1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Azərbaycan Memarlıq və İnşaat Universitetində “Qış məktəbi” təşkil olunub
04.03.2017 / No8

 

 

 


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ilk dəfə tələbələrin “Qış məktəbi” layihəsi həyata keçirilib. Bu il Rusiyanın Tambov və Voronej Dövlət Texniki universitetlərindən gələn 36 nəfər layihədə iştirak etmək hüququ qazanıb. Onlardan 3-ü müəllim, 33-ü tələbədir. 10 gün davam edən “Qış məktəbi”ndə rusiyalı tələbələrə memarlıq fakültəsinin müəllimləri mühazirələr oxuyub, ixtisas dərsləri keçirilib. Bundan başqa, tələbələrin Bakının qədim və müasir memarlıq abidələri ilə tanış olmaları üçün avtobusla turlar təşkil olunub, burada əyani dərslər keçirilib. Səfər çərçivəsində tələbələr İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı, müasir tikililər - Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” kompleksi, “Yarat” Müasir İncəsənət Mərkəzi, Dövlət Bayrağı Meydanında olublar, onlar bu tikililər barədə ətraflı məlumatlandırılıblar.
Rusiyalı tələbələr səfər çərçivəsində Şəhidlər xiyabanını da ziyarət ediblər, onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişədə minlərlə vətəndaşımızın şəhid, 1 milyondan artıq qaçqın və məcburi köçkün olması barədə məlumat verilib. Layihədə iştirak edən tələbələrin asudə vaxtının səmərəli təşkil olunması üçün onların Bakının digər tarixi yerlərinə -Yanardağ, Qobustan, Atəşgah və Qala qoruğuna gəzintiləri təşkil olunub, həmçinin bölgələrə səfərləri də gerçəkləşib. Onlar Qəbələ-Mingəçevir-Şəki turuyla “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksini, Şəki Xan sarayını, Karvansarayı gəziblər. Mingəçevir şəhəri ilə tanış olan qonaqlar Mingəçevir Su Elektrik Stansiyasına da baş çəkiblər.
Tambov Dövlət Texniki Universitetinin memarlıq fakültəsinin 5-ci kurs tələbəsi Viktor Voronov Azərbaycanda ilk dəfə olduğunu, səfərinin uğurlu keçdiyini vurğulayıb. “Qış məktəbi”ndə keçirilən dərslərin səviyyəsindən çox razı qaldığını deyən qonaq mühazirələrlə yanaşı, praktik dərslərə üstünlük verilməsini bəyənib. V.Voronov: “Auditoriyada bizə nəzəri biliklər verilir, amma həmin binaları, tikililəri, konstruksiyaları əyani şəkildə görmək daha vacibdir. Bakıda dərslərlə yanaşı İçərişəhərə, Qız qalasına, “Alov qüllələri” kompleksinə, Heydər Əliyev Mərkəzinə ekskursiya zamanı biz daha çox şey öyrəndik, yeni biliklər, məlumatlar əldə etdik. Yaxşı haldır ki, Bakı nə qədər inkişaf etsə də, qədimliyini qoruyaraq saxlayıb. Bir tərəfdə müasir tikililər, digər tərəfdə qədim şəhər, Şərq üslubunda karvansaraylar, məscidlər, ötən əsrin əvvəllərinə məxsus Avropa memarlıq məktəbinin ən gözəl nümunələri. Bakı füsunkar şəhərdir, mən şəhərinizə vuruldum. Yəqin ki, Bakıya yenə gələcəyəm, bu dəfə turist kimi”, - deyərək öz təəssüratlarını bölüşüb.
Voronej Dövlət Texniki Universitetinin memarlıq fakültəsinin 5-ci kurs tələbəsi Lyudmila Vanşeva Bakı ilə yanaşı, Şəkinin memarlığını, landşaftını çox bəyəndiyini deyib. Rusiyalı qonaq burada Şəki xan sarayı, Karvansaray, Kiş kəndindəki Alban məbədinə etdikləri ekskursiyaların onda xoş təəssürat oyatdığını söyləyib. Bizimlə söhbətində Lyudmila bir neçə il bundan əvvəl Hollandiya universitetlərindən birində “Qış məktəbi”ndə iştirak etdiyini, lakin Bakıda, AzMİU-da təşkil olunan proqramdan razı qaldığını vurğulayıb. O, Hollandiyada tədrisə daha çox üstünlük verildiyini, burada isə nəzəri biliklərlə yanaşı, əyani dərslərin təşkilinin xoşuna gəldiyini bildirib. Onu da əlavə edib ki, dərslərin belə qurulması daha faydalı nəticə verər. Buradakı müəllimlərin mühazirədə söylədiklərini əyani şəkildə şəhərdə, məhz həmin binaların özündə onlara göstərməsi təcrübə baxımından çox əhəmiyyətlidir.
“Qış məktəbi” layihəsinin son günündə məktəbin məzunları - Tambov və Voronej Dövlət Texniki universitetlərinin tələbələri ilə görüş keçirilib. AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva tələbələrə AzMİU-nun tarixi, kafedraları, fakültələri, beynəlxalq əlaqələri, mübadilə proqramları, professor- müəllim və tələbə heyəti haqqında ətraflı məlumat verib. Prorektor rusiyalı tələbələrin “Qış məktəbi”ndən, orada tədris olunan dərslərdən, asudə vaxtlarının səmərəli keçməsi üçün təşkil olunmuş gəzintilərdən razı qaldıqlarına ümid etdiyini bildirib.
Tambov Dövlət Texniki Universitetinin müəllimi İrina Volkova və Voronej Dövlət Texniki Universitetinin müəllimi Tatyana Zadvoryanskaya onlara göstərilən diqqət və qayğıya görə AzMİU-nun rəhbərliyinə, təşkilatçılara təşəkkürünü bildirib və layihənin davamlı olmasını arzulayıblar.
Tədbirin sonunda tələbələrə sertifikatlar təqdim olunub.

yuxarı ⤴