1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Bölgə xəbərləri
04.03.2017 / No8

 
 

 

 


Məktəbdə “1 mart - Ümumdünya Mülki Müdafiə Günü” qeyd edilib

Martın 1-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonunun Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəbdə “1 mart-Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş nəzəri-praktik maarifləndirmə tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Leyla İsmayılova öncə qonaqları salamlayaraq tədbirin tərbiyəvi əhəmiyyətindən danışıb. Direktor tədbir iştirakçılarına Mülki Müdafiə Gününün yaranma tarixi, məqsəd və vəzifələri barədə məlumatlar verərək, Azərbaycan Respublikasının Beynəlxalq Mülki Müdafiə Təşkilatına qoşulmasından və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak etməsindən söz açıb.
Sonra FHN Sumqayıt Regional Mərkəzinin əməkdaşları “Fövqəladə hallar. Fövqəladə hallar zamanı davranış qaydaları”, “Mülki müdafiə işinin təşkil edilməsi”, “Fərdi mühafizə vasitələrindən istifadə qaydaları”, “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar ediblər.


Məktəb Kiçik Akademiyasının konfransı olub

Martın 1-də E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə Məktəb Kiçik Akademiyasının konfransı olub. Konfransda MKA-nın, şagird elmi cəmiyyətinin üzvləri, rayon təhsil şöbəsinin əməkdaşları, şəhər məktəblərindən MKA-ları təmsil edən şagirdlər və elmi himayəçilər iştirak ediblər.
MKA-nın humanitar, təbiət, texniki bölmələrinin hesabatı dinlənilib. Texniki fənlər üzrə 9-cu sinif şagirdləri Aysel Məmmədli və Misir Cəfərovun təqdimatında “Biz gələcəkdə hansı yenilikləri etmək istərdik” layihəsi çərçivəsində informatikadan “Sensorlu klaviatura”, “Qoruyucu ekran” və b. araşdırmaların həyata keçiriləcəyi qeyd olunub, riyaziyyatdan “Qızıl qaydanın payız fəslində təbiətə tətbiqi”, “Bərabəryanlı və düzbucaqlı trapesiyanın bəzi xassələri” mövzusunda araşdırmalar təqdim olunub.Humanitar bölmə üzrə “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində Qubaya səyahət edən şagirdlərin təqdimatı İlknur Muradın təqdimatında dinlənilib.İsmayıllının tarixi abidələrinin araşdırılması məqsədi ilə Basqala səyahət edən şagirdlərin “Basqalın tarixi abidələri” haqqındakı araşdırmalarını VIII sinif şagirdi Nilufər Qəhrəmanova təqdim edib.
Təbiət bölməsi üzrə ŞEC-nin tərkibində olan 7-ci sinif şagirdlərinin “Dərman bitkiləri” haqqında apardığı araşdırmaların təqdimatı və nümunələrin sərgisi konfrans iştirakçılarının xüsusi marağına səbəb olub.
Sonda Kiçik Akademiyanın işində fəal iştirak edən şagirdlərə məktəbin direktoru Əhmədağa Ələkbərov tərəfindən tərifnamələr təqdim olunub.

Sevda QASIMOVA,
E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin direktor müavini


Sagird Gənclər Təşkilatının təqdimatı mərasimi

Salyan Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan məlumata görə, əsasnaməsi Salyan Rayon Gənclər və İdman İdarəsi və təhsil şöbəsi tərəfindən təsdiq edilmiş Şagird Gənclər Təşkilatının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Salyan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rahab Əhmədov, rayon gənclər və idman idarəsinin rəisi Araz Hüseynov, təhsil şöbəsinin müdir müavini Kubra Quliyeva və ümumtəhsil məktəblərinin uşaq birliyi rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Şagird Gənclər Təşkilatının yaradılması təşəbbüsünü bəyənərək, təşkilatın işinə uğurlar arzulayıb, uşaq birliyi rəhbərlərinə tapşırıq və tövsiyələrini veriblər.
Sonra Şagird Gənclər Təşkilatının təqdimatı keçirilib.


Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyalar təşkil edilir

Sabirabad Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə, 4 nömrəli şəhər tam orta məktəbində V-XI siniflər üzrə tərtib olunan qrafikə əsasən rayonun Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyalar təşkil edilir. Ekskursiyaların məqsədi məktəbliləri muzeyin kolleksiya fondu, ayrı-ayrı dövrlərə aid eksponatlarla tanış etmək, tariximizin və tarixi abidələrin öyrənilməsi, onların qorunub saxlanması ruhunda tərbiyə etmək və vətənpərvərlik ideyalarına sadiq olan şəxsiyyət yetişdirməkdir.
V “b” sinfinin rəhbəri Ülviyyə Həsənovanın rəhbərliyi altında şagirdlər Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər. Ekskursiyada şagirdlər ayrı-ayrı dövrlərə aid eksponatlarla, rayonun müxtəlif ərazilərindən arxeoloji qazıntılar nəticəsində tapılan əmək alətləri ilə tanış olublar.
Sonda Ülviyyə müəllim şagirdlərin suallarını cavablandırıb.
Qeyd olunub ki, ekskursiyalar tərtib olunmuş qrafikə uyğun olaraq V-XI siniflər üzrə tədris ilinin sonunadək davam edəcək.


“Ağ ölüm əsrin bəlasıdır” mövzusunda maarifləndirici tədbir

Saatlı Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə, rayonda “Ağ ölüm əsrin bəlasıdır” mövzusunda təşkil edilən silsilə tədbirlər davam edir. Növbəti maarifləndirici tədbir Şirinbəy kənd tam orta məktəbində keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbir iştirakçılarını salamlayan məktəbin direktoru Daşdəmir Ulfanov gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün məktəbdə görülən işlərdən və tədbirlərdən söz açıb. Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin baş inspektoru Elvin Quliyev narkomaniya və onun fəsadları barədə geniş məlumat verib.
Təhsil şöbəsinin müdiri Seyidağa Kazımov bildirib ki, hazırda məktəbyaşlı uşaqların təhsildən yayınmasına, nəzarətsizliyinə şərait yaradan, eləcə də övladlarına qarşı fiziki, psixoloji və digər zorakılıqlara yol verən valideynlər barədə qarşılıqlı informasiya mübadiləsinin vaxtında təmin edilməsinə və araşdırmaların aparılmasına böyük ehtiyac vardır.
Sonda şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib.

Hazırladı: Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴