1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Təhsillə yaşanan həyat
04.03.2017 / No8

 

 

 


Təhsilimizin inkişafında, qazandığı uğurlarda bu sahədə çalışanların hərəsinin öz payı var. Kimininki az, kimininki isə çox. Düşünürük ki, bu günlərdə yaşı 60-a çatmış Ağababa İbrahimov təhsilimizə töhfə payı çox olan insanlardandır. Ağababa müəllimin əmək bioqrafiyasına qısaca nəzər salmaq buna əmin olmaq üçün kifayətdir. Gənc yaşlarından təhsil sahəsinə gələn Ağababa İbrahimov uzun illər paytaxtdakı ilk təhsil komplekslərindən birinə - 80 nömrəli bağca, 200 nömrəli məktəb və 43 nömrəli liseyi özündə birləşdirən bağça-məktəb-lisey kompleksinə rəhbərlik edib. Onun direktor olduğu müddətdə kompleks paytaxtın ən yaxşı ümumtəhsil müəssisələrindən birinə çevrilib.
Direktorluqdan irəli çəkilərək Bakının Nərimanov rayonunun təhsil şöbəsinə müdir təyin olunan Ağababa müəllim bir təhsil müəssisəsi çərçivəsində reallaşdırdığı və təhsilin keyfiyyətini yüksəltməyə hədəflənmiş yenilikçi təşəbbüslərini, layihələrini rayon miqyasında tətbiq etmək imkanı qazanıb. Ağababa müəllimin buradakı uğurlu fəaliyyəti də diqqətdən yayınmayıb və o, Təhsil Nazirliyində şöbə müdiri vəzifəsinə irəli çəkilib. Nazirliyin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsində işlədiyi illərdə istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı, gənc idmançıların yetişdirilməsi, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin daha da canlandırılması istiqamətində yaradıcılıqla çalışıb.
Ağababa İbrahimov daha sonra təhsil nazirinin müşaviri olub, Goranboy Rayon Təhsil Şöbəsində müdir müavini işləyib. İndi isə Astara Pedaqoji Kollecinin direktorudur. Çalışdığı bütün vəzifələrdə öz işinin öhdəsindən bacarıqla gəlib və fəaliyyəti həmişə yuxarı instansiya təhsil orqanlarının rəhbərləri tərəfindən təqdir olunub. 2005-ci ildə ölkə Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanını alıb.
Ağababa müəllim yaradıcı insandır, dərslik və metodik vəsaitlər müəllifidir, elmi-kütləvi kitabları, ölkə mətbuatında dərc olunan maraqlı hekayələri onu həm də istedadlı yazar kimi tanıdıb.
Təhsilimizin fədailərindən olan Ağababa İbrahimovu ömrünün kamillik zirvəsinə qədəm qoyması - 60 yaşı münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı və fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴