1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
REGİONLARDA TƏHSİL - BƏRDƏ
Qəbul imtahanlarında 180 məzunu 600-dən çox bal toplayan rayon
04.03.2017 / No8

 
 
 
 

 

 


Niyazi RƏHİMOV, “Azərbaycan müəllimi”

Azərbaycanın dilbər guşələrindən biri olan Bərdə ölkəmizin təhsil tarixində özünəməxsusluğu ilə seçilir. Sasanilər dövründən başlayaraq təhsil tarixinin əsası qoyulan bu şəhərdə hər dövrə uyğun tədris ocaqları fəaliyyət göstərmişdir. Bu gün də Bərdədə təhsil ənənələri qorunub saxlanılır, ölkəmizdə aparılan təhsil islahatı rayonda uğurla həyata keçirilir. Rayonda hazırda Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, Bərdə Peşə Liseyi mövcuddur. Hazırda Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində 74 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 59-u tam orta, 10-u ümumi orta, 5-i isə ibtidai məktəbdir. Bundan başqa, Bərdədə İnklüziv təhsil komponentli günüuzadılmış tam orta məktəb də mövcuddur ki, bu tədris ocağı 2016-cı ilin yanvar ayından birbaşa Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Ümumtəhsil məktəblərində təhsil alan 21228 nəfər şagirdin təlim-tərbiyəsi ilə 2873 nəfər müəllim məşğul olur. Bunlardan 2533 nəfəri ali, 782 nəfəri isə orta ixtisas təhsillidir. 2837 nəfər müəllimin 2638-i qadındır.

Maddi-texniki baza

Son illər respublikamızın hər yerində olduğu kimi Bərdədə də təhsilin maddi-texniki bazası yenilənib. Belə ki, ən müasir standartlara cavab verən rayon təhsil şöbəsinin inzibati binası tikilib istifadəyə verilmişdir. Bundan başqa, son 5 il müddətində şəhər 7 nömrəli ümumi orta, Türkmən kənd tam orta, Şahvəlilər kənd tam orta, Qullar kənd ümumi orta, Qazaxlar kənd tam orta, Mirzalıbəyli kənd tam orta, 1 nömrəli Nazirlı kənd tam orta məktəbləri üçün yeni binalar tikilib istifadəyə verilmişdir. Rayon icra hakimiyyətinin vəsaiti hesabına şəhər 5 və 6 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri tam başa çatdırılmışdır. Təhsil Nazirliyinin vəsaiti hesabına rayonun 12 məktəbində-şəhər 1, 3 nömrəli, Kələntərli, Əmirli, Əliyanlı, Qaradəmirçi, Əyricə, Mirzəxan, Piyadalar, Böyük Qəcər kənd ümumi orta və Lək kənd ibtidai məktəblərində cari təmir işləri aparılmışdır.
Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət proqramlarına uyğun olaraq təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən rayonun 74 məktəbindən 59-u internet şəbəkəsinə qoşulub.
Dərslik özünün funksiyasına görə tədris resursları içərisində xüsusi yer tutur. 2016-2017-ci dərs ilində ölkənin ümumtəhsil məktəblərinin I,V və IX sinifləri üçün dərsliklər yenidən nəşr edilmişdir. Ümumilikdə bu il dövlət vəsaiti hesabına 132 adda 90266 ədəd dərslik və 74 adda 7601 ədəd müəllim üçün vəsait rayonun məktəblərinə çatdırılmışdır.

Təhsil layihələrində iştirak: uğurlar

Bərdə rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəbləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrdə fəal iştirak edirlər. 2016-cı ildə pilot layihə olaraq Bərdə rayonunun 2 məktəbində - şəhər 3 və 8 nömrəli məktəblərdə təmayül siniflər yaradılmışdır. Həmin siniflərdə aparılan monitorinq zamanı şagirdlərin bilik və bacarıqlarının müasir tələblərə cavab verdiyi müəyyən edilmişdir.
Aparılan məqsədyönlü işlərin nəticəsidir ki, akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-lisey və Nizami Gəncəvi adına şəhər 2 nömrəli tam orta məktəb hər biri iki, şəhər 3, 4, 8 nömrəli tam orta, Qaradəmirçi və Muğanlı kənd tam orta məktəbləri isə bir dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.

Məktəbəhazırlıq qrupları

“Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli, 271 nömrəli qərarına əsasən ilk dəfə olaraq rayonun 59 ümumtəhsil məktəbində 1022 uşaqdan ibarət 71 qrup təşkil olunmuşdur. Həmin qruplarda təlim-tərbiyə işini 71 nəfər müəllim aparır. Qruplarda 5 yaşlıların hazırlığı üçün hər bir şərait yaradılmışdır.

Metodiki işin təşkili

Rayon təhsil şöbəsi ən yaxşı müəllimlərin aşkar edilməsini, onların təcrübəsinin öyrənilib yayılmasını, müəllimlərin bilik və bacarıqlarının artırılmasını daim diqqət mərkəzində saxlayır. Dərs ili ərzində məktəblərdə ayrı-ayrı fənlərdən dərslər dinlənilir, “açıq dərs”lər keçirilir.
Metodkabinetin əməkdaşları məktəb metodbirləşmələrində müzakirə edilən məsələlərə dair istiqamətverici tövsiyələr hazırlayır, onların işinin planlaşdırılmasında yaxından iştirak edirlər. Dərsin müasir tələblər səviyyəsində təşkili, onun səmərəliliyinin artırılması, şagirdlərin bilik səviyyəsinin öyrənilməsi, yeni pedaqoji texnologiyaların tətbiqi və təcrübəsinin öyrənilməsi təmin olunur.
Rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri 16 dayaq məntəqəsinə təhkim olunmuşdur. Metodkabinetin əməkdaşları vaxtaşırı dayaq məntəqələrinə daxil olan məktəblərin müəllimləri üçün seminarlar, praktik konfranslar, təlim kursları təşkil etmiş, yeni təlim texnologiyalarına aid dərs nümunələrinin hazırlanmasında, “öyrədənlərin öyrədəni”sertifikatı almış metodistlərin, müəllimlərin görüşlərinin təşkil edilməsində, distant təhsil “Sifariş-təklif” prinsipi üzrə ixtisasartırma təhsilinə ehtiyac üzrə qrafikin hazırlanmasında yaxından iştirak etmişlər.
Metodkabinet Bərdə rayon ümumtəhsil məktəblərində təhsil alan riyaziyyat-texniki və təbiət fənlərı, habelə bədii və texniki yaradıcılıq, incəsənət, idman sahələri üzrə istedadlı şagirdləri müəyyənləşdirmiş, RTŞ-də və məktəblərdə “İstedad bankı” yaradaraq, geniş tədbirlər planı hazırlamışdır. Tədbirlər planına müvafiq olaraq metodmərkəz silsilə tədbirlər həyata keçirmiş, inşa, foto, rəsm müsabiqələri, sərgilər, ekoloji mövzularda, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında, asudə vaxtlarını səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsinə yönəldilən müxtəlif tədbirlər təşkil edilmişdir.
Vətənə məhəbbət hissinin gənclərdə aşılanması, zabitlik peşəsinə marağın artırılması RTŞ-ın qarşısında duran prioritet məsələlərdəndir və bu sahədə məqsədyönlü işlər aparılır. Bu işlərin nəticəsidir ki, son illərdə Cəmşid Naxçıvanski adına hərbi liseyə 45, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə 6, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasına 9 nəfər, hərbi həkim ixtisasına 8, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 3, Milli Aviasiya Akademiyasına 2, Daxili Qoşunların Ali Hərbi Məktəbinə 3, Türkiyədə Hərbi Tibb Məktəbinə isə 1 nəfər qəbul olmuşlar.

Ali məktəblərə qəbul

Bərdə rayon ümumtəhsil məktəblərinin məzunları istər respublikamızda, istərsə də xaricdə olan nüfuzlu ali məktəblərə yüksək ballarla qəbul olmuşlar. Təsadüfi deyil ki, son 5 ildə ali məktəblərə qəbul imtahanlarında Bərdə rayon ümumtəhsil məktəblərini bitirən məzunlardan 180 nəfəri 600-dən, 320 nəfəri isə 500-dən çox bal toplayıb. Bərdə məktəblərini bitirən məzunlardan 12 nəfəri Prezident təqaüdünə layiq görülüb. Sevindirici haldır ki, akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin məzunu Arzu Həsənli isə qəbul imtahanlarında maksimum nəticə-700 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olub. Bundan başqa, akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin məzunları Nəriman Knyazlı 686, Kənan Eminov 690, Səbinə İsmayılova 692, Mədinə Şükürlü 692, 8 nömrəli tam orta məktəbin məzunları Lalə Gəraylı 690, Fidan Abbasova 679, Lamiyə Abbasova 680, şəhər 1 nömrəli məktəbin məzunu Taleh Məhərrəmov 682, Xanqaraqoyunlu kənd tam orta məktəbin məzunu Rahib İsmayılov 691, Zümürxan kənd tam orta məktəbinin məzunu Zərrintac Bəylərova 685 bal toplayaraq nüfuzlu ali məktəblərə daxil olmuş, Prezident təqaüdünə layiq görülmüşlər. Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin məzunu Pərvaz İbrahimli isə musiqi sahəsində xüsusi istedada malik olan gənc kimi Prezidentin xüsusi aylıq təqaüdünü alanlar sırasındadır.
Onu da xatırladaq ki, akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin 2013-2014-cü il buraxılışında bir sinifdən 3 şagird Prezident təqaüdünə layiq görülmüşdür.

Pedaqoji heyətin nailiyyətləri

Hazırda Bərdə rayon ümumtəhsil məktəblərində çalışan müəllimlərdən 13 nəfəri əməkdar müəllim, 8 nəfəri isə “Tərəqqi” medallıdır. Bundan başqa, 10 nəfər müəllim Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Müəllimlərdən 3 nəfəri “Əməkdar məşqçi”, 3 nəfəri isə “Fəxri bədən tərbiyəsi və idman işçisi”adı alıb.
Bərdə müəllimləri respublikamızda keçirilən müsabiqələrdə də uğurla iştirak edirlər. Müəllimlərdən Minayə Nəbbaqi, Flora Əliyeva, Püstə Mehdiyeva, Mehriban Hacıyeva, Rəna Həsənova, Adib Salmanov, İradə Baxşəliyeva, Könül Kazımova, Ülviyyə Eminova, Ruhiyyə Mustafayeva, Nicat İsmayılov, Tofiqə Məmmədova, Nərgiz Həsənova, Rüxsarə Mirzəyeva, Sədiqə Ağamalıyeva, Aqil Həsənov, Günel Nəsibli “Ən yaxşı müəllim ” müsabiqəsinin qalibi olmuşlar. Sevindirici haldır ki, şəhər 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Ülviyyə Eminova, şəhər 8 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimləri Nərgiz Həsənova və Rüxsarə Mirzəyevanın qabaqcıl iş təcrübəsi yayılmışdır. Müəllimlərdən Flora Əliyeva III siniflər üçün Azərbaycan dili üzrə “Qiymətləndirmə vasitələri” adlı dərs vəsaitinin, Rəna Həsənova “Coğrafiyadan məsələlər”, Məhbubə Hüseynova “Riyaziyyat damlaları”, Nərgiz Həsənova isə “Təlim məqsədlərinə aid didaktik materiallar” kitablarının müəlliflərindən biridirlər.
ABŞ Dövlət Departamentinin və Beynəlxalq Tədqiqatlar Mübadiləsi Şurası “İREX” tərəfindən həyata keçirilən proqramın (TEA) iştirakçısı olan şəhər 4 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Tofiqə Məmmədova Kaliforniya Dövlət Universitetində, Çikaqoda təcrübə mübadiləsində iştirak edib və ölkəmizi layiqincə təmsil edərək diplom və sertifikatlarla təltif olunub.
“Elektron təhsil” Respublika müsabiqəsində akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimləri Püstə Mehdiyeva “İbtidai təhsildə İKT-dən istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə respublika birincisi, Flora Əliyeva isə “Milli elektron tədris resurslarının yaradılması” nominasiyaları üzrə nominant olmuşlar.

Məktəblilər, olimpiada və müsabiqələr

İstedadlı uşaq və gənclərin aşkara çıxarılmasında, onların həvəsləndirilməsi və rəğbətləndirilməsində, təlimdə sağlam rəqabətin yaradılmasında məktəblilərin fənn olimpiadası müstəsna rol oynayır. Bu məsələ RTŞ-ın daim diqqətindədir. Görülən işlərin məntiqi nəticəsidir ki, Bərdə rayon məktəbliləri respublika fənn olimpiadalarında uğurla iştirak edirlər. Son ildə məktəblilər fənn olimpiadalarında 2 gümüş, 2 bürünc medal qazanmışlar. 2015-ci ildə VII-VIII sinif şagirdləri arasında keçirilən fənn olimpiadasında şəhər 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Təhmin Muradov Respublikada biologiya fənnindən ən yüksək bal toplamışdır.
Bundan başqa, Bərdə məktəbliləri respublikada və xaricdə keçirilən digər müsabiqə və yarışlarda da uğurla iştirak edirlər. Belə ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə keçirilmiş “İstedadların hazırlığı laboratoriyası” layihəsində akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb -liseyin şagirdi Ayxan Mikayılov dəfələrlə I və II yerləri tutmuşdur. Çexiyanın Liditse şəhərində 39-cu Beynəlxalq Uşaq İncəsənət sərgisində akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin şagirdləri Fərhad Məhərrəmov və Rauf Baxşəliyev I yerə layiq görülmüşlər. Hazırda Fərhad Məhərrəmov Azərbaycan Tibb Universitetinin ikinci kurs tələbəsidir.
”Nə? Harada? Nə zaman?”, “Breyn-rinq”, “Xəmsə” milli intellektual oyunlarında Bərdə məktəblilərindən ibarət komanda respublikada həmişə qaliblər sırasında olub. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Azərbaycan, doğma vətənim mənim!” mövzusunda “Breyn-rinq” intellektual oyununda rayonun komandası I yeri tutaraq Azərbaycan cempionu adına layiq görülmüşdür. “Xəmsə” milli intellektual oyunun Qarabağ zonası üzrə III Azərbaycan çempionatında Bərdə məktəblilərindən ibarət komanda I yeri tutaraq final mərhələsində iştirak etmək huququ qazanmışdır. Final mərhələsinə vəsiqə alan rayonun “Hərum” komandası II yeri tutmuşdur.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və “GameTV.az” Prodüsser Mərkəzinin birgə təşəbbüsü ilə təşkil olunan “Əlaçı” intellektual oyununda Xanqaraqoyunlu kənd tam orta məktəbinin şagirdi Rahib İsmayılov qalib olmuşdur.
“Şahin” hərbi-idman oyunlarında rayonun komandası dəfələrlə rayonlararası zona yarışlarında I yeri tutaraq respublika finalında 20 komanda arasında V-VI yerlərə layiq görülmüşdür.

Məktəbdənkənar təhsil müəssisələri

Bərdə Rayon Təhsil Şöbəsinin tabeliyində 5 məktəbdənkənar təhsil müəssisəsi-Uşaq Gənclər İdman Məktəbi, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Gənc Texniklər Mərkəzi, Uşaq Yaradıcılıq Mərkəzi, Uşaq Gənclər Şahmat Məktəbi fəaliyyət göstərir. Bu müəssisələrdə fəaliyyət planlarına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 21-28 dekabr 2016-cı il tarixlərində keçirdiyi “Beyin həmləsi” şahmat çempionatında 12 yaşlı şahmatçı İbrahim İbrahimli I yerə layiq görülmüşdür.
Respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında VIII Spartakiadanın Mingəçevir şəhərində keçirilən zona mərhələsində voleybol üzrə yarışlarda oğlanlardan ibarət komanda I yeri tutaraq respublika mərhələsində iştirak etmək hüququ qazanmış və həmin mərhələdə II yerin sahibi olmuşdur. Kyokuşinkaykan Karatenin Ciyutaido idman növü üzrə IV Respublika Çempionatında rayonun ümumtəhsil məktəblərinin şagirdləri Nihad Quliyev, Raul Musayev, Taleh Abdullayev I yerin sahibi olmuşlar. XXI Respublika Çempionatı və Ciyutaido üzrə Respublika Çempionatında şagirdlərdən Akşin Cümazadə, Nihad Quliyev, Raul Musayev, Hikmət Quliyev, Səməd Səfərli I, Elgün Məmmədov, Ümüd Əhmədov, Sahi Sədiyev isə II yeri qazanmışlar.

yuxarı ⤴