndislik Universitetində

Bakı Mühəndislik Universitetində “Xocalı harayı” adlı tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru səlahiyyətlərini icra edən professor Havar Məmmədov Xocalı soyqırımının tarixi kökləri barədə ətraflı məlumat verib. O qeyd edib ki, bu gün Xocalı faciəsinin dünyaya tanıtdırılmasının təməlini ulu öndər Heydər Əliyev qoyub. Xocalıda baş verən qanlı hadisələrə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb. Soyqırımı cinayəti ilə bağlı həqiqətlərin dünya miqyasında təbliğində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərindən danışıb.
Tədbirdə çıxış edən AMEA-nın şöbə müdiri İlqar Niftaliyev bildirib ki, Azərbaycan xalqı zaman-zaman erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla nəticələnib. Beləliklə, erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi. Bu siyasət indi də davam etdirilir. Burada əsas məqsədin tarixi ədalətin bərpasına nail olmaq, soyqırım cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə vermək olduğunu bildirib. Sözügedən siyasətin gerçəkləşməsində “Xocalıya ədalət!” kampaniyası müstəsna rol oynayıb.
Çıxış edən natiqlər vurğulayıblar ki, rus ordusuna məxsus 366-cı motoatıcı alayın iştirakı ilə erməni qəsbkarları tərəfindən reallaşdırılmış Xocalı soyqırımı XX əsrin ən böyük faciələrindən biridir. Qeyd olunub ki, həmin hadisə nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i yaşlı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Tədbirdə vurğulanıb ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri ermənilərin Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayəti qınamalı və Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Tədbirdə universitetin tələbələrinin ifasında Xocalı soyqırımını əks etdirən “ Xocalı harayı “ adlı bədii kompozisiya nümayiş olunub və “Sarı gəlin” mahnısı səsləndirilib.


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Akademiyanın professor-müəllim və tələbə heyətinin iştirakı ilə gerçəkləşən tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Tədris işləri üzrə prorektor Sirac Məmmədov bu amansız soyqırım aktının insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olduğunu qeyd edib və onu təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilən amansız bir cinayət adlandırıb.
Prorektor bildirib ki, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət davam etdirilir.
S.Məmmədov ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin soyqırıma hüquqi qiymət verilməsi yolunda ardıcıl işlər apardıqlarını bildirib və erməni faşizminin beynəlxalq müstəvidə ifşa edilməsinin çox vacib olduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən Xocalı sakini, faciə zamanı döyüşlərdə iştirak etmiş Qiyas Əhmədov o vaxt cərəyan edən hadisələrdən və baş verən proseslərdən söz açıb.
Daha sonra soyqırım haqqında sənədli film nümayiş etdirilib.
Tədbir akademiya tələbələrinin hazırladığı Xocalı hadisələrini əks etdirən flashmob ilə sona çatıb.

Xaqani MƏMMƏDOV,
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi


Heydər Əliyev adına liseydə

Bakıdakı Heydər Əliyev adına liseydə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Unutqanlıq qorxunc bəladır” adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva, Təhsil Nazirliyinin şöbə müdiri Almaz Əsgərova, məktəb direktorları, KİV nümayəndələri və digər qonaqlar iştirak edib. Öncə iştirakçılar Xocalı faciəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru Sevinc Orucova qanlı fevral gecəsindən ürəkağrısı ilə danışıb. Bildirib ki, Xocalı şəhərində həyata keçirilmiş bu soyqırım nəticəsində 613 nəfər qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə hələ də bəlli deyil. S.Orucova qeyd edib ki, “Unutqanlıq qorxunc bəladır. Biz bu faciəni nəinki unutmamalıyıq, yetişdirdiyimiz savadlı, hərtərəfli gənclərimizlə bu misli görünməmiş faciəni dünya ictimaiyyətinə çatdırmalıyıq”.
Tədbirdə çıxış edənlər Xocalı faciəsinin dəhşətlərindən söz açıb.
Liseyin yuxarı sinif şagirdlərinin Xocalı haqqında hazırladıqları səhnəciklər, söylədikləri şeirlər iştirakçılara kövrək anlar yaşadıb.

Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”


Bakı Qida Sənayesi Kollecində

Bakı Qida Sənayesi Kollecində Xocalı faciəsinin 25 illiyinə həsr olunan anım mərasimi keçirilib.
Tədbiri Bakı Qida Sənayesi Kollecinin direktoru Vilayət İsmayılov açaraq erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğından danışıb. Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan ediblər.
Xocalı soyqırımının bəşər tarixində ən qanlı faciələrdən biri olduğunu söyləyən direktor onun acı nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul edib. Qəbul olunmuş qərara əsasən, Azərbaycan və bəşər tarixinin qanlı səhifələrindən biri olan bu hadisələr hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Kollecin direktoru Xocalı faciəsi haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ölkə başçısı İlham Əliyev, Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü işlərin aparıldığını söyləyib.
Anım mərasimində kollecin tədris hissə müdiri Adil Tapdıqov, müəllim Firidun Orucov,Tələbə Gənclər Təşkilatının sədri Röya Əsgərova çıxış edərək Xocalıda baş verənlərin Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin davamı olduğunu qeyd ediblər.
Sonda tələbələr Xocalıya həsr olunan şeirlər söyləyib, səhnəciklər nümayiş etdiriblər.

Akif KƏRİMLİ


Lənkəran Dövlət Universitetində

Lənkəran Dövlət Universitetində bəşər tarixinə XX əsrin ən dəhşətli hadisələrindən biri kimi daxil olmuş Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Fevralın 24-də təşkil olunan anım tədbirində Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri açan universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bu faciəyə siyasi-hüquqi qiymətin ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini bildirdi və qeyd etdi ki, Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünyanın, bəşərin faciəsidir. Tarix və onun tədrisi metodikası kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Rakif İbadov “Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilən erməni vandalizmidir” mövzusunda məruzə etdi.
Universitetin tədqiqat işləri və innovasiyalar üzrə prorektoru vəzifəsini icra edən professor Yədulla Ağazadə, tarix üzrə fəlsəfə doktoru, dosent Kamal Mahmudov, universitetin doktorantı Ülkər Hüseynova, tərcümə (ingilis dili) ixtisası üzrə IV kurs tələbəsi Arzu Nəsibova, maliyyə ixtisası üzrə II kurs tələbəsi Elnur Səmədzadə çıxış edərək Xocalı soyqırımının dəhşətlərindən, Azərbaycan əhalisinə qarşı törədilmiş vəhşiliklərdən danışıblar. Qeyd edildi ki, universitetin kollektivi “Azərbaycan həqiqətlərini dünyaya çatdıraq!” hərəkatına qoşulmuşdur. Gənclər universitetin veb saytında Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəallıq göstərmişlər.
Tədbirdə Xocalı soyqırımı haqqında videofilm nümayiş etdirildi. Qeyd edək ki, universitetdə tədris aparılan akademik qruplarda birinci dərs saatları Xocalı soyqırımına həsr edilmişdir. Universitetin Elmi kitabxanasında Xocalı faciəsini əks etdirən kitab sərgisi açılmışdır.

Mətbuat mərkəzi


Bilik Fondunun təşkilatçılığı ilə

Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiqlənmiş “Xocalı soyqırımının 25-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı”na əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakıda və müxtəlif bölgələrdə silsilə tədbirlər keçirilib.
Tədbirlərə fondun əməkdaşlarının və Könüllülər Birliyi üzvlərinin soyqırım qurbanlarının xatirəsini yad etməsi ilə başlanılıb. Tədbirdə fondun icraçı direktoru Oktay Səmədov xalqımızın yaxın tarixində baş verən qanlı hadisələrin yalnız müəyyən günlərdə deyil, hər zaman xatırlanmasının və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini vurğulayıb. Toplantıda Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırım aktı kimi tanınması istiqamətində Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin uğurları, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının əhəmiyyəti barədə də geniş məlumat verilib.
Belə tədbirlərdən biri də fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Okinava Karate Federasiyasının birgə təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Xocalı faciəsi - qan yaddaşımızdır” mövzusunda keçirilib.
Xocalı soyqırımına həsr olunmuş videoçarxın nümayişilə başlayan tədbirdə çıxış edən Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Ermənistanın azərbaycanlılara qarşı tarix boyu soyqırım törətdiyini xatırladaraq, Xocalı qətliamının insanlıq tarixində qanlı səhifə olduğunu söyləyib.
Bundan başqa, Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində də Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, Xocalı soyqırımı tariximizin ən qanlı səhifələrindən biridir. Nailə xanım dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.
Faciənin ildönümü ərəfəsində Bilik Fondunun yerli nümayəndələrinin təşkilatçılığı ilə Qax, Oğuz, Şəmkir, İsmayıllı, Nardaran Bilik evlərində, həmçinin digər rayonlarda yerli icra hakimiyyəti nümayəndələrinin, ziyalıların, fəal gənclərin və məktəblilərin iştirakı ilə anım mərasimləri keçirilib.

İnformasiya təminatı sektoru


20 nömrəli məktəb-liseydə

Bakı şəhəri A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə “2 I” sinfinin rəhbəri Samirə Hacıyevanın “Xocalı - 25 il sənsiz!” mövzusunda “açıq dərs”i keçirildi.
Xocalı soyqırımına həsr olunmuş “açıq dərs” Xocalı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlandı.
Tədbirdə şagirdlər öz ifalarında faciənin ağırlığını şeir və səhnəciklər vasitəsi ilə yüksək səviyyədə kövrələrək ifa etdilər. Kənan Qasımzadə, Məryəm Eyvazlı, Ceyhun Ağazadə, Nicat Haşımzadə, Mirağa Muradzadə, Şəhla Balakişiyeva, Nilufər Hacıbəyli, Aytac Qafarzadə, Aliyə Əliyeva, Əkbər Hüseynli dərs zamanı xüsusilə fərqləndilər.
Şagirdlərdən Mehdi Umudov, Ayan Həmidova, Olya Baxışova, Əkbər Əlizadə, Haday Əhmədov, Suel Məmmədzadə, Mamed Mamedov, Sofiya Rıtko, Malik Sadıxzadə, Məhəmməd Məmmədov, Ramal Kərimli Xocalı soyqırımı qurbanlarının kiçik səhnəciklə yaşanan ağrı- acılarının az da olsa təəssüratını yaratdılar.
“2 I” sinfinin rəhbəri Samirə Hacıyevanın sözlərinə görə, “açıq dərs”in Xocalı mövzusunda keçirilməsində məqsəd faciə qurbanlarının xatirəsini yad etmək, şagirdlərdə ulu öndərimizin davamçısı olan möhtərəm Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə olan inamı möhkəmləndirməkdir.

Şəlalə TAHİRLİ

yuxarı ⤴