1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Qəzənfər Kazımovun yaradıcılıq üfüqləri
04.03.2017 / No8

 

 

 


Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Qəzənfər Kazımov XX əsr Azərbaycan filologiyasının altmışıncılar nəslinin görkəmli nümayəndələrindəndir. Onun müasir Azərbaycan dilinin müxtəlif sahələrinə - dil tarixi, bədii dil, üslubiyyat, etimologiya, leksikologiya, frazeologiya məsələlərinə, yazılı abidələrə, aşıq yaradıcılığına, klassik və çağdaş yazıçılarımızın sənətkarlıq xüsusiyyətlərinə dair 76 kitabı, 400-dən artıq elmi və elmi-publisistik məqaləsi çap olunmuş, 100-dən artıq müəllifin kitabı onun elmi redaktorluğu ilə işıq üzü görmüşdür. Alim öz geniş diapazonlu fəaliyyəti, zəngin yaradıcılıq irsi ilə Azərbaycan dilçiliyinə, bütövlükdə türkologiya aləminə fundamental əsərlər bəxş etmişdir. Elmi ictimaiyyət arasında rezonans doğuran sanballı kitabları, monoqrafiyaları, araşdırmaları, 10 cildlik əsərləri sübut edir ki, o əsl ziyalıdır və Azərbaycan dilçiliyi tarixində artıq öz möhürünü vurmuş, imzasını qoymuş şöhrətli alimlərimizdəndir.
Gənclik illərində Azərbaycanın M.Rəfili, Ə.Dəmirçizadə, Ş.Qurbanov, İ.Şıxlı kimi görkəmli alim və yazıçılarını ilk dəfə Pedaqoji İnstitutun auditoriyalarında görüb tanıyan Q.Kazımovun yaddaşında bu ziyalılar, xüsusilə yazıçı və şairlərlə keçirilən görüşlər, iştirakçısı olduğu mədəni tədbirlər əbədi izlər buraxır. 1962-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturaya qəbul olur. Görkəmli türkoloq, professor Ə.Dəmirçizadənin rəhbərliyi ilə “Ə. Haqverdiyevin dramaturgiya dili” (“Dağılan tifaq” pyesi əsasında) mövzusunda namizədlik dissertasiyası ilə elmi-tədqiqata başlayır. “Dağılan tifaq” faciəsinin leksik xüsusiyyətləri, frazeologiyası və üslubu ilə bağlı tədqiqatlarını namizədlik dissertasiyasında ümumiləşdirir. O, 1967-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi alır, 1988-ci ildə “Azərbaycan Sovet satirik nəsrinin dili, 1920-1940-cı illər (komizm dil vasitə və üsulları problemləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edir.
Qəzənfər müəllim həmişə yenilikçi alim kimi seçilmiş, novator fikirləri ilə dilçiliyimizi zənginləşdirmişdir. Xalqımızın dilinə, tarixinə qara ləkə yaxan, kölgə salan bəzi dırnaqarası ziyalılara öz intellekti ilə həmişə sərrast cavablar vermiş, onları vaxtında susduraraq, Azərbaycan xalqının tarixinin qədimliyini faktlarla sübut edir. O, əsl vətəndaşlıq mövqeyində duraraq, dilimizi və tariximizi saxtalaşdıranlara qarşı həmişə mübarizə aparmışdır.
Q.Kazımov hərtərəfli filoloq, nüfuzlu ədəbi tənqidçidir. Dövri mətbuatda müasir Azərbaycan ədəbiyyatı ilə bağlı ədəbi-nəzəri tədqiqatlarında komizm vasitə və üsullarının tədqiqi, dilçilik, ədəbiyyatşünaslıq ilə bağlı nəzəri problemlərin araşdırılması onun yaradıcılığının əsas xəttini təşkil edir.
Q.Kazımov istedadlı tarixçi və etnoqrafdır. Onun qədim türk tarixi, Azərbaycan xalqının etnogenezi haqqında dəyərli monoqrafiyaları bu şəxsiyyətin tarix elminə dərindən bələd olduğunu aşkarlayır. Millətinin, mənsub olduğu xalqın keçmişini tədqiq edən alimin qədim dövr tarixinə baxışı obyektivdir. Türk etnosunun, türk sivilizasiyasının yaratdığı etnokulturoloji mədəniyyət, qədim türk mifləri və tarixi Q.Kazımovun vətənpərvərlik, millətsevərlik duyğusu ilə yazdığı əsərlərin aparıcı mövzusudur. Dünya dilləri ilə bağlı monogenez problemi son dövrlərdə Q.Kazımovun tədqiqatlarının əsas obyektlərindən biridir. Alimin dil tarixi ilə bağlı araşdırmaları Azərbaycan dilçiliyində mövcud olan ənənənin davamıdır, lakin onun araşdırmaları heyrət doğuracaq faktlarla zəngindir. Yeni etimologiyalar, rekonstruksiyalar həm inandırıcı, həm də mükəmməldir. Alimin fonetik qanunauyğunluqlar əsasında qədim praformaları bərpa etməsi, səs keçidlərinin tarixi mənzərəsini yaratması, dilin dərin qatlarına nüfuz etməsi yeni dil faktlarını üzə çıxarmışdır. Q.Kazımovun tədqiqatları ilə tanışlıq göstərir ki, o həm də tarixi fonetikanın mükəmməl bilicisidir. Qədim səs keçidləri, protetik səslərin söz köklərinin evalyusiyasındakı rolu alimin əsərlərində obyektiv həllini tapmışdır. Dünyanın qohum olmayan dilləri arasında leksik, fonetik paralellər aparan alim onların eyni kökdən yaranması qənaətinə gəlir, qənaətini zəngin dil faktları ilə əsaslandıra bilir. Q.Kazımovun bu istiqamətdə apardığı tədqiqatlarda maraq doğuran məqamlardan biri də, onun qənaətinə görə, türklərin ilk vətəninin Mərkəzi Asiya deyil, Ön Asiya olması fikridir. Alimin inandırıcı dəlilləri, tarix kitablarında əksini tapmayan dəqiq elmi məlumatlar məhz onun dil tarixi ilə bağlı tədqiqatlarında bizə əyan olur. Azərbaycanın ilk türklərin vətəni olması fikrini alim dil qanunauyğunluqları ilə əsaslandırır. Alimin şumer-türk paralelləri ilə bağlı ortaya çıxardığı dil faktları uzun illərin, ağır zəhmətin bəhrəsidir. Əsərlərində protoazərbaycan dili haqqında geniş məlumat verən professor dilimizin ən qədim qatlarını tədqiq etməyə nail olmuşdur. Azərbaycan dilinin qədim dövrü ilə bağlı onun mülahizələri dilimizin ən qaranlıq səhifələrinə aydınlıq gətirir. Son dövrlərdə Qəzənfər müəllimin yunan ədəbiyyatının incilərindən olan Homerin “İliada” və “Odisseya” əsərləri ilə qədim oğuz eposu olan “Kitabi-Dədə Qorqud” arasında müəyyən etdiyi paralellər onun ədəbiyyatla, ədəbi-bədii düşüncə ilə dərindən məşğul olduğunu sübut edir.
Q.Kazımov dilçiliyin müxtəlif sahələri ilə məşğul olan bir tədqiqatçı-alimdir. Onun müasir Azərbaycan dilinin sintaksisi, komizm nəzəriyyəsi, üslubiyyat, folklorşünaslıq və qrammatika məsələlərinə dair sanballı araşdırmaları vardır. Lakin Q.Kazımov dil tarixçisi kimi daha məşhurdur. Elmi fəaliyyətinin ilk dövründə nisbətən yaxın tarixi keçmişə üz tutaraq, Ə.Haqverdiyev və C.Məmmədquluzadənin əsərləri əsasında milli dilin XX əsrin əvvəllərindəki durumunu öyrənən alim bir qədər sonra Azərbaycan dili tarixini yenidən dövrləşdirmiş, ayrı-ayrı dövrləri səciyyələndirən dil xüsusiyyətlərini göstərmişdir. O, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Cahan şah Həqiqi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli kimi sənətkarların yaradıcılığı haqqında tədqiqatlar aparmış, Azərbaycan ədəbi dilinin inkişafında onların xidmətlərini müəyyənləşdirmişdir.
Azərbaycan dilçiliyinin elə bir sahəsi yoxdur ki, müəllif orada öz qələmini sınamamış olsun. O, Azərbaycan dilinin müasir vəziyyəti və tarixini, ədəbi və üslubi inkişafını araşdıran mütəxəssislərimizdəndir. Azərbaycan ədəbiyyatı, ədəbi və bədii dili, Azərbaycan dilinin qohum və başqa dillərlə tarixi əlaqələri və s. kimi məsələlərlə də professional səviyyədə məşğul olmuşdur. Əsərləri haqqında 250-yə qədər elmi və publisistik məqalə yazılmışdır. Q.Kazımov sözün həqiqi mənasında xeyirxah insan kimi gənc nəslin yetişməsində əməyini əsirgəməmişdir. Onun rəhbərliyi ilə onlarla doktorluq və namizədlik dissertasiyası müdafiə edilmiş, 40-a qədər elmlər doktoru və namizədinin opponenti olmuşdur. Oçerklər, tərcümə və kiçik hekayələrin müəllifidir. Respublika Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.
İstedadlı alim-dilşünas kimi böyük nüfuz qazanan Qəzənfər Kazımov eyni zamanda gözəl müəllim-pedaqoq kimi tanınır. Uzun müddət - 50 ilə yaxın bir müddətdə pedaqoji fəaliyyətlə məşğul olub, nəsil-nəsil müəllimin müəllimi olub, elmi-pedaqoji kadrların hazırlanmasında xüsusi xidmətləri olub. Filologiya fakültəsinin dekanı kimi mühüm bir vəzifədə fəaliyyət göstərmişdir. O, uzun müddət Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU-da) və digər ali təhsil ocaqlarında çalışmış, minlərlə Azərbaycan dili və ədəbiyyat müəlliminin hazırlanmasında bilavasitə iştirak etmişdir. Ali məktəblərin filologiya fakültələri və orta ümumtəhsil məktəbləri üçün onlarca proqram, dərslik, dərs vəsaitləri hazırlamışdır. Respublikamızda sintaksis üzrə əvəzsiz mütəxəssis sayılan professor Q.Kazımov ali və orta məktəb dərsliklərinin müəllifidir. Bu dərsliklər çağdaş dövrümüzün interaktiv təlim üsullarına cavab verir. Həmin dərsliklər dəfələrlə nümunəvi dərsliklər kimi Təhsil Nazirliyinin mükafatına layiq görülmüşdür. Q.Kazımov nəinki nüfuzlu dilçi alim, həmçinin sevilən pedaqoqdur. Onun mühazirə və seminarları həmişə diqqəti cəlb etmiş, tələbələrin rəğbətini qazanmışdır. Bu gün onun yüzlərlə tələbəsi, magistri, aspirantı öz müəlliminin işini ləyaqətlə davam etdirir.
Alimin əməyi yüksək qiymətləndirilmiş, o əməkdar elm xadimi adına layiq görülmüşdür. Əlbəttə, xalqımız bu cür alimlərlə fəxr etməyə bilməz. Məhz professor Qəzənfər Kazımov kimi elm adamları xalqımızın keçmişi ilə gələcəyi arasında körpü yaradır. Alimin tədqiqatları elmimizin inkişafına daim yeni nəfəs, yeni ruh verir. O, bizim üçün əsl ziyalılıq etalonudur, nəşr etdirdiyi kitablarla, tələbələrinə düz yol göstərən ustadlardandır, məhsuldar elmi fəaliyyəti ilə ictimaiyyətin önündə olan ziyalıdır. Q.Kazımov hörmətə layiq şəxsiyyət, böyük insandır.
Həyatının 80-ci baharını yaşayan professor Qəzənfər Kazımovun elmi və ictimai-pedaqoji fəaliyyətini göz önünə gətirib arxada qalan illərə baxanda şərəflə yaşanmış, mənalı bir ömür görünür. Qoy Qəzənfər müəllimin yaradıcılıq potensialı tükənməsin...

Sayalı SADIQOVA,
filologiya elmləri doktoru, professor

yuxarı ⤴